Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

1910-cu ildə Kopenhagendə keçirilən sosialist qadınların beynəlxalq konfransında Klara Setkin martın 8-ni qadınlar günü elan etmək təklifini verdi. Təklif dəstəkləndi və qəbul olundu.
Niyə məhz, 8 mart?
Uzun müddət idi ki, bu suala ətraflı cavab tapmaq istəyir, ancaq tənbəllik eləyirdim. Amma google-da axtarış aparanda çoxlu faydalı şeylərlə rastlaşdım. Gerçəkdən. Yeri gəlmişkən, martın 8-nin qadınlar günü kimi qeyd olunması ənənəsinin yaranması ilə bağlı bir neçə son dərəcə maraqlı, məzəli və qəribə versiyalar mövcuddur.
Birinci ən məşhur versiyadan google-suz da xəbərdar idim – “Boş qazanlar” marşı. 1857-ci il martın 8-də, tekstil fabrikinin qadın işçiləri ağır əmək şərtlərinə və məvaciblərin azlığına etiraz olaraq Nyu-York küçələrində boş qazanları tıqqıldada-taqqıldada yürüş keçirmişdilər. Lakin başqa bir versiya da var – o da Nyu-Yorkla bağlıdır, ancaq tarixi bir qədər sonrakı dövrə təsadüf eləyir – 8 mart 1908-ci ilə. Həmin gün sosial-demokrat qadınlar təşkilatı sözügedən şəhərdə “Bərabərlik istəyirik!” şüarı ilə nümayiş təşkil eləmişdi.
Klara Setkin
Ekzotik versiyalardan isə ən çox diqqətəlayiq olanı aşağıdakıdır. Hadisə uzaq 1899-cu ildə baş verib. Günlərin bir günü Klara Setkinlə Roza Lüksemburq Lenini görməkdən ötrü Rusiyaya getmək qərarına gəlirlər. Rəhbərlə tanış olmaq üçün onlar düz Sibirə yollanırlar. Tanışlıq mərasimi hərarətli keçir, məclis uzun çəkir. Lenin onları Krupskaya ilə tanış eləyir, xanımlar dostlaşırlar, sərbəst avropalı xanımlar kələm turşusu hazırlayıb, balıq şorbası bişirməyi öyrənirlər.
Geri qayıdanda Klara Setkin azarlayır, yaxınlıqda isə təbib adına yerli şamandan başqa heç kim tapılmır. Odur ki, Klaranı şaman müalicə eləməli olur. Və eləyir də.
Amma Setkinlə Lüksemburqun pulları artıq bitibmiş və pokerdə usta olan Klara meyxanada “şovinist-kişilərlə” kart oynamaq qərarına gəlir. Kişilər əvvəlcə səbəbsiz yerə cəsarət nümayiş etdirən alman qadını ələ salsalar da, sonda möhkəm peşman olurlar.
Bu tarixi hadisə 1899-cu il iyulun 8-də Abakanda baş verib. Klara böyük məbləğdə pul udaraq şovinist meyxanadan dünya tarixində ilk qalib qadın kimi çıxıb. Ona görə də, bütün dünya qadınlarının taleyi həll olunan həmin konfransda Setkin təklif eləyib ki, iyulun 8-i qumarbaz qadının kişi şovinizmi üzərində zəfər çaldığı gün kimi qeyd olunsun.
Xoşbəxtlikdən, digər qadınlar Setkinin epataj təklifi ilə razılaşmayıblar.
Deyilənlərə görə, Setkin daha bir neçə təklif verib, lakin artıq 8 mart tarixini əsas götürərək. Deyirlər, o, hətta qədim alman əfsanələrinə də istinad eləyib.
Bir vaxtlar ilk nigah gecəsi hüququna sahib bir hökmdar varmış. Bütün gəlinlər, gərdəyə girməzdən əvvəl onun otağına baş çəkməliymişlər. Bir dəfə səkkiz qız ərə getməyə hazırlaşırmış, hamısının da adı Marta imiş. Martalardan yeddisi hökmdarla yatıb, amma səkkizinci Marta etiraz eləyib, hətta hökmdarı bıçaqlayıb.

Deyilənə görə, 8 martın Beynəlxalq Qadınlar günü elan olunmasının təməlində bu əfsanə dayanır.
Bankda işlədiyim uzaq illərdə, rəhbərlik mənə 8 mart münasibətilə təbrik mətni yazmağı tapşırmışdı. Qadın əməkdaşlar İntranet-də, daxili şəbəkədə təbrik edilməli, amma “Əziz qadınlar, sizi təbrik eləyirik… Biz sizsiz nə edərdik…” kimi şablonlardan da qaçmalıydıq. Qadınları kreativ ifadələrlə təəccübləndirmək lazım idi. Xahiş eləmişdilər ki, nəsə orijinal bir şey olsun.
Bir kopirayter üçün təbrik məzmunlu mətndən iyrənc heç nə yoxdur. İnsanlar niyə klişe cümlələrdən qaçırlar? Anlamıram. 8 Mart üçün başqa nə fikirləşmək olar?! Onegindən bir parça köçürək? Məncə, hər şeyi olduğu kimi saxlamaq lazımdır. Təbrik mətnlərini dəyişəndə mahiyyət dəyişməyəcək – bu, adi seksizm, açıq-aşkar xeyirxah niyyətli diskriminasiyadır. Təklif elədim ki, “gəlin, iki-üç kəlmə bu bayramın tarixi, bir az da möhtəşəm, dahi Klara Setkinin həyatı haqqında danışaq…”
Ancaq planımın təfərrüatları ilə tanış olandan sonra təklifimi rədd elədilər. Bircə onu deyə bilərəm ki, əgər Lars fon Trier həmin vaxt “Nimfoman”ı çəkmiş olsaydı, yəqin ki, mən heç bir şərh vermədən bu filmin linkini qadın əməkdaşlara göndərərdim. Özləri hər şeyi başa düşərdilər.
Klara Setkinin coşğun həyatı adama ilham verir. O, 36 yaşında 18 yaşı yenicə tamam olmuş rəssam Georq Sundeli yoldan çıxarıb. Roza Lüksemburq da rəfiqəsindən geri qalmamaq qərarına gəlib və 36 yaşında, Klara Setkinin oğlu – 22 yaşlı Kostyanı yoldan çıxarıb. Yaxın rəfiqə və silahdaş olan XX əsrin bu möhtəşəm, dahi qadınları debatlar və nümayişlərdən qalan boş vaxtlarında güclü, gənc oğlanlardan həzz alıblar. Sevgi yaşla hesablaşmır və onların əməllərində əxlaqa zidd heç nə yoxdur. Həqiqətən, əlinin altında hər zaman təravətli, gənc bədən olan, həyatsevər, şən, məqsədyönlü bir qadına, qadınlar üçün bayram fikirləşmək niyə əziyyət olsun ki?! Elə buna görə də, seksual inqilab bizdə yox, onlarda baş verib.
Azərbaycan 8 martın hələ də qeyri-iş günü, bayram olduğu azsaylı ölkələrdən biridir. Bəs burada Klara Setkinin həyat tərzinə, təcrübəsinə sahib olan neçə faiz qadın var? Sualımı konkretləşdirirəm, amma əvvəlcə qeyd edim ki, Leninin, epatajına, inqilabi məsələlərə yanaşmasına və “freydizmi” təbliğinə görə Klara Setkindən acığı gəlirdi. Hətta yaşlı vaxtlarında belə Setkin ciddi qadın toplantılarında inqilabdan, qələbələrdən danışmırmış, sekslə bağlı kitabçaları yayırmış. Onun bütün söhbətləri əvvəl-axır cinsi əlaqələrə gəlib çıxırmış.
Bir də soruşuram – bizim qadınlar, Klara Setkinin dəyərlərini şüurlu şəkildə, daxilən qəbul edəcək qədər rahatdırlarmı? Sual bir qədər qıcıqlandırıcı təsir bağışlaya bilər. Amma Kosmogen şərtilik şahiddir ki, mən qadınlarımızın riyakarlığının ifşasına, ya da onları, Klara Setkinin cinsəl tərcihlərini bəyənməməkdə ittiham eləməyə çalışmıram, baxmayaraq ki, onun fikirləşib tapdığı günü ürəkdən qeyd eləyirlər. Öyrənmək istədiyim başqa şeydir: bizim cəmiyyət, coşğun seksual həyat keçirən, birbaşa fəaliyyətləriylə yanaşı azad seksi təbliğ eləyən, gənc oğlanlarla yatan azərbaycanlı qadın yazıçıları, siyasətçiləri, alimləri, intellektualları o qədər rahat şəkildə, qəzəbsiz qəbul eləməyə hazırdırmı?  Belə bir insanın, hansısa tarixin qeyd olunması ilə bağlı təşəbbüsünü qəbul eləmək bir yana qalsın, onu heç olmazsa, dinləməyə hazırıqmı? Klara Setkin qədər rahat, sərbəst olan azərbaycanlı qadının fikir bildirmək hüququ varmı? O, seksual həyatının ictimai fəaliyyətinə mane olmayacağına ümid eləyə bilərmi? Sadəcə gözlərimizi yumub Klara Setkinin azərbaycanlı olduğunu təsəvvür eləməliyik.
Əziz kişilər, siz də 8 mart günü qadınlara heç bir hədiyyə almayın, təbrik etməyin. Bir yerdə bu yazını oxuyun, bu günün anlamını yenidən nəzərdən keçirin. Heç bir daxili ziddiyyət yaranmasa günü qeyd etməyə, «mişka» almağa davam edin. «Qadın günü» sizə görə absurd və ibtidai səslənmirsə, deməli hər şey qaydasındadır. Ya da deyil.
 
 
Müəllif: Ələkbər Əliyev
Mənbə: azlogos.eu

0 şərh