Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.
Kişilərin ən gücsüzü belə qadından güclüdür. Ona görə də, əgər bir kişi özündən gücsüzə qarşı, insana, uşağa, yaşlıya, hətta ev, küçə heyvanlarına qarşı şiddət göstərirsə, ondan uzaq olmaq lazımdır. Bir atalar misalında deyildiyi kimi döyülüb, təhqir olunmaqdansa, ac qulağım, dinc qulağım prinsipi ilə yaşamağa üstünlük verilməlidir.
Bizim qızlarımız, qadınlarımız çox vaxt cəmiyyətə, qohum-qonşuya, mental düşüncəyə görə ailəli qalmağa, ailə həyatını şiddətə rəğmən davam etdirməyə məcbur olurlar. Ata-analarımız qızlarımıza deyirlər, ərə getmisən, orda da ölüb qalmalısan. Bu, düzgün deyil. Bir balaca şiddət görən insan bilməlidir ki, bunun ardı olacaq. Və həmin şiddət göstərən adam düzələn deyil. Bizdə də qohum əqrəbada belə hallar olub. Böyüklər deyiblər ki, düzələr, keçər, amma heç vaxt düzəlməyib. Daha da pisləşib. Qadına şiddət göstərən kişi buna artıq öyrəşir. Çox kişilər üzdən mədəni, mehriban görsənirlər, savadlıdırlar, təhsillidirlər. Şiddət göstərmək mədəniyyət məsələsi deyil, bu, artıq xasiyyətidir. Şiddət onların qanındadır. Hər bir balaca sözdən qadına şillə yumruq vururlar.
Və belə məsələ olan kimi hamı dərhal qadını qınayır, onu xəyanətdə günahlandırır. Heç kim düşünmür ki, axı bu qadın xoş günündən niyə çıxıb getdi, ailəsini dağıtdı? Bizi anamız bir dəfə dünyaya gətirir. İkinci dəfə heç kim dünyaya gəlməyəcək. Ona görə, bu dünyada insandan dəyərli heç nə yoxdur. İnsan da ilk növbədə özünə dəyər verməlidir. Özünə dəyər verən insan ətrafındakı hər kəsə dəyər verir.
Əgər mənim ailə həyatımda belə bir şey baş versə, mən dərhal bitirərdim. Yəni belə bir halın olması mümkün deyil. Çünki insana şiddət, qeyri-insanı rəftar uyğulamazlar. Bir daha deyirəm, əgər bir kişidə vuran əl varsa, bütün qızlar, qadınlar həmin kişidən dərhal uzaqlaşsınlar. Hər sözün ardınca təhqir, şiddət varsa, elə ailə lazım deyil. Qadınlar özlərinə mütləq hörmət etməlidir. Ailəm olsun deyə hər şeyə dözməyin sonu bu cür amansız qətllərə, faciələrə gətirib çıxarır. Demirəm, dərhal ayrılıb başqası ilə ailə qursunlar. Uzaq başı tək qalsınlar, amma özlərinə hörmət edərək yaşasınlar.

Afaq Bəşirqızı
Xalq artisti
Afaq Bəşirqızı
Mənə elə gəlir, qızlarımız özlərinə həyat yoldaşı seçərkən bir az ağıllı davranmalıdırlar. Bu, çox böyük əhəmiyyət kəsb edir. Düzdür, belə məqamda məhəbbət, ürək, sevgi hamısı bəhanə gətirilir. Mən artıq bunları bəhanə sayıram. Heç olmasa, seçdiyin insanın kim olacağını düşünmək lazımdır. Ərə getmək xatirinə ərə getmək olmaz. Özündən iyirmi beş yaş böyüyə, on beş yaş kiçiyə getmək olmaz. İnsan həyatını biz həll edə bilmərik. İnsan özü öz gələcəyini, bu gününü, sabahını düşünməlidir. Mühakimə etməyə nə var? Bu dəqiqə kimi istəsən, mühakimə etmək olar. Kömək etmək lazımdır. İndi mühakimələr köməkdən çoxdur. Ona görə də mən belə sosial problemlərə barmaqarası baxıram. Qadınların qətlə yetirilməsi bizdə o qədər də çox deyil. Daha çox Türkiyədə yayılıb bu hallar. Türk qadınları ilə bizim qadınların xasiyyətində də nəzərə çarpacaq fərqlər var. Bütün hallarda qadının döyülməsi, öldürülməsi yolverilməzdir. Əgər boşanmaya qədər gedib çıxırsa müvafiq orqanların vəzifəsi zərərçəkənə kömək etməkdir. O kömək varmı? Adı var. Bu məsələyə heç bir general kömək edə bilməz. Çünki daxili məsələdir. İnsanlar özləri bu problemləri həll etməlidir.

Naibə Allahverdiyeva
Xalq artisti
Naibə Allahverdiyeva
Mən bu yaxınlarda öldürülən qadın haqqında oxuyub status paylaşanda, baxdım ki, artıq başqa bir qadın öldürülüb. Arası bir saat çəkdi. Dəhşətə gəlmişəm bu qadın ölümlərindən. Niyə, nə səbəbə bir qadın öldürülməlidir? Hətta bəzi kişilər qadınlara ləkə yaxırlar ki, guya namusunu təmizləmək üçün öldürüb. Biz sivil, dünyəvi dövlətik, yazılan qanunlar da sivildir. Əfsuslar olsun ki, cəmiyyətimizdə cəngəllik qanunları hökm sürür. Cəmiyyətdə insanı əzən düşüncələrimiz dəyişməlidir. Biz analar, biz qadınlar övladlarımızı bu düşüncələrdən azad etməliyik. Onlara hələ uşaqlıqdan qadınlara hörmət etməyi öyrətməliyik. Biz müsəlman ölkəsiyik. Əgər peyğəmbərimiz deyirsə, cənnət anaların ayaqları altındadır, onda qadınlara da hörmət etmək lazımdır. Çünki qadın da elə ana deməkdir. Qadın kişi deyil ki. Bizim mentalitetimizi əlində bayraq edən kişilərimiz var. Onların beyni, düşüncə tərzi dəyişməlidir. Bizim cəmiyyətimizdə qızıl orta anlayışı yoxdur. Biz normal boşanmağı da bacarmırıq. Düzdür, bu, hamıya aid deyil. Amma mənən cahil olan insanlarımız da çoxdur. Heyf ki, bu, çoxluq təşkil edir. Qadına şiddət, qadına zorakılıq dünyaya zorakılıqdır.
Qadınlar öz hüquqlarını müdafiə etməyi bacarmalıdırlar, bunu öyrənməlidirlər. Qadın nəyə görə ömrü boyu qapazaltı olmalıdır? Özü də bu indi belə deyil. Keçmişdən gələn adət ənənələrin nəticəsidir. Bir ara kişilər xanımlarına mənim uşaqlarımın anası deyirdilər. Bəzi insanlar mənim həyat yoldaşım deməyə utanırdılar. Üzr istəyirdilər. Yaxşı ki, indi bu söz aradan götürülüb. Bizim müqəddəs kitablarda yazılanlara əsaslanıb deyirlər ki, qadın ərinə itaət etməlidir. Məncə insan yalnız allaha itaət edə bilər. İtaət sözü artıq qul olmaq deməkdir və mən bunun əleyhinəyəm. Qadın niyə qul olmalıdır? Ər və arvad bir-birinə hörmət etməlidir. Bu qədər. Əsl kişi, ağıllı kişi qadına hörmət etməyi bacarmalıdır. Sovet dövründə bizim mentalitetimizdə boşluqlar vardı, amma bu qədər qadın ölümləri yox idi. İndi günü-gündən qadın ölümləri artır. Biri birinə şillə vurur, tutub üç il iş verirlər. Kişi arvadına işgəncə verir, döyür, buna “ailədir, barışarlar” prinsipi ilə yanaşırlar. Bu hadisələrə mentallıqdan baxmaq olmaz. Biz qadınlarımızı qorumalıyıq.

Günel Mövlud
yazar
Günel Mövlud
Problemi yumruqla həll edən tipləri əvvəldən tanıyıb, onlarla nəinki ailə qurmaq “salam-sağ ol”u kəsmək vacibdir. Bizim qızların problemlərindən biri də budur ki, qısqanıb şillə vuran oğlan tipini «sevir, sahiblənir» kimi qəbul edirlər. Halbuki, şiddət toksikdir, təhlükəlidir. Əvvəla belə tiplərdən uzaq olmaq lazımdır ki, döyülmək kimi bir şeylə üz üzə qalmayasan. İkincisi, iqtisadi müstəqllik, hüquqlarını bilmək çox vacibdir. Qadın şiddətlə üz-üzə qalanda ata-ananın, qardaşların vicdanından ümid umursa, bu, çox pisdir. Qadının özünün həm maddi, həm mənəvi, həm fiziki gücü olmalıdır ki, uşaqlarını, özünü zorakılıqdan qorusun. Vəkil tuta bilsin, özü kirayə ev tuta bilsin, işləyib pul qazana bilsin və heç kimdən asılı olmasın. Mən ailə həyatımdan heç vaxt fiziki şiddətlə üz-üzə qalmamışam. Yoldaşımın belə bir şey edəcəyini heç ağlıma da gətirə bilmərəm. Amma biz də insanıq, təbii, problemlərimiz olur. Bir gün yoldaşım bu problemi yumruqla həll etməyə qalxsa, arxamda həm Norveç dövləti, həm hüquq sistemi, həm sosial müdafiə sistemi dayanacaq. Özü də Norveçdə nəinki fiziki, psixoloji şiddət də şiddət hesab olunur və bu halda da qadının yardım istəmə haqqı var. Məsələn, deyək ki, yoldaşım mənə acığı tutub, dindirmir, iqnor da psixoloji şiddət kateqoriyasına girir. Mənim haqqım var ki, dövlətin sığınacağında yer istəyim və yoldaşımla bir evdə yaşamağa məcbur qalmayım.


Səidə Quliyeva
Xalq artisti
Səidə Quliyeva
Dünyada baş verən bütün zorakılıqlara qarşıyam. Sadəcə Azərbaycan qadını milli mentalitetdən gələn mütiliyi ilə öz hüquqlarını tələb edə bilmir. Hamımız “qonşu, qohum nə dəyər” prinsipi ilə yaşadığımızdan vəziyyət bu həddə gəlib çatıb. Bizim mübariz, hüquqlarını müdafiə edən qadınlarımız çoxdur. Onlara kömək etmək lazımdır. Bəziləri kimə necə müraciət etmək lazım olduğunu bilmir. Cinsindən, yaşından asılı olmayaraq insana qarşı şiddətin əleyhinəyəm. Bizdə polisə müraciət edən qadına pis baxırlar. Deyirlər, bu, necə qadındır, polisə gedir. Amma bir şeyi anlamaq lazımdır ki, insan hüququnu müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Ondan əvvəl isə evdəki böyüklər, ağsaqqallar belə məsələlərdə əzilənin yanında olmağı bacarmalıdır. Odun üstünə neft tökmək əvəzinə, münasibətləri tənzimləmək lazımdır.

Almaz Ələsgərli
Əməkdar artist
 
Əgər bu cür hal mənim həyatımda baş versəydi, mən o dərəcəyə çatdırmazdım. Ailə həyatında iş polisə qədər gedib çıxırsa, artıq ayrılmaq lazımdır. Vəssalam. O həddə çatmamalıdır. Tərbiyə başqa şeydir. İnsan gərək evdə öz övladını da, özünü də tərbiyələndirsin. Bu mənim şəxsi fikrimdir, mən belə düşünürəm. Cavan ailələrdə problemlər olur. Biz qoymamalıyıq, onlar boşansın. Amma baxır, problem necə baş verir. Ailələr var, bir-birini söyüb-döyüb təhqir edirlər, ata-ana qarışır. Bu, artıq ailə deyil. Bilirsiniz, ailələrin içərisini biz bilmirik. Ailə daxilində yüzlərlə səbəblər ola bilər. Mən indi durum hansını səbəb kimi göstərim? Bircə onun bilirəm ki, ailədə söyüş, təhqir baş verirsə, həmin ailə artıq dağılmağa, insanlar boşanmağa məhkumdur.
Yaxşı olar heç o həddə çatmasın. Mən həmişə qızıma da deyirəm, ərinlə razılığa gəl, ailədir, olan işdir. Ana gərək qızına belə desin. İstər oğlanın, istərsə də qızın valideynləri ki, ailəyə müdaxilə etdi, ondan ailə olmaz. Müdaxilə olmamalıdır. Ola bilər, kiminsə qızını ər evində döyüb, söyürlər, onunla insan kimi davranmır, bu, başqa. Amma elementar məsələlərə qarışmaq olmaz.

Dilarə Əliyeva
Əməkdar artist

Mənə belə gəlir ki, insanlar dünyaya gətirdikləri övladlarını doğru-dürüst tərbiyə etməlidir. Ümumiyyətlə, tərbiyə məsələsində bütün cəmiyyət səfərbər olmalıdır. Yəni zədələrlə böyüyən insanlar sonra cəmiyyətdə bu kimi zorakılıqlar, qətliamlar törədirlər. Belə hallar cəmiyyət tərəfindən nəinki pislənməli, konkret addımlar atılmalıdır. Dövlətin qanunları çərçivəsində bu kimi cinayətlər törədən şəxslər cəzalanmalıdır. Allah belə insanları hidayət etsin. Bu hallar hər kəsdə travma yaradır. Haqqı tapdanmış, zorakılığa məruz qalmış qadınların arxasında durmaq lazımdır. Sevinc hadisəsindən, sonradan onun yayılan mesajlarından görünür ki, o, vaxtında həyəcan təbili çalsa da, lazımı tədbirlər görülməyib. Bu da onun ölümünə səbəb oldu. Qadınları qorumaq lazımdır. Bizdə qadınların hüquqlarını qoruyan müdafiə edən qurumlar, komitələr var. Onlarla birgə kişili-qadınlı təkcə qadınları yox, köməksiz insanları qorumalıyıq. Qohumlarımızda, qonşularımızda, tanışlarımızda belə hallar yaşanırsa, ictimailəşdirməliyik. Onda zorakılıq etməyə cəhd edən insan başa düşəcək ki, cəmiyyətdə sərt müqavimətlə ilə qarşılaşacaq.

Rövşanə Ağasəfqızı
Aparıcı-jurnalist
Rövşanə Ağasəfqızı
Zorakılığa məruz qalan qadın mütləq boşanmalıdır. Bunun başqa yolu yoxdur. Çünki artıq bir dəfə zorakılıq oldusa, bu davamlı olacaq. İnsan xarakterini dəyişmək mümkün deyil. Əgər kişi qadınına bir dəfə zor göstərdisə, qadın bunun davamlı olacağına əmin olsun. Belə olan halda qadın oturub ciddi-ciddi düşünməli, həyat yolunu hansı formada davam etdirməsi barədə götür-qoy etməlidir. Zorakılığa məruz qalan qadın övladı üçün də travma yaradır. Travmalı uşaq cəmiyyət üçün yararsız vətəndaşa çevrilir. Əgər oğlandırsa o, da atasının atdığı addımları atacaq, qızdırsa, anası kimi hər şeyə müticəsinə dözüb yaşayacaq. Ümumiyyətlə tərəflərin boşanmasına cəmiyyət normal yanaşmalıdır. Birgə yaşamaq mümkünsüzdürsə çıxış yolu ayrılmaqdır. Qadın boşanıbsa, ona əxlaqsız damğası vurmaq olmaz. Düzdür, 20 il əvvəlki münasibətlə indiki münasibət fərqlidir. Amma bölgələrdə yenə də boşanan qadına münasibət birmənali deyil. Hətta pisdir. Cəmiyyətin bu münasibəti sonucda cinayətə gətirib çıxarır. Qadını döyürlər, başını kəsirlər, təhqir edirlər və s.
Bu cür olmasın deyə qanunlar işləməlidir. Cəmiyyət vətəndaşına, həm kişisinə, həm qadınına sahib çıxmalıdır. Əgər bir qadın boşanandan sonra belə keçmiş əri gəlib onun başını kəsirsə, həmin kişi həm ictimai formada linç olunmalı, həm də hüquqi şəkildə mühakimə olunmalıdır. Sevinc adlı qadının mesajlarında qadın hüquqsuzluğu, mütiliyi, yiyəsizliyi vardı. Yiyə təkcə ata, ana, qardaş deyil. Yiyə həm də cəmiyyət, qanun, cəmiyyətdə işləyən hüquq, dövlət olmalıdır.
 
 
Müəllif: Samirə Əşrəf
Mənbə: kulis.az
 

0 şərh