Güclü qadınlar

Güclü qadınlar bizim aramızdadır. Onlar da səhərlər qəhvə və ya çay içir, kitab oxuyur, vergi ödəyirlər, müqavilələr imzalayırlar, ev işləri ilə məşğul olurlar, səhərlər balaca balalarını bağçaya qoyduqdan sonra işə qaçırlar, işdən sonra tez evə qaçaraq həyat yoldaşları üçün yemək bişirilər...Bəs niyə sadəcə "onlar"? Hər bir qadın-Güclü qadındır... Böyük şəhərlərdərki baş gicəlləndirici həyat tərzi qadınları güclü olmağa məcbur edir.İş günü, təhsil, işgüzar görüşlər başa çatdıqdan evə gəlib rahat şəkildə dincəlmək,ağır iş gününün yorğunluğunu çıxarmaq üçün getdikcə daha az vaxt qalır. Bunun əvəzinə qadınlar evə çox vaxt hava qaralandan sonra gəlir, birtəhər evdə səliqə səhman yaradır, yemək bişirirlər...və başqa bir şey etməyə nə güc, nə də həvəs qalır, sadəcə yatmaq..Yenidən səhər tezdən qalxmaq. Və dünənki hadisələr yenidən təkrarlanır...

Bu hadisələr burulğanında qadınlara ən çox bir şey çatışmır-yenidən zəif bir qadın olmaq...

Mağazadan evə ağır çantanı aparmaq? Problemsiz. Çətin bir məsələsini həll etmək? Adi bir işdir. Mismar vurmaq? Bu işin də öhdəsindən gəlirlər...
Güclü qadın övladlarını böyüdür,evdə əmin-amanlıq, səliqə-səhman, xoş atmosferin olmasına çalışır və ən əsası yoldaşına ondan daha güclü olduğunu göstərmir.

Kiçik yaşlarında onlar atalarının sevimli övladları, analarının ev işlərindən əvəzedilməz köməkçiləri, nənələrinin şirin-şəkər nəvələrdir. Vaxt ötdükcə onlar artıq incə və gözəl qızlar, məsuliyyəti dərk edən punktual və diqqətli işçilərdir. İllər keçir və artıq onlar sədaqətli və anlayışlı həyat yoldaşı, qayğıkeş və mehriban analardır. Övladlar böyüyür və onlar həyatın yeni çağırışına cavab verməyə hazırdırlar: sevimli övlad, gözəl qız, məsuliyyətli işçi, mehriban ana artıq qayınanadır. Bəzən onun qayğısı deyingənlik kimi başa düşülsə belə...
Bütün bunları edən qadınlardır. Güclü qadınlar. Axı onlar da qayğı, diqqət, nəvaziş hiss etmək, özlərini yoldaşının yanında təhlükəsizlikdə hiss etmək istəyirlər. Çox vaxt bunlar unudulur...

P.S. Sevdiyimiz qadınların hər zaman yanında və dayağında olmaq ümidi ilə...
 

0 şərh