Merilin Monro

Anadan olanda ona valideynləri başqa ad qoymuşdular. Və o zaman heç ağıllarına belə gəlməmişdi ki, bir gün gələcək bu balaca qızcığaz özünün seçdiyi adla bütün dünyanı fəth edəcək. O, uşaqlıq və yeniyetməlik dövrünü Norma Cin Mortensen adı ilə keçirmişdi. Anası Qledis Monra Beyker Mortensen o dövrdə Hollivudda montajçı işləyirdi. Atası Edvard Mortensen isə daimi iş sahibi olmayan bir adam idi. Əslində Edvardın Norma Cinin taleyində nə bir ata, nə də həyatını Qledislə birləşdirən adi bir şəxs kimi heç bir rolu olmamışdı. Yazılanlara əsaslansaq Edvard qızı dünyaya gəlməmişdən səssizcə onların həyatından çıxıb getmişdi. Bu hadisə əsas səbəb olmasa da sonradan ailənin daha ağır günləri başlamışdı. Və yaranmış bu acınacaqlı durumun əziyyətini ən çox qızları Norma Cin çəkmişdi. Bu balaca qızcığaz həyatın hələ nə olduğunu başa düşməmiş ən müxtəlif əzablardan keçməli olmuşdu. Taleyinə onları atıb gedən ata, 7 yaşında ikən psixi müalicəxanaya yerləşdirilən ana düşən Norma Cin çox çəkmədi ki, insanların gözəlliyinə, istedadına valeh olduğu Merilin Monroya çevrildi.

Norma Cin Mortensen

Merilin Monro 1926-cı ildə Birləşmiş Ştatların Los-Anceles şəhərində anadan olub. Anası psixi müalicəxanaya düşəndən sonra balaca qızcığaz yetimlər evinə verildi. Merilinin yetimxanadakı məşəqqətli illəri üç ildən çox çəkdi. Sonradan isə anasının ən yaxın rəfiqələrindən Qreys Qoddard onu qızlığa götürdü. Onda Normanın 11 yaşı var idi. Amma onu qarşıda yeni sınaqlar gözləyirdi. Xanım Qreysin evində 5 il yaşadıqdan sonra o, ailə həyatı qurmaq fikrinə düşür və bunu reallaşdırır. Ailə həyatına belə erkən başlayan Norma Cin çox çəkmədi anladı ki, onun bu qərarı düzgün deyilmiş. Belə ki, xəyalpərəst Normanın gözlərinə xilaskar, qəhrəman kimi görünən fəhlə Cim Duqerti tezliklə əzabverici təəssüf mənbəyinə çevrildi. Günlərin birində o, ərinin okeana çıxacağı ilə bağlı xəbəri eşidəndə heç təəssüf hissi keçirmədi də.
Əksinə o gedəndən sonra Norma Cin hərbi zavodda işə düzəldi. Və hər şey burada baş vermiş ən adi hadisədən - bir fotoqrafın onun şəkillərini çəkməsindən başladı. Norma Cin hiss etdi ki, o, daxilindəki duyğuları hiss etdirmək, sahib olduğu xarici gözəlliyi başqalarına göstərmək üçün alışıb-yanır. O dayandığı nöqtədə durub gözləyə bilməzdi. Bundan sonra yollar arayan Norma Cin birinci növbədə ərindən ayrılmaq qərarına gəldi və bunu tərəddüdsüz həll etdi. Bunun ardınca isə işlərinin daha da irəli getməsi üçün ona fitri istedadı və çoxlarını məftun edən zahiri gözəlliyi kömək elədi. Norma Cin az müddətdə çoxlarının diqqətini cəlb edən fotomodelə çevrildi. Amma bu hələ başlanğıc idi.

Merilin Monro

Buradakı uğurları isə stimul verdi ki, o, kinoprobalar üçün "İyirminci əsr Foks" kinostudiyasına gəlsin. 1946-cı ildə gəldi və yoxlama çəklişlərində iştirak etdi. Bu çəkilişlər son dərəcə uğurla keçdi. Elə bu ilk uğurdan sonra kinostudiya onunla müqavilə imzalamağı təklif etdi. Bu fürsəti çoxdan gözləyən Norma Cin tərəddüdsüz yeni həyat yolunun astanasına çıxmış oldu. Ona burada iki şeyi məsləhət gördülər: birinci saçının tünd rəngini açsın, ikincisi, adını dəyişsin. O, bunları məmnuniyyətlə etdi və beləliklə Norma Cin Merilin Monroya çevrildi.
Merilin Monro-sarışın amerikan gözəliKinostudiyada görünən yeni gözəlçə özünü publikaya təqdimetmə bacarağı ilə qısa müddətdə söz-söhbətlərin əsas mövzusuna çevrildi və bu da onun rəqiblərinin heç xoşuna gələn bir şey hesab oluna bilməzdi. Vəziyyəti özünəməxsus şəkildə dəyərləndirməyi bacaran Merilin Monro mütləq özünə güclü bir himayəçi tapmalıydı, yoxsa o, bu nəhəng kinostudiyanın dəhlizlərində illərini havaya sovura da bilərdi. Merilin üçün belə bir himayəçini tapmaq elə də çətin olmadı. "İyirminci əsr Foks"un veteranlarından biri hesab edilən Co Şenk Merilin Monronun ilk himayədarı oldu. Amma bu çox da uzun sürmədi. 70 yaşlı Şenk cavan aktirası üçün sevgili rolunda çıxış edə bilmirdi. Onu dostu nəhəng "Kolumbiya pikçers"in Harri Konnla tanış elədi. Amma elə ilk filmin çəkilişindən sonra Merilin Monronu işdən çıxardılar. Həmin vaxt o, 22 yaşındaydı. O vaxt deyirdilər ki, Merilin Konnun intim əlaqə üçün təkliflərini rədd etdiyi üçün işdən çıxarılıb.
Amma onun istedadı Merilinin düşünülmüş-düşünülməmiş hərəkətlərinin, dedi-qoduların önünə keçməyi bacardı. O dalbadal filmlərə çəkilməkdə davam etdi. 1948-ci ildə ilk filmi rejissor Artur Pirsonun çəkdiyi "Təhlükəli illər" filmindən bir il sonra Monro Devid Millerin "Xoşbəxt məhəbbət" filminə, 1949-cu ildə Fil Karlsonun "Xorçu qızlar"ına çəkildi. İndi onun arzusu demək olardı ki, həyata keçmişdi. Çünki hər kəs ondan, onun gözəlliyindən danışırdı. Həm də gənc aktrisaya rejissorların təklifləri yağırdı. Elə 1950-ci ildə Merilin Monro ayrı-ayrı rejissorlar tərəfindən beş filmə - "Tomaqavka bilet", "Odlu şar", "Asfaltlı cunqli", "Hər şey Yeva üçün" və "Sağ xaç"a çəkildi.

O başqalarina bənzəmirdi...

Merilin Monronun şöhrəti artdıqca onun şəxsi həyatı daha çox yelkənsiz qayığa bənzəyirdi. Fasiləsiz filmlərə çəkilən, kifayət qədər qonarar alan Monronun heç şəxsi mülkiyyəti olmayıb. Deyilənə görə, bunlar onu az maraqlandırardı. Amma onun sevgi macəraları ən inanılmaz şəkildə davam edirdi. Heç düşünmürdü də hadisələrin sonu nə ilə qurtara bilər. Xaraktercə azad olan kinoulduz sevgililərini, birlikdə olduğu kişiləri dəyişməkdə heç vaxt nə psixoloji, nə də mənəvi rahatsızlıq hiss edib. Bütün bunlar onun bir növ həyat tərzinə çevrilmişdi. Onun üç dəfə rəsmi nigahda olduğu deyilir. ...Məhşur idmançı Ci Modcini böyük məhəbbətlə sevdiyi söylənsə də aktrisa ondan da ayrılmışdı. Rejissor Artur Millerlə də evliliyi uzunmüddətli olmayıb. Əslində Merilin Monronun sevgililərinin kimlər olduğu dəqiqliyi ilə bilinmir. Amma qeyd edək ki, dünya kinosunun əvəzsiz simalarından biri Marlon Brando, Amerika siyasətinin o dövrdəki zirvəsi sayılan Kennedi qardaşları da Merilinin intim həyatında olublar. Hətta elm adamları da. Onun ən yaxın rəfiqələrindən olan Şelli xatirələrində yazırdı ki, bir dəfə Merilinin evində təsadüfən bir elm adamının da fotoşəklini tapıbmış. "Əl yazısı ilə yazılmışdı: "hörmətlə, sevgilərlə və minnətdarlıqla. Eynşteyn."".
Millerin evində xidmətçi işləyən Lena Pepitoun çox sonralar (Merilin Artur Millerlə evlilik həyatını sürdürərkən) xanımının evdəki həyat tərzi haqqında yazacaqdı: "Artur Miller öz yataq otağında işləyirdi. O isə (Merilin) şampan içər, saatlarla qromafon valında Frenk Sinatra qulaq asardı. Telefonla da qiybətlər edərdi. Sevimli məşğuliyyətlərindən biri də çılpaq halda saatlarla güzgünün qarşısında durub özünə baxmaq idi. O kompleksiz adam idi. Merilin yatağında yemək yeməyi sevərdi, sonra da əllərini mələfəyə silərdi. İki dəfə Merilin bətnindəki uşağını itirdi. Bunlardan sonra o dərin depressiya keçirdi". Həqiqətən də Merilin Monro uzun zaman psixiatriyada müalicə olunub. Bəzi dövrlərdə yuxusuzluqdan əziyyət çəkib. O tez-tez çox güclü təsirə malik sakitləşdirici preparatlar qəbul edib. Hətta elə dövrləri olub ki, kinoulduz öz sevdiyi işə belə biganə yanaşıb, çəkliş meydançalarına gecikməsi isə mütəmadi hala çevrilib.

Kennedilərlə tanışlıq

Amma bunlara baxmayaraq, Merilin Monronun 1955-ci ildə çəkildiyi "Avtobus dayanacağı", (1957-ci il) "Prins və xorda oxuyan qız", (1959-ci il) "Cazda yalnız qızlardır"... filmləri onu şöhrətinin üstünə şöhrət gətirdi. Ona 1959-cu ildə "Qızıl qlobus" mükafatı təqdim etdilər. Hətta iş o yerə çatdı ki, Merilin Monronu 1961-ci ildə Con F. Kennediyə şəxsən təqdim etdilər. Həmin dövrlər məhşur Kennedilər nəslinin ən parlaq siyasi dövrü idi. Bu bütün amerikalı aktrisaların, müğənnilərin arzuladığı bir tanışlıq hesab edilə bilərdi, amma bunu Merilin üçün qəti şəkildə söyləmək mümkün deyildi. Çünki onun həyatı ilə yaxından maraqlanan, baş vermişləri öyrənməyə cəhd edən insanların bir çoxu belə hesab edir ki, aktrisanın ölümü məhz bu tanışlıqla bağlıdı. Təxminən bir ay sürən bu tanışlıqdan sonra Con Kennedi bu əlaqələri bitirməyə qərar verdi. Amma dövrün ən məhşur aktrisalarından olan Monronun hər hansı söz-söhbət yaradacağını əngəlləmək, onu özündən qalmaqalsız, yavaş-yavaş uzaqlaşdırmaq məqsədi ilə qardaşı Bobbi ilə tanış etdi. Amma hadisələr çızığından çıxmağa başlamışdı. Monro Kennedilərlə bu tanışlığın sonunda evlilik xəyalını qurmuşdu. Və Kennedilərin onunla "oynadıqlarına" əmin olduqda psixoloji gərginlik içərisinə düşdü. O vaxt Merilin Monro bir dəfə bildirmişdi ki, mətbuat konfransı keçirib Kennedi qardaşlarının onunla əlaqələri haqqında hər şeyi danışacaq.
Bu hadisələrdən çox keçmədi ki, qısa dövr ərzində 30-dan çox filmə çəkilərək Amerika kinotarixinə öz adını böyük hərflərlə yazan, uzun illər dünya tamaşaçılarının dilindən düşməyən, öz qeyri-adi davranışları və həyat tərzi ilə digərlərindən fərqlənən Merilin Monronu Brentvudda, 1962-ci ilin avqustun 5-də səhər tezdən, evində, əlində telefon dəstəyi ölmüş vəziyyətdə tapdılar. Stolun üstündə isə boş dərman qabı və ətrafa səpələnmiş güclü yuxu dərmanları. Monronun cəsədinin ekspertizasında da yazılmışdı ki, ölümə səbəb dərmanın həddi aşması olub. Hətta onun narkotikadan öldüyü versiyası da gündəmə gəlmişdi. Ümumiyyətlə, Monronun ölümünün səbəbləri beş variantda danışılırdı. Amma ona "yuxarılar" tərəfindən qəsd olunması ən real versiya kimi uzun illər müzakirə mövzusu oldu. Elə beləcə də qaldı. Sadəcə çoxlarının bildiyi bir həqiqət vardı: Merilin Monro filmlərdə də, həyatda da rolunu həmişə özünəməxsus ifa edib.

Müəllif: BABƏK YUSİFOĞLU
Mənbə: Ədalət.- 2010.- 8 iyun.- S. 6.
Həmçinin bax: Merilin Monro

 

0 şərh