Qadın cazibəsi və onun sirləri - 1

Qadın gözəllik simvoludur! Heç nahaq yerə qadın gözəlliyi İlahi gözəlliyin əlamətlərindən hesab edilmir və gözəllik mücəssəməsi olan qadınlar heç də təsadüfən İlahə adlandırılmır. Kişiləri valeh, məftun və əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən, xarüqələr yaradan ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdən ötrü aciz qalıb. Gözəllik, xüsusən də qadın gözəlliyi çox qəliz və incə məsələdir. Bunu zövq və hissiyat məsələsi də hesab edirlər. Yəni birinin bəyənmədiyi qadına digəri məftun ola bilər.
Qadın gözəlliyi əsasən üzdə-sifətdə təcəlla tapır. İnsan qarşısındakının daha çox üzünü görür, ünsiyyətdə olarkən də üzünə baxır axı. Gözlərin, kipriklərin, dodaqların, burnun, saçların, çənənin, yanağın, boyunun və digər sifət üzvlərinin müəyyən quruluşda, formada, rəngdə olması gözəllik etalonu olaraq minillərdir ki, müəyyən edilmişdir və dünya xalqlarının böyük əksəriyyətinin zövqü bu etalona tam müvafiqdir. Bu etalonun fizioqnomik keyfiyyətləri də var. Sifət üzvlərinin cizgisi hürufizm ideyalarına müvafiq olaraq ərəb əlifbası ilə hərfləri və fikirləri ifadə etdiyi kimi, onların quruluş ölçüləri də insan xarakterinin müxtəlif əlamətlərinə işarədir.
Qadın gözəlliyinə tamam fərqli yanaşan xalqlar, qövmlər də var. Onlar əsasən ümumbəşəri yanaşma tərzindən kənar bir mədəni səviyyədə olan, qeyri-standart həyat tərzi keçirdən (aralarında palçıq yeyəndən tutmuş adamyeyənə kimi hər cürəsi var) və inkişafdan geri qalan xalqlardır. Qadının dodaqları azacıq ətli olduqda daha gözəl göründüyü halda, bəzi Afrika xalqları qadın dodaqlarından, qulaqlardan xüsusi ağır maddə asmaqla onu daha yekə vəziyyətə gətirir və bunu daha gözəl hesab edirlər. Halbuki, həmin vəziyyətə salınmış “gözəl” xanım dünyanın əksər yerlərində əcaiblik və eybəcərlik göstəricisi ola bilər. Üzünə bığ yerindən başlayıb yanaqda burulan nazik, tatuyaj xətlər çəkilmiş qadınları gördükdə onların özlərini pişiyə oxşatmaq istədiyini düşünənlər yanılar. Çünki bu onların xalqı üçün gözəllik ifadəsidir.
Eləcə də qadının bədən quruluşu onun gözəlliyinə müəyyən çalar qatır. Ümumbəşəri zövq qadın boyunun və boynunun nisbətən uzun, qamətinin dik, belinin nazik, aşağı ətrafın yumru, yarımqövs, balıqvari formatını, sinənin bir qədər qabarıq və dik ölçüsünü yaraşıq əlaməti olaraq qəbul edir. Burada ölçülərin etalon rəqəmləri də müəyyən edilmişdir. Ancaq bunun əksini qəbul edən Latın Amerikası, bəzi Asiya və Orta Afrika xalqları da var. Bu fərqli yanaşma xalqların yaşam tərzindən, mədəni səviyyəsindən və dini inanclarından daha çox asılıdır. Bir yerdə qadının çox arıqlığı, digər yerdə sallaq qarın və yekə sinə ilə hədsiz gombul olması məqbul hesab edilir. Lakin həm sifət, həm də bədən quruluşu etibarı ilə ideal formada olan çox az qadın tapılar. Buna baxmayaraq hər bir qadında bu etalona müvafiq gələn bir və ya bir neçə gözəl əlamət görmək mümkündür. Amma... ancaq... lakin, hətta bütün gözəllik əlamətlərinin etalon səviyyədə olması da bəzən sivil Avropa və ya müdrik Şərqdə heç də hamının eyni qədər məftunluğuna səbəb olmayacaq. Kompleks halında tam və ideal vəziyyətdə gözəl olan qadın da kiməsə aşkar estetik təsir bağışlamaya və onda rəğbət doğurmaya bilər. Bu təkcə zövq məsələsi deyil. Hərtərəfli gözəl olan bir qadın nədən hamıya eyni cür təsir bağışlaya bilməsin? Deməli, gözəlliyin elə bir mənbəyi də mövcuddur ki, o digər gözəllik cəhətlərindən daha mühümdür. Məhz buna görə də bəzən bir elə yaraşıqlı və gözəl görünməyən qadınlar çox möhtəbər, qüdrətli və yaraşıqlı kişilərin ağlını başından çıxarda, özünə məftun edə bilir.
gözəl qadınlardan birinin şəkilləriDini inanclara ciddi yanaşsaq qadının həyata kişilər üçün gətirildiyini qəbul etməliyik. Böyük Yaradan məhz bunun müqabilində ona kişidən daha artıq gözəllik vermişdir. Bəlkə kişi qadına digər canlılara bəslənən 2-ci dərəcəli münasibət bəsləməsin və onunla izdivacdan mükəmməl körpələr doğulsun deyə Tanrı onların arasına məhəbbət adlı, əslində gözlə görülməyən bir böyük qüvvə, səbəb və bağlılıq qoymuşdur. Məhəbbət isə heç də təsadüfdən yaranmaz. İlk baxışdan onun gözəlliyə olan rəğbətdən yarandığını qeyd edə bilərik. Lakin qeyd etdiyimiz kimi, bəzən zahiri gözəllik əlamətləri də yetərli olmur və bəzən evində çox gözəl arvadı olan kişi zahirən ondan aşaqı səviyyəli bir ayrı qadına vurulur. Bu isə təkcə əxlaq məsələsi deyil. Hər bir nəticə müəyyən səbəbə bağlıdır. Əslində elə kişilərin və ümumiyyətlə, bir çox əksəriyyətin nəzərində qadını gözəl edən digər amil də var. Amma o dəqiq bir sifət orqanı deyil.
Əksər hallarda kişilər qadının dodaqlarına, qadın isə kişinin sinəsinə baxaraq danışır. Bu səbəbdən də kişilər gözəlliyi daha çox dodaqda tapmış olur. Buna görə də qadınlar öz dodaqlarının daha gözəl görünməsindən ötrü müxtəlif rəngli boyalardan istifadə edirlər. Gözlər qarşı tərəfin sehrinə düşmək və ya onu sehrə - hipnoza salmaq üçün əsas mənbədir. Onu qəlbin qapıları adlandıranlar da var. Qadın öz qarşısındakı kişinin gözlərinin içinə dimdik baxarkən onu deyil,daha çox özünü təslim edir. Məhz gözlərinə nüfuz edərək hipnozçu xəstənin ruhuna hakim kəsilir. Gözlər baxaraq, qulaq eşidərək, əl toxunaraq təmas edir. Lakin beyinin, düşüncənin, zəkanın qəbul etdiyi amillər də çox mühümdür. Əslində bütün bədəni baş-beyin idarə etmirmi? O isə gözün və qulaqların qəbul etdiyinə də ən son qərarı verir. İnsan beyni hətta gözlə görünməyən, qulaqla eşidilməyən nəsnələri də qəbul etməyə qadirdir. Bu sıraya bio-dalğalar, astral səslər, hisslər və duyğular daxildir. Bir qadının zahiri gözəlliyi özündən müəyyən xoş duyğular ixrac etməklə onun barəsində məftunluq duyğusu yaradır. Onun gözü, qaşı, dodağı və sair yerləri etalona müvafiq olmasa da xoş duyğular oyatmağa, diqqət çəkməyə qadirdir. Səbəb nədir? Bunun adını cazibə kimi şifrələməyimiz lazım. Bəs cazibə bədənin harasında cəmlənir, ətrafa haradan ixrac olunur, necə duyulur?.. Bu barədə suallar konkret olsa da cavabların tam dəqiqliyi mümkün olmaya bilər. Əsas odur ki, hər bir qadın hətta gözəllik etalonuna müvafiq cəhətlərə- gözəl dodaq, göz, yanaq, bədən və sairəyə malik olmasa da özündən cazibə saça və ətrafındakıları cəzb edə bilər. Yuxarıda zahiri gözəllikdən daha üstün hesab etdiyimiz məqam da məhz cazibəyə aiddir.

Müəllif: Hafiz Mirzə
Həmçinin bax: Qadın cazibəsinin sirləri-2

2 şərh

ilham
Çox maraqlıdır. Axıra qədər oxudum.
Anthony
meselen men yazidan cox sekile baxdim ))