Evdar qadın

Evdar – bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır.
Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»

Bəs görəsən, qadın nəyə görə işindən və ya işləyə biləcəyi peşələrdən imtina edib, evdə oturmağa məcbur olur?
Ərinin istəyinə və ya tələbinə görə;
Yaradıcı qadınlar sakitcə evdə yazıb-yaratmaq, rəssamdırsa, rəsm çəkmək, bəstəkardırsa, musiqi bəstələmək üçün;
Qadın heç bir sənət, peşə, elm yolunda özünü görmür və bütün həyatını ailəsinə, ocağına, uşaqlarına həsr etməyə hazırdır;
Qadın özündə inam və qüvvə tapıb, yoldaşına qarşı tələblərini irəli sürə bilmir;
Qadın gəncliyində sadəcə, öz maddi tələbatını ödəmək və maaş xatirinə işləyibsə, ərinin kifayət qədər imkanlı olması və evini dolandırması onu evdə oturmağa vadar edə bilər;

Həyat özü də insan qarşısında qaçılmaz seçimlər qoyur: 

Xəstə və qulluğa ehtiyacı olan ailə üzvləri-valideyn, qaynana-qaynata, uşaq.
Dalbadal hamiləlik məzuniyyətindən imkan tapa bilməmək;
Həyat yoldaşının işi tez-tez yerdəyişmə ilə əlaqədardır;
Qadın əvvəl işləsə də sonradan özü işə qayıtmağı təxirə salır: qoy uşaq bağçaya getsin, ibtidai sinfi bitirsin və i.a.

Psixoloqların fikrincə: evdar həyat tərzinə uyğunlaşa bilməyən və bu şəraitə dözməyən qadınlar hamiləliyə qədər çox aktiv həyat sürən qadınlardır. Bu xanımlara yeni şəraitə adaptasiya olunmaq üçün mütləq və mütləq psixoloq köməyi lazımdır.

Evdar qadının psixikasını xilas edəcək və onu sabaha ruhlandıracaq işlər, amillər çoxdur:
Kitab-jurnal oxumaq;
Şirniyyat bişirməyin sirrlərini öyrənmək;
Əlavə peşə kurslarına yazılmaq;
Kompüter oyunları;
Fen-şuyla maraqlanmaq;
Yoqa və fitnes;
İkebana düzəltmək;
Toxuma və tikiş öyrənmək;
Massaj etdirmək;
Rəqsə getmək;
Parkda gəzmək, digər analarla tanışlıq, söhbət;
Din və ibadətlə məşğul olmaq;
Müxtəlif vanna və maskalardan istifadə etmək;

Görün evdə sizin edə biləcəyiniz nə qədər iş var?

Bizcə, ən orta imkanlı ailə xanımının bütün bu vasitələrdən istifadə etməyə imkanı olar. İnanın ki, bu gözəl vasitələr və işlər karyera quran, bütün gününü yolda və işdə keçirən istənilən qadının ən gizli arzularıdır. Onlar bunları etməyə vaxt tapmır, sizsə qızıldan qiymətli vaxtınız ola-ola onu boş keçirirsiz.

Görəsən kim xoşbəxtdir?

Gündüzlər işə, axşamlar evinə, doğmalarına yemək hazırlamaq üçün tələsən xanımlar, yoxsa bütün gününü sevimli qəhrəmanlardan birinin təbirincə desək, «duzqabıların önündə» keçirən qadınlar?
Həqiqət isə budur: səhər açılan kimi mətbəxə keçib, əyninə önlük taxıb, biş-düşə başlayan qadın pəncərədən boylanaraq, işə tələsən, şıq geyimli qonşu qadına baxıb dərindən köks ötürürsə də, axşam yorğun ayaqlarını güclə sürüyüb, evinə tələsən işləyən qadın da artıq yeməyi hazır olub, pəncərədən ailəsini gözləyən evdar xanımlara həsədlə baxıb, ah çəkirlər.
Həyat əvvəldən belədir: kim nəyi arzulasa, onu verməz, kim nə istəməsə, onunla üzləşər. Qadınlar isə həmişə özgəsində olanın həsrəti ilə yaşayar və öz taleləri ilə barışmazlar.

Kişilər nə istəyir?

Psixoloqların qənaətinə görə, çox kişilər qadının «cibinin dolu» olmasını istəmir. Onlar hesab edir ki, qadın maddi tələbatını kişinin «əli vasitəsilə» ödəməlidir və ən xırda əşya (sabun, kirşan, alt paltarı və s.)almaq istəyini belə ərinə deyib, ondan pul alıb, sonra alış-verişə çıxmalıdır.Qadının işləyib, müstəqil olaraq qazanması və pul sarıdan korluq çəkməməsi çox kişiləri qane etmir. Qadın karyerası arxasında kölgədə qalmaq isə kişi üçün əsl faciədir. Müasir dövrdə boşanmaların əksəriyyəti də qadının karyera sahəsində uğurlarına tab gətirməyən kişilərin ucbatından olur.

mənbə:  http://www.atvmaqazin.az/

1 şərh

Shabnam_Ilham
Maraqlı yazıdır. Şəxsən mən özümdən danışa bilərəm ki, əgər gələcəkdə ailə həyatı qursam işləmək istəyərəm. Təbii ki, qarşı tərəfin razılığı ilə. O ki, qaldı diplom məsələsinə mənim fikrimcə qadının ən azından diplomu olmalıdır. Çünki hər xoşbəxt an bir gün bitə bilər. Kimsə bu günün, sabahın necə olacağını bilmir. Ən azından kişi daş daşıyar, fəhləlik eliyib bir təhər ailəsini dolandıra bilər. Amma qadının əlində sənəti olmasa bir az çətin olar ailəni dolandırmaq. Bu baxımdan indiki zamanda çox qızlar çalışır ki, (ən azından dar ayaqda  ailəsini dolandıra bilmək üçün) ali təhsil alsın. İş yaxud evdar qadın olmasından asılı olmayaraq qadın qadındır. Əsas odu bacardığımız işin öhdəsindən layiqincə gələ bilək.