Viqdis Finnboqadöttir

Vigdis FinnbogadottirO, İslandiyanın ilk qadın hökumət başçısı kimi adını tarixə yazdı!  Sonra digər bir ilkə də imza atdı. Ölkəsinin ilk qadın prezidenti kimi də adı tarixə düşdü. Nə az, nə çox düz 16 il ölkəsinə rəhbərlik etdi və ölkəsinə ən uzun müddət prezidentlik edən QADIN kimi də yaddaşlarda qaldı. 
O, dünyada demokratik seçkilərlə seçilmiş İLK QADIN PREZİDENT kimi də adını əbədiyyən tarixə yazdı. (Ümumiyyətlə isə o, İsabel Martines de Perondan sonra dünyada ikinci qadın prezidentdir. İsabel Peron hakimiyyət estafetini həyat yoldaşından alaraq, Argentinada prezident olmuşdu). 
O, İslandiya Uşaqlara Yardım Assosiasiyasının əsasını qoymuşdur!  O, ölkəsinin fəxri vətəndaşı kimi yaddaşlarda qalan bir lider oldu.
Bu qadın,  İslandiyalı dövlət və ictimai-siyasi xadim, İslandiyanın sabiq prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Madrid Klubunun üzvü Viqdis Finnboqadöttirdir! (Vigdis Finnbogadottir)
İslandiyanın 4-cü prezidenti Viqdis Finnboqadöttir 15 aprel 1930-cu ildə Reykyavikdə dünyaya göz açıb. İxtisasca mühəndis olan atası Finnboqi Rütur mühəndis, həmçinin İslandiya Universitetində professor vəzifəsində, tibb bacısı olan anası Siqridur Eiriksdöttir isə İslandiya Tibb Bacıları Assosiasiyasının sədri vəzifəsində çalışırdı. O, siyasi karyeraya hazırlaşmırdı. Onun başqa planları var idi. 1949-cu ildə qəbul imtahanlarını uğurla verərək, öncə Qrenobl Universitetində, sonra isə 1949-53-cü illərdə Sorbonna (Paris) Universitetində (“fransız dili və ədəbiyyatı”) təhsil alan Viqdis daha sonra Kopenhagen Universitetində (teatr tarixi) oxumuş, eyni zamanda İslandiya Universitetində fransız, ingilis dilləri və pedaqogika sahəsində təhsil almışdır. 
Xanım Viqdis 1954–57-ci və 1961–64-cü illərdə Reykyavik Teatr Kompaniyasında işləmiş, həmçinin Reykyavikdə Qrammatika Məktəbində fransız dili dərsi demişdir. (O, bu məktəbdə fransız dilinin tədrisi departamentinin planlaşdırılması və inkişafına çalışırdı.) 
Həyatının həmin dönəmində xanım Finnboqadöttir, İslandiya Turist Bürosunda yay aylarında turist bələdçisi kimi işləmişdır. O, İslandiyaya tədqiqata gələn jurnalistləri lazım olan yerlərə apara və onlara material, məlumat toplamaqda kömək edərdi. (Viqdis bələdçi təlim proqramının yaradılmasında iştirak etmiş və uzun illər bu proqramın rəhbəri olmuşdur.) 
Viqdis Finnboqadöttir 1960–70-ci illərdə ABŞ qoşunlarının İslandiyada yerləşdirilməsinə qarşı çıxan yürüşlərin fəal iştirakçılarından olmuşdur. 
1972-ci ildə Viqdis Finnboqadöttir Reykyavikin Teatr Kompaniyasının bədii rəhbəri vəzifəsində çalışmağa başlayır. 1972-80-ci illərdə isə Şəhər Teatrına rəhbərlik edir. 1976-80-ci illərdə isə Skandinaviya ölkələrinin Mədəni işlər üzrə Məşvərət Komitəsinin üzvü kimi ictimai-mədəni həyatın içində yer almış və aktiv çalışmışdır. 


İslandiyanın xanım prezidenti!

...1980-ci ildə, əliuşaqlı olmasına, üstəlik həyat yoldaşından ayrılmasına baxmayaraq, o, İslandiya prezident seçkilərində uğurla iştirak etdi və dünyada demokratik seçkilərlə dövlət başçısı seçilmiş ilk qadın olaraq tarixə düşdü. Sonra isə o, digər bir İLKə imza ataraq 4 dəfə prezident seçilərək dünyada ölkəsinə ən uzun müddət prezidentlik edən İLK qadın kimi adını tarixə yazdı!
 Viqdis Finnboqadöttir İslandiya prezidentliyinə namizəd kimi üç kişi rəqiblə mübarizə apararaq (səslərin 33.6 %-ni toplayaraq) qalib gəlmişdi.
 O, daha sonra daha 3 dəfə seçkilərin qalibi olmuş və hətta 1988-ci ildə qalibiyyətini necə deyərlər, “rekord qıraraq” – səslərin 95%-ni (!) toplayaraq qeyd etmişdir.
 1990-cı ildə Beynəlxalq Qadınlar Mərkəzi Finnboqadöttiri Beynəlxalq Liderlik Ödülünə layiq gördü.
 Prezidentliyi dövründə island dili və mədəniyyətinin inkişafına xüsusi diqqət ayırması, bu diqqətin sayəsində əldə edilən qiymətli nəticələr və gənclərin maraqlarına böyük diqqət göstərməsi dillər əzbəri olmuşdur. Prezidentin bu sahələrə xüsusi diqqəti islandiyalılar tərəfindən rəğbətlə qarşılanırdı. O, İslandiya prezidenti kimi Sokol ordeni çempionu (qrossmeysteri) idi.

Bəşəri dəyərlər carçısı

Xanım Finnboqadöttir 1996-cı ildə Harvard Universitetinin Con Kennedi İnstitutunda təsis edilən Qadın Dünya Liderləri Şurasının banilərindən biri olur. 1996-cı ildə ölkəsində növbəti prezident seçkilərində iştirak etməkdən imtina edən Viqdis Finnboqadöttir Dünya Qadın Liderlər Şurasına rəhbərlik etməyə başlayır. O, prezidentlikdən getdikdən sonra İslandiya Qadın Hüquqları Assosiasiyasının ömürlük fəxri üzvü seçilir. İki il sonra YUNESKO-nun Elmi biliklər və Texnologiya Etikası üzrə Dünya Komissiyasının prezidenti və xoşməramlı səfiri təyin edildi. Finnboqadöttir dünyanı müəyyən problemlərin həllində, o cümlədən ekologiya, təhsil, qadın hüquqları məsələlərində birliyə çağırır və bu dəyərləri gənclər arasında yaymaq üçün əlindən gələni edir. O, həm də çoxdilli təhsilin və çoxdilliliyin tərəfdarıdır və tez-tez bununla bağlı konfranslar təşkil edib, məruzələr söyləyir.
 Xanım Finnboqadöttir həmçinin İslandiya Uşaqlara Yardım Assosiasiyasının əsasını qoydu və ona rəhbərlik etdi. 2003-cü ildən bəri o, Mondialoqo Məktəb yarışmasının beynəlxalq münsiflər heyətinin üzvüdür. Mondialoqo gənclər arasında mübadilə və mədəniyyətlərarası dialoqu təbliğ edən beynəlxalq təşəbbüsdür.
 O, 15 aprel 2010-cu ildə – 80 illik yubileyində laiq olduğu (və ona çox yaraşan) “İslandiyanın fəxri vətəndaşı” adını aldı!
 Həmin günlərdə, Reykyavik Şəhər Şurası da onu özünəməxsus şəkildə təbrik edərək, Finnboqadöttir adına Xarici Dillər Universitetinin qarşısında onun adına meydan salmaq haqqında qərar qəbul etdi.
 O, YUNESKO-nun xoşməramlı səfiri və Madrid Klubunun üzvü kimi özünün bəşəriyyət üçün yararlı fəaliyyətini bu gün də davam etdirir.

 Ünlü xanım aşağıdakı elm-təhsil ocaqlarının “fəxri doktor”u adını daşıyır:

• İslandiya Universiteti, İslandiya (2000);
• Quelf Universiteti, Kanada (1998);
• Nevfoundland Memorial Universiteti, Kanada (1997);
• Halifaks Müqəddəs Mariya Universiteti, Kanada (1996);
• Lids Universiteti, İngiltərə (1996);
• Mayami Universiteti, ABŞ (1993);
• Qakuşuin Universiteti, Yaponiya (1991);
• Gothenburq Universiteti, İsveç (1990);
• Tampere Universiteti, Finlandiya (1990);
• Nottinqham Universiteti, İngiltərə (1990);
• Manitoba Universiteti, Kanada (1989);
• Luter Kolleci, ABŞ (1989);
• Smit Kolleci(Smith College), ABŞ (1988);
• Bordiks Universiteti(University of Bordeaux), Fransa (1987);
• Qrenobl (University of Grenoble) Universiteti, Fransa (1985)
•Trondeim Universiteti, Norveç(1993)                      

 

0 şərh