Sirimavo Bandaraneyk

O, ölkəsinin tarixində ilk QADIN baş nazir olaraq adını dünya tarixinə yazdı! Sirimavo Rattave Dias Bandaranaike
O, çağdaş dünyada  dövlət başçısı olan ilk qadın idi! 
O, üç dəfə ölkəsinin baş naziri olmaqla da yeni bir ilkə imza ataraq, adını dünya tarixinə yazdı! 
O, həmçinin bir baş nazirin (Solomon Bandaraneykin) həyat yoldaşı, bir spikerin (Anura Bandaraneykin) anası, bir prezidentin (Çandrika Kumaratunqanın) anası olmaqla da adını tarixə yazmış bir lider, ictimai-siyasi xadimdir.

Bu qadın Sirimavo Bandaraneykdir. (Sirimavo Rattave Dias Bandaranaike)

1916-cı ilin 17 aprelində Şri-Lankada Radala ailəsində bir qız dünyaya gəldi. Sirimavo adı verilən bu qızcığaz ailənin altı uşağından ən böyüyü idi; onun dörd qardaşı, bir bacısı vardı. Dini-fəlsəfi dünyagörüş etibarı ilə Buddizmə (Budda təliminə) bağlı olan ailədə böyüyən Sirimavo 1940-cı ildə hökumət şurasının üzvü, Solomon Diasın oğlu Solomon Uest Ridqvey Dias Bandaraneyk ilə ailə həyatı qurdu. Əri Solomon Bandaraneykin qətlindən sonra Sirimavo Şri Lanka Azadlıq Partiyasının liderliyini öz əlinə aldı və bunu, nə az, nə çox, düz 40 il  – həyatının sonuna kimi davam etdirdi. O, öncə senator oldu və 1956-cı il seçkilərində partiyasını liderliyə yüksəldi (daha doğrusu, liderliyini rəsmiləşdirdi). 
1960-cı ilin yanvarında Baş nazir olan xanım Bandaraneyk, ölkəni 1977-ci ilə – məğlubiyyətə uğradılana kimi idarə etdi. O, məğlubiyyətə uğradılması azmış kimi, bundan üç il sonra – 1980-ci ildə, “hakimiyyətdən sui-istifadə” ittihamı ilə parlamentdən qovuldu və 7 il hökumətdə vəzifə tutmaq hüququndan məhrum edildi. 

“Əgər yolda yoxuş yoxsa, yol deyil !” 
Siyasi-ideoloji görüş etibarı ilə sadiq sosialist olan Bandaraneyk, hakimiyyətdə olduğu dönəmdə ərinin siyasətini davam etdirdi və iqtisadiyyatın əsas bölmələrini — bank və sığorta sistemini; habelə, katoliklərə məxsus məktəbləri milliləşdirdi (1961-ci ildə). Bandaraneyk 1960-cı ildə ölkədə siyasi durumu nəzərə alaraq fövqəladə vəziyyət elan etdi. Bu, ingilis dilinin dövlət dili səviyyəsindən çıxarılması və yerli Sinhala dilinin (Sinhalaların ana dilinin) dövlət dili elan edilməsinə etiraz edən Tamil qəbiləsinin kütləvi iğtişaşları nəticəsində oldu. Qəbilə bunu yüksək dərəcədə ayrı-seçkilik və Tamilləri siyasi sistemdən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirirdi. Bu olay, rəhbəri xanım olan dövlətin, Tamillər arasında hərbi ritorika ilə rəftarına əsas verdi. 
Daha sonrakı problemlər hökumətin xarici biznes sahələrini, özəlliklə də neft kompaniyalarını milliləşdirməsi ilə yarandı ki, bu da Amerika və Britaniyanın Şri Lanka üzərinə ticarət embarqosu qoyması ilə nəticələndi. Bu “nəticə” öz növbəsində başqa bir “səbəb” doğurdu: xanım rəhbər öz ölkəsini Çin və Sovet İttifaqına yaxınlaşdırmağa başladı. Sirimavo Bandaraneyk 1962-ci ildə katolik zabitlərin başlatdığı hərbi çevriliş cəhdinin qarşısını alındı. 1964-cü ildə o, Lanka Sama Samaja Partiyası ilə tarixi koalisiyaya daxil oldu. Həmin ilin sonunda xanım Bandaraneyk, seçkilərdə məğlubiyyətə uğradı. Bununla belə, o, 6 il sonra – 1970-ci il seçkilərində birləşmiş cəbhə ilə birgə səs çoxluğu qazandı və yenidən hakimiyyətə qayıtdı. 

Konstitusiyanı dəyişdi, vəziyyət dəyişdi... 
O, hakimiyyətinin ikinci dövründə ölkə Konstitusiyasına dəyişikliklər etdi və ölkəsini də Federasiyanın bir hissəsi elan etdi. Seylonun adı “Şri Lanka”ya dəyişdirildi və ölkə respublika elan edildi. Ancaq hakimiyyətdə 16 ay qaldıqdan sonra yenə çevriliş rüzgarları əsməyə başladı. Bu dəfə solçu gənclər meydanda idi. Solçular az qalmışdı onu hakimiyyətdən devirsinlər. Vəziyyətin ciddiliyini görən zərif rəhbər dəmir iradəsini işə saldı və Şri Lanka qoşunları səfərbər edilərək, çevriliş cəhdini önlədilər. Bandaraneykin uğurlu xarici siyasəti nəticəsində onun sadiq dostlarına çevrilmiş qonşuları da köməyə gəldilər. Hindistan və Pakistan Bandaraneyk hökumətinə yardım üçün öz qoşunlarını göndərdilər və bu qoşunlar Kolomboda hava, dəniz limanlarını qorudu. Belə çətin zamanda o, bir görkəmli lider kimi özünü təsdiqlədi. “O, kabinetindəki yeganə kişi idi” – bunu rəsmilərdən biri xanım Bandaraneykin üsyanlar zamanı göstərdiyi qətiyyətli fəaliyyəti şərh edərkən demişdi!
O, üç dəfə — 1960-65, 1970-77 və 1994-2000-ci illərdə Seylon və Şri Lankanın baş naziri olub. 
Xanım Bandaraneyk həmçinin, uzun müddət Şri Lanka Azadlıq Partiyasının lideri olub. 

Yenə dəyişiklik, yenə üsyan... 
1973-cü ildə ölkədəki neft böhranı Şri Lanka iqtisadiyyatını çətin vəziyyətə salmışdı — qərbdən yardım gözləmək mənasız idi, onun sosialist islahatları isə heç bir nəticə vermirdi. Bir əlac qalmışdı: məhdudlaşdırma siyasəti yeridilməli idi. Bu isə təsirsiz ötüşə bilməzdi, təbii. Tənqidlər, fərqli fikirlər populyarlıq qazanmağa başlamışdı: problem çox, rəqib çox… Amma Bandaraneyk də Bandaraneyk idi; o, tənqidə qarşı dözümsüzlük göstərərək, ən qəddar tənqidçilərdən olan “Azad qəzetlər qrupu”nu bağlatdı. Xanım Baş nazir mətbuata qarşı bundan öncə də qeyri-standart addım atmış, ölkənin ən böyük qəzeti olan “Lake House”un redaksiyasını milliləşdirərək, onu hökumətin rəsmi qəzetinə çevirmişdi.

Fəaliyyət üsulu, üsullu faəliyyəti
Şri Lankalılar arasında “Xanım B” kimi tanınan Bandaraneyk emosiyalardan istifadə edərək özünə dəstək qazanmağı bacarırdı. O tez-tez göz yaşları içində ölmüş ərinin siyasətini davam etdirəcəyinə and içirdi. Rəqibləri onu “ağlayan dul” adlandırırdılar. 

...Və tənəzzülü
1976-cı ilə kimi Bandaraneyk xaricdə öz ölkəsindən daha çox hörmət qazanmışdı. Onun həmin ilki ən böyük zəfəri Birləşməmiş Hərəkatın sədri olmaq və ölkədə ilk dəfə olaraq dünya liderlərinin ən böyük konfransını keçirmək idi. Xaricdə müsbət reputasiyası olmasına baxmayaraq, o, artmaqda olan korrupsiya və tənəzzüldə olan iqtisadi vəziyyətə görə öz ölkəsində dəstəyi itirməkdə idi. Demək olar ki, onu xilas edəcək heç nə qalmamışdı. Bu, parlamentdə 75 %-dən çox yer tutan hökumətə seçkilərin müddətini daha iki il ertələməyə, bununla da onun prezidentlik müddətini rəsmi olan 6 ildən 8 ilə uzatmağa imkan verdi. Bu qeyri-demokratik hərəkət, sonrakı illərdə onun sivil hüquqlardan məhrum edilməsinə gətirib çıxardı. 
1977-ci il seçkilərində məğlubiyyətə uğradılan Bandaraneyk, artıq yuxarıda da vurğuladığımız kimi, “hakimiyyətdən sui-istifadə” ittihamı ilə sivil hüquqlardan məhrum edildi. (–O bəlkə də “sui-istifadə” etmirdi – hakimiyyət ona o qədər doğma gəlirdi, sanki hər şey onundur; bəlkə də qəsd etmirdi, sövq-təbii alınırdı hər şey.) 

...Səksəninci illər onun üçün ağır idi, çünki bir zamanlar ona sitayiş edən xalq ondan üz döndərmişdi. Artıq rəhmətlik ərini xatırlatması da işə yaramırdı. Beləliklə, uzunmüddətli iqtidar həyatından, alışqanlığından sonra o, 17 illik müxalifət həyatına da alışmalı olacaqdı. Ancaq onun müxalifətçiliyi də özünəməxsus idi; o, yalnız hökumətə qarşı deyil, hətta öz uşaqlarına qarşı da mübarizə aparırdı. O, hətta qızı Çandrikayla oğlu Anuru qarşı-qarşıya qoymuşdu. 

Ana öz qızına məğlub olur... Chandrika Bandaranaike
Keçmiş Baş nazir 1994-cü il seçkilərində yenə mübarizəyə atıldı: bu dəfə bir başqası ilə deyil, doğmaca qızı ilə…
Təbiri-caizsə, “ilana balası qənim olar” deyiblər, ana siyasətçi, ana müxalifətçi öz balasına məğlub oldu. Çandrika ölkənin Baş naziri, sonrakı seçkilərdə isə prezident oldu. 
Bandaraneyk məğlub olmuşdu, amma heç kəs bilməsə də öz övladı olan qalib siyasətçi yaxşı bilirdi ki, ya onunla işləməlisən, ya da o mövcud olmamalıdır.  Uyğun olan birinci variant idi ki, Çandirika da məhz bu variantı seçdi: Bandaraneyk yenidən Baş nazir oldu. Ancaq bu dəfə yeni Konstitusiyaya görə, Baş nazir prezidentə tabe olmalı idi. Doğrudur, o, ömrünün sonuna qədər Baş nazir kreslosunda əyləşdi, lakin artıq çox az gücə sahib idi: bu Baş nazirlik o Baş nazirlikdən deyildi.
Şri Lanka siyasətinin anası, 2000-ci il oktyabrın 10-da sonuncu dəfə seçkilərdə səs verib evə qayıdarkən, yolda ürək çatışmazlığından vəfat etdi.
Bir sözlə, xanım Bandaraneykin yalnız özü deyil, onun mənsub olduğu ailə də, ölkəsinə, ölkənin keçmişinə və bu gününə təsir etmiş, necə deyərlər, damğasını vurmuşdur. Onun ruhunun, inandığı Budda ilə qovuşub-qovuşmadığını bilmirik, amma bir şeyi dəqiq bilirik ki, istər əleyhinə, istər lehinə, istər az, istər çox, istər nifrət, istərsə də sevgi ilə olsun – bütün hallarda Şri Lanka onu unutmayacaq. Sanki yaxın dövr Şri Lanka tarixi Bandaraneyk(lər), Bandaraneyk(lər)dən öncə və Bandaraneyk(lər)dən sonra kimi təsnifləşib, təsnifləşəcək!

 
 

0 şərh