Coanna Siquradotir

O, İslandiyanın ilk qadın baş naziri kimi adını tarixə yazdı! 
Coanna SiguradotirCoanna Siquradotir (Coanna Siguradotir) 1942-ci ilin oktyabrın 4-də Reykyavikdə (İslandiya) anadan olub. O, İslandiya Kommersiya Kollecində oxuyub. 1960-cı ildə kommersiya diplomunu aldıqdan sonra, öncə İslandiya Hava Yollarında stüardessa, daha sonra isə ofis işçisi kimi çalışıb. 
O, peşəkar həyatının ilk illərində həmkarlar ittifaqında çox fəallıq göstərib və 1976-cı ildən 1983-cü ilə kimi Kommersiya işçiləri Həmkarlar İttifaqı idarə heyətinin üzvü olub. 

“Minn timi mun koma!” 
O, 1978-ci ildə Sosial Demokrat partiyasının üzvü kimi parlamentə üzv seçilib. Parlamentdəki fəaliyyətinin ilk illərində (1979, 1983-84-cü illərdə) parlamentin vitse-spikeri vəzifəsini daşıdı, bu vəzifədə yaddaqalan fəaliyyəti ilə diqqəti cəlb etdi. 
1984-cü ildən 1993-cü ilə kimi o, Sosial Demokrat Partiyasının sədr müavini oldu. 1987-ci ildən 1994-cü ilə kimi dörd fərqli Kabinet dövründə hökumətdə sosial işlər naziri kimi çalışdı. 
Xanım Siquradotir, XX yüzilliyin doxsanıncı illərində mənsub olduğu partiyaya sədrlik mübarizəsində uduzduqda əlini qaldıraraq, “Minn timi mun koma!” (“Mənim vaxtım gələcək!”) demişdi və bu ifadə sonralar İslandiyada çox məşhurlaşmışdı. Bundan sonra o, “Oyanış” hərəkatına başçılıq etmiş və solçu müxalifət partiyasının fəal üzvü olmuşdur. 
Coanna 1994-cü ildən 2003-cü ilə kimi müxtəlif parlament komitələrində fəaliyyət göstərərək, müxalifətin fəal üzvünə çevrildi. 2003-cü il seçkilərindən sonra Azadlıq Partiyası və Sosial Demokrat Partiyasının iştirakı ilə ölkədə “böyük koalisiya” yaradıldı və Coanna yenidən parlamentin vitse-spikeri seçildi. 2007-ci il seçkilərindən sonra isə o, sosial işlər və sosial təhlükəsizlik naziri təyin olundu. O, daha əvvəllər — 1987-1994 və 2007-2009-cu illər arasında İslandiyanın sosial işlər və sosial təhlükəsizlik naziri olmuşdu. Coanna Siquradotir 1978-ci ildən bəri İslandiya Parlamentində (Altinq) səkkiz dəfə Reykyavikdən təmsilçi seçilmişdir. Coanna Siquradotir sosial demokrat və İslandiya Parlamentinin ən “stajlı” üzvüdür!

Böhran düşdü, hökumət “düşdü”, onun reytinqi düşmədi... 
Məlum olduğu kimi, 2008-ci ilin ikinci yarısında İslandiyada beynəlxalq maliyyə böhranının təsiri ilə ağır iqtisadi və maliyyə böhranı yaşandı. Bu da öz növbəsində hökumətin istefası ilə nəticələndi. Ancaq elə həmin il “Capacent Gallup”un keçirdiyi sorğularda o, səslərin 73 % -ni yığaraq ölkənin ən populyar siyasətçisi oldu! 
Reykyavik küçələrində insanlardan onun haqqında soruşsan, ancaq yaxşı sözlər eşidəcəksən. Sadə insanlardan biri, restoranların birində ofisiant işləyən Cenni Haukdotir deyir: “Mən onun haqqında heç vaxt şübhəli şeylər eşitməmişəm. Bu gün hətta müştərilərdən biri mənə üzərində “Mənim zamanım gəldi” sözləri yazılan köynək hədiyyə edib”. 
“O, çox yaxşı qadındır. Ədalətli və çalışqandır. O, bizlərdən biridir” – Bunu isə sahibkar Erna Kaaber deyib. 
2009-cu il yanvarın 26-da baş nazir Geirr Haardenin rəhbərlik etdiyi hökumət çökdü və o, prezidentə istefasını təqdim etdi. Onun istefasından sonra, prezident sosial demokratlar və solçu yaşıllar hərəkatına yeni hökuməti qurmağı və yazda keçiriləcək seçkilərə hazırlaşmağı tapşırdı. Coanna yeni hökumətə baş nazirliyə təqdim olundu. Yeni hökumət fevralın 1-i təyin olundu. Müstəqil rəy sorğularının nəticələrinə görə, Coanna öz partiyasından kənarda kifayət qədər səs toplamışdı. 

2009-cu ilin aprelində seçkilər keçirildi və Coannanın başçılıq etdiyi Sosial Demokratlar və solçu Yaşıllar Hərəkatı Koalisiyası parlamentdə səs çoxluğu qazandı. 10 may 2009-cu ildə Coannanın rəhbərlik etdiyi yeni hökumət elan olundu! 
O, 2009-cu il də İslandiyanın ilk qadın baş naziri seçildi. Onun zamanı gəlmişdi! 
Xanım Baş nazir ölkədə sabitliyi təmin etmiş, dövləti, cəmiyyəti inkişafa səsləyən, daha doğrusu, inkişafa aparan – bunu əməli çalışmaları ilə sübut edən tanınmış siyasi xadim obrazına malikdir. Ölkənin ictimai xadimləri və siyasətçiləri hal-hazırda bu kiçik ada dövlətinin gələcəyini Coannada – bir xanımda görürlər...

Baş nazirlik vəzifəsinin əsas prioritetinin İslandiyanın 2012-ci ilə qədər Avropa Birliyinə daxil olmasıdır. Xanım Baş nazir deyir: “Bizim Avropa Birliyinə güclü inteqrasiyamızı nəzərə alaraq və 90-cı illərin əvvəllərində quzeyli dostlarımızın danışıqlarını əsas götürərək, İslandiyanın qəbulla bağlı danışıqlarının 12-24 ay çəkə biləcəyini deyə bilərəm”. 
Coanna 1970-ci ildə Torvaldur Steinar Johannessonla ailə qurub və iki oğlu dünyaya gəlib. O, həm də bir ögey oğlunu da tərbiyə edir. Coanna boşandıqdan sonra – 2002-ci ildən bəri Junna Leusduttir adlı müəlliflə vətəndaş nikahında yaşayır. 

“Müqəddəs”... 
Coanna İslandiyanın gəlmiş-keçmiş ən sevimli hökumət başçılarından hesab edilir. Buna görə də xalq onu “Sankt-Coanna” (Müqəddəs Coanna) adlandırır. Nazir olduğu müddətdə o, əlillərin və cəmiyyətin aztəminatlı üzvlərinin maraqlarının təmin olunmasında böyük rol oynayıb.

0 şərh