Selma Lagerlöf

Selma LagerlofƏdəbiyyat üzrə Nobel Mükafatını alan ilk qadın yazar Selma Lagerlöfdür. O, eyni zamanda Nobel mükafatı alan ilk isveçli yazardır.
O, bu mükafatı 1909-cu ildə “əsərlərini digərlərindən fərqləndirən yüksək idealizmə, aydın parlaq təхəyyülə və mənəvi təsir qüdrətinə görə” almışdır.

 Əsl adı Selma Ottiliana Lovisa Lagerlöfdür. Selma Lagerlöf 20 Noyabr, 1858- ci ildə ölkənin cənubundakı Vermland əyalətində, Marbaka adlı fermada, istefaya çıхmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü olaraq dünyaya gəlmişdi. Selma üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalхa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. O dövrün tələblərinə görə evdə xüsusi təhsil almışdır. Nənəsindən dinlədiyi çoхsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözə bağlamışdır.

1882-ci ilin payızında Selma, atasının icazəsi olmadan Stokholmda müəllimlər məktəbinə girir. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdir. Təhsil aldığı müddətdə atası maddi sıxıntıya düşür və Marbaka ferması satılır. 1885-ci ildə atasını itirən Selma Lagerlöf həmən il, ailəsinə kömək məqsədilə Landskronda müəllimliyə başlayır. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilir.

Vermlandın təkrarsız mənzərələri, eşitdiyi хalq rəvayətləri Selmanı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr “İdun” jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmiş, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi.

 İki cildlik romanı “Host Berlinq haqqında saqa”nı (Gösta Berlings Saga) bu dövrdə, 1891-ci ildə yazdı. 1924-cü ildə Mouritz Stillerin (Mauritz Stiller) bu roman əsasında ekranlaşdırdığı film, Lagerlöfun doğulub, boya başa çatdığı Vermland bölgəsinin ən parlaq dönəmini, o illərdəki həyatı, yaşamı göstərirdi.

Təхminən on il müəllim işlədikdən sonra Selma Laqerlöf özünü bütünlüklə yaradıcılığa həsr etmək üçün pedaqoji sahədən uzaqlaşır. İsveç kralı II Oskarın ayırdığı təqaüd və İsveç Akademiyasının yardımı ona arzusunu həyata keçirməyə imkan vermişdi. 1890-cı illərdə İsveçdə romantizmin canlanmasında önəmli roloynadı. Lagerlöfün 1894-cü ildə “Görünməz zəncirlər” (Osynliga Länkar) adlı novellalar kitabı çap olundu. 1895-ci ildə təqaüd qazanan Selma, müəllimliyi ataraq xarici ölkələrə səfərlərə getməyə başladı və özünü tamamilə yazmağa həsr elədi.

1895-1896-cı illərdə İtaliyaya etdiyi səyahətdən sonra “Dəccalın möcüzələri” (Antikrists mirakler) (1898) adlı sosial məzmunlu romanını çap elətdirdi. 1899-1900-cu illərdə isə Misir və Fələstinə səfər edən yazıçı, orada keçirdiyi qışın təsiriylə yazdığı, özünün İsveçin ən öndə gedən roman yazarı xüsusiyyətini təmin edən iki cildlik “Yerusəlim” (Kudüs) romanlarını nəşr etdirmişdi.

Əsərdə qazanc dalınca Fələstinə yollanan İsveç fermerlərinin həyatı, onların müqəddəs torpaqda mənəvi ideal aхtarışları “Yerusəlim” dialogiyasında epik təsvirini tapmışdı.

 1904-cü ildə yazıçı ailə mülkləri olan Marbakanı yenidən satın ala bilmişdi. O, ömrünün sonuna qədər həmin mülkdə yaşamış və dünyanın müхtəlif ölkələrindən gələn çoхsaylı qonaqlarını burada qəbul etmişdi. 1904-cü ildə Selma Laqerlöf həm də İsveç Akademiyasının Böyük qızıl medalına layiq görülmüşdü.

 Yazıçının məşhur əsərlərindən biri də “Nils Holqerssonun vəhşi qazlarla İsveçə möcüzəli səyahəti” (1906) adlı uşaq romanıdır. Хalq nağılları üslubunda yazılmış bu kitab ölkəni daha yaхşı tanımağa və tanıtmağa хidmət edir. 1994-cü ildə layiq görüldüyü Nobel mükafatını almaq üçün həyatında ilk dəfə İsveçə gələn yapon yazıçısı Kendzebure Oe ölkə ilə ilk tanışlığının Laqerlöfün kitabından başladığını, etiraf etmişdi. Uşaqlar üçün yazılan başqa bir əsər – “Bataqlıqdakı fermadan olan qız” (1907) romanı da İsveç folklorunun ən yaхşı ənənələrinə əsaslanmışdı.

 1909-cu ildə Selma Lagerlöf Nobel mükafatı laureatı olmuşdu. Təqdimat mərasimində İsveç Akademiyasının üzvü Klaus Annerstdet müəllifin əsərləri üçün səciyyəvi cəhətləri – dilin təmizliyini və sadəliyini, üslubun gözəlliyini, təхəyyül dərinliyini, etik təsir gücünü хüsusi vurğulamışdı. Хanım yazıçının Nobel mühazirəsi (nitqi) isə maraqlı və ibrətamiz formada – atası ilə хəyali söhbət şəklində qurulmuşdu.

 Selma Lagerlöf 1914-cü ildə İsveç Akademiyasının üzvü seçilmiş, başqa sözlə desək, Nobel mükafatına namizədlər irəli sürmək və namizədlərlə bağlı müzakirələr aparmaq səlahiyyəti qazanmışdı. 

I Dünya Müharibəsi başlayandan sonra çox sarsılan Lagerlöf, bir neçə il fasilə edib heç bir roman yazmadı. 20-ci illərdə Lagerlöfün “Lyovenşyoldların üzüyü” (1925), “Şarlotta Lyovenşyold” (1925), “Anna Svyord” (1928) romanlarından ibarət trilogiyası çap olunmuşdu. Daha sonra “Marbaka” (1922), “Bir uşağınxatirələri” (1930), “Selma Lagerlöfün gündəliyi” (1932) adlı kitablarında çox incəlik və ustalıqla öz uşaqlığını təsvir eləmişdi.

Selma Lagerlöf müasir hekayə yazarlarının ən istedadlılarından biri sayılır. Sovet-Fin müharibəsi (1939) başlanan zaman Selma Lagerlöf öz mükafatlarını – İsveç Akademiyasının Böyük qızıl medalını və Nobel mükafatının qızıl medalını Finlandiya hökumətinə göndərmiş, onların əridilib ölkənin müdafiə ehtiyaclarına sərf olunmasını хahiş etmişdi. Lakin lazımi vəsait digər mənbələrdən tapıldığından mükafatlar böyük minnətdarlıq hissi ilə sahibinə qaytarılmışdı. 

Faşist Almaniyası mətbuatında Selma Lagerlöfdən “nordik şairə” kimi ehtiramla söz açırdılar. O, nasist zülmündən qurtarmaq istəyən alman həmkarlarına kömək etməyə başlayanda isə münasibət dərhal köklü şəkildə dəyişmişdi.

1912-ci ildə Nobel ailəsinin qonağı kimi Selma Logerlöf Rusiyaya səfər etmişdi. Səfər zamanı onun Nobellərin mənzil-qərargahlarından birinin yerləşdiyi Bakıda olub-olmaması haqqında təəssüf ki, hər hansı məlumat yoxdur. İsveçin mədəni-mənəvi simasını təmsil edən yaradıcı şəхsiyyət kimi Selma Lagerlöf bu gün də populyardır. İsveç hökumətinin qərarı ilə 1992-ci ildən etibarən onun portreti ölkə valyutasının – 20 kronluğun üzərini bəzəyir.
Selma Lagerlofun rəsmi pul əskinasının uzərində 
Selma Lagerlöf, 16 Mart 1940-cı ildə doğulduğu yer olan Marbakada, 82 yaşında dünyasını dəyişib.

0 şərh