Azərbaycanın ilk qadın hərbi təyyarəçisi

ilk qadın hərbi təyyarəciO yaş dövründəki qızlar sevir, ailə qurur, uşaq dünyaya gətirir, onları böyüdürlər, Züleyxa xanım müharibəyə getdi. Geri qayıdanda partiya işinə cəlb olundu. İki-üç il sonra nazir seçildi. Nazir necə oğlanla gəzərdi? Kim bu qıza gül bağışlaya, görüşə dəvət edə bilərdi?

…Yay idi. Yenə Şüvəlanda bağ evindəydilər. Mina xanım mətbəxdə nahara hazırlıq görürdü. Başı qarışıq olsa da, bir gözü həyətdəydi. Uşaqları oynayırdılar. Böyük qızı Sima xanım, oğlanları Kamal, Tələt və Xəlil… Bəs Züleyxa xanım hanı? Mina xanım əlini işdən çəkib özünü həyətə atdı. Yox, onun dəcəl qızı da buradaydı. Ürəyindən keçdi: “Nə əcəb…”. Kiçik qızı ipə-sapa yatmaz uşaq idi. Hər gün bir oyun çıxarırdı. Bir də görürdün yoxa çıxdı. Mina xanım qızını yerdə tapmayanda ağacın ən uca budaqlarında axtarırdı. Onu güc-bəla ilə aşağı düşürür, üz-gözündə, qollarında, ayaqlarında təzə yara yerlərini görəndə ah çəkirdi: “Bircə bu qız böyüsəydi…”.

Mina xanım qızına fərəhlə baxıb mətbəxə qayıtdı. İş görə-görə də onun barəsində düşündü. Züleyxa xanım onun ikinci övladıydı. İlki Simaydı. Mina xanım ondan on dörd, Züleyxa xanımdan isə on beş yaş böyük idi. Gəlin gələndə Mina xanımın on bir yaşı var idi. Onu ata babası Mir Əhməd ağanın əmisi oğlu Mir Həbib ağaya ərə vermişdilər. Mir Həbib ağa təhsilliydi. Həm dini savad almış, həm də realnı məktəbdə oxumuşdu. Mühasibliyi öyrənmişdi. Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. Onun pullarının necə xərcləndiyini qəpiyinədək hesablayır, hər ayın sonunda Tağıyevə məlumat verirdi. Mir Həbib ağanın bu qədər etibar qazanması təsadüf deyildi. O, ömründə haram tikəyə əl uzatmazdı.
Sovet hökuməti qurulandan sonra Mir Həbib ağanın işləri müşkülə düşdü. Uzun müddət işsiz qaldı. İlk vaxtlar yeni hökumət onun nə Tatarski (indiki Əlimərdan bəy Topçubaşov küçəsi — red.) küçəsindəki ikimərtəbəli evini, nə də 1915-ci ildə Şüvəlanda tikdirdiyi bağ evini əlindən aldı. O da, ailəsi də bu bağı çox sevirdilər. Ən çox da od parçası Züleyxa xanım… Çünki burada genişliyə çıxırdı. Arabir evlərinin üstündən uçan təyyarələri görəndə çiçəyi çırtlayırdı. Qollarını təyyarə qanadları kimi açıb həyətdə dövrə vurur, sanki quş kimi süzürdü.

Dəcəlliyindən, inadkarlığından nə qədər dilxor olsalar da, ata-anası ona güvənirdi. Züleyxa xanım oxuduğu 16 saylı məktəbdə dərs əlaçısıydı. Valideynləri onun ali təhsil alıb neft mühəndis olmasını istəyirdilər. O da buna razı idi. Ancaq günlərin birində…

İlk dəfə təyyarə meydanında
Zuleyxa SeyidməmmədovaGünəşli bir aprel günü idi. Fizika müəllimləri Cümşüd Əfəndiyev yeddinci sinif şagirdlərini Bakı təyyarə meydanına ekskursiyaya ararırdı. Həmişə mavi göylərdə aradığı təyyarələri o gün Züleyxa xanım ilk dəfə yaxından gördü. Onlara məftun oldu. Bu təyyarələrin, əslində, öz dövrünü başa vurmuş “K-5” tipli köhnə monoplanlar olduğunu sonralar biləcək ilk təəssüratlarına gülümsəyəcəkdi. Ancaq bu da o gün keçirtdiyi vurğunluq hissini azalda bilməyəcəkdi…

O gün evə təzə arzuyla döndü. “Təyyarəçi olmaq istəyirəm!”, — dedi. Anası qorxu içində ona baxa-baxa pıçıldadı: “Elə bircə bu çatışmırdı”. Qızının tərsliyinə bələd idi Mina xanım. Amma bu istəyini onun uşaqlıq təəssüratına yozdu. Düşündü ki, vaxt keçər, yaddan çıxarar.

Mina xanım yanıldığını aylar sonra anladı. Təyyarəçi olmaq sevdası qızının başından çıxmamışdı. Öyüd verdi: “Qız hara, təyyarə sürmək hara? Bunu xəyalına da gətirmə!”. Züleyxa xanım daha dillənmədi. Qızının qəlbindən keçənlərdən xəbərsiz olan Mina xanım arxayınlaşdı.

Züleyxa xanım orta məktəbi bitirdi. Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası — red.) mədən fakültəsinə daxil oldu. Tələbəlik həyatının maraqlı günləri, dərs-imtahan qayğıları təyyarəçilik arzusundan önə keçdi…

Bir tale düşmüşdü izinə. Züleyxa xanımı bir payız günü yenidən təyyarə meydanına aparan da o idi. Bu dəfə ekskursiyaya tələbə yoldaşları ilə getmişdi. Tanış hisslər çuğladı qəlbini. O gün yoldaşları kimi onu da “U-2” təyyarəsində göylərə qaldırdılar. Doğma Abşerona, mavi Xəzərə ilk dəfə səmadan baxdı. Səhəri gün institutda tələbələr tələbə aeroklubu yaratmaq fikrinə düşdülər. Kluba təyyarə almaq üçün pul toplamağa başladılar. Onlara kömək edənlər də tapıldı. Təyyarə alındı. Bircə “U-2” təyyarəsi neçə tələbənin sevincinə döndü. Tələbə aeroklubu az vaxtda bütün ölkədə məşhur oldu. 1934-cü ilin baharında Bakı aviasiya klubuna Zabrat qəsəbəsinin yaxınlığında meydança verildi. Ərazini daşdan, kol-kosdan təmizlədilər, tələbə təyyarə düşərgəsi yaratdılar. Züleyxa xanım da tələbə dostları kimi təlimatçının tapşırıqlarına səylə əməl edirdi. Çox çəkmədi ki, təyyarəni ilk dəfə idarə etməyin həyəcanını yaşadı. Uzun yoxlamalardan, sınaqlardan sonra, 1934-cü ilin oktyabrında ona təyyarədə təkbaşına uçmağa icazə verildi. Günlər sonra uçuş qrupunu əla qiymətlərlə bitirib, təyyarəçi adını aldı. Paraşütçülər qrupunda məşğul oldu. 1935-ci ilin mayında paraşütlə tullanmağı sınaqdan keçirtdi. Bir dəfə paraşütdən atılanda külək onu aparıb dənizə tulladı. Yerdən bu mənzərəni seyr edənlər həyəcanlandılar. Katerin gecikməsi faciəyə səbəb olar, suda islanıb ağırlaşan geyimi, paraşütü onu dənizin dibinə apara bilərdi. Amma kater ləngimədi. Onu xilas edərək sahilə gətirdilər. Tamaşaya yığışanlar heyrətləndilər. Paraşütçü çox gənc, cılız, qarayanız bir qızıydı. Ancaq bilmədilər ki, bu, təyyarəçilik sənətində onun növbəti sınağıdır. 

1935-ci ildə Moskvada paraşütçülərin birinci ümumittifaq toplanışında Zaqafqaziyanı təmsil edən komandanın yeganə qız üzvü oldu. Fəxri fərman və paraşüt təlimatçısı adı alıb Bakıya döndü. Aeroklubda ona təlimatçı kimi xüsusi qrup verildi. İlk öyrəncilərindən biri keçmiş müəllimi Cümşüd Əfəndiyev oldu.

İnstitutu bitirəndə yeddi yüz saatadək uçuş keçirmiş, təlimatçı kimi üç il ərzində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı. Təyyarəçilik sənətində daha peşəkar olmaq istəyi ilə Jukovski adına Hərbi-Hava Akademiyasına məktub göndərdi. Tezliklə oradan cavab göndərdilər: “Qadınlar şturman fakültəsinə qəbul olunmur”. Kədərləndi. Amma belə asanlıqla ruhdan düşmək ona yad idi. Atasının məsləhəti ilə Mircəfər Bağırovun qəbuluna getdi. Onda birinci katib onu tanıdı. Soruşdu: “Paraşütdən tullananda külək aparıb dənizə atmışdı. Sən həmin o qızsan?”.

Hərbi-Hava Akademiyasına daxil olması üçün bu dəfə Mərkəzi Komitənin adından göndərilən məktuba razılıq gəldi. Moskvaya getdi. 1938-ci ilin yayında imtahan verdi. Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız Züleyxa Seyidməmmədova oldu. Ölkənin ən nüfuzlu qəzetləri azərbaycanlı qızın hünərindən yazdılar.

Məktəbin əlaçı tələbələrindən oldu. Dərslərə, təlimlərə başı qarışdı. Günlərin birində fakültə komandiri (onlar dekana belə müraciət edirdilər) onu yanına çağırdı. Xəbər aldı:

— Seyidməmmədova, atan haradadır?
— Evdə.
— Biz məlumat almışıq ki, o, xalq düşməni kimi həbs olunub.
Elə bil, başına qaynar su tökdülər. Bakıda nə baş verib? Fakültə komandiri ona ikinci ağır xəbəri verdi:
— Bakıya sorğu göndərmişik. Əgər təsdiq olunsa, sən burada oxuya bilməzsən. Bura ciddi hərbi akademiyadır. Xəbərin olsun.

Otaqdan çıxdı. Bəzi mətləbləri yadına saldı… Atasını kulak, ya da milyonçu Tağıyevin yaxın adamı kimi həbs edə bilərdilər. Üstəlik, o, sovet hökumətini sevmirdi. Deyirdi: “Mən La-İlahə-İllallah demişəm. Müsəlmanam. Kommunistin biletində isə yazılıb: kommunist allahsızdır. Mən kommunist partiyasına daxil ola bilmərəm”. Onu da deyirdi ki, bu allahsız hökumət çox duruş gətirməyəcək, hay-hayla gəlib, vay-vayla gedəcək. Onun dedikləri “yuxarılara” çatdırılırdı… Mir Həbib ağa həbs olundu, Şüvəlandakı evi müsadirə edildi. Bu məlumatı kimsə dərhal Moskvaya çatdırdı. Züleyxa xanımın Hərbi-Hava Akademiyasından qovulması, görəsən, kimə lazım olmuşdu?

Nə edəcəyini fikirləşə-fikirləşə küçələri dolaşırdı. Birdən elə bil yatmışdı, ayıldı: “Bakıdan cavab verməlidirlər ki, bu məlumat doğru deyil!”. Şəhər baş poçt idarəsinə getdi. Üstüörtülü teleqram vurdu: “Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Bağırova! Xalq düşmənləri mənim atamın saf adını ləkələmək istəyirlər. Təhsil aldığım Hərbi-Hava Akademiyasına yanlış məlumatlar veriblər. Mən respublikanın göndərişi ilə burada oxuyuram. Tələbələr arasında yeganə qızam. Bakıdan məlumat alandan sonra, mənim burada oxuyub-oxumamaq məsələmə baxacaqlar. Xahiş edirəm, haqqı, ədaləti qoruyun ki, yanlış məlumat gəlməsin”.

Zuleyxa Seyidməmmədova...Bakıda teleqramı oxuyan Bağırovun baxışları sonuncu cümlədə ilişib-qalmışdı: “Xahiş edirəm, haqqı, ədaləti qoruyun”. Köməkçisindən soruşdu:
— Bu Moskvaya oxumağa göndərdiyimiz qızdır? Nə olub?
— Atası...
— Atası hardadır?
— Bayıl həbsxanasında.
— Neyləyib?
— Sovet hökuməti barədə artıq-əskik danışıb, kulakdı, Tağıyevin mühasibi olub…

— Bu qız oxumağa Mərkəzi Komitənin məktubu ilə gedib. Bu məsələ respublikanın adına xələl gətirər. Deyərlər, xalq düşməninin qızını Moskvaya oxumağa göndərmişik. O Seyidməmmədovun həbsi barədə məlumatları bütün dəftərlərdən silin. Yazın, bu bir neçə ayı məzuniyyətdə, ya ezamiyyətdə olub. Özünün də dilindən iltizam alın, heç yerdə bu haqda danışmasın. 

Bağırovun tapşırığı yerinə yetirildi. Mir Həbib ağanı kameradan çıxardıb kabinetə gətirdilər. Bərk-bərk tapşırdılar: “Burada olduğunu bir yerdə danışsan, özündən küs”. Heç nə anlamayan Mir Həbib ağanı evinə yolladılar. Moskvaya məlumat göndərildi: “Yalandır, Mir Həbib Seyidməmmədov evindədir. Hər şey qaydasındadır”.

Züleyxa xanım təhsilini davam etdirdi. Məktəbi bitirmələrinə beş ay qalanda nədənsə rəhbərlik vaxtı tezləşdirdi. Onlar bir aya təhsillərini başa vurdular. Züleyxa xanım diplomunu yenicə almışdı ki, qardaşı Kamal Bakıdan gəldi. Vağzala gedib onu qarşıladı. Yolboyu Bakıdan danışdılar. Anası fəhlə məktəbinin ardınca Tibb İnstitutunda oxuyub həkim olmuşdu. Atası pionerlər evində mühasib işləyirdi. Züleyxa xanım aldığı xəbərlərdən sevinirdi. Birdən diqqətini küçədə toplaşan adamlar cəlb etdi. Radiodan yayılan xəbəri dinləyirdilər. Müharibə başlamışdı...

O, Hərbi-Hava Akademiyasında oxuyanda nə zamansa döyüşçü olacağını düşünməmişdi. Ancaq müharibə gedirdisə, tərəddüdə yer yox idi. Döyüşlərdə iştirak etməliydi. Akademiyada təlim təyyarə polkunda qırıcı təyyarənin şturmanı təyin olundu. Polk Moskvanın müdafiəsinə göndərildi.
Bir gün akademiyanın müdavimlərindən biri Züleyxa xanıma xəbər verdi: “Sovet İttifaqı Qəhrəmanı Raskova sizi çağır”. Vestibülə qaçdı. Hərbigeyimli Raskova ona tərəf gəlirdi. Qəzetlərdə şəkillərini gördüyü qəhrəmanla köhnə dostlar kimi görüşdülər. Raskova dedi: “Mənə tapşırıq veriblər ki, üç qadın təyyarə polku təşkil edim. Bombardmançı, qırıcı və yəqin ki, gecə uçuşları üçün “PO — 2” polku”. Raskova qabaqca təcrübəli təyyarəçilərdən möhkəm özək yaratmaq fikrindəydi, bir yerdə işləmək üçün Züleyxa xanımın razılığını istəyirdi. Dərhal razılaşdı.

Qadın hərbi təyyarə polklarını yaratmaq! Bu, müharibə tarixində görünməmiş iş idi. Onlar təsəvvürləri alt-üst edəcəkdilər. Sübut edəcəkdilər ki, havada döyüşmək yalnız kişilərin işi deyil. Tezliklə komsomol göndərişi ilə komsomolçu, Moskvanın zavodlarından gənc fəhlə, universitet, aviasiya və pedaqoji institutlardan tələbə qızlar gəlməyə başladılar. Züleyxa xanımın tərkibində olduğu uçuş, texniki və siyasi heyətlərdən ibarət qrup isti geyimlərlə təmin olundu. Onları qatarla şərq tərəfə yola saldılar. Volqa çayının sol sahilində yerləşən Engels şəhərində vaqondan endilər. Onları qalmaq üçün yerlə, şinel, uzunboğaz çəkmə ilə təmin etdilər. Raskovanın göstərişi ilə döyüşçü qızların saçları oğlansayağı vurduruldu.

Əsl döyüşçü görkəmi aldılar. Qırıcı, sürətli gündüz bombardmançıları və yüngül gecə bombardmançılardan ibarət üç polk yaradıldı. Qırıcı polkun komandiri Tamara Kazarinova, onun müavini və polkun şturmanı Züleyxa Seyidməmmədova oldu. Qarlı-çovğunlu günlərdə təlim uçuşlarına başladılar. Havanın soyuğundan onları əyinlərindəki isti geyimlər də qoruya bilmirdi. Ancaq qızlar dəyanət göstərir, ağlayıb-sızlamırdılar. 1942-ci ilin qışı, yazı gecə-gündüz ciddi hərbi təlimlər keçdi. Qızlar döyüşə hazırlaşırdılar…

Nəhayət, hərbi xidmətə başlamaq zamanı gəldi. Saratovu düşmən aviasiyasının hücumundan qorumalı idilər. Eyni zamanda, hərbi və sanitar qatarlarının keşiyini çəkir, cəbhə xəttində və ölkə daxilində xüsusi əhəmiyyətli təyyarələri müşayiət edirdilər. Düşmən qırıcı təyyarələri gündüzlər kəşfiyyata çıxır, gecələr döyüşürdü. Alayın qızları düşmənin hücumlarını dəf edirdilər. Döyüşlər bir-birini əvəz edirdi…
Bir dəfə dörd qırıcı təyyarə xüsusi əhəmiyyətli təyyarəni qarşılayıb Stalininqradadək müşayiət etməliydilər. Qəflətən alman təyyarəsinin yaxınlaşdığını gördülər. Şturman kimi Züleyxa xanımın xüsusi təyyarədən ayrılmağa ixtiyarı yox idi. Qırıcı təyyarələrdən ikisini göndərdi. Təhlükənin qarşısı alındı. Düşmən təyyarəsi uzaqlaşdırıldı. Sonralar bildilər ki, təyyarədəki almanlar tərəfindən dağıdılmış Stalininqrad şəhərinə baxmağa gedən baş katib Stalin və digər yüksək rübtəli şəxslər imişlər. Alman təyyarəsinin hücumu isə təsadüfi deyildi. Əgər almanlar təyyarədə Stalinin olduğunu bilsəydilər, hücumu intensivləşdirərdilər.

Zülyexa xanımın tərkibində olduğu qadın qırıcı təyyarə polkunun Volqa sahillərindən başlayan döyüş yolu Ukraynayadək uzandı. O, beş yüzdən artıq döyüşdə iştirak etdi. Cəbhə yollarında çox dəhşətlər gördü. Yaxın dostlarından, rəfiqələrindən neçəsi gözlərinin önündə həlak oldu.

Müharibədən Azərbaycana qəhrəman aviasiya kapitanı kimi döndü. Qardaşları da ondan sonra döyüşə getmişdilər. Yaralansalar da, salamat qayıtmışdılar. Müharibə veteranı kimi evlə təmin olundular. İkimərtəbəli ata mülkünü dövlətə təhvil verdilər. Ata-anası qızları Züleyxa xanımın evinə daşındılar. Ancaq hələ də Şüvəlandakı evinin xiffətini çəkirdi Mir Həbib ağa.

...Züleyxa xanım Azərbaycan SSR-in təminat naziri olanda ona dövlət bağlarının siyahısını təqdim etdilər. Onu atasına verdi. Mir Həbib ağa siyahını gözdən keçirə-keçirə müsadirə olunan bağ evlərinin kimlərə məxsus olduğunu sadaladı. Sonra onu qızına qaytardı: “Mənim evim burada yoxdur. Xalqın evi mənə lazım deyil”. Bir müddət sonra ikinci siyahı verildi. Oradakı ünvanlardan biri Züleyxa xanıma tanış gəldi. Atasına göstərdi: “Deyəsən, bu bizim bağdır, get bax”. Mir Həbib ağa getdi… Qapısından içəri girəndə əyilib torpağı öpdü. Ağladı. Sanki Züleyxa xanım atasına yenidən bir dünya bağışlamışdı.


Güclü, qorxmaz insan…
...Mərkəzi Komitənin növbəti bürosunda onların partiyada qalıb-qalmamaları müzakirəyə çıxarıldı. Kimsə anonim məktub yazmışdı: Seyidməmmədovlarla Mirqasımovlar partiyanı aldadıblar, qohumlarının xaricdə yaşadığını gizlədiblər, əslində...
Əslində, məsələ belə idi: Mina xanımla Mir Əsədulla Mirqasımovun qardaşı Abidin Tağıyevin maliyyə yardımıyla xaricə oxumağa gedən tələbələrdən idi. İnqilabdan sonra pul göndərilmədiyindən onlar çətinliklərlə üzləşmişdilər. Abidin geri dönməmiş, Parisdə vəfat etmişdi. Seyidməmmədovlarla Mirqasımovların yüksək vəzifələrdə işləməsini gözü götürməyənlər bu məsələni qabardaraq onları ləkələmək istəyirdilər.

Müzakirələrdən əsəbiləşən Züleyxa xanım ayağa qalxdı. Birinci katib İmam Mustafayevə dedi: “Birincisi, dayım Parisdə yaşamır, vəfat edib. İkincisi, ümumiyyətlə, bu məsələni burada müzakirə etməyiniz mənim xoşum gəlmir. Siz nəyi müzakirə edirsiniz? 1941-ci ildə mən ərizə yazmışdım ki, istəyirəm, döyüşə partiyaçı kimi gedim. Kommunist Partiyasına o zaman daxil oldum. İndi siz mənim partiyada olub-olmamağımı fikirləşirsiniz? Partiya biletini mənə siz vermisiniz ki alasınız? Mən sizin Mərkəzi Komitənin bürosunda heç iştirak etmək istəmirəm”. Salondan çıxdı. Kabinetinə girəndən on dəqiqə sonra Moskvadan ona zəng gəldi. Baş verənlər barədə artıq Moskvaya zəng vurub məlumat vermişdilər. Züleyxa xanım qəhrəman idi. Elə buna görə də onu mühakimə etmədilər.

Sonuncu uçuş
...Təyyarəyə qalxdı. Başqa sərnişinlər kimi yerini tapıb əyləşdi. Stüardessanın səsi eşidildi. “Kəmərlərinizi bağlayın” əvəzinə dedi: “Züleyxa Seyidməmmədova pilotun kabinəsinə dəvət olunur”. Təəccübləndi. Kabinəyə keçib pilot yerində Nuru Əliyevi görəndə məsələni anladı. Aeroportun rəhbəri Nuru Əliyev, aviasiyanın qanunlarına görə, ildə bir neçə uçuş keçirməliydi. Köhnə tanışlar görüşdülər. Nuru ondan soruşdu:

— Züleyxa, sən “TU” təyyarəsi sürmüsən?
— Yox.
— Otur.
— Nuru, bir dəqiqə dayan. İyirmi il keçib… Bu köhnə təyyarə deyil axı.
— Yox, idarəetməni verirəm sənə.
— Hələ bir dəqiqə dayan, başa sal, bunlar nədir?

Nuru Əliyev idarəetməni işə salıb Züleyxa xanıma verdi. Tər basdı onu. Neçə ildən sonra sevimli təyyarə ilə yenidən görüşürdü. “TU” göylərdə süzürdü. Sərnişinlər pilot kabinəsində baş verənlərdən xəbərsiz yol gedirdilər. Enişə az qalanda Züleyxa xanım yerini Nuru Əliyevə verdi: “Özün endir”, — dedi. 

Qəhrəman və həyat
Azdanışan adam idi. Müharibədən danışmağı isə heç sevmirdi. Xəsis deyildi. Ancaq israfçılığı xoşlamırdı. Deyirdi: “Gecə-gündüz döyüşə girmək insanın psixikasına təsir göstərir. Ona görə hər uçuşdan sonra bizə 150-200 qram spirt verirdilər ki, içək, bir az sakitləşək. Qadın xeylağı, həm də seyid. Mən spirt içəcəkdim? Onları yığırdım. Kişi aviasiyasına deyirdim spirti sabunla dəyişək. Cəbhədən bir çamadan sabunla qayıtdım”.

Müharibə, deyirlər, ən cəsur kişiləri də dəyişir, sərtləşirlər. Züleyxa xanımdan müharibə nəyi almışdı? Hirslənsəydi, qarşısında dayanmaq olmazdı. Ancaq o sərt görkəmli insanın sinəsində incə bir ürək döyünürdü...

O, hərbi akademiyanı seçəndə anası ağlayırdı. Deyirdi: “Qızlar ərə gedir, ev-eşik yiyəsi olurlar. Sənin nə işin var göylərdə?”. Ona cavab verirdi: “Mən bu idman növünü sevirəm”. Onda atasının mövqeyi axırıncı nöqtəni qoydu: “Bəd gətirmə. İstəyir, mən qızıma icazə verirəm”. O yaş dövründəki qızlar sevir, ailə qurur, uşaq dünyaya gətirir, onları böyüdürlər, Züleyxa xanım müharibəyə getdi. Geri qayıdanda partiya işinə cəlb olundu. İki-üç il sonra nazir seçildi. Nazir necə oğlanla gəzərdi? Kim bu qıza gül bağışlaya, görüşə dəvət edə bilərdi? Ona görə şəxsi həyatı alınmadı. Özü sevmirdi bu barədə danışmağı. Jurnalistlər sual verəndə gülür, “Bu mövzulara toxunmayın, lazım deyil”, -deyirdi. O, gec ailə qurmuşdu. Uşaqları olmamışdı. Bu da tale idi. Uşaq dünyaya gətirmək səadətini ondan əsirgəyən qədər analıq xoşbəxtliyini əlindən almamışdı. Qardaşı Kamalın həyat yoldaşı vəfat edib, körpə qızı Gülarə anasız qalanda onu himayəsinə götürdü. 1959-cu ildə Züleyxa xanımın kiçik qardaşı Xəlil otuz doqquz yaşında dünyasını dəyişdi. Ondan iki il qabaq da Sima xanım cavan yaşında vəfat etmişdi. Xəlilin iki övladı iyirmidoqquzyaşlı həyat yoldaşının ümidinə qalmışdı. Züleyxa xanım bu dəfə də “Xəlilin yadigarıdır”, — deyib, qardaşının altıaylıq oğluna analıq etmək qərarına gəldi. Uşağı evə gətirəndə Gülarəni gəlin köçürtmüşdü. Sonra onun ilkini — Cəmili də “nəvəmdir”, deyib evinə gətirdi. Qardaşı oğlu ilə birlikdə böyütdü, oxutdu, evləndirdi.

O, iyirmi il nazir işlədi. Nazir olanda gözləri tutulmağa başladı. İşdən azad olunmaq barədə ərizəsinə birinci katib Heydər Əliyev əvvəl qol çəkmədi. İkinci dəfə ona dedi ki, görmürəm, xəbərim olmaz, elə sənədə qol çəkərəm… Heydər Əliyev onda demişdi ki, Züleyxa xanım, evdə oturmaqdan heç nə çıxmaz, siz bizə lazımsınız. Onu Dostluq Cəmiyyətinə müavin təyin etdilər. Heydər Əliyev müdrikliyi sayəsində Züleyxa xanım evə qapanmaqdan qurtuldu. Gözləri artıq heç görmürdü. Ancaq işə həvəslə gedirdi. Cəmiyyətə lazım olduğunu düşünmək onu canlandırırdı. Bütün problemlərə dözürdü. Ömründə şikayət etməzdi. Yenə etmirdi…

Züleyxa xanımın oğlu
Bu danışdıqlarım mənim anam Züleyxa xanım haqqındaydı… Gülarənin də, mənim də təkcə sənədlərdə anamız olmayıb o. Hər cəfamıza dözüb. Etibarlı adam idi. Sirlərini çəkinmədən ona deyə bilərdin. Düz yol göstərərdi. Ciddi, səliqəliydi. Mənə deyirdi, arxivimi qoru, bir gün sənə müraciət olunacaq. Bir də mənə vəsiyyət etdi: “Mən öləcəyəm. Komissiya təşkil edəcəklər. Deyəcəklər ki, məni Fəxri Xiyabanda basdırsınlar. Qoymazsan. Məni Şüvəlanda ata-anamın yanında dəfn edərsiniz”. Mir Mövsüm ağa və bizim başqa qohumlarımız orada dəfn olunublar. 1999-cu ildə anam dünyasını dəyişdi. Vəsiyyətinə əməl etdim…

Nə demişdisə, hamısı yerini tapır. Arxivi ilə maraqlanırlar, xatirəsini əziz tuturlar. Azərbaycan Dövlət Aviasiya Akademiyası böyük işlər görür. Bu yaxınlarda Züleyxa Seyidməmmədovanın 90 illiyini təntənə ilə qeyd etdilər. 

...Sağlığında anamın ordenləri və başqa əşyaları Tarix Muzeyində daim nümayiş olunan eksponatların arasında idi. 9 May Qələbə günündə müəllimlərimiz bizi muzeyə aparırdılar. Mən haqqında fəxrlə danışılan o qəhrəmanın oğlu idim. Bu gün də məndən soruşsalar, “Qəhrəmanlar həyatda necə olurlar?”. Deyərəm, qəhrəmanlar müharibə zamanı qəhrəmanlıqlar edirlər. Ancaq müharibədən sonra da dəyişmirlər. Onlar elə bu həyatda da qəhrəmandırlar.

Həmçinin bax: Buludlarla yarışan türk qızı  

Mənbə:«EL» jurnalı 
 

0 şərh