Cina Lollobridcida

Gina LollobrigidaTamaşaçı italyan kinosunu niyə sevir? Cavab: — Əlbəttə burada italyan temperamenti, xarakteri, ehtirası və əsl italyan sevgisi var...Ayrı-ayrı dövrlərdə italyan kinosunu həm yaraşıqlı kişi, həm gözəl, cazibədar qadın simalar bəzəyib. Bu simalar arasında, sözsüz, Cina Lollobridcidanın da ismi var...

Luidcina Lollobridcida 1927-ci ilin, 4 iyulunda paytaxt Romadan çox da uzaq olmayan Subiako şəhərciyində dünyaya gəlir. Cinanın atası adi fəhlə idi, ailə bir təhər başını girləyirdi. Qızcığazın uşaqlığı müharibə illərinə təsadüf edir. İkinci Dünya Müharibəsi, Mussolini… və əlbəttə ki, imkansızlıq, kasıbçılıq…

Bütün bunlar Cinada varlı olmaq istəyini formalaşdırır. O, varlı olmalı idi, çox varlı… Bu məqsədinə çatmaq üçün onun böyük silahı da vardı – gözəllik! Bəli, Cina çox gözəl idi...!
Gələcək aktrisanın ən böyük arzusu rəssam və ya heykəltəraş olmaq idi. O, karikaturalar çəkir və Roma küçələrində satırdı. Lakin nəzərə alsaq ki, Roma dünyanın gözəllik, incəsənət paytaxtlarındandır, o zaman əgər gözəlsənsə, gözəllikdən uzaq qaça bilməzsən. İncəsənət səni özünə çəkəcək, sovuracaq. İstəsən də, istəmnəsən də…

Beləliklə, həm anasının təkidləri, həm də pul qazanmaq arzusu Cinanı kinoya gətirir.  Təzə-təzə çəkilərkən aktrisanın rolları bir o qədər gözə çarpmır. 1947-ci ildə o, “Miss İtaliya” gözəllik yarışmasında iştirak edir və üçüncü yeri tutur. Onun gözəlliyini səhnədəkilər ayaq üstə alqışlayırlar.  Cina növbəti illər də gözəllik yarışmalarında iştirak edir. Bu arada amerikalı milyarder, prodüser Hovard Hyuz gənc qıza aşiq olur. Onu Hollivuda dəvət edir. Tədbirli Cina dəvəti qəbul edir və 1950 –ci ildə ABŞ-a uçur.

Lakin ABŞ-da aktrisa çox qala bilmir. Bir tərəfdən Hovard ona göz verib-işıq vermir, digər tərəfdən italyan qüruru Cinanın burada qalıb prodüserlərin dediyi, daha doğrusu, diktə etdiyi qaydada yaşamağa izn vermir: - “Necə yəni, bir milyon dollarlıq müqaviləyə görə karyeramı və şəxsi həyatımı prodüserlərin nəzarəti altında saxlaya bilmərəm!” – deyə Cina etiraz edir və Avropaya qayıdır. Qayıdar-qayıtmaz Cina “Fanfan — Tülpan” filminə çəkilir və film fantastik uğur qazanır. Bu Cinanı ulduz edən film idi…

Aktrisanın növbəti uğurlu filmləri arasında “Çörək, məhəbbət və fantaziya” (1953-cü il), “Çörək, məhəbbət və qısqanclıq”(1954-cü il), “Romalı” (1954-cü il)  və s. filmlər vardı. 1957-ci ildə “Paris Notr Dam kilsəsi” filmi ekranlara çıxır.



Cina yenidən ulduz olduğunu hamıya sübut edir. Bu gözəl xanım qarşısında səhnədə olan və olmayan bütün kişilər diz çökməyə hazır idi... Cina Lollobridcida 1949-cu ildə ailə həyatı qurduğu yuqoslaviyalı psixiatr Milko Skofiçlə evli idi. Ancaq evlilik heç də xoşbəxt evliliklərdən deyildi. 1957-ci ildə aktrisa ana olur. Ancaq ana olmaq tam xoşbəxt olmaq demək deyildi. Əri Cinanı suya, havaya, işığa da qısqanırdı. Bununla həm özünə, həm xanımına əzab verirdi. Odur ki, evlilik 1966-cı ildə boşanma ilə başa çatır.

Cina LollobridcidaBoşandıqdan sonra aktrisaya gələn sevgi təkliflərinin sayı yüzə yüz artır. Əksər təkliflərə gözəl aktrisa müsbət cavab verir…
Cina azadlıqdan həzz alırdı. Dünyanın tanınmış və varlı kişiləri bir gecə üçün ona milyonlar dəyərində hədiyyələr edirdilər.

1981-ci ildə Lollobridcida döşlərini 600 000 avro məbləğində sığorta etdirir. 50-60-cı illərdə Cina ilə aktrisa Sofi Loren arasında əsl mübarizə gedirdi. Kim daha gözəl, kim daha seksual və hansının döşləri daha gözəldir. İş o yerə çatmışdı ki, insanlar iki yerə bölünmüşdülər: — Cina və Sofi tərəfdarları…
Lakin Cina özünə əmin idi.

O özündən 34 yaş cavan ispaniyalı Havyer Riqau ilə nişanlananda da əmin idi. Yaş fərqi onun üçün önəmli deyildi: “Əgər siz məndən yaşca çox cavan bir kişinin niyə mənimlə olduğunun səbəbini anlaya bilmirsinizsə, deməli, siz sevginin nə olduğunu bilmirsiniz.” – aktrisa müsahibəsində demişdi.
Lakin təəssüf ki, bu sevda uzun çəkmir. Aydın olur ki, Havyer Cinanı sevib-eləmirmiş. Ona lazım olan tanınmış aktrisanın pulları və onları ələ keçirmək idi...

Bunlara baxmayaraq, aktrisa kifayət qədər xoşbəxtdir. Onun çox sevdiyi işi var. Kino yox, məhz fotoqrafiya sənəti. Aktrisa müəllifi olduğu fotolardan ibarət “Mənim İtaliyam” foto-albom çıxarır. İtaliyalı aktrisa indinin özündə də gözəl olmasının səbəbini belə şərh edir: — İnsan məşğul olmağa bir iş tapmayanda qocalır. Mən hər zaman iş başındayam: Sevimli oğlumun qayğısına qalıram, fotolar çəkirəm, heykəltəraşlıqla, musiqi ilə məşğul olur, quşlarımın cəh-cəh səsini dinləyirəm”.

Cina Lollobridcida ictimai işlə də məşğuldur. O, Yunisef, Yunesko kimi təşkilatlarla əməkdaşlıq edir. Deputatlığa da namizədliyini irəli sürür, ancaq seçilmir.
Nəhayət, həyatın, sevginin ləzzətini dadan 86 yaşlı italiyalı gözəl xanım Cina Lollobridcida deyir: “Ən gözəl kosmetika sevgidir!...”

Aytən Cavanşir  
 

0 şərh