Alisa Freyndlixin macəra kimi həyatı

Alisa FreyndlixMəşhur aktrisa, SSRİ Xalq artisti Alisa Freyndlix 1934-cü il dekabrın 8-də Sankt-Peterburqda (Leninqrad) dünyaya göz açıb. Atası Bruno Freyndlix əslən alman idi, ulu babaları I Pyotrun dövründə Rusiyaya köçmüşdülər. Atası Leninqrad Teatr Texnikumunu bitirdikdən sonra teatrda çalışırdı. Anası Ksenya Fyodrova da əvvələr aktisa olmuş, ancaq sonra teatrdan uzaqlaşaraq bankda mühasib işləmişdi. 

II Dünya müharibəsi başlayandan sonra Alisa Freyndlixin valideynləri ayrılırlar. Atası alman olduğu üçün Daşkəndə sürgün edilir. Alisa anası ilə blokadaya alınmış Leninqradda ağır günlər keçirirlər. Müharibədən sonra atası Leninqrada qayıdır. Amma o artıq başqası ilə evlənmişdi. Bu nikahdan Alisanın bir bacısı da dünyaya gəlir. Sonralar onlar çox yaxın rəfiqə olurlar. Atası da Alisaya sevgisini əsirgəmir və sənət seçimində ona istiqamət verir.

Beləliklə, Alisa 1953-cü ildə A.Ostrovski adına Leninqrad Teatr İnstitutuna qəbul olunur. Hələ tələbəykən “Tamamlanmamış povest” və “İstedadlar və pərəstişkarları” filmlərinə çəkilir. Kurs yoldaşı Vladimir Karasevlə ailə həyatı qurur. Lakin nikahları uzun sürmür, institutu qurtaranda ayrılırlar. Alisa institutu qurtarıb Leninqrad Dram Teatrının truppasına işə düzəlir. Burada bir sıra problemlərlə üzləşsə də, çətinliklər xasiyyətini möhkəmlədir. 

Aktrisa 1961-ci ildə “Lensovet” teatrında işləməyə başlayır. Burada o, teatrın bədii rəhbəri İqor Vladimirovla tanış olur. Tezliklə onlar ailə qururlar. Bu nikahdan Varvara adında qızları dünyaya gəlir. İqor yaxşı həyat yoldaşı olmaqla yanaşı, həm də onun ən yaxşı müəllimi idi. Həmin dövrdə aktrisa F.Dostoyevskinin “Cinayət və cəza” əsərinin tamaşasında Katerina İvanovna rolunda və bir çox başqa tamaşalarda oynayır. Teatrdan fərqli olaraq, kinoda onu kiçik rollara dəvət edirlər, o isə teatrda işinin çoxluğundan belə rollara əhəmiyyət vermir.

1976-cı ildə Eldar Ryazanov onu “İşdə məhəbbət macərası” filmində Lyudmila Prokofyevna Kalugina roluna dəvət edir. Filmin ssenarisi ilə tanış olan aktrisa bu rolu çox bəyənir. Film böyük tamaşaçı auditoriyası toplayır və Alisa Freyndlixə keçmiş SSRİ miqyasında şöhrət qazandırır. Film ekranlara çıxandan sonra o, qadınlardan çoxlu məktublar alır. Qadınlar Alisa Freyndlixin canlandırdığı qəhrəmanın saç düzümü və paltarı çox xoşlarına gəldiyinə görə bu formada saçlarını kəsdirib, paltar tikdirdiklərini yazırlar. 



Aktrisa daha sonra “Dartanyan və üç muşketyor” (şahzadə Anna), “Stalker” (Stalkerin həyat yoldaşı), “Köhnə dəbli komediya” (Lidya Jerber) və başqa filmlərdə çəkilir. Aktrisalıqla yanaşı, müğənniliyə də başlayır. 
Alisa FreyndlixAlisa Freyndlix 1980-ci ildə İqor Vladimirovla boşanıb, teatrın gənc aktyoru Yuri Solovyovla ailə həyatı qurur. Amma bu nikah da uzun sürmür. 

Bir çox mükafatlara layiq görülən aktrisa bir müddət filmlərə çəkilmir, demək olar ki, bütün rollardan imtina edir. Lakin 2002-ci ildə “Qadın məntiqi” teleserialında Olqa Petrovna roluna çəkilir. Bu serial ona böyük uğur gətirir.

Baxmayaraq ki, şəxsi həyatı uğurlu olmayıb, aktrisa özünü çox xoşbəxt sayır. Çünki onun Varvara adında qızı və nəvələri var. Moskva Akademik Bədaye Teatrının məktəbində oxuyan nəvəsi Nikita isə onun yolunu davam etdirir. 

Hazırladı: Səbinə Əlibalaqızı
 

0 şərh