Elina Bıstritskaya

Milyonların sevimlisi, SSRİ-nin və Rusiya Federasiyasının Xalq artisti, istedadlı və gözəl aktrisa Elina Bıstritskaya aprelin 26-da vəfat edib.

Elina Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə yəhudi ailəsində anadan olub. Atası Avraam Petroviç hərbi həkim, anası Esfir İsaakovna isə xəstəxanada aşpaz işləyirdi. Sonra atasının işi ilə əlaqədar ailələri Nejin şəhərinə köçür.

İkinci Dünya müharibəsi zamanı ailə Həştərxana evakuasiya olunur. Uşaqlıqdan tibb işçilərinin əhatəsində böyüyən Elina müharibə başlayanda tibb kursuna yazılır və yaralılara yardım göstərməyə başlayır. Müharibədən sonra Nejin Tibb Kollecində oxuyur. Sonra (1947) atasının tövsiyəsi ilə N.Qoqol adına Nejin Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olur. Lakin bir ildən sonra tibb və filologiyadan daha çox incəsənətə olan istəyi onu Kiyev Dövlət Teatr İnstitutuna daxil olmağa sövq edir.

Elina Bıstritskaya Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958) və Malı Teatrda (1958-ci ildən) oynadığı bir-birindən gözəl rollarla tamaşaçıların sevgisini qazanır.

Aktrisanın kinoda debütü 1950-ci ildə “Dinc günlər” filmində Yelena Alekseenko rolu olur. Bundan sonra bir neçə filmə çəkilsə də, 1955-ci ildə “Bitməmiş tale” filmində Yelizaveta Maksimovna rolu ilə məşhurlaşır. “Sovetskaya kultura” qəzetinin oxucular arasında keçirdiyi sorğuya görə, “İlin ən yaxşı aktrisası” adını qazanır.

1958-ci ildə “Sakit Don” filminə aktrisa axtaran rejissor Sergey Gerasimov Nonna Mordyukovanı çəkmək istəsə də, əsərin müəllifi Mixail Şoloxov Elina Bıstritskayanı məsləhət görür. Bu filmdəki Aksinya Astaxova roluna görə aktrisa hətta kökəlməyə belə razı olur. Film ekranlara çıxandan sonra geniş tamaşaçı rəğbəti, aktrisa isə böyük şöhrət qazanır. Bundan başqa, o, “Könüllülər” (1958), “Rus suveniri” (1960), “Nikolay Bauman” (1967) və s. filmlərə çəkilir.

Elina Bıstritskaya SSRİ Xarici Ticarət Nazirliyində şöbə müdiri Nikolay Kuzminski ilə ailə həyatı qurur. Cütlüyün uşaqları olmur. Bir müddət o, kinoya da çəkilmir. Uzun fasilədən sonra aktrisa 1990-cı ildə “Moskva polisi Kaminski” filmində İvanovna rolu ilə kinoya qayıdır. Həyat yoldaşı ilə 25 illik evlilikdən sonra 90-cı illərin əvvəlində ayrılırlar.

Aktrisanın istedadı məşhur rejissorumuz Rasim Ocaqovun da diqqətindən yayınmır. Rejissor onu 1991-ci ildə “Cinayətdən yeddi gün sonra” filmində Kira Aleksandrovna roluna çəkir.

Gözəl aktrisa mədəniyyətin və sənətin inkişafına böyük töhfələr verdiyinə görə keçmiş SSRİ-nin və Rusiyanın bir çox orden və mükafatlarına layiq görülüb.

Elina Bıstritskaya həmçinin 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Bundan başqa, o, “Mədəniyyət və İncəsənətə Dəstək” Fondunun təsisçisi, “Ümid ulduzu altında görüşlər” kitabının müəllifi idi.

Gözəl və istedadlı aktrisa uzun və zəngin həyat yaşayaraq 92 yaşında dünyasını dəyişdi. Aprelin 29-da Moskvadakı Novodeviçye məzarlığında dəfn olundu.



«Mədəniyyət» qəzeti
Səbinə ƏLİBALAQIZI

0 şərh