Tarixin məşhur feministləri – Mariya Trubnikova

Deyilənə görə, Çernışevskinin “Nə etməli” romanındakı Vera Pavlovna Mariya Trubnikovanın obrazı idi.
O, sürgündə yaşayan dekabrist Vasiliy İvaşevin ailəsində, 1835-ci ildə dünyaya gəlmişdi. Fransız anası Kamilla Le-Dantü sürgünə göndərilən ərinin ardınca getmişdi. Zadəgan nəslindən olan atasının maddi problemləri yox idi, çarın əmri ilə İvaşovların var-dövləti özlərinə qaytarılmışdı. Amma Mariyanın cəmi beş yaşı olanda əvvəl anası, sonra da atası xəstəlikdən vəfat edir və dekabristin uşaqlarına icazə verilir ki, sürgündən xalasının, knyaginya Xovanskayanın yanına qayıtsınlar.
Yetimlik Mariyanın xarakterində öz izlərini yaxşı tərəfdən buraxırdı, qız yanımcıl və yardımsevər uşaq kimi böyüyürdü. Zadəgan qohumunun evində o yaxşı təhsil ala bilir, bir neçə avropa dillərini mənimsəyir, tarixi və fəlsəfi ədəbiyyat oxuyur və dekabristlərə qarşı rəğbət, xalqa xidmət ideyası ruhunda tərbiyə edilirdi.Mariya Trubnikova
19 yaşı olanda Mariya “Birja xəbərləri” qəzetinin redakoru Konstantin Trubnikovla ailə qurur və Peterburqa köçür. Burda Mariyanın ictimati fəaliyyəti başlayır. Açdığı liberal salonda o lisey məzunlarını, professorları, dvoryan qadınları toplamağa və müzakirələrə başlayır. Onun çevrəsinə əsas təsiri Çernışevskinin fikirləri göstəriridi və Trubnikovanın salonuna gələn qadınlar yüksək cəmiyyətə qarşı asi hərəkətlər etməyə başlayırdılar. Bu zadəgan qadınlar küçədə qulluqçu və lakeysiz gəzir, dəbdəbəli saç düzümləri yerinə saçlarını qısa vurdurur, mürəkkəb donlardan sadə paltarlara keçir, hətta Rusiya tarixində ilk dəfə məhz onlar şalvar geyinməyə başlayırlar.
Mariyanı bir-birinin ardınca dörd qız dünyaya gətirdiyi “ailə özəyinin qarışqa xırdalığı” sıxırdı, lakin möhkəm iradəyə malik olaraq, o, gücünü və vaxtının çoxunu qızlarının tərbiyəsinə həsr edirdi. Ancaq, o, qızlarını cəmiyyətin qəbul etmədiyi tərzdə tərbiyə edirdi. Qızlarını şalvarlı kostyumlara, idman oyunlarına, bağda işləməyə alışdıraraq, onlarda ciddi ədəbiyyata və dillərə sevgi aşılayır, cəmiyyətin quruluşunu dərk etməyi, aşağı sosial təbəqədən insanlarla nəzakətlə davranmağı, onların çətinliklərini anlamağı öyrədirdi. Onlara bir peşəyə yiyələnmək və maddi müstəqilliyinin gözəlliyini izah edirdi.
O zamanlar belə tərbiyəni nəinki ətrafdakılar, hətta öz əri də qəbul etmirdi. Deyirlər ki, atalarının evə dönməsinə az qalmış, qızlar “ədəbli xanım donlarını” geyinərdilər. Ailə tez bir zamanda dağıldı. Trubnikova, ərinin qurşandığı və onun şəxsi var-dövlətini küləyə sovuran maliyyə aferalarına dözmədi. Ənənəyə sadiq qalaraq, Trubnikova, birja əməliyyatlarında kapitalının idarə edilməsini ərinə həvalə etmişdi və nəticədə müflis olmuşdu. Mariya Vasilyevna ərinin vicdanlı biri olmadığını dərk etdikdə, boşanmadan qorxmadı.
O, qızlarıyla tək və pulsuz qaldı. Buna baxmayaraq, Trubnikovanın fəaliyyəti, klubun zəngin üzvlərinə güvənərək, güclənirdi. Qoroxova və Morskoy küçəsindəki gözəl bir mənzilin salonunda Mariya Trubnikova  bir çox məşhurları qəbul edirdi. Onunla rəsmiyyətpərəst aristokratlar və ekstrimal radikallar dostluq edirdi və o, hamını bir-birilə barışdırmağı bacarırdı. Buna görə, Mariyaya Kreyberq ləqəbi vermişdilər – məşhur heyvan əhilləşdirənin adını. Trubnikovanın təşkil etdiyi dərnək, Rusiyada qadın hərəkatının ilk özəyi oldu.
N.V. Stasova (1822-1895) və A.P. Filosofa ilə birlikdə (1837-1912) Maryia Trubnikova feministik idealları müdafiə edən “Qadın Triumviratını”-nı tərtib edir. Trubnikova “Sankt-Peterburqdakı ehtiyaclı sakinlərə ucuz mənzil və digər müavinətlər” cəmiyyətinin təşkilatçısı və ilk sədri olmuşdur (1859). Cəmiyyətin məqsədi imkansız, xüsusilə də atasız ailələri, ucuz və təmiz mənzillərlə təmin etmək idi: ərləri tərəfindən atılmış, uşaq qayğısından əziyyət çəkən dul və başqa qadınları yerləşdirmək üçün ucuz evlər kirayə edilirdi. Cəmiyyətin nəzdində emalatxanalar, dükan, böyüklər üçün məktəb açıldı. Təşkilat tərəfindən inşa edilmiş evdə buxar qızdırıcısı, ictimayyi mətbəxlər, cəmaşirxanalar – işləyən anaların həyatını yüngülləşdirəcək şeylər var idi, qalan üç mərtəbəni isə imkansız qadınlar üçün yataqxana tuturdu.

XVIII-ci əsrin əvvəlində Fransada başlayan fikir iqilabı qadınların taleyinə təsir etdi. Qadın rəsmi olaraq, kişiyə bərabər varlıq kimi tanındı.
Mariya Trubnikova, Nadejda Stasova, Anna Filosofova öz konsepsiyaları ilə yanaşı strategiyalarını yaratdılar. Onların baxışları liberal idi, qadınların statusunun yüksəldilməsi məsələsini sülh yolu ilə həll etməyə üstünlük verirdilər. İlk növbədə, sosial və təhsil sahələrindən başlamaq istəyirdilər. İnqilabçılardan fərqli olaraq, qadınların statusunu yüksəltməyin qadınların öz işi olduğunu hesab edirdilər. Rus feministləri mövcud olan bütün kişi strukturlarını öz məqsədləri üçün istifadə etməyi vacib hesab edirdi. 1861-ci ildəki islahatdan sonra qadınlar sosial hərəkata qoşuldular. Əsasən söhbət “zadəgan” qadın proletariyatı, yəni, müstəqil qazanc eldə etmək məcburiyyəti qarşısında qalaraq, sürətlə yoxsullaşan zadəgan ailələrdən gedirdi. Ölkədə qadın hərəkatının qurucusu məhz bu “nəcib qızlar” idi. İlk rus feministləri ali sinfə aid idi. Onların fəaliyyəti çox vaxt xeyriyyəçilik xarakteri daşıyırdı. Bu da öz növbəsində, onları “aristokrat” adlandıran ziyalı inqilabçılar tərəfindən tənqid və riyakarlıqda ittihama səbəb olmuşdu.
Mariyanın çevrəsindəki qadınların əsas gəlir sahəsi ədəbi yaradıcılıq idi. Mariya Trubnikova bu işi peşəkar bir relsə qoyaraq, pul qazanmağa başlayan ilk qadın oldu. Beş dili mükəmməl bilərək, o, roman və məqalələr tərcümə edir, Avropa mətbuatı üçün cəmiyyətdə qadınların vəziyyətinə dair yazılar yazırdı. 1862-ci ildə M.V. Trubnikova, Sankt-Peterburqda tərkibində qadın hərəkatının görkəmli qadın- tərcüməçilərindən ibarət  “Nəşriyyat Artelinin”  yaradılmasına təşəbbüs göstərdi. Cəmiyyət Rus qadınlarına zehni əməklə yaşamaq və Rus qadınları üçün ali təhsil sistemini yaratmaq vəzifəsini qarşısına qoydu. Artel qadınları ixtisaslı işlə təmin etməli və eyni zamanda “gənc nəsillər üçün yaxşı mütaliə” hazırlamalı idi. Kitabların cildlənməsindən tutmuş illyustrasiya, tərcümədən tutmuş redaktə işlərinə qədər, öz işləriylə pul qazanan qadınlar tərəfindən həyata keçirilirdi. Hökumət artelin nizamnaməsini təsdiq etmədi, amma artel dağılmadı, 1863-cü ildən başlayaraq isə seçilmiş xarici kitabların tərcüməsinə başladı. Trubnikova, bu işdə  redaktor, mühasib və həm də tərcüməçilərlə əlaqə yaradan əsas bənd idi. Artelin fəaliyyəti dövründə  L. Olkott, O. Tyerri, Bets, D. Eliot, Darvinin “Növlərin mənşəyi” və s. əsərlər nəşr olundu.
Mariya Trubnikova özü üçün real hədəflər qoymağa çalışdı: əgər bütün sosial təbəqələrin qadınlarının mövqeyini dərhal dəyişdirmək mümkün deyilsə, çevrilişi ən azı onların dairəsindəki qadınların taleyində etmək lazımdır. İlk öncə, qadınlar sistemli təhsilə ehtiyac duyurdular. 1867-ci ildən etibarən, Trubnikova Sankt-Peterburqda Qadınlar üçün Ali Kursların açılması istiqamətində çalışırdı, qadınların universitet təhsili almaq imkanları barədə qraf Tolstoyla alovlu danışıqlar aparırdı. Trubnikova Peterburq Universitetinin rektorunun ünvanına bir çox nüfuzlu şəxslər tərəfindən imzalanmış ərizə hazırladı – onun geniş əlaqələri bu işə çox kömək etdi. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına qədər zadəgan ailələrdən olan qızlar əsasən ev təhsili almışdılar. Yalnız 1858-ci ildən etibarən qadın gimnaziyaları peyda olmağa başladı. Qadınlar üçün təmənnasız mühazirələr oxumağa hazır olan məşhur alimlər D.İ. Mendeleyev, A.N. Beketov, I.İ. Meçnikov, I.M. Seçenov, V.S. Solovyov universitet təhsili ideyasının fəal müdafiəçiləri idilər. Ancaq çoxsaylı bürokratik maneələri aradan qaldırmaq üçün aparıcı qüvvə əsasən qadınlar oldu. M.V Trubnikova, N.V. Stasova, A.P. Filosofa ictimai rəyi həyəcanlandırır, xəyallarının həyata keçirilməsi üçün maddi vasitələr tapırdı.
1869-cu ilin aprel ayında Alarçi kursları ilk dəfə olaraq Sankt-Peterburqda, sonra isə 1870-ci ildə bir çox qadın dinləyiciləri cəlb edən Vladimir kursları açıldı, lakin onların verdiyi biliklər orta məktəb səviyyəsində idi. Təhsil Naziri hər iki cinsdən olan tələbələr üçün nəzərdə tutulan ictimai mühazirələrin verilməsilə məhdudlanaraq, universitet proqramının kursunu keçirməyə icazə vermədi. 1870-ci ilin yanvar ayında mühazirələr  başlandı, qeydiyyatdan keçən 900-dən çox tələbənin 767-si qadınlar idi. Yalnız 8 il sonra, Qadınlar üçün Ali Kurs ideyası təsbit edildi. Amma nə sinif otaqları, nə laboratoriyaları, nə alətləri, nə avadanlıqları, nə də pulları vardı. Mariya Trubnikova, Nadejda Stasova və Anna Filosofova kurslara kömək etmək üçün çox güclü fəaliyyətlərə başladılar: məşhur artistləri xeyriyyə konsertlərinə dəvət edirdilər, lotereyalar, kitab bazarları təşkil edirdilər. Bir il sonra evlərdən birində bir mərtəbəni icarəyə götürməyə müvəffəq oldular və 1885-ci ildə kurslar Vasilyevski adasının 10-cu xəttində xüsusi tikilmiş və təchiz olunmuş binaya köçdü.
M.V Trubnikova “Səhmdarlar üçün jurnal”, “Birja Xəbərləri” jurnallarıyla əməkdaşlıq edrdi. St. Peterburg qəzetində ədəbi şöbəni idarə edirdi, burada o, N.S. Leskovla qadınlara aid problemlərin müzakirəsini aparırdı. Leskov, habelə  “Avropa Carçısı”, “Yeni vaxt” və s. kimi jurnallarla əməkdaşlıq edirdi. Onun redaksiyası altında və özünün müəllifliyi ilə, jurnalistika, uşaq ədəbiyyatı ilə bağlı bir sıra işlər tərcümə edilmişdir. Trubnikovanın fəaliyyətini II-ci Aleksandr bəyənirdi, dahi nağılbaz Andersen, Fransız romanıçısı Andre Leo və ingilis naşiri Josefina Buttler onunla yazışırıdılar. Mariya Trubnikova rus feminizminin simvolik bir xadiminə çevrilmişdir, ingilis filosofu və iqtisadçı Jon Millin məşhur “Rus Qadınlarına Məktubu” (1868) məhz ona ünvanlanlanmışdı. Trubnikova şəxsən Çernışevskiylə tanış idi, və onun xasiyyətləri “Nə etməli?” Romanının qəhrəmanlarında tanınır.

XIX sonu XX əsrin əvvəllərində Trubnikovanın müdafiə etdiyi qadın azadlığı ideyası Tsvetayeva və Axmatovanın yaradıcılığı, Serebryakova, Popova, Ostroumova-Lebedevanın təsviri incəsənətində müvəffəqiyyətlə öz əksini tapdı. Rus şairələrinin tez-tez qadınların identifikasiyası ilə bağlı problemləri yaranırdı: bəzi tarixçilər Marina Tsvetayevanın yalnız kişiləri deyil, həm də qadınları sevdiyini hesab edirlər, Anna Axmatova öz partnyorlarında ilk növbədə mənəvi dostlarını görürdü. Axmatova həm də həmişə qadın şairlərin ünvanına “şairə” sözünün istifadə edilməsinə qarşı çıxırdı.
Mariya Trubnikovanın şəxsi həyatı asan deyildi. O,  tez-tez aldanırdı. Yaxınlıq etdiyi inqilabçılar onu məyus etdi. Mariya Vasilyevna güclü cəmiyyətin yalnız təkamül inkişafını tanıyraq, terroru inkar edirdi.
Trubnikovanın həyatı sona yaxın ona dözülməz gəlirdi. İdeoloji olaraq bağlı olduğu insanların, ona qarşı lütfkar olan İkinci Aleksandrı qətlə yetirməsindən sarsılmışdı. Bütün hərəkətlərinə, fikirlərinə görə məsuliyyət daşımağa vərdiş etmiş qadın, bu qətli öz günahı kimi qəbul edib, özünü bağışlamadı. Həyatının sonuna qədər bu sarsıntı bərpa olunmadı. Öz günlərini yalqız və qapalı başa vurduğu illərdə o, Anna Filosofaya yazırdı: “Həyatım belə gətirdi ki, mən heç kimi görmürəm, ancaq tərcümələr edirəm, bu sinirlərim üçün çox sakitləşdirici və xilasedicidir, çünki məni bütün dünyadan uzaqlaşdırmaqda heç də  monastır divarlarından geri qalmır.”
19-cu əsrin sonlarında bir çox Sankt-Peterburq jurnallarının haqqında fərəh hissiylə yazdığı Trubnikovanın şəxsi həyatı qəmlidir. Uğursuz nikah, ailənin dağılmağı, qızlarının kədərli taleyi…
Müstəqil həyat yolunu seçən böyük uşaqlar, analarına çox bağlı idilər və ən çox qorxduqları onu məyus etmək idi, ona görə də çox şeyi ondan gizlədirdilər. Qızların hamısı ailə qurmuş, uşaq dünyaya gətirmişdi, qızlardan ikisi də yazıçı olmuşdu – Vera Çerkesova və Olqa Bulanova. Bacılar mehriban dolanırdı, amma anadan gizlədə biləcək şeyləri var idi: “Narodnaya Volya”ya yaxın olan Olqa Bulanovanın Butırka həbsxanası, kiçik qızı Mariyanın həyat yoldaşının sürgünü kimi… Mariya Vırubova, dəniz donanması zabiti olan ərinin ardınca, nənəsi Kamilla Le Dantü’nun rəşadətini təkrarlayaraq, sürgünə getdi.
1881-ci ilin əvvəlində M.V. Trubnikova ictimai fəaliyyətdən kənarlaşmaq məcburiyyətində qaldı, o, evli qızlarından birinin malikanəsində, demək olar ki heç yana çıxmadan yaşadı. Ömrünün sonunacan Fransa, İngiltərə, İsveçrə və Şimali Amerikanın görkəmli qadın fəalları ilə əlaqəsi kəsilmədən, Rusiyada qadınların vəziyyəti haqqında onlara məlumat vermiş və eyni məqsədlə bəzi xarici nəşrlərdə iştirak etmişdi. Tambovda psixiatrik xəstəxanada iki il keçirdikdən sonra Trubnikova heç vaxt sağalmadı. Ağrılı xəstəlik illərindən sonra, o, 1897-ci il aprelin 28-də (10 may) Sankt-Peterburqda, tam zehni pozğunluq halında həyatını dəyişdi.
İki Mariya, ana və qız Sankt-Peterburqdakı Novodeviçye qəbiristanlığında dəfn edilmişdilər. Lakin Sovet dövründə məzarın üzərində yalnız bir yazı qalmışdı: Maria Vasilyevna Trubnikova.
 
 
Müəllif: Günel Mövlud
Mənbə: azlogos.eu

0 şərh