Mircəfər Bağırovun xəstə sevgisinin qurbanı Xədicə Qayıbova

1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın birinci bölməsi üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
«Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir».
Təqdim olunmuş arayışın ardından Xədicə xanımın və onun ətrafında olan doğma insanların faciəsi başlayır…
Xədicə Qayıbova
Başlanğıc isə belə idi...
Böyük istedad sahibi, virtuoz pianoçu Xədicə xanım Qayıbova həyatının müəyyən mərhələsinə qədər şanslarla dolu bir həyat nərdivanı üzərində yüksəlməkdə idi. O, xoşbəxt uşaqlıq dönəmi keçirmişdi. Savadlı mürəbbilərdən dərs almış, valideynlərinin sevgisiylə əhatələnmişdi. Tiflisin tanınmış ruhanilərindən biri olan atası Osman bəy Müftizadə imkan xaricində olsa da qızının savadlı olmasını çox istəyirdi. Qismətindən, ilk dəfə «Müqəddəs Nina» məktəbində 2 qızın dövlət hesabına təhsil alması məsələsi gündəmə gəlir. Ərizə qəbuluna start verilir. İki yer uğrunda 200 nəfərin mübarizə aparması rəqabətin böyüklüyündən xəbər verirdi.  12-13 yaşlı Xədicə xanım atasının istəyi ilə şansını sınayır. Budur, püşk atılır və püşkün birindən Xədicə Qayıbovanın adı çıxır.
Təhsil aldığı dövrlərdə musiqiyə olan həvəsi daha da artır. O, dövrünün ən tanınmış musiqiçilərindən dərs alaraq mükəmməlləşir. Öz ifaçılığı, istedadı ilə sənətini ən yüksək səviyyədə təmsil etməyə başlayır.
Atası dünyasını dəyişdikdən sonra Xədicə xanım imkansızlıq ucbatından məktəbi yarımçıq tərk edir. Elə həmin ildəcə Qafqaz Müsəlman İdarəsinin baş müftisi Hüseyn Əfəndi Qayıbzadənin (həmin Hüseyn Əfəndi ki, Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından olub. Məktəbləri maliyyələşdirib. Eyni zamanda Mirzə Fətəli Axundovun yaxın dostu olub) oğlu Nadir Qayıbovla ailə həyatı qurur.
Tiflisin intellektual mühiti, həmçinin həyat yoldaşının ailəsinin elmə, sənətə olan sevgisi Xədicə xanımın dünyagörüşünün formalaşmasında rol oynayır. O, bir müddət rus-müsəlman qız məktəbində dərs deməyə başlayır. Sonra isə ailəsi ilə birgə Bakıya köçərək fəaliyyətini burada davam etdirir.
Ailənin Bakıya köçdüyü dönəmlər Azərbaycan Cümhuriyyətinin süqutu vaxtlarına təsadüf edirdi. Əslində, Azərbaycanın dövlət quruculuğu və azadlığı ziyalı ailəsində qürurlu hadisə olaraq qəbul edilirdi. Nə yazıq ki, bu azadlıq uzun sürmür və Sovet Ordusunun Bakını işğal etməsi ilə Azərbaycanın qanlı tarixi başlayır.
İlk vaxtlar hər şey öz axarında gedirdi. Xədicə xanım Qayıbova SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilir. Şöbəyə başçılıq etdiyi ilk vaxtlardan başlayaraq o, bütün qüvvəsini savadlı, istedadlı xanımların yetişməsinə səfərbər edir.
«Sovetlərin yaradılmasının ilk vaxtlarında mən Azərbaycan incəsənətinin və musiqisinin inkişafı üçün çox çalışırdım. Məni Xalq Komissarlığının Şərq musiqisi bölümünə başçı təyin edirlər. Orada fəaliyyətə başladığım gündən Şərq Konservatoriyasını təsis etmək üçün əlimdən gələni əsirgəmədim. Konservatoriyaya ən tanınmış şəxsləri cəlb etdim, sonralar bu şəxslər Şərq Orkestrasının ifaçılarına çevrildilər. Bir müddət sonra türk xanımları üçün musiqi-dramatik studiya yaratdıq. Biz orada professional səhnələrə çıxmaq üçün xanımları hazırlayırdıq. Özümün isə ara-sıra iştirak imkanım olurdu. O da ictimai işlərim aman verəndə» — Xədicə Qayıbova.
Qazandığı uğurlar, Azərbaycan incəsənəti üçün etdiyi fədakarlıqlar Xədicə xanımı daima gündəmdə saxlayırdı. Şərqdə qadının böyük səhnəyə, kütlə qarşısına çıxıb pianoda ifa etməsi cəsarət göstəricisi idi. O isə hələ 20 yaşında olarkən böyük musiqi salonlarında çıxış edir və tamaşaçı rəğbəti ilə qarşılanırdı.
Azərbaycan muğamlarını piano dilləri üzərində səsləndirən Xədicə xanım eyni zamanda Azərbaycan dastanlarını, folklor nümunələrini də toplamaqla məşğul idi. Dövlət Konservatoriyasını yaratma ideyası da Xədicə xanıma məxsusdur. O bu işi gerçəkləşdirmək üçün əlindən gələni əsirgəmir və Azərbaycan mədəniyyətinə layiqincə xidmət edirdi.

Onun evi musiqi məbədinə bənzəyirdi. Dövrün ən ünlü insanları buraya gələr, diskussiyalar təşkil olunar, milli musiqinin gələcəyi, xalq nəğmələrinin mühafizəsi, qadın musiqiçilərinin təhsil imkanları haqqında müzakirələr təşkil edilərdi.
«Qadın istərsə bacarar, nail olar. Lazım olan savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm» — söyləyirdi Xədicə xanım Qayıbova...
 37-ci ilin repressiya küləyi Qayıbovlar ailəsinin başının üzərində əsirdi. Azərbaycan ziyalılarını məhv etmək, kütləni müti vəziyyətdə idarə etmək, yaltaq ordusu içində möhtəşəm görünmək qanlı Sovet İttifaqının əsas məqsədlərindən idi. Stalinin xəstə istəklərinə müticəsinə tabe olan o zamankı rəhbərlər, Moskvanın xoşuna gəlmək üçün əllərindən gələni əsirgəmirdilər. Öz «Allahlarına» insan qurbanı gətirirdilər.
Nadir bəy Qayıbovun tez-tez dindirmələrə çağırılması Xədicə xanımı narahat edirdi, üstəgəl, Mircəfər Bağırovun pianoçu xanıma qarşı olan xüsusi, daha doğrusu, xəstə simpatiyası məsələni bir az da qəlizləşdirirdi. Ailəli xanımdan, anadan istəklərinə «hə» cavabı almayan Bağırov qəzəb hissi ilə alovlanaraq Xədicə xanımın həyatına birbaşa müdaxilə edir, ona xüsusi rəğbəti olan hər kəsi məhv etməklə məşğul olurdu. Elə bütün bunlardan xəbərdar olan qadın həyat yoldaşını qorumaq məqsədilə ondan ayrılmaq qərarına gəlir. Digər versiyaya görə, bolşeviklərlə müəyyən əlaqələri olan Nadir bəy dəfələrlə həbs edilməsinə baxmayaraq rejimin məngənəsindən qurtula bilir. Sonunda isə tamlıqla xilas olmaq üçün həyat yoldaşından ayrılır.
Xədicə xanım bir il sonra cəmiyyətdə xüsusi nüfuza malik, Karl Marks adına Azərbaycan Sosial İqtisad İnstitutunun rektoru Rəşid Qayıbovla (eyni soyadlı) ailə həyatı qurur. O, nikaha qədəm qoymaqla Bağırovun qəzəbini bir az da alovlandırır. Məhz bu xəstə istəyin nəticəsində yeni qurulmuş ailənin qara günləri başlayır. Öncə 1937-ci ildə rektorluq vəzifəsindən azad edilən Rəşid Qayıbov günahsız yerə həbs edilərək digər ziyalılarımız kimi  antisovet fəaliyyət və müsavatçılarla olan münasibətə görə suçlanaraq həbs edilir. Məhkəmənin qərarına əsasən qısa zaman kəsiyində güllələnir!
Repressiya qurbanları haqqında ilk elmi araşdırmalar aparan görkəmli alim Ziya Bünyadov «qırmızı terrorun» mahiyyətini belə izah edirdi: «Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən yeni fikirli alimləri, mütəffəkir və intellektləri aradan götürmək 30-cu illərdə ölkəni idarə edən rəhbər klanın, hər qabaqcıl şeyi caynaqlayan qara əllərin niyyəti idi».
Ərinin həbsindən sonra Xədicə Qayıbova növbəti zərbənin ona dəyəcəyini çox yaxşı bilirdi. Həm özünü, həm də ailəsini qəfil qapı taqqıltısına alışdırırdı da. Amma bunun belə tez bir zamanda olacağını gümanına gətirmirdi. Qızı Alanqu Sultanova öz xatirələrində bu hadisəni belə nəql edir: «O vaxt 12 yaşım var idi. Gecə idi, yatmışdıq. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı, rəngi ağappaq idi...».
Əslində, pianoçu xanım, ən pis halda sürgün ediləcəyi haqqında düşünürdü. Ölüm hökmünün çıxarılmasını ağlına belə gətirmirdi. Sovetlərin qadını güllələyəcək qədər qəddar olmasına inanmırdı! Birinci həbsində dayanıqlı sübut tapılmadığı üçün azad edildiyi kimi yenidən azad olunacağına inanırdı. Daha bilmirdi ki, onun özü kimi o qədər günahsız ziyalılar günahları sübut edilmədən güllənin badına gedib ki...
«Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da var idi. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: „Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam. Qoy onlar sevinməsinlər“.
Ona qarşı irəli sürülən ittihamlar ağır idi — əksinqilabçı, xarici kəşfiyyatın casusu...» — İnqilabçı Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyevanın xatirələrindən.
Xədicə xanım həbs edilən gün Üzeyir Hacıbəyov, Şövkət Məmmədova və Bülbül Moskvada Azərbaycan mədəniyyəti dekadasında iştirak edirdilər. Onlar bu təntənəli tədbirdə Xalq artisti adını alırlar. Xədicə xanımı yaxından tanıyan və həbsdən yəqin ki, xəbərləri olan bu insanlar bilirdilər ki, onların özü də eyni məhbəs həyatının bir addımlığında ola bilərlər. Bu gün titullarla, ordenlərlə yaxaları bəzənənlər, sabah nə olacaqlarından xəbərsiz idilər. Repressiyaların fonunda teatrın, mədəniyyətin dırnaqarası çiçəklənməsi, sənət adamlarının fəxri adlara layiq görülməsi gözbağlıcadan, əməlləri pərdələməkdən başqa bir şey deyil. Bəlkə də elə bu stresin və gərginliyin nəticəsində Ü.Hacıbəyov diabet qazanmışdı və düzgün olmayan müalicənin nəticəsində həyatı ilə vidalaşmışdır.

15 dəqiqəlik məhkəmə...
Xədicə xanımın məhkəməsi 15 dəqiqə içində yekunlaşır. Bir müddətə qədər dəyanətlə, ləyaqətlə ayaqda dayanan qadın ölüm hökmü qərarının qarşısında sarsılır. «Bu rejim qadını güllələməz» fikrində olan Xədicə xanım həmin anda ən yaxşı insanları, düşüncə sahiblərini öz məngənəsində xıncım-xıncım əzən bir rejimin qana susamış səhralığını, ziyalı soyqırımının nə qədər gerçək və dəhşətli olduğunu dərk edir.
Xədicə xanımın ölümü haqqında iki versiya mövcuddur. Birinci versiyaya görə, hökmdən bir həftə sonra güllələnmə aktı gerçəkləşir. Xədicə xanım naməlum məkanda güllələnir. Digər versiyada isə Mir Cəfər Bağırovun hökm çıxarıldıqdan sonra, sanki sonuncu şans verirmiş kimi Xədicə xanımın yanına həbsxanaya gəlməsindən danışılır. Ləyaqətli qadın ölümə getsə də növbəti dəfə «yox» cavabı verməklə Bağırova tərs sillə vurur. Bağırov isə qeyzlənərək Xədicə xanımı özü güllələyərək öldürür!
Ailəsi Xədicə xanımın güllələnmə hökmü haqqında 16 il sonra xəbər tutur. Bu illər ərzində qızı Alanqu anasının sürgündə olması yalanı ilə yaşayırdı. Sonralar o, Azad Mirzəcanzadənin yardımıyla anasının ölümündən sonra ona bəraət qazandırmağı bacarır. Bəraət mətnində cinayət işi zamanı heç bir sübut olmadan qətlə yetirilən qadının acı taleyi inləyir. Və onun kimi neçə-neçə zəka sahiblərinin, alimlərin, incəsənət xadimlərinin, dünyadan doymayan gənclərin, şair və yazıçıların — hamının o bəraət mətnlərində fəryadı eşidilir. Şəxslərin qohumlarının əlinə «Güllələnmə haqqında verilmiş qərar əsassız hesab olunsun, işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunsun» cümləsindən ibarət bir parça kağız — arayış verilir...
«Xədicə xanımın güllələnməsindən sonra Azərbaycan Dram Teatrının arxasında yerləşən evimizdən anamın bütün şəxsi və qiymətli əşyaları müsadirə olunur. Onların içində gümüş və sapfirlə işlənmiş qiymətli üzük də var idi. Bu üzük konsertlərin birində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən verilmişdi». Xədicə xanımın qızı Alanqu Sultanovanın xatirələrindən.
Günlərin birində Alanqu xanım bu üzüyü yaxın rəfiqəsinin evində görür. Demə, rəfiqəsinin əcdadları NKVD-də çalışanlar olubmuş. Bu mütəəssir hadisədən sonra Alanqu bir daha o evə getmir. Yalnız anası üçün əldə etdiyi bəraət arayışı ilə ovunur.
 
 
Müəllif: Günel Eyvazlı
Mənbə: edebiyyatqazeti.az

0 şərh