Kristina Kirşner

O, 1953-cü il, fevral ayının 19-da Buenos-Ayres əyalətində, Tolosada dünyaya gəlib. Kristina soyuq fəsildə, dünyanın həm də siyasi, geopolitik anlamda soyuq vaxtında doğulsa da, vaxt keçdikcə, özünün istiqanlılığı ilə adından bəhs etdirəcəkdi: əvvəl ailədə, sonra məktəbdə, əmək kollektivində, daha sonra ölkədə və nəhayət, dünyada!
***
...Buenos-Ayresin kasıb əyalətlərindən birinin sakini, ekrana diqqət kəsilən bir gənc satıcı heyranlığını çevrəsindəkilərdən gizlədə bilməyərək, deyir: “Aman Allah, o necə də gözəldir! 54 yaşda da belə gözəl görünmək olar!? Xoş sima, uzun saçlar, dəbli geyim... Mən istəyirəm ki, Argentinanın Prezidenti məhz o olsun!”

“El ağzı - fal ağzı” deyiblər. Seçkiqabağı mitinqdə xanım Kirşnerə çətinliklə yaxınlaşa bilən həmin gənc ona mütəvazi bir gül dəstəsi uzadır, qarşılığında ...həmişə ümumi auditoriyaya ünvanladığını gördüyü (və yalnız ekrandan seyr edə bildiyi), bu dəfə isə ona, yalnız ona ünvanlanmış cazibədar bir təbəssüm alır. Bu hadisə gənc satıcının həyatının ən xoşbəxt anı olur... Sevinc, məmnunluq və həyəcan qarışıq hisslərin təzahüründən yaranmış göz yaşlarını saxlaya bilməyən argentinalı gənc qəhərlənmiş səsi ilə ancaq bu sözləri deyə bilir: “Çox sağ olun, xanım. Bütün ümidlərim Sizədir!”
Bu, yüz minlərlə sadə insanın, Argentina seçicisinin bir gəncin dili ilə ifadə olunmuş arzusu idi... Doğrudan da, Kristina Elizabet Fernandes Kirşner (Cristina Elisabet Fernandez de Kirchner) təkcə bu gəncin deyil, argentinalıların kifayət qədər böyük hissəsinin pərəstiş etdiyi qadın siyasətçi, LİDERDİR!

Kristina Kirşner Argentinanın ilk seçilmiş qadın Prezidenti, əfsanəvi İzabel Martinez de Perondan sonra isə ikinci qadın Prezidentdir. O, 2009-cu ildə “Forbes” jurnalı tərəfindən dünyanın “100 ən güclü qadın”ı siyahısında o, 11-ci yerdə dururdu.
Kristina Kirşner Prezident seçilməzdən öncə Argentinanın birinci xanımı və senator olaraq ölkənin siyasi həyatında uzun illər aktiv rol oynamışdı. O, Argentinanın keçmiş Prezidenti Nestor Kirşnerin həyat yoldaşı idi. Hələ birinci xanım olan zamanlar onun reytinqi ölkə başçısının reytinqindən... ən münasib ifadə ilə desək, aşağı deyildi.

Çox zaman təkamülündə ciddi tarixi proseslər, təlatümlər yaşayan millət bu tarixi unutmur, onu yaddaşına birdəfəlik həkk edir. Xalqın birliyinə nail olma təcrübəsi tarixi modelə çevrilir. Argentinada belə təcrübə sabiq prezident Peron və onun ilk həyat yoldaşı Evitanın adı ilə bağlıdır. Evita dünyasını erkən dəyişdi, hərbçilər tərəfindən devrilən Peron isə Argentinadan qaçmaq məcburiyyətində qaldı. Lakin çətin sınaqlar dövründə güclü Prezident və onun xeyirxah xanımının rəhbərliyi altında xalqın birləşməsi haqqında xatirələr dildən-dilə düşərək, əfsanəyə çevrildi. Həmin hadisələri əks etdirən neçə kitab yazıldı, onların əsasında Endryu Lloyd Uebber çox ünlü müziklini yaratdı, daha sonralar isə həmin motivlər əsasında kinofilm çəkildi.
Nadir hadisədir ki, 1973-cü ildə sürgündən qayıdan Peron ikinci həyat yoldaşı İzabella Martinesi də özünün vitse-prezidenti və davamçısı elan etdi. Onun ölümündən sonra İzabella Prezident oldu.

Xalq üçün rəhbərlər və onların ailələri haqqında əhvalatlar həmişə maraqlı olub və bəlli olduğu kimi, müəyyən vaxt kəsiyindən sonra həmin əhvalatlar mifə çevrilir. Peron və Evitanın uğurlu təcrübəsinin şahidi olan argentinalılar da həmin tarixin təkrarlanması arzusuna sahib idilər. Onlar öz xanım prezidentlərinə böyük ümidlər bəsləyirlər. Kristina Fernandes Kirşner, özündən öncəki tarixin gözəl anlarını, bir çox hallarda faciələrə ürcah olan işıqlı istəkləri, barışçı, demokratik, rəvan həyat tərzini şəkilləndirməklə, gerçəkləşdirməklə yükümlüdür! O, özündən sonrakı nəslə yarıda qırılmış yol, ölüm gətirmiş diləklər qoymaq istəmir. O, Argentinanı acı göz yaşlarına deyil, sevinc yaşlarına boğulan ölkə kimi görmək istəyir. Və... artıq arxada qalmış Kirşnerli Argentina ictimai-siyasi həyatı göstərdi ki, o, bunu istəməklə yetinmir, o, bunun üçün əlindən gələni edir!

Yenə qayıdaq uzaq 1953-cü ilin soyuq 19 fevral gününə. Qayıdaq, Buenos-Ayres əyalətinə, La-Plataya. Həmin gün, orada – ispan kökənli avtobus sürücüsü Eduardo Fernandesin və alman kökənli evdar qadın Ofeliya Ester Vilhelmin ailəsində bir qız dünyaya gəlir. Bu, o zamanlar idi ki, Argentinanın əfsanəvi birinci xanımı, ictimai-siyasi xadim, Argentinalıların böyük sevgi ilə Evita adlandırdıqları Eva Peron cəmi bir neçə ay əvvəl dünyadan köçmüşdü. Valideynləri heç ağıllarına belə gətirə bilməzdilər ki, illər keçəcək, Kristina adı verdikləri bu balaca qız əvvəlcə Argentinanın birinci xanımı, sonra isə ölkənin birinci şəxsi olacaq...

Onun atası radikal Vətəndaş Birliyinin, anası isə Peronist Partiyasının üzvü idi. Məhz bu iki qüvvə Argentinada təqribən 20 il hakimiyyətdə oldu.
Kristina başa düşürdü ki, malik olduğu bütün yaxşı cəhətləri ona valideynlərindən irsən keçib. Anası pərəstişkarı olduğu Evitanın şəkillərini saxlayırdı. Kristinanın sözlərinə görə, bu şəkillərdə o, bir ilahəyə bənzəyirdi. Həmin dövrdə, demək olar, hər bir argentinalı ana öz qızının bu heyrətamiz qadına oxşamasını istəyirdi. Kristina özünü bu əfsanəvi xanıma başqa cəhətdən bənzətdi: səliqə ilə yığılmış saçları və gənc inqilabçılara xas jestlə - yumruğunu havaya qaldırmış ciddi qadın obrazı ilə...

Kristina Fernandes siyası karyerasına çox gənc yaşlarında başlamışdı. O, XX yüzilliyin yetmişinci illərində Sosial Ədalət Partiyasının Peronist (Keçmiş Prezident Xuan Peronun adı ilə bağlıdır) Gənclər Hərəkatına qoşulmuşdu. Kristinanın bütün ümidləri “Eva Peron adına Antiimperialist Cəbhə”yə idi. Onun fitrətində də bir Eva Peronluq vardı...
Kristina təhsil almağa La Plata Milli Universitetinin psixologiya fakültəsində başlamış, ardınca hüquq fakültəsinə qəbul olunmuşdu. 1970-ci illərin ortalarında, tələbəlik illərində o, Nestor Kirşnerlə tanış oldu. O zaman onların hər ikisi Gənclərin Peronist Təşkilatının fəal üzvləri idi.
Hələ o illərdən başlayaraq Kristina xarici görünüşünə xüsusi diqqət verən, gözəl və ağıllı qadın timsalına çevrilmişdi. İllər sonra Kristina onun həyatına həsr olunmuş ”Şahzadə Kristina” kitabının yazarı Olqa Vornaya xatirələrini danışarkən “Cazibədar bir qadın, həm də ağıllı olduğunu isbat etməlidir. Bu, məni əsəbiləşdirir” - deyirdi. Vorna onu “savadlı, güclü, təmiz qəlbli, bəzən təkəbbürlü, şöhrətpərəst, çılğın bir insan, bununla bərabər səxavətli, sadiq, etibarlı yoldaş” kimi səciyyələndirirdi.

22 yaşlı Fernandesin gələcək həyat yoldaşı ilə tanış olduğu zamanlar Nestor Kirşnerin siyasi imici o qədər də müvəffəqiyyətli deyildi. Kristina onu təhsil almağa məcbur edir, ona pozitiv mühit yaratmağa çalışır: kafeyə, gitaraya meylini azaltmağa, əvəzində ədəbiyyata maraq oyatmağa çalışırdı. Beləliklə, qarşısına məqsəd qoyan ambisiyalı qadın kimi, Kristina Nestorun bir şəxsiyyət kimi formalaşmasına yardımçı oldu.
Yarım ildən sonra onlar evləndilər. Bu, 1976-cı il dövlət çevrilişi ərəfəsinə təsadüf edirdi.

1976-cı ildə Argentinada hakimiyyəti ələ keçirən hərbçilər repressiyaya başladılar. Bu zaman Kirşner cütlüyü paytaxtdan uzaqlaşıb, doğma əyalətləri Santa-Kruza yerləşdi. Burada onların oğlu Maksimo və qızları Florensiya dünyaya gəldi.
Kristina və Nestor Kirşnerlər Rio-Qalleqosda (Santa-Kruz əyalətinin paytaxtı) hüquqşünas kimi fəaliyyət göstərməyə başladılar. Burada onlar hüquqi təcrübəyə və kiçik mülkiyyətə sahib oldular. Siyasətdən uzaqlaşan Kristina siyasətə yenidən məhz burada, səksəninci illərdə qayıtdı. Onların siyasi karyerası 1983-cü ildən başlayaraq, yeddi illik qanlı hərbi diktaturanın ləğvi və demokratiyanın bərqərar olması ilə daha da aktivləşdi. Kristina 1989-cu ildə Santa-Kruz əyalət qanunverici orqanına nümayəndə seçildi.

Maraqlı təbiət, maraqlı bənzətmələr, maraqlı nəticələr...

Rio-Qalleqos, Pataqoniyanın Atlantik okeanı sahillərində ən böyük şəhərlərindən biridir. Bu yerlərə gəzinti təşkil edən turizm agentlikləri vəhşi təbiət həvəskarlarına cənnəti, açıq səma altında təbii zooparkı seyr etməyi vəd edirlər. Qəribə məməlilər və dəniz quşları, dəniz pişikləri koloniyası bu qumlu adalarda toplaşır. Balinalar çoxalmaq üçün adətən bu möcüzəli yerlərə üzüb gəlirlər.

Frak və ağ köynəkli Nestor Kirşnerin, sonralar – Prezident olduğu dövrlərdə “pinqvin” adlandırılması təsadüfi deyildi. Əvvəla, Nestora ərki çatanlar ona zahirən pinqvinlərə bənzədiyini deyirdilər. İkincisi, o, əslən Magellan pinqvinlərinin yuva saldığı, Antarktidadan əlavə, milyonlarla pinqvin koloniyasının məskunlaşdığı ərazidən idi. Onları burada çox sevirlər, argentinalılar üçün “pinqvin” təhqiredici söz deyil, saflıq, sadəlik bildirən ləqəbdir. Amma nə qədər gözəl və maraqlı olsa da, Rio-Qalleqos kiçik bir əyalət şəhəriydi. Burada yalnız məcburiyyət qarşısında daldalanmaq və həyata keçəcəyinə dair hələ heç bir ümid olmayan şöhrətpərəstlik planları qurmaq olardı...

Beləliklə, gənc hüquqşünas Kirşnerlər Rio-Qalleqosda şəxsi vəkil kontoru açırlar. Onlar öz əlçatmaz planlarının həyata keçirilməsi üçün pul qazanmaq qərarına gəlirlər. Nestor əvvəlcə qubernator, sonra isə prezident olacağını bildirdikdə və həyat yoldaşı onun niyyətinin ciddi olduğunu təsdiq etdikdə, dostları onların zarafat etdiyini düşünürdü. Lakin artıq bir il sonra Kirşnerlər şəhərin nəhəng sahibkarlarının işlərini aparır, müəyyən vaxtdan sonra isə Argentinanın güney neftçilərinin Həmkarlar İttifaqını rəsmi şəkildə təmsil edirdilər.

“Pul: mülkiyyət – icarədən gələn gəlir – yüksək mənsəb əldə etmək üçün lazım olan kapital”. – Onlar bu sxem əsasında hərəkət edirdilər. Beləliklə, Nestor Kirşner Rio-Qalleqosun meri, ardınca Santa-Kruz əyalətinin qubernatoru seçilir. Kristina ərinin hər iki seçki kampaniyasında fəal şəkildə iştirak edir, Nestor da öz növbəsində xanımının onun düşünən beyni və birinci məsləhətçisi olduğunu etiraf edir. Kristina özü isə bunun ardınca Santa-Kruz əyalət qanunverici orqanına seçilir. Artıq zaman yetişmişdi və o, müstəqil siyasətçi idi.

Beləcə, ambisiyalı qərarlar verməklə, bir-birlərini dəstəkləməklə Kirşnerlər karyera pillələrində irəliləyirdilər. Bəlkə də öz məramlarını dostlarına açıqlamaqda Kirşnerlərin əsas məqsədi bu yoldan çəkinməyin mümkünsüzlüyünü təsdiq etmək idi. Kristina isə etiraf edir: “Siyasət – nə siyasi fəallıq, nə hobbi, nə də peşə deyil, o, mənim həyat tərzimdir. Nestorla mən eyni əqidədəyik. Siyasət bizim üçün cəmiyyəti dəyişmək vasitəsidir. Əvvəllər biz dünyanı dəyişməyə çalışırdıq, indi isə daha praktik bir şeylə kifayətlənirik: Argentinanı dəyişməklə...”
1993-cü ildə yenidən Santa-Kruz əyalət qanunverici orqanına seçilən Kristina Fernandes 1995-ci ildən Santa-Kruzu Senatda təmsil etməyə başlayır. 1997-ci ildə Nümayəndələr Palatasına seçilən Kristina Fernandes 2001-ci ildə yenidən Senata qayıdır.

Nestor Kirşnerin uğur mələyi


O, həyat yoldaşına bütün siyasi karyerası boyunca dəstək oldu. Nestor Kirşner 2003-cü il prezident seçkilərindəki qələbəsinin böyük hissəsini məhz ona borclu idi. Kristina həyat yoldaşının seçkiqabağı kampaniyasının əsas təşkilatçısı idi. Hadisələrin gedişi onun fitrətində Eva Peronluq olduğunu bir daha üzə çıxarırdı...

2003-cü ilin mayında keçirilən seçkilərin ikinci turunda o zamankı prezident Karlos Menem Nestor Kirşnerlə mübarizədə məğlub oldu və onu yeni prezident kimi təbrik etdi. Maraqlıdır ki, həyat yoldaşı prezident seçilənə qədər Kristina Fernandes Kirşner Nestor Kirşnerlə müqayisədə daha ünlü siyasətçi idi.

Kristina – güclü, azad və xoşsifət qadın! İstər əri prezident olsun, istər özü, o həmişə həyat yoldaşının əsas dəstəkçisi oldu. Xalq, sadə seçici onu azad, komplekslərdən uzaq, ən əsası öz arzularının ifadəçisi kimi görür, ona güvənirdi. Onun müsbət aurası, energetikası o qədər təsirli idi ki, bu, öncə həyat yoldaşının lehinə işlədi, sonra isə özünün prezident seçilməsi ilə nəticələndi.

Birinci xanım kimi gəldiyi Saraydan Birinci şəxs kimi gedəcək...


Həyat yoldaşının prezidentliyi dövründə Kristina Kirşner ölkənin siyasi həyatında fəal şəkildə iştirak edirdi. O, siyasi tədbirlərdə çıxışlar edir və bu davranışı ilə Eva Peronu xatırladırdı. Sonralar bu cür müqayisədən imtina etsə də, bir müsahibəsində xanım Kirşner bildirdi ki, o, özünü Evitanın ictimai xadim kimi obrazına daha çox bənzədir.
Nestor Kirşnerin prezidentliyi dövründə o, sözün həqiqi mənasında hökumətin səyahət edən elçisinə çevrilmişdi.
Nestor Kirşner böyük nüfuz qazanmışdı. Argentinaya rəhbərliyə keçdiyi dövrdə ölkə 2001-ci il böhranından sonra çox ağır maliyyə böhranı yaşayırdı. Onun hakimiyyəti illərində iqtisadiyyatın inkişafı 50%-ə qədər yüksəldi və işsizlik ikiqat azaldı.

2007-ci ildəki Argentina Prezidenti seçkilərində gözlənilirdi ki, Nestor Kirşner yenidən prezidentliyə namizədliyini irəli sürəcək. Çünki onun prezidentlik fəaliyyəti uğurlu keçmişdi və yenidən seçilməsi üçün ciddi bir problem yox idi. Amma Kirşnerlər fərqli bir qərar verərək bəyan etdilər ki, 2007-ci il seçkilərində prezidentliyə namizəd ölkənin birinci xanımı Kristina Kirşner olacaq. Bu dəfə dəstəkləyən Nestor Kirşner, dəstəklənən isə həmişə onu var gücü ilə dəstəkləmiş Kristina Fernandes oldu…
Qərara alındı – həyata keçirildi. Kristinanın növbəsi çatdı...

Kristina Kirşner 2007-ci ilin oktyabr ayında hakimiyyətdə olan Qələbə Cəbhəsi Partiyasından (Front for Victory Party) prezidentliyə namizədliyini irəli sürdü.
O söz verdi ki, həyat yoldaşının siyasətini davam etdirəcək. Bu isə o qədər də çətin deyil, çünki o, həmişə həyat yoldaşının əsas məsləhətçisi olmuşdu. Kristina Kirşnerin seçkiqabağı kampaniyasının “Dəyişikliklərin davamı!” kimi ifadə olunan əsas şüarı argentinalıların xoşuna gəldi. Belə ki, onlar dəyişiklik edilməsini istəyir, lakin siyasi kursun dəyişməsini istəmirdilər. Özünün seçkiqabağı kampaniyasını bacarıqla aparan Kristina seçicilərə bildirdi: “Bizim hər birimizin arzuları var, məqsədimiz onları həyata keçirməkdir”.

“Mübarizə bu gün də var, yarın da...”


2007-ci ildə keçirilən prezident seçkilərində o, rəqibləri Eliza Karrionu (Vətəndaş Koalisiyasından namizəd, 22% səslə) və İqtisadiyyat naziri Roberto Lavaqnanı (16% səslə) geridə qoyaraq, Argentinanın prezidenti seçildi. Səslərin 45.3 %-ni toplayan Kristina Kirşner qələbəsini təmin edib, ölkəsinin 55-ci prezidenti kimi tarixə düşdü.
Dediyimiz kimi, onun fitrətində bir Eva Peronluq vardı... Onu, seçkilərdə daha çox əyalətdən olan işçi siniflər və azgəlirli şəhər əhalisi dəstəkləyirdi.

Hakimiyyətin əsas rəmzlərini – əsa və milli bayrağın rənglərindən ibarət lenti Kristinaya həyat yoldaşı təslim etdi. Keçmiş prezidentin hakimiyyəti öz xanımına təhvil verməsi törənini izləməyə dünyanın müxtəlif yerlərindən yüzlərlə qonaq gəlmişdi. Kristina Kirşner and içərək, Argentinanın ünlü musiqi qrupu ilə birlikdə xalq mahnısını ifa etdi. O, artıq birinci xanım yox, birinci şəxs idi!...

Nestor Krişner: “Həyat yoldaşım ölkəni məndən daha yaxşı idarə edəcək”


Prezident vəzifələrini icra etməyə başlayan kimi o, bir çox çətinliklərlə, o cümlədən inflyasiya, qiymət artımı, həmkarlar ittifaqlarından daha yüksək maaş tələbi, əsas biznes sahələrində özəl yatırımın artırılması, kommunal xidmət dairələrindən xidmətə görə haqların artırılması tələbi, Paris Klubu ilə ödənilməmiş borclarla bağlı sövdələşmə və digər problemlərlə üzləşdi.

Kristinanı əri ilə müqayisədə daha müvazinətli, sabit siyasətçi hesab edirlər. O, Kirşnerin siyasətindən məmnun olmayan insanları partiyaya yenidən cəlb etdi, bəzi qonşularla, eləcə də bəzi xarici investorlarla pozulmuş münasibətləri bərpa etməyi bacardı. Kristina Fernandesin dövründə ABŞ-la münasibətlərin yaxşılaşacağı gözlənilirdi, lakin xanım Kirşner Corc Buşla dostluğu Venesuela rəhbəri Hüqo Çavezlə strateji ittifaqa dəyişdi.

Üstəlik, prezidentliyinin ilk günlərində ABŞ-Argentina münasibətləri ABŞ-ın Prokuror köməkçisinin seçkiyə qeyri-qanuni yardım edilməsi barədə açıqlaması nəticəsində pisləşdi. Bu açıqlama “Maletinazo skandalı” adlandı. “Maletinazo skandalı” Venesuela-ABŞ vətəndaşı olan Quido Antonini Uilsonun 4 avqust 2007-ci ildə çantasından tapılmış 790 min ABŞ dolları ilə bağlı meydana çıxdı. Pulların qaynağı barədə Uilsonun yalan deməsi pulların xanım Kirşnerin seçki kampaniyasına sərf olunacağı barədə şübhələrə, yorumlara yol açdı.

Kristina Fernandes və Venesuela Prezidenti Hüqo Çavez bu açıqlamaları Latın Amerikası ölkələrini ayırmaq üçün ABŞ tərəfindən hazırlanmış sui-qəsd kimi qiymətləndirdilər. Kristina Fernandes dekabrın 17-də ABŞ böyükelçisinin fəaliyyətinə və onun Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüşlərinə qadağalar qoydu. Ancaq yanvarın 31-də xanım Kirşnerin ABŞ-ın Argentinadakı böyükelçisi Örl Antoni Ueynlə görüşü zamanı problem öz həllini tapdı. Böyükelçi bəyanatların ABŞ hökuməti tərəfindən verilmədiyini vurğuladı və bu barədə açıqlama verdi. Xanım Kirşner sübut etdi ki, argentinalılar təkcə futbol meydanında yaxşı oynamırlar, onların siyasət və diplomatiya meydanında da deməyə sözləri var...

26 aprel 2008-ci ildə Folklend müharibəsinin 26-cı ildönümündə Kirşner Argentinanın bu adalarda danılmaz hüququnun olduğunu bir daha açıqladı. Buenos-Ayreslə London arasında münasibətlər Folklend (Malvin) adaları üstündə yenidən kəskinləşdi. Kristina hökuməti neftçiləri “Argentina yataqlarının istismarına cəhd edilməsinə görə” cinayət məsuliyyəti ilə təhdid etdi. Britaniya hökuməti isə Folklend adaları və onun su hövzəsi üzərində suverenliklərinin danılmaz olduğunu bildirərək, bu sularda neft kəşfiyyatının qanuni olduğuna dair öz mövqeyini açıqladı. Amma Kristina Fernandes də fikrindən dönmədi…

Geniş üfüqlərin qadını


Prezident Kristina Kirşner həm də Dünya Qadın Liderləri Şurasının üzvüdür. Bəlli olduğu kimi, Şura keçmiş və hazırkı qadın prezidentlərin, qadın baş nazirlərin uluslararası şəbəkəsidir və onun missiyası ədalətli inkişaf üçün vacib olan bir çox məsələlər üzərində kollektiv iş aparmaq məqsədilə yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaqdır.

29 iyun 2009-cu ildə Konqresə keçirilən seçkilərdə Kristina Fernandesin liderlik etdiyi Qələbə Cəbhəsi Partiyası hər iki palatada nəzərə çarpacaq sayda yerlər itirsə də, partiya yenə də səslərin çoxunu toplayaraq Konqresdə üstünlüyünü qoruyub saxlaya bildi. (Ondan öncə prezident olmuş həyat yoldaşı isə xanım prezidentin ölkə üçün daha yararlı işlər gördüyünü etiraf edir, onun işlərinə, çalışmalarına rəğbətini ifadə edirdi.)

Kristina Kirşner xalqın başını gözəl sözlərlə qatmır. Belə olan halda, təbii ki, Kirşnerlərin uzun müddət hakimiyyətdə qalması mümkün olmaz, olsa da qan-qada ilə müşayiət olunardı. O, belə demək mümkünsə, mənəviyyatla iqtisadiyyatı, gözəl sözlərlə gerçək imkanları birləşdirir, yerli və xarici yatırımçıları Argentina iqtisadiyyatına diqqət yönəltməyə təşviq edir, müsbət nəticələrə nail olur.

Ekspertlər xanım prezidenti komplekssiz lider adlandırırlar. Hələ birinci xanım olduğu dövrdə Kristina bioqrafına “Mənim adım şahzadə adıdır”, - demişdi. Həqiqətən, Argentinada onu təkcə “pinqvin” yox, həm də “şahzadə Kristina” adlandırırlar. İspan Kralının Argentinaya səfəri zamanı onun xanımı Sofiyanı müşayiət edən Kristina jurnalistin ”Şahzadə, Şahzadə!” çağırışına maraqlı reaksiya vermişdi: “Hansı şahzadəni nəzərdə tutursunuz?”

O, məharətlə özünün “şahzadə imici”ni yaradır, jurnalistlərə isə yalnız onunla hesablaşmaq qalır.

Kristina özünə qarşı çox həssas və tələbkar qadındır. Özünə həddindən artıq fikir verir: o, özəl xəfif makiyajını etmədən heç yerə getməz. Aerobika ilə məşğul olmaq onun üçün mütləq vacib işlər sırasındadır. Siyasi rəqibləri prezidentin hər il qarderobuna böyük miqdarda pul sərf etməsinə etirazlarını bildirirlər. Onun ictimaiyyət arasına eyni qiyafədə çıxmadığı hər kəsə bəllidir. O isə bunu ölkənin birinci şəxsinin sadə insanlardan fərqli tərzdə geyinməsinin vacib olması ilə əsaslandırır.

Nəhayət, Nestor və Kristina Kirşnerlərin ailə bağlarının yalnız praqmatikliyə və siyasi məqsədlərə söykənib-söykənməməsi ilə bağlı “axtarış”lar öz “nəticə”sini verdi. Argentina inqilabının ildönümü şərəfinə keçirilən ziyafətdə iştirak edən bir jurnalist Kirşner cütlüyü barədə öz fikirlərini belə yazırdı: “...O, məni valeh etdi. İnanmazdım ki, hakimiyyətdə olan bir qadın belə füsunkar ola bilər. Mənə həmişə elə gəlirdi ki, belə qadınlar öz təravətini tez itirir. Kirşnerlərə baxdıqda onların bir-birini nə qədər sevdiyi aydın görünür. Bu, məni heyran etdi... Onlar dayanıb söhbət edirlər və birdən fərqinə varmadan mexaniki şəkildə bir-birlərinin əlindən tuturlar”. Təbii ki, qarşılıqlı məhəbbət də bu maraqlı cütlüyün uğur əldə etməsi yollarında böyük rol oynayıb.

Problem həmişə tapılır, onu həll edən də...


Amma təbii ki, xanım Prezidentin ölkə xaricində olduğu kimi, daxilində də həll edilməsi vacib olan problemləri az deyil. Çünki həm arzular tükənmir, həm də hər problemin həlli yeni problemlə müşayiət olunur. Başqa sözlə, hər zaman həllini gözləyən problemlər var. Yaxşı ki, xanım Prezident işi problemə çevirən yox, problemi işə çevirən dövlət başçısıdır. Qeyd etmək lazımdır ki, Argentina müxalifəti prezidentin hər hansı bir uğursuzluğunu, bəzi problemlərin həlli istiqamətində lazımlı və vaxtında addımlar atılmamasını, korrupsiya və. s. halların çox olduğunu iddia edərək, onun istefasını tələb edir. (Müxalifətdən olan deputat və 2011-ci il seçkilərində gözlənilən namizəd Eliza Carrio 2009-cu ilin iyul ayında açıqlanan maliyyə hesabatında Kirşnerlər ailəsinin mülkiyyətinin 2003-cü ildən bəri yeddi dəfə artdığını əsas gətirərək, prezidentin məhkəməyə cəlb olunmasını tələb etmişdi.)

Müxalifət həmçinin Fernandesin KİV qanununa etdiyi dəyişiklikləri, hökuməti tənqid edən medianın səsini boğmaq üçün vasitə kimi qiymətləndirdi. Ümumiyyətlə isə Kirşnerlərin yerli KİV-lə münasibətləri həmişə qeyri-sabit olmuşdur. Nestor Kİşner kimi Kristina Kişner də prezidentliyi dövründə jurnalistlərə çox nadir hallarda müsahibələr verir. Kristina Fernandes isə onun fəaliyyətini tənqid edənlərə “bu, siyasətin qaydalarıdır, müxalifət həmişə iqtidarı tənqid edəcək” deyərək öz işini davam etdirir və Argentinanın inkişafı üçün əlindən gələni etməyə çalışır və əldə etdiyi uğurlar da az deyil...

***

...2010-cu ilin 28 oktyabrında Kristina Kirşnerin həyatında ən ağır günlərdən biri idi. O, onu böyük məhəbbətlə sevən , hörmət edən və həmişə arxasında dayanan həyat yoldaşını, ən yaxın dostu və silahdaşını Nestor Kirşneri itirdi. Qəfil ürək tutmasından vəfat edən 60 yaşlı Nestor Kirşnerin itkisi Kristina üçün nə qədər ağrılı olsa da o, yaşamalı, çalışmalı, Argentina üçün yoluna davam etməli idi… Və o, məhz belə də edir. Adını ölkəsinin və dünyanın tarixinə yazmağı bacarmış Kristina Fernandes yenə də minlərlə Argentinalının sevimli “şahzadə”sidir.

Mənbə: Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsindən
 

0 şərh