İren Jolio Küri

O, iki Nobel mükafatçısının ailəsində dünyaya göz açmışdı. Amma TARİXƏ öz adını yazdı. Elmi nailiyyətləri, misilsiz kəşfləri ilə...
O, həyat yoldaşı ilə birlikdə elmdə inqilab etdi. “Süni radioaktivlik” adlanan mühüm kəşf məhz onlara məxsusdur.
Onun həyat yoldaşı ilə birlikdə tədqiqatları alimlərə atom nüvəsini parçalayıb atom enerjisi almağın yolunu göstərdi.
O, hələ 1947-ci ildə, əcnəbi olmasına baxmayaraq, SSRİ Elmlər Akademiyasının xarici nümayəndəsi seçilmişdi!
O, Belçika Kral Akademiyasının, Hindistan Elmlər Akademiyasının diplomlarına layiq görülmüşdü.
O, Edinburq, Oslo və başqa Universitetlərin fəxri doktoru adlarına layiq görülmüşdü.
1940-cı ildə mühüm elmi xidmətlərinə görə Kolumbiya Universiteti tərəfindən ona Barnard qızıl medalı təqdim olunub.
O, qadınların hüquqlarının qorunması və onların layiq olduqları yeri tutması işinin fəal mübarizlərindən idi.
O, Fransanın Fəxri legion ordenli kavaleri idi.

Bu qadın Nobel mükafatı laureatları, dünyaca məşhur alimlər Mariya Skladovskaya Küri və Pyer Kürinin böyük qızı, Nobel mükafatı laureatı, böyük alim Frederik Jolionun həyat yoldaşı və Nobel mükafatı laureatı İren Jolio Küridir!
Mariya və İren Kürilər - ana və qız! Hər ikisi Nobel mükafatı laureatı! Fizika və kimya üzrə ilk qadın Nobel mükafatı laureatı olan Mariya Küridən sonra kimya üzrə 2-ci Nobel mükafatını məhz qızı İren Küri aldı. Ümumiyyətlə, Kürilər ailəsi ən çox Nobel mükafatı qazanmış ailə kimi adlarını tarixə yazıblar. Nobel tarixində bu qədər məşhur ikinci ailə hələlik yoxdur. Nə az, nə çox - bu ailənin düz 5 üzvü Nobel mükafatı laureatıdır!
Dünya şöhrətli alimlər Pyer və Mariya Kürilərin ilk övladı olan İren 1897-ci il 12 sentyabrda Parisdə dünyaya gəlib. Qızlarının dünyaya gəlməsi Küri ailəsi üçün əsl bayram olur. Sevincləri o həddə çatmışdı ki, hətta müəyyən müddət işləri arxa plana keçmişdi. Xatirələrdən oxuyuruq ki, onlar qızlarına çox böyük qayğı ilə, nəvazişlə yanaşırdılar. Pyer Küri yaşıdlarından əqli cəhətdən daha tez inkişaf edən, yaşına görə qeyri-adi öyrənmək həvəsi nümayiş etdirən balaca qızına çox vaxt ayırırdı. Mariya Küri yazırdı: “Bizim böyük qızımız böyüyə-böyüyə atasının kiçik dostuna çevrilirdi. O da öz növbəsində qızının tərbiyəsi ilə məşğul olur və boş vaxtlarında, xüsusilə tətil günlərində qızı ilə həvəslə gəzintiyə çıxırdı. Atası İrenlə ciddi söhbətlər edir, suallarına cavab verir və təfəkkürünün erkən inkişafına sevinirdi.”

Pyer və Mariya ailədə xoşbəxt, gərgin elmi işlərdə isə qalib idilər. Sanki zaman Kürilərin xeyrinə işləyirdi. İren hələ çox körpə idi, amma bütün dünya bu məşhur ailədən, Nobel mükafatı almış ilk qadından - Mariya Küridən və Nobel mükafatlı Pyer Küridən danışırdı. Mariya Küri radiumu kəşf edəndə İrenin cəmi bir yaşı var idi. O zaman kimin ağlına gələrdi ki, bu balaca qızcığaz böyüyüb anası kimi dünyanın ən məşhur alimlərindən biri, Nobel mükafatı laureatı olacaq və ELMə gətirdiyi böyük və misilsiz kəşfləri, xidmətləri ilə adını dünya TARİXinə əbədiyyən yazacaq!

İren, həqiqətən, çox xoşbəxt idi. Dünyanın ən maraqlı və diqqət mərkəzində dayanmış bir ailəsində böyüyən bu qız necə bəxtəvər olmaya bilərdi?! 1848-ci il fransız inqilabçılarına dəstək olan, 1871-ci ildə isə Paris kommunasına köməklik göstərmiş ata tərəfdən babası Ejen Küri hələ İren çox kiçik olduğu zaman onlara köçmüşdü. Anası laboratoriyada çox məşğul olduğundan İren vaxtının çox hissəsini zəngin mənəviyyata və siyasi dünyagörüşə malik babası ilə keçirirdi. Ejen Küri ixtisasca həkim idi. O, liberal sosialist olmaqla bərabər, həm də antiklerikalist (din və ruhaniliyin nüfuzuna qarşı çıxan) idi. Babası İrenin siyasi baxışlarının formalaşmasına dərin təsir göstərməklə yanaşı, onda siyasi məsələlərə böyük maraq və cəmiyyətə bağlılıq yaratmışdı.

İren Kürinin bacısı, jurnalist və yazar olan Yeva Küri anası Mariya Küri haqqında məşhur kitabında yazır ki, anasının və Ejen Kürinin təsiri İrenə mənəvi tarazlıq, nikbinlik, antiklerikalizm, zorakılığa nifrət kimi hislər aşıladı. Babasının hələ uşaqlıq illərində onda siyasətə qarşı oyatdığı dərin maraq İreni ömrünün sonuna kimi tərk etmədi və o, həmişə ictimai işlərdə də ön sıralarda addımladı.
İren Küri 9 yaşında anasının, məşhur fiziklər Polem Lanjeven və Jan Perren də aralarında olmaqla, bir neçə həmkarı ilə birlikdə yaratdığı kooperativ məktəbdə məşğələlərə başladı. Özü də daxil olmaqla, Mariya Kürinin məşhur alim həmkarları həmin məktəbdə dərs deyirdilər.

Adi məktəblərdə olduğu kimi, burada yalnız təbiət elmləri tədris olunmur, şagirdlərə həm də fiziki cihazlarla davranma vərdişləri aşılanır, onlar kimyəvi reaktivlərlə tanış edilir və müxtəlif kimyəvi təcrübələrdə iştirak etməyə cəlb olunurdular. Beləliklə, şagirdlər Sorbonna Fizika və Kimya Məktəbinin laboratoriyalarında olduğu kimi, vaxtlarını daima elmi iş şəraitində keçirirdilər.
İren Kürinin 10 yaşı olan zaman atası, dünyaca məşhur alim, Nobel mükafatı laureatı Pyer Küri yol qəzası nəticəsində dünyasını dəyişdi. Atasının itkisi İrenin həyatında çox kədərli bir iz buraxdı. Uzun müddət atasının yoxluğu ilə barışa bilmədi. Amma o, Kürilərin qızı idi və həyata möhkəm sarılaraq, onu böyük ELMİ kəşflərə doğru aparan yolla irəliləməyə başladı.

İren, sonralar bacısı Yeva da anaları ilə birlikdə elmi konqreslərin keçirildiyi müxtəlif ölkələrdə oldular. 1911-ci ildə on dörd yaşlı İren anası ilə Stokholma getdi və Mari Küriyə ikinci Nobel mükafatının təntənəli təqdimat mərasimində iştirak etdi. O zaman Mari Kürinin ağlına belə gəlməzdi ki, iyirmi ildən sonra Stokholm Konservatoriyasının həmin bu zalında Nobel mükafatı məhz onun qızına veriləcək!
1913-cü ildə İren anası ilə birlikdə Fransada səyahətə çıxmışdı. Onlara oğlu ilə birlikdə Albert Eynşteyn qoşuldu. Albert Eynşteynlə Mariya Küri elmi söhbətlər edirdilər. İren bu söhbətləri diqqətlə dinləyirdi. Təəssüf ki, həmin söhbətlərin məzmunu olduğu kimi saxlanmayıb. Lakin İrenin rəfiqəsi fizik Ejen Kottonun sözlərinə görə, “dahi Eynşteyn az bir zamanda İrenin elmi istedadının fərqinə varmış və onunla dostlaşmışdı. Bu böyük dostluğa o heç vaxt xəyanət etməmişdi”. Halbuki bu dostluğun təməli qoyulanda İrenin cəmi on altı yaşı vardı.

İren Sevine kollecinin 1-ci Dünya müharibəsi ərəfəsində bitirir və təhsilini Parisin məşhur Sorbon Universitetində davam etdirir.
1914-cü ilin yazında Mariya Küri Lamanş sahillərində, Bretanda İren və Yevanın istirahət etməsi üçün bağ kirayələyir. Avqust ayında o qızlarının yanına getməli idi - çalışdığı Sarbonna Universitetində dərs ili avqustun 1-i başa çatırdı, bundan əlavə, o, Radium İnstitutunun inşasına nəzarət etməli idi. Lakin müharibə onun planlarını pozdu. Vəziyyəti ölçüb-biçən Mariya Küri Bretana getməmək, müəyyən müddət Parisdə qalmaq qərarına gəlir. O, qızlarına yazırdı: “Əzizim İren, mən sizi yanıma (Parisə) gətirməyi çox istərdim, amma indi bu mümkün deyil. Bir az səbr edin. Almanlar Belçikadadır. Bu kiçik, cəsur ölkə almanları oradan maneəsiz buraxmağa razılaşmadı. Fransızların hamısı bir nəfər kimi mübarizənin sərt, lakin qısamüddətli olacağına qəti şəkildə əmindir. Polşa torpaqları almanların əlindədir. Onlardan sonra orada nə qalacaq? Mən öz doğmalarım haqqında heç nə bilmirəm”.

Marne yaxınlığında şiddətli döyüşlərin getdiyi və Paris üzərində təhlükə hökm sürdüyü zaman Mariya Küri laboratoriyada saxlanan radiumun almanların əlinə keçməməsi üçün onu təhlükəsiz bir yerə - Bordoya aparmaq qərarına gəlir. Parisdən Fransanın cənubuna köçürülən qaçqınlarla dolu qatarda o, özünün yığcam torbası ilə əyləşmişdi. Sadə əşyalarla üstü örtülmüş ağır qutuda içərisində radium olan kiçik sınaq şüşələri yerləşdirilmişdi. Bordo mehmanxanasında yer olmayacağı isə şübhəsiz idi. Təsadüfi vaqon yoldaşı Mariya Küriyə şəxsi evdə otaq kirayələməyə yardım edir. Ertəsi gün o, dəyəri milyon frank olan radiumla dolu qutunu banklardan birinin seyfinə yerləşdirir. Radiumu etibarlı yerdə gizlətdikdən sonra Mariya Küri əsgərlərlə dolu hərbi qatarda Parisə qayıdır.

Parisin faşistlər tərəfindən mühasirəyə alınacağı İkinci Dünya müharibəsi illərində Frederik Jolio-Küri Mari Kürinin etdiyi qəhrəmanlığı təkrar edəcək, lakin onun işi daha çətin olacaqdı. O, alman qəsbkarlarından ağır su ehtiyatını saxlayacaq və onu gələcəkdə Paris yaxınlığında Şatiyonda əməkdaşları ilə birlikdə quracağı nüvə reaktoru üçün mühafizə edəcəkdi.
Birinci Dünya müharibəsi illərində isə İren Bretandan anasının yanına qayıda bildi. Radium İnstitutu yaradıldı, lakin laboratoriyalar boş idi, çünki cihazlar hələ quraşdırılmamışdı. Əməkdaşlar hərbi xidmətə çağırılmış, Parisi tərk etmişdilər. Mariya Küri İrenlə birlikdə cihazları yeni binaya daşıyır və onları laboratoriyada quraşdırır. Ancaq onlar işlərini yarıda saxlamalı olurlar.

Müharibə Mariya Kürinin qarşısına yeni vəzifələr qoydu. Minlərlə yaralı fransız əsgər və zabitlərinə xidmət göstərmək üçün cəbhədə hərəkətli rentgen aparatlarına ehtiyac var idi. Mari Küri o dövr üçün yeni olan bu işin təşkilini öz üzərinə götürdü. O, İrenə rentgen texniki peşəsini öyrətdi və onlar aparatları ilə birlikdə sahə hospitallarına getməyə başladılar.
Müharibə İrenin Universiteti bitirməsini ləngitdi. Lakin orduda xidmət etmək onun xoşuna gəlmişdi və o, bütün gücü ilə yaralıların xilas edilməsinə çalışırdı. İren bacısı ilə birlikdə fransız qadınlarının məhsul yığdığı əkin sahələrində də işləməli olur. Şəhərli qadınlar cəbhəyə göndərilmiş kəndliləri əvəz edirdilər.

Nəhayət, müharibə başa çatdı. Mari Küri Radium İnstitutunda tədqiqatlarını davam etdirmək imkanı əldə etdi. Onun iş yoldaşları öz iş yerlərinə qayıtdı. 21 yaşlı İren Universitetdə təhsilini davam etdirdi.
Anası haqqında kitabında Yeva Küri İren barədə belə yazırdı: “...sakit, təmkinli idi, istəyində bir an belə tərəddüd etmirdi”. O, fizik olmağı qərarlaşdırmışdı, istəyirdisə, deməli, mütləq radiumu öyrənəcəkdi. İren Küri Pyer və Mariya Kürinin yoluna çox sadə və təbii şəkildə başladı. O, anasının sanballı adının ağırlığını üzərində hiss etmir və özünə anasının yerini tutub-tutmayacağı barədə sual vermirdi. Elmə olan təbii həvəsi, istedadı onda yalnız bir istək oyadır: gözləri qarşısında qurulan və 1918-ci ildən “müvəqqəti laborant” kimi fəaliyyət göstərdiyi laboratoriyada bütün həyatı boyu işləmək.

Ejen Kotton memuarlarında bu dövr barədə yazırdı: “Direktorla qohumluq əlaqəsində olan laboratoriya işçisinin işi bir qədər çətin olur. Lakin İren hər bir işi o qədər sadəliklə edirdi ki, bu səpkili problemlər ona yad idi. Bir dəfə o dedi: “Məni anamın əldə etdiyi müvəffəqiyyəti qazanıb-qazanmayacağım qətiyyən düşündürmür. Mən onların xətrinə elmi axtarışlar etməyi sevirəm. Bir sıra əhəmiyyətsiz təcrübələr var ki, onlar mənə şöhrət vəd edən təcrübələrdən daha çox zövq verir”. Bu, ana ilə qızın həyatında xoşbəxt günlər idi... Onlar xaraktercə fərqli idilər. İren daha yumşaq, Mariya isə bir qədər mürəkkəb xasiyyətli idi. Lakin aralarında baş verən mübahisələr belə onların bir-birlərinə qarşı dərin hislərini və qarşılıqlı hörmətini daha da möhkəmləndirirdi”.
Mariya Kürinin yaratdığı və başçısı olduğu laboratoriyada çoxlu davamçıları var idi və tezliklə ən istedadlı iki tələbəsi - qızı İren və onun həyat yoldaşı Frederik nəinki radioaktivlik sahəsindəki işləri ilə, hətta daha qabağa gedərək, radioaktiv proseslərə müdaxilə etmək bacarığı ilə fərqlənirdi. Onlar təbiətdə mövcud olmayan süni radioaktiv maddələr - kimyəvi elementlərin radioaktiv izotoplarını kəşf etdilər. Bu maddələr də görünməyən şüalar buraxırdı. Beləliklə, süni radioaktivliyi də məhz Kürilər ailəsi kəşf etdi və ailə üçüncü Nobel laureatının sahibi oldu! Bu, bir az sonralar olacaqdı…

1920-ci ildə Sorbon Universitetinin tələbəsi İren Küri və kiçik qızı Yeva Birləşmiş Ştatlara qalib kimi səfərə gedən analarını müşayiət etdilər. Mari Küri ona təntənəli şəkildə təqdim olunacaq 1 qramlıq radiumu almaq üçün dəvət edilmişdi. Bu səfər zamanı onlar bir sıra universitet və elmi-tədqiqat mərkəzlərini ziyarət etdilər. Səyahət Sorbon Universitetinin tələbəsinə bir sıra alimlərlə və doğma Radium İnstitutundan daha yaxşı təchiz edilmiş laboratoriyalarla tanış olmaq imkanı yaratdı.
Mari Küri sayılıb-seçilən Amerika alimləri ilə görüşdü, sadə amerikalılar isə tanınmış radioaktivlik tədqiqatçısı ilə görüşə can atırdılar. Amerika universitetlərində ona fəxri elmi titullar təqdim olundu. O da öz növbəsində radioaktivlik barədə məruzələr etdi, o dövrün məşhur ictimai xadimləri, yazıçılar, rəssamlar və Amerika mədəniyyətinin digər nümayəndələri ilə görüşdü. Bu hadisədən bir neçə il sonra İren “Mari Küri mənim anamdır” məqaləsində yazırdı ki, anası heç zaman kübar tanışlarla, nüfuzlu adamlarla münasibət yaratmağa çalışmırdı. “...o öz yerini yaxşı bilirdi və titullu insanlarla, nazirlərlə görüşlərdən heç bir zövq almırdı. Mənə elə gəlir ki, o, Rumıniya Şahzadəsinə təqdim olunmasından daha ziyadə Redyard Kiplinqlə tanışlığından məmnuniyyət duymuşdu”.

İren Mari Kürinin yalnız Albert Eynşteynlə müqayisə oluna biləcək şöhrətinə şahid oldu. Lakin o görürdü ki, anası şöhrətə tamamilə laqeyddir. Mariya həmişə deyirdi ki, alimin şəxsiyyəti heç bir şey ifadə etmir, əsas olan onun kəşfləridir. Sonralar İren Jolio-Küri özü də dünyada məşhur olduğu zamanlar sadəliyini qoruyub saxladı.
İren xeyli dəyişmişdi. Valideynlərindən keçmə elmi düşüncələr onu da öz ağuşuna almışdı. Bu səbəbdən də o, 1921-ci ildən müstəqil tədqiqatlar aparmağa başlayır. Onun ilk təcrübələri valideynləri tərəfindən 20 il əvvəl kəşf edilmiş radioaktiv polonium elementinin öyrənilməsi ilə bağlı olur. Radiasiyanın əmələ gəlməsi atomun parçalanması ilə bağlı olduğundan onun öyrənilməsi İrendə atomun strukturunun aydınlaşdırılmasına ümid yaratdı! İren Küri polonium atomlarının parçalanması zamanı, bir qayda olaraq, olduqca böyük sürətlə tullanan alfa-zərrəciklər halında müşahidə olunan dəyişməni (flukturasiyanı) öyrənirdi. 2 proton və 2 neytrondan ibarət olan və buna görə də helium nüvəsini yaradan alfa-zərrəciklərin atom strukturlarının öyrənilməsi materialı olduğunu ilk dəfə ingilis fiziki Ernest Rezerford göstərmişdi. 1925-ci ildə bu zərrəciklərin tədqiq edilməsinə görə İren Küriyə doktorluq dərəcəsi verilir.

Müdafiədən sonra da o, təbii radioaktiv elementləri, xüsusilə poloniumu araşdırmağa davam etdi, bu da onun bir neçə ilini aldı. Öz tədqiqatlarının yekunlarını İren 1946-cı ildə Parisdə, 1956-cı ildə Varşavada (polyak dilində) çap edilən “Təbii radioaktiv elementlər” monoqrafiyasında şərh etdi. İrenin işləri Mariya Kürinin həmişə diqqət mərkəzində idi və onlar bu işləri çox zaman birlikdə müzakirə edirdilər. Radium İnstitutunu ziyarət edən akademik A.F.İoffe xatirələrində yazırdı: “Qızı İrenin və Frederikin işlərini nümayiş etdirən madam Küri çalışırdı ki, onların fəaliyyətinə verilən yüksək qiymət kənardan obyektiv şəkildə müzakirə edilsin. O, yəqin ki, bu qiymətləndirməni yoxlamaq istəyirdi. Artıq o zamanlar İrenin gələcək həyat yoldaşı Frederik Jolio institutda qeyri-adi talantına görə fərqlənirdi”.
A.F.İoffe qeyd edirdi ki, İrenin həyat yoldaşı Frederiklə birgə kəşf etdikləri süni radioaktivlik hadisəsi, onların digər nailiyyətləri kimi, elm tarixində həmişəlik qalacaq! Akademik, həm də bu ailənin bütün üzvlərinə xas olan mənəvi keyfiyyətlər barədə də yazırdı: “İren Kürini xüsusilə fərqləndirən onun dürüstlüyü idi. Dilə gətirdiyi hər bir söz onun nə düşündüyündən xəbər verirdi. Bəzən bu, onun həmsöhbətlərini utandırırdı. Belə vəziyyət, xüsusilə onun Xalq Cəbhəsi dövründə elm və maarif bölməsinə rəhbərlik etdiyi dövrdə daha çox baş verirdi. İşi ilə bağlı görüşdüyü hər bir adam hörmətə layiq deyildi və belə insanlar onun dilindən düşündüyünü eşidirdilər”.
1926-cı ildə İren Frederik Jolio ilə ailə həyatı qurdu. İki talantlı alimin adları və taleləri birləşdi.

Ejen Kotton yazırdı: “İlk baxışda elə görünürdü ki, yeni evlilərin xasiyyəti tutmur. Frederik coşqun və inadkar, İren isə daha təmkinli və tədbirli idi... Ancaq onların elmə, idmana, ailə həyatına ortaq münasibətləri vardı. Senar meşəsində gəzərkən onlar piyada gəzintidən xoşlandıqlarının fərqinə vardılar. Dəniz sahilində sevinc içərisində kəşf etdilər ki, hər ikisi əla üzür və avar çəkir, dağda isə məlum oldu ki, onlar eynilə xizək sürməyi də xoşlayırlar. Bəzən də bir-birlərini qıcıqlandırırdılar. İren rəfiqələrinə deyirdi: “Elə ərlər var ki, öz həyat yoldaşının şəklini üstündə gəzdirir. Freddən çantasındakı şəkli göstərməsini xahiş edin”. Bu, İrenin şəkli deyil, Frederikin tutduğu durnabalığının şəkli idi”.
Bruno Pontekorvonun yazdığına görə, “Jolio-Küri ailəsi, İren və Frederikin müxtəlif xasiyyətli olmalarına rəğmən, mehriban, istiqanlı və son dərəcə sadə idi. İren utancaq, azdanışan, Frederik isə danışdığı müxtəlif hekayələri dinləməyə vadar edən tipik fransız idi. Yadıma belə bir səhnə düşür: Jolionun laboratoriyada keçirdiyi seminarlardan birində ərinin siqaret çəkməsindən narahat olan İren onun yanında əyləşmişdi. İren bir neçə dəfə çəkdiyi siqareti onun ağzından alaraq yerə atır. Frederik isə soyuqqanlılıqla yenisini yandırır. Bu, Frederikin yerini dəyişməsinə qədər beləcə davam edir”.

Ailə ənənəsinin layiqli davamçısı

Tədqiqatları davam etdirərək Jolio-Küri ailəsi özlərinin ən mühüm kəşflərinə gəlib çatdılar. Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər. Detektorun dəliyini nazik qatlı alüminium folqa ilə örtməklə onlar alfa-zərrəciklərlə alüminium və bor nümunələrini şüalandırırdılar. Pozitronların alınmasının alfa-zərrəciklərin polonium mənbəyinin ləğv edilməsindən sonra bir neçə dəqiqə də davam etməsi onların özlərinin də təəccübünə səbəb olmuşdur. Sonralar Jolio-Küri ailəsi belə bir qənaətə gəldi ki, üzərində analiz aparılan nümunələrdə alüminium və bor hissələri yeni kimyəvi elementlərə çevriliblər. Bundan əlavə, bu yeni elementlər radioaktiv olublar: alfa-zərrəciklərin 2 proton və 2 neytronunu udaraq alüminium radioaktiv fosfora, bor isə azotun radioaktiv izotopuna çevrilib. Qısa müddət ərzində Jolio-Küri ailəsi çoxlu sayda yeni radioaktiv elementlər aldı.
Fransız alimləri İren və Frederik Jolio-Küri gənc yaşlarında dünya şöhrəti qazandılar. “Süni radioaktivlik” adlanan bu maraqlı kəşf məhz onlara məxsusdur. Bu kəşf bütün dünyada təcrübəçi-fiziklərin gərgin iş apardıqları bir dövrdə, otuzuncu illərdə edilib. Məlumdur ki, bu illər insanın atom enerjisi əldə etməsinə real əsaslar yaradan kəşflərlə zəngindir. Başlanğıcı radioaktivliyin kəşfi ilə qoyulan bir sıra eksperimental kəşflər silsiləsi üçün əsas stimul Rezerfordun nüvəni hissələrə ayırması oldu. Yüngül elementlərin nüvəsini asanlıqla ayıran Rezerford həmin nəticəni ağır elementlər üzərində almağa müvəffəq olmadı.

Rezerfordun ala bilmədiyi nəticəni İren və Frederik Jolio-Küri əldə etdi! Onlar süni radioaktivlik effekti almaqla yanaşı, həm də Rezerfordun tələbəsi Ceyms Çadvik tərəfindən yüklənməmiş hissəciklərin – neytronların kəşf olunmasına zəmin yaratdılar. Çünki İren və Federik hələ 30-cu illərdən bu prosesi öyrənirdilər və ciddi nəticələr əldə etmişdilər. Hələ 1930-cu ildə alman fiziki Valter Bote bir sıra yüngül elementlərin (arasında berillium və bor olmaqla) alfa-zərrəciklərlə bombardman edilməsi zamanı güclü radiasiya buraxdığını kəşf etmişdi. Bu kəşfdən sonra meydana çıxan problemlərlə maraqlanan Jolio-Küri ailəsi (onlar özlərini belə adlandırırdılar) alfa-zərrəcikləri almaq üçün xüsusi gücə malik polonium mənbəyi hazırladılar.
Onlar bu üsulla yaranan və daxil olan radiasiyanı müəyyənləşdirmək məqsədilə (Jolio tərəfindən quraşdırılmış) həssas kondensasiya kamerasını tətbiq etdilər. Aşkarlandı ki, berillium və ya bor və detektor arasında hidrogen tərkibli maddənin lövhəciyi yerləşdirilən zaman radiasiyanın müşahidə edilən səviyyəsi demək olar ki, iki dəfə artır. Jolio-Küri ailəsi bu effektin yaranmasını onunla izah edirdilər ki, daxil olan radiasiya hidrogenin ayrı-ayrı atomlarına böyük sürət verməklə, onları dağıdır.

Nə İrenin, nə də Frederikin bu prosesin mahiyyətini başa düşmədiklərinə baxmayaraq, onlar tərəfindən aparılan təfərrüatlı ölçmələr 1932-ci ildə Jeyms Çedvik tərəfindən elektrik baxımından neytral olan atom nüvələrinin əksəriyyətinin tərkib hissəsinin – neytronun kəşf edilməsi üçün yol açdı! Yəni ELMdə inqilabi bir dəyişikliyin əsasını qoydu və yeni bir cığır açdı… Çoxları Çadviklə bərabər Jolio-Küri cütlüyünü son dərəcə mühüm olan bu kəşfin həmmüəllifləri hesab edir!
Beləliklə, yüzlərlə faktdan sadəcə biri göstərdi ki, fizika araşdırmaları yalnız qarşılıqlı əlaqələr, qiymətləndirmələr nəticəsində səmərə verə bilər. Elmin tarixi göstərir ki, mühüm kəşflər özü ilə elmə uzun müddətli ideyalar və tədqiqatlar gətirir. Belə kəşflərdən biri də İren və Frederik Jolio-Kürinin ixtirasıdır ki, buna görə də onlar 1935-ci ildə Nobel mükafatına layiq görüldülər.

1933-cü ildə Brüsseldə bizim əsrin ən məşhur fiziklərinin iştirakı ilə keçirilən Solveyev konqresində Jolio-Kürinin süni radioaktivliyin kəşfi ilə bağlı məruzəsi şübhə ilə qarşılandı. Yalnız böyük düşüncə sahibi və təcrübəçi Rezerford gənc alimləri dəstəklədi. Brüsseldən Kembricə qayıdan Rezerford Parisdəki Radium İnstitutuna məktub yazaraq, onların ixtirasını yüksək qiymətləndirdiyini bildirdi.

1934-cü ilin yazında Mari Kürinin səhhəti kəskin şəkildə pisləşdi. İrenlə Frederik xəstənin yanında çox vaxt keçirirdilər. Mari qızı və kürəkəni ilə təxirəsalınmaz təcrübələr, məqalələrin korrekturaları, İnstitutun gənc əməkdaşları barədə söhbətlər edirdi. Fiziki cəhətdən zəifləmiş, lakin aydın düşünmək qabiliyyətini hələ də itirməmiş Mariya Kürini Sanselmoz sanatoriyasına apardılar. Həkimlər çox səy göstərsələr də, onun həyatını xilas etmək mümkün olmadı. Xəstəxana jurnalındakı lakonik qeyddə deyilirdi: “Madam Küri 1934-cü il 4 iyulda Sanselmoz xəstəxanasında dünyasını dəyişdi. Madam Kürini həyat yoldaşı ilə birlikdə kəşf etdiyi radioaktiv cisimlərlə uzun müddətli təmasın qurbanlarından biri hesab etmək olar”.
Frederik yazırdı ki, Mariya və Pyer Kürilər 1900-cu ildə radioaktiv cisimlərlə kimyəvi reaksiyaları elə aparırdılar ki, sanki adi elementlərlə işləyirdilər. Baxmayaraq ki, hətta sent-ioaximstal uran qatranından alınmış radium duzunun 0,1 qramı ilə iş artıq təhlükəli idi.

Mariya Kürinin vəfatından bir neçə il sonra İren Jolio-Küri Radium İnstitutunun (sonralar Anri Debyern) Küri adına laboratoriyasının direktoru və Sorbon Universitetinin Təbiət Elmləri fakültəsinin professoru olmuşdu. 1935-ci ildə İren Jolio-Kürini Milli Elm Fondunun rəhbəri, bir il sonra isə Elmi-Tədqiqat İşləri üzrə Maarif nazirinin müavini (dövlət katibi) kimi məsul vəzifələrə təyin etdilər.
Ejen Kotton İren haqqında maraqlı bir faktı açıqlayır. Onun qeydlərinə görə, laboratoriyanın direktoru və eyni vaxtda nazir müavini kimi çalışdığı dövrdə çox məşğul olmasına baxmayaraq, İren əlçatmaz deyildi. İren, onu görmək istəyən hər kəslə görüşərdi.

1935-ci ildə İren Jolio Küri və həyat yoldaşı Frederik Jolio birgə “yeni radioaktiv elementlərin sintezini apardıqlarına görə” kimya üzrə Nobel mükafatına layiq görüldülər! Tarix təkrarlanırdı. Anası Mariya Küri də məhz həyat yoldaşı Pyer Küri ilə bərabər Nobel mükafatına layiq görülmüşdü! Beləliklə, kimya sahəsində ən gənc Nobel laureatı 1935-ci ildə Atom və Neytron kimyası sahəsindəki işlərinə və kəşflərinə görə öz həyat yoldaşı İren Küri ilə birlikdə Frederik Jolio Küri oldu!
Pyer və Mariya Kürilər gördükləri işlərlə atom fizikasının da əsasını qoymuşdular! Radioaktivliyin kəşfinə qədər elm xadimləri güman edirdilər ki, atom bölünməzdir. Sonralar məlum oldu ki, nəinki atom, hətta onun nüvəsi də bölünür. İren Jolio Küri və Frederik Jolionun tədqiqatları alimlərə atom nüvəsini parçalayıb atom enerjisi almağın yolunu göstərdi!

Amma İren anasının bu hadisəni görməməsindən çox üzgün idi. Mariya Küri qızının Nobel mükafatı almasından bir il əvvəl dünyasını dəyişmişdi. Amma qızının apardığı tədqiqatlar barədə məlumatlı olan ana onun böyük uğurlar əldə edəcəyinə həmişə inanırdı. Nobel mükafatının təqdimatı mərasimində İsveçin Kral Elmlər Akademiyası adından çıxış edən K.V.Palmayer giriş sözündə 24 il əvvəl anasının kimya üzrə Nobel mükafatı aldığı zaman da bu cür mərasimdə iştirak etdiyini İren Kürinin yadına salaraq, demişdi: “Ərinizlə birlikdə siz bu gözəl ənənəni layiqincə davam etdirirsiniz”.

***
Nobel mükafatını aldıqdan bir il sonra İren Küri 1932-ci ildən bəri mühazirə oxuduğu Sorbonun tam hüquqlu professoru oldu. O, həmçinin Radium İnstitutunda vəzifəsini davam etdirərək, radioaktivliyin tədqiqi ilə məşğul olurdu. 30-cu illərin sonunda İren Jolio Küri uranla işləyərək bir sıra mühüm kəşflər etdi və neytronlarla bombardman edən zaman uran atomlarının tam şəkildə parçalanmasının (dağılmasının) baş verməsi qənaətinə yaxınlaşdı. Həmin təcrübələri təkrar etməklə, alman fiziki Otto Qan və onun həmkarları Frits Ştrasman və Lize Maytner 1938-ci ildə uran atomlarının parçalanmasına nail oldular!

1937-ci ildən Frederik və İren Jolio-Küri müxtəlif müəssisələrdə işlərini davam etdirdilər. İren Parisin Sorbon Universitetində çalışır, Frederik isə Kollec de Frans-ın professoru seçilmişdi. Onlar predmetləri fərqli olan laboratoriyalara rəhbərlik edirdilər. Adlarını və evlilik həyatını birləşdirən uzunmüddətli müştərək əməkdaşlığa son qoyuldu. Bu vaxtdan etibarən İren və Frederik araşdırmalarını, ortaq elmi baxışlarına rəğmən, elmin müxtəlif istiqamətlərində həyata keçirməyə başladılar.
Frederik Jolio-Küri atom fizikası sahəsində işlərini davam etdirdi, İren isə radiokimyaya sadiq qaldı: onun çalışmaları yeni elm sahəsi – atom kimyasının problemlərini işıqlandırırdı.
İstər valideynləri, istərsə də İrenin öz ailəsi ömürlərini, bilik və axtarışlarını bəşəriyyətin xoş gələcəyinə bağlasalar da dünyanın rəngi dəyişmişdi. Bu ziddiyyətli məqamlarda İren Jolio-Küri siyasi fəaliyyətə daha çox yer verirdi. O, 1936-cı ildə Leon Blyüm hökumətində elmi-tədqiqat işləri üzrə katib qismində dörd ay çalışdı.

Onlar ELMlə məşğul olsalar da, bir ziyalı olaraq həmişə yaşadıqları ölkə ilə yanaşı dünyada baş verən bir çox proseslərdən də ciddi narahat idilər. 1940-cı ildə Almaniyanın Fransanı işğal etməsinə baxmayaraq, İren Jolio Küri və həyat yoldaşı Frederik Jolio Parisi tərk etmədilər və burada Müqavimət hərəkatında iştirak etməyə başladılar. 1944-cü ildə gestapoda İrenin həyat yoldaşı Frederik Jolionun fəaliyyəti ilə bağlı şübhə yaranmışdı və həmin il o, gizli fəaliyyətə keçən zaman İren iki övladı ilə qaçaraq, Fransa azad edilənədək İsveçrədə yaşayır. Başı bəlalar çəkmiş bu məşhur alimə hər yerdə və həmişə ehtiyac var idi. Amma o, Fransanı çox sevirdi. Yaşamaq, balalarını xilas etmək üçün İsveçrədə sığınacaq tapsa da, vəziyyət normal hala düşən kimi vətəninə qayıtdı. 1946-cı ildə onu Radium İnstitutunun direktoru vəzifəsinə təyin etdilər.
İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə İren Jolio Küri Fransa Atom Enerjisi üzrə komissarlığının heyətinə daxil oldu, lakin bir neçə il sonra o, komissar vəzifəsindən istefa verdi. Frederik isə atom enerjisi üzrə Ali komissar idi.

Yuqoslav fizik Pavle Saviçlə birlikdə apardığı tədqiqatlarda İren Jolio-Küri uran nüvəsinin bölünməsi prosesinin kəşfinə yaxınlaşdı. Lakin neytron dəstəsi ilə uran və toriumun parçalanması zamanı İrenin gözlədiyi kimi transuran elementlər yaranmadı, əvəzində D.İ.Mendeleyevin kimyəvi elementlərin Dövri Sistem Cədvəlinin orta hissəsindəkilərə bənzər iki maddə meydana gəldi. Bu, tədqiqatçılara uranın bölünməsinin kəşfində son - həlledici addımı atmaqda maneə yaratdı. Sonralar bu məsələ Berlində Otto Qan, Lize Meytner və Frits Ştrasmanın səyləri nəticəsində öz həllini tapdı.

Radioaktivlik, radiokimya və atom fizikası sahələrinin görkəmli alimi, 50-dən artıq elmi əsərin müəllifi olan İren Jolio-Küri Fransada və başqa ölkələrdə kifayət qədər məşhur idi. Bir çox xarici akademiyalar, elmi institutlar onu üzv seçirdilər.
Anası kimi, İren də Paris Elmlər Akademiyasına üzv seçilmədi. Ana və qızın yaşadığı tarixi dövrləri ayıran onilliklər Fransanın yüksək elm təsisatındakı ənənəni – akademik dərəcələrə layiq qadın alimlərə yanlış münasibəti dəyişdirə bilmədi.
İren akademikliyə namizədliyini iki dəfə irəli sürdü. O başa düşürdü ki, seçilmək şansı çox azdır. Əslində onun əsas məqsədi fransız qadınlarının da kişilərlə bərabər akademik vəzifələri tutmaq hüququnun olduğunu vurğulamaq idi! Bu, qadın bərabərhüquqluluğunun dəstəklənməsinə yönəlmiş tək jest deyildi. İren fransız qadınlarının (yalnız onların yox, ümumiyyətlə, bütün qadınların!) hüquqları uğrunda mübarizəsinə, həmçinin onların ictimai-siyasi mövqeyinin yüksəldilməsinə hər zaman diqqət ayırırdı. Qadınların sosial problemlərindən daim narahat olan İren Jolio-Küri Fransız Qadınlar İttifaqının Milli Komitəsinin üzvü olur və Ümumdünya Sülh Şurasında aktiv fəaliyyət göstərir. O, qadınların cəmiyyətdə rolunun inkişafı və sülh uğrunda böyük xidmətlər göstərir.

Bir neçə il Radium institutunda İrenin fəaliyyətini izləyən professor M.Qaysinskiy 22 mart 1956-cı ildə “Le lettr fransez”də dərc edilən məqalədə deyirdi: “Sorbon Universitetinin professoru və Radium İnstitutunun direktoru madam Jolio, hər şeydən əvvəl, öz əlləri ilə hazırladığı maddələr üzərində öz əlləri ilə təcrübə aparan həqiqi fizik və kimyaçı idi. O, bəlkə də laboratoriyanın ehtiyaclarını ödəyəcək sayda assistent və texniki işçilərin olmamasından ehtiyatlanaraq, onlardan çox nadir hallarda yardım istəyər, işlərini özü görərdi. Bir neçə il əvvəl az enerjili alfa-hissəciklərin yaradılması işinə başlayanda, onu tez-tez kiçik kimya laboratoriyasında məhlulun qaynamasını və ya filtrdə çöküntünün yuyulmasını müşahidə edərkən görmək olardı. Yaxud İren fizika laboratoriyasında – mikroskopa doğru əyilmiş, hissəciklərin trayektoriyasının şəklini özünün hazırladığı plastinkaya çəkməklə vaxtını keçirərdi. Cəmi bir neçə ay əvvəl onu hissəcikləri hesablayan yeni aparatın arxasında bir əlində xronometr, digərində karandaş görmək olardı”.

Lakin təcrübi işə olan sədaqət İren Jolio-Küriyə müəllimliyə və laboratoriya rəhbərliyinə vaxt ayırmağa mane olmurdu. Ömrünün son günlərinədək belə oldu...
Professor M.Qaysinskiy deyirdi ki, böyük bir iradə ilə xəstəliyə qarşı mübarizə aparan İren Frederiklə birlikdə Orsda Atom fizikası İnstitutunun layihəsinin hazırlanması işində fəallıq göstərdi. O ümid edirdi ki, 1957-ci ilin yanvarında laboratoriyanın ilk binasının tikintisi başa çatacaq və güclü sürətləndiricinin quraşdırılmasına başlamaq mümkün olacaq, bir ildən sonra isə Orsa Radium İnstitutunun tədqiqatçılar qrupu yerləşdiriləcək. Ors haqqında qayğılı düşüncələr onu hətta xəstəxana çarpayısında da rahat buraxmırdı...
İnstitutun açılışında akademik A.F.İoffe fransız tədqiqatçılarını təmsil edirdi. O bildirdi ki, süni radioaktivliyin İren və Frederik Jolio-Küri tərəfindən kəşfi D.İ.Mendeleyevə məlum olmayan bir sıra yeni atomların yaradılmasına səbəb oldu. A.F.İoffenin qənaətinə görə, süni radioaktivlik sabit atom nüvəsinə malik sistem kimi Mendeleyev sisteminə yeni məna verdi. Mendeleyev adı ilə bağlı ən münasib müəllif Frederik Joliodur”.

İren Jolio Küri və həyat yoldaşı da İrenin valideynləri kimi dünyaya böyük ELMi kəşflərlə yanaşı, gözəl övladlar da bəxş etdilər. Onların qızları Yelena Lanjevin Julio Paris Universitetinin nüvə fizikası üzrə məşhur professoru, oğulları Pyer Julio isə görkəmli biokimyaçı kimi ELM sahəsinə böyük xidmətlərin müəllifləri kimi adlarını TARİXə yazdılar!

İrenin ömrü o qədər də uzun olmadı. 50-ci illərin əvvəllərində onun səhhəti pisləşməyə başladı. Səbəb... həmin səbəb idi!!! Səhhəti tədqiqatlar zamanı aldığı radioaktivlik dozası səbəbindən pisləşmişdi. Dünya şöhrətli alim, Nobel mükafatı laureatı İren Jolio Küri kəskin leykemiya xəstəliyindən 1956-cı il martın 17-də Parisdə vəfat edir.
Jolio-Küri cütlüyü ilə dostluq edən Antuan Lakassan hesab edirdi ki, İrenin, onun ardınca Frederikin erkən ölümünün səbəbi onların poloniumla daimi təması oldu. Bu maddənin mənbəyi insan həyatı üçün çox təhlükəlidir. A.Lakassanın iştirakı ilə Radium İnstitutunda keçirilən təcrübələr göstərdi ki, hətta cüzi miqdarda orqanizmə daxil olan polonium orada ən sərt zəhər kimi yayılır: alfa-hissəciklər canlı toxumaları parçalayır, xüsusilə, qaraciyər və böyrək kimi qanyaradan orqanların fəaliyyətini pozur. “Jolio-Küri cütlüyünə şöhrət gətirən polonium, həm də onların ölümünə səbəb olur” - Antuan Lakassan yazırdı.
Frederik İrenə qoyulan diaqnozun – leykemiyanın doğru olduğunu təsdiqləyirdi. O, həm də iddia edirdi ki, özündə aşkar edilən qaraciyər xəstəliyi də radioaktiv şüalanmanın nəticəsidir. Frederik onu da bildirirdi ki, özünü şüalanmadan cidd-cəhdlə qoruyur və bunu əməkdaşlardan da tələb edirdi. Onun fikrincə, radioaktiv maddələr tədqiqatçının tələsməsi, təcrübəsizliyi zamanı və sənaye rəhbərliyinin radiasiya qoruyucularına qənaət etməsi kimi cinayət xarakterli hallarda təhlükəlidir. Frederik Jolio atom fizikası, radioaktivlik, radiokimya və şüalanma təhlükəsi olan digər elm sahələrində çalışan cavan elmi işçiləri qorxutmaq məqsədilə onun xəstəliyindən dəlil olaraq istifadə edilməsinə qarşı etirazını bildirirdi.

İren Jolio-Küri kimi insanlar əməlləri, araşdırmaları, elmə gətirdikləri yeniliklər, kəşflər, ixtiralarla bütün sərhədləri aşaraq yalnız məxsus olduqları ailənin, millətin, ölkənin deyil, bəşəriyyətin fəxr edəcəyi, qürur duyacağı, heç zaman unutmayacağı şəxsiyyətə çevrilir! Ruhun şad olsun, İren Jolio Küri! Bəşəriyyət və insanlıq səni heç zaman unutmayacaq! Hətta o illərdə məşhur Türk şairi Nazim Hikmət onun ölümünə çox kədərlənərək, “Karımın İstanbuldan yazdığı mektup” şeirində onun ölümünə ağladığını yazırdı:
Bir kara haberde verdi bu akşam radyo;
İren Jolio Küri ölmüş.
Yıllar var
bir kitap okudumdu
ölenin anısı üstüne yazılmış.
Bir yerinde iki kız çocuğundan bahseder.
- Satırlar gözümün önüne geldi -
Sarışın iki Yunan heykeli gibi der.
İşte bu çocuklardan biri öldü.
Bilmem ki nasıl anlatsam,
büyük bilgin, büyük adam,
ama şimdi lösemiden ölen
O sarışın kız çocuğu da.
Bu ölüm bana çok dokundu.
İren Jolio Küri için
ağladım bu akşam.
Ne tuhaf,
İren deselerdi, İren
öldüğün zaman
deselerdi,
İstanbullu bir kadın
Hem de hiç tanımadığın,
ağlayacak arkandan, deselerdi
şaşardı.
Kocası geldi aklıma,
bir mektup yazsam,
başsağlığı dilesem
diye düşündüm.
Adresini bilmiyorum ama
Paris, Frederik Jolio Küri desem
gidermiydi?

0 şərh