Aqata Kristinin həyatı

Onu «cinayətlərin kraliçası» adlandırırdılar, amma özünün başqa — "Ölüm hersoginyası" titulu xoşuna gəlirdi. Onun dahi təfəkküründə yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranmışdı. Odlu silahdan zəhləsi getsə də, zəhərləri cəlbedici hesab edirdi. Ginnesin Rekordlar kitabında onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap olunub. O, dünyada ən çox oxunan müəllifdir.

Uşaqlıq illəri

1890-cı il sentyabrın 15-də Devonşir qraflığında anadan olan Aqata ailədə üçüncü övlad idi. Kütbeyin, astagəl olduğuna görə valideynləri onun həyatda heç nəyə nail olmayacağını düşünür və ən yaxşı halda uğurlu ailə həyatı quracağına inanırdılar. Gələcək yazıçının uşaqlıq illəri tənhalıq içində keçib — dostları yox idi, bacısı və qardaşı ondan yaşca çox böyük idilər, ilk təhsilini isə evdə almışdı. Bu, bir tərəfdən onun fantaziyasını stimullaşdırır, digər tərəfdən isə cəsarətsizliyini artırırdı. Aqata sonrakı təhsilini İngiltərə və Fransanın özəl təhsil ocaqlarında alır. O, musiqi ilə ciddi məşğul olur, şeir və hekayələr yazır, onlardan bəzilərini müxtəlif jurnallara göndərsə də, heç biri nəşr olunmur. Eyni aqibət onun ilk əsərini — «Səhra üzərində qar»ı da gözləyirdi.

İlk sevgisi

1912-ci ildə Aqata Kral hava korpusunun leytenantı Arçibald Kristiyə aşiq olur. Onlar imkan düşən kimi evlənmək istəyirlər. Amma qarşıda müharibə var idi. Nişanlısı Fransaya cəbhəyə yollanır, Aqata isə hərbi hospitalda işləməyə başlayır. Aqata əvvəl pulsuz adi xadiməçi kimi işləyir, sonra tibb bacısı, daha sonra isə əczaçı köməkçisi olur. Toyları 1914-cü ilin dekabrında, Arçinin qısa məzuniyyəti zamanı olub.
Aqata «Staylsda sirli hadisə» ilk detektiv romanını böyük bacısı ilə mərcə girərək yazıb. Bacısı iddia edirdi ki, yaxşı detektiv yazmaq çətindir. Aqata kitab yazsa da, uzun müddət nəşr elətdirə bilmir. Romanını çap etməyi altı nəşriyyat rədd etsə də, yeddincisi risk elədi. Yalnız 2 min nüsxə satıldı, yazıçı kiçicik qonorar — 25 funt-sterlinq aldı. «Detektiv kraliçası»nın doğuluşunu geniş kütlə hiss etmədi.
Məhz bu dövrdə yeni bədii qəhrəmanlar — məşhur xəfiyyə Erkül Puaro və onun sadiq köməkçisi — kapitan Qastinqs meydana gəldi. Öz «Avtobioqrafiya»sında Kristi baş qəhrəmanın prototipini uzun müddət seçməyindən yazırdı. Uzun şübhələrdən sonra seçimini müharibə dövründə İngiltərəyə gələn belçikalı qaçqın üzərində saxladı. Qəhrəmanın kriminal sahədə biliklərinin səbəbi əvvəllər müfəttiş olması ilə izah olunurdu. Yalnız qəhrəmanın yaş seçimində Aqata yanılmışdı. İlk romanda yaşlı adam kimi göstərilən qəhrəman yazıçının uzun yaradıcılıq karyerasında elə bu yaşda da qaldı.
İstefada olan polkovnik Kristinin ailəsi maddi problemlərlə üzləşdiyindən, Arçi həyat yoldaşına problemlərini həll etmək üçün növbəti romanını yazmağı təklif edir. «Sirli düşmən» adlı kitabı 1922-ci ildə çapdan çıxır. Aqata düşünür ki, qadın detektiv yazarı oxucular tərəfindən yaxşı qarşılanmayacağından özünə başqa təxəllüs götürsün. Amma naşir onun öz adının saxlanmasına təkid etdi. Çünki Aqata adı nadir və yaddaqalan idi.

Bədbəxtlik

1926-cı il Kristi üçün uğursuz oldu. Oxucular, tənqidçilər, bəzi yazıçı kolleqaları onun «Rocer Ekroydun ölümü» romanının novatorluğunu qəbul etmədilər. Kitabda hadisələr cinayətkarın dilindən danışılırdı, bu da klassik detektiv janrının kanonlarına zidd idi. Bundan başqa, Aqatanın anası rəhmətə getdi, həyat yoldaşı Arçi isə başqa qadına aşiq olduğunu bildirdi. Hətta qızları Rozalinda belə atasını ailədə saxlaya bilmədi. Yoldaşı tərəfindən atıldığını öyrənən Aqata bir ilə onun geri qayıdacağına ümid edirdi. Bu baş verməyəndə o, intiqam almaq məqsədilə cəmiyyətə detektiv yazarı kimi unikal qabiliyyətlərə sahib olduğunu nümayiş etdirməyə qərar verdi. Gənc qadın maşına oturaraq naməlum istiqamətə yollandı. Sonradan içində şəxsi əşyaları və dava izləri olan avtomobil evdən uzaqda tapıldı, yazıçı isə izsiz-soraqsız yoxa çıxdı.
Polkovnik Kristi şübhəli şəxs kimi tutularaq bütün ölkənin müzakirə etdiyi ifadələr verməyə məcbur oldu. Bir həftədən sonra onun axtarışına yüzlərlə polis, könüllü dəstələr qoşuldu. Sonunda «Harrouqeyt» mehmanxanasının bir işçisi bu doqquz günü Aqata Kristinin onlarda Tereza Nil adı ilə qaldığını söylədi. Bu ad isə ərinin evlənmək istədiyi qadının adı idi. Kirayənişinlər qadının yaddaş itməsindən əziyyət çəkdiyini bildirdilər. Aqata insanları bu yanlış fikirdən yayındırmağa çalışmadı və hətta psixiatr yanında amniziyadan müalicə kursu da keçdi.

Yeni sevgisi

Kristi güclü qadın idi və 1926-cı ildə baş verən hadisələr onun iş qabiliyyətinə təsir eləmədi. Arxeologiya da onun bir məşğuliyyəti idi. Roman yazmağa davam edən Kristi iki ildən sonra Bağdada qazma işlərinə yollandı. 1930-cu ildə indiki İraq yaxınlığında arxeoloji qazıntılar zamanı o, sonradan London universitetinin professoru olacaq Maks Mellounla tanış oldu. Onlar arasında sevgi romanı bir anda alovlandı. Aqata 40 yaşında, Maks isə ondan 14 yaş kiçik idi. İki aydan sonra onlar evləndilər və ömürlərinin sonuna qədər birgə yaşadılar. Həmin il o, «Vikarinin evində ölüm hadisəsi» romanını yazdı. Bu əsərdə Aqata ilk qadın həvəskar detektiv personajını — miss Marplı yaratdı.
40-cı illərdə Aqata bir sıra romanlar, radio və teletamaşalar, film ssenariləri yazdı. İstedadlı yazıçının belə intensiv yaradıcılığı ayrılıqla izah edilirdi. Çünki həyat yoldaşı İkinci Dünya müharibəsi illərində Türkiyə, Suriya və Misirdə qaldı. Aqata isə ölkəsinin çətin günlərində artıq yaşlı olmasına baxmayaraq, yenidən hospitala işləməyə getdi. Bu dövrdə o, iki əsərinin əlyazmasını bank seyfində saxladı: «Pərdə» — Erkül Puaronun son işi və «Miss Marplın son təhqiqatı». Onun hərəkətini izah edən bir neçə versiya var idi. Bəziləri düşünürdülər ki, Aqata onu bezdirən iki qəhrəmanından yaxa qurtarmaq istəyir. Amma əsl izah onun əsərlərilə birgə seyfə qoyduğu vəsiyyətnaməsində idi. Müharibə illərində Aqata müəllif hüququ və yaxınlarının taleyini düşünürdü. Ölümündən sonra «Pərdə» əsərindən gələn gəlir qızına, ikinci əsərin gəliri isə ərinə qalmalı idi.

Son əsəri

1955-ci ildə Amerika detektiv yazarları assosiasiyası Aqataya tarixdə ilk olaraq detektiv ədəbiyyatının Qrand-masteri adını verdi. 60-cı illərdə Kristi ən çox nəşr olunan ingilisdilli müəllif oldu. 1975-ci ildə oxucular məşhur belçikalı xəfiyyənin dünyasını dəyişdiyi «Pərdə» əsərini oxudular. Erkül Puaronun yaradıcısı öz qəhrəmanından bir neçə ay sonra vəfat etdi. Həmin ilin qışında o, xəstələndi və 1976-ci il yanvarın 12-də 86 yaşlı yazıçı dünyadan köçdü. «Miss Marplın son təhqiqatı» əsəri ölümündən sonra işıq üzü gördü.
Mənbə: Aysel jurnalı

0 şərh