Qanaxmalar

İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəri) ehtiyat halında saxlanılır. Damar zədələndikdə qanaxma baş verir. Qanın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2-2,5L qan itirildikdə ölümlə nəticələnir.  
Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma Kapilyar qanaxma - Bu qanaxma cüzi zədələnmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş surətlə və aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asandır. Kapilyarlarda qanın surəti zəif olduğuna görə, əmələ gələn qan laxtası zədə nahiyəsində damarın mənfəzini tutur.
Kapilyar qanaxma zamanı ilk yardım göstərdikdə yara ətrafına yod tinkturası sürtməklə oranı təmizlədikdən sonra təmiz bintlə sarğı qoymaq lazımdır. Sarğı yaradan orqanizmə yad cisimləri, əsasən mikrobları keçməyə qoymur və qanın tez laxtalanmasına kömək edir.
Venoz qanaxma – Bu cür qanaxmalar ən çox səthinə yaxın venaların zədələnməsi zamanı baş verir.
Venoz qanaxmalar zamanı qan laxtalanması orqanizmi həmişə qan itirməkdən qoruya bilməz. Burada qanın axma surəti kapilyarlardan çox olduğundan qan laxtası yuyulub aparılır, nəticədə az müddət çox qan itirilir. Bu isə həyat üçün təhlükəlidir.
Kiçik venoz qanaxma zamanı saxlamaq üçün sıxıcı sarğı qoymaq kifayətdir. Bu sarğı zədələnmiş damarın divarını sıxır, qanı axmağa qoymur. Ətrafların venaları zədələndikdə yaxşı olar ki, zəteflar yuxarı qaldırılsın. Belə halda axan qanın miqdarı az olur.
İri venalar zədələndikdə yardım göstərilməlidir. Venoz qanaxmalar baş verdikdə həmin adama ilk yardım göstərildikdən sonra onu yaxında olan tibb məntəqəsinə və ya xəstəxanaya çatdırmaq lazımdır.
Arterial qanaxma – Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az təsadüf edilir, çünki bədən səthinə gələn arteriyalar çox azdır. Arterial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan axması onun al-qırmızı olması ilə müəyyən olunur. Belə halda sarğıdan istifadə etmək düzgün deyil, çünki sarğı qanın axmasının qarşısını ala bilməz. Yalnız qanın axma surətini azaldır. Buna görə həkimə qədər dərhal başqa tədbirlər görmək lazımdır.
İlk növbədə ətrafı yuxarı qaldırıb, yaralanmış yerdən yuxarıda arteriyanı barmaqla basıb qanaxmanı azaltmaq lazımdır. Sonra rezin turna və ya burulmuş parça ilə sıxmaq lazımdır. Turna qoyulacaq yerə əvvəlcə təmiz bint və parça qoyurlar ki, turna həmin yeri zədələməsin. Parça ilə sıxdıqda isə həmin yeri parça ilə boş sarıyırlar. Sonra parça ilə ətrafın arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o qədər bururlar ki, yaranan qanaxma dayansın. Bundan sonra çubuğu bintlə turnaya bərkidir və yaranı sarıyırlar. Turnaya və ya parçaya qoyulma tarixi yazılmış parça bərkidilir. İlk yardım göstəridikdən sonra xəstəni mütləq xəstəxanaya göndərmək lazımdır. Zərərçəkmiş adamı xəstəxanaya çatdırmaq uzanarsa, turnanı müvəqqəti boşaltmaq vacibdir. Çünki ətrafa 2 saatdan artıq qan gəlmədikdə toxumalar məhv olur. Ətrafda qan dövranı bərpa olduqda turnanı yenidən bərkitmək lazımdır. Turna olmadıqda ətrafı mümkün qədər çox qatlayıb qanaxmanı azaltmaq olar. Bunun üçün ətrafa qatlandığı yerə tənzifi, binti və ya pambığı yumurlayıb qoyur, sonra ətrafı bərk qatlayıb onu həmin vəziyyətdə bərkidirlər. Həddən artıq qan itimiş adamlara xəstəxana şəraitində müvafiq qrupdan olan konserviləşdirilmiş qan köçürmək lazımdır.
Daxili qanaxmalar-Qarın, döş, kəllə boşluğundakı qanaxmalar son dərəcə təhlükəlidir. İnsanın sifətinə baxmaqla daxili qanaxmanı təyin etmək mümkündür. Belə ki, onun rəngi avazıyır, soyuq tər basır, tənəffüsü sərtləşir, nəbz tezləşir və zəifləyir.
Bu halda darhal təcili yardım çağırmaq və şəxsi xəstəxanaya çatdırmaq lazımdır. Həkimə qədər xəstəni uzatmaq, yarım oturmuş vəziyyətə gətirmək və ya tam sakitlik vermək lazımdır. Ehtimal olunan qanaxma nahiyyəsinə (qarın, döş, baş) içərisinə buz və ya qar doldurulmuş polietilen torba, soyuq su tökülmüş qab və ya butulka qoymaq lazımdır.

 

1 şərh

gapgara
parça ilə ətrafın arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o qədər bururlar ki, yaranan qanaxma dayansın - Bunu hardan götürmüsüz? 
Qan axmani kəsmək üçün ilk yardımda bu üsüla ehtiyac yoxdur. yaranin üstünə sadəcə bint, parça və ya parçadan düzəlmiş bublik formalı sixicı bir şey qoyub bağlamaq lazımdır. Sarğını qoyandan sonra isə ətrafın son ucunu yoxlamaq lazımdır ki, sarğı sıx olmasın, yəni həmin ətrafa qan işləməyi dayanmasın. Bundan ötrü ətrafın bir barmağı sarğı qoyarkən açıq saxlamalı və sarğını qoyan həmin barmağı sixib buraxmaqla oraya qanın normal işləməsinə əmin olmalıdır. Sarğı qoyulduqdan sonra isə sarğını həkimsiz qətiyyən açmaq olmaz. Əgər qan sarğıdan üzə çıxarsa sarğının üstündə bir də sarımaq lazımdır.