Ürək-damar sisteminin xəstəlikləri

Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emo­siyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.
Ürəyin işemik xəstəliyinə — qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Döş anginası və yaxud stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir. Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir (yarım saatdan sonra miokard infarktına keçir). Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur; çox vaxt fiziki və psixi gərginlikdən sonra başlanır. Ağrı adətən orta şiddətli, az hallarda isə güclü olur. Xəstə hərəkətsiz, rəngi avazımış, sifətində qorxu və əziyyət ifadəsi olur. Xəstəliyin əvvəllərində tutmalar az-az, sonra isə hər gün olur. Belə hallarda xəstəyə fiziki və psixi rahatlıq yaratmaq lazımdır.
Yardım: tutma zamanı dərhal damargenəldici dərmanlar təyin edilir: damcı və ya tablet şəklində nitroqliserin ağızın selikli qişasından sorulur. 2-3 damcı qəndin üzərinə damızdırıb, dilin üstü ya altına qoyurlar. Nitroqliserin əvəzsiz dərman olsa da, qısa müddətli təsir edir. Uzunmüddətli təsir edənlərdən sustak, nitronq, nitromak və s. təyin etmək olar. Bunlardan başqa trinitrolonq, izosorbit, nitrosorbit, kardiket, izomak və b. təyin edirlər.
Ağrıkəsicilərdən analgin, baralgin, dimedrol və s. məsləhətdir. Xəstəxanada ciddi müalicə olunur. Validol verilir, eufillin 40 %-li qlükoza ilə venaya vurulur. Ağır hallarda dəri altına 0,5 ml 0,1 %-li atropin məhlulu ilə birlikdə 1 ml morfin və ya promedol məhlulu yeridilir. İsti əl və ya ayaq vannalarından, xardal yaxmalarından istifadə edilir.
Ağır stenokardiya tutmasından sonra xəstə bir neçə gün yataq rejimində olmalı, sonra bir müddət dincəlməlidir. Duzu və kalorisi az olan qida qəbul etməli, yaxşı istirahətə diqqət yetirməlidir.

Miokard infarktı


Tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsi). Adətən miokard infarktına tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. səbəb olur. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksərən 40-60 yaşlı, az hallarda cavan adamlarda baş verir.
Miokard infarktının əsas əlaməti döş sümüyü arxasında, ürək nahiyəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur, qarın köpür, ağrılı və gərgin olur. Bu, mədə formasıdır. Ağrılar sol qola, çiyinə, boyuna vurur. Nitroqliserin kömək etmir. Bəzən tutma ürək astması tutması ilə başlanır. Bu zaman xəstə oturaq və ya
yarımoturaq vəziyyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur. Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38,5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik, tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız,
ürək-damar çatışmazlığı şəklində keçir. Diaqnoz elektrokardioqramın köməyilə qoyulur.
Yardım: Xəstəlikdən şübhələndikdə həmin şəxs xəstəxanaya yerləşdirilir. Ağrıları azaltmaq üçün dəri altına 0,1-0,5 ml atropin-sulfat məhlulu ilə birlikdə 1-2 ml 1 %-li morfin vurulur. Arterial təzyiq azaldıqda venaya simpatol və qlükoza ilə birlikdə dərhal 1 ml strofantin və ya korqlükon vurulur. Trombozların qarşısını almaq üçün heparin, dikumarin təyin edilir. Ağrıkəsicilərdən analgin, baralgin, promedol, morfin, papaverin, dimedrol və b. istifadə olunur. Yeni preparatlardan fentanil, droperidol, talamonal, heparin, lidokain, novokainamid, aymalin, izoptin və b. dərmanlardan istifadə olunur. Müalicə xəstəliyin klinik gedişinə əsaslanır.
Xəstə müstəqil hərəkət etməyə başladıqda tibb bacısı onun yanında olmalı, baş verə biləcək ağırlaşmaların qarşısını vaxtında almalıdır. İnfarkt keçirmiş xəstənin yanında həmişə nitroqliserin və ya validol olmalıdır; ağrılar əmələ gələn kimi onlardan istifadə etməlidir.
Xəstəliyin birinci günləri xəstəyə ancaq 1/4 stəkan meyvə şirəsi vermək olar. Sonrakı günlər qidanın kaloriliyini və miqdarını azaldırlar. Sutkada 600 ml-dən çox mayeyə icazə verilmir. Xəstəyə müxtəlif pürelər, buxarda bişmiş kotlet verilir. Xəstə az yeməli, mənəvi sakitlikdə olmalıdır. Onu daim sağalacağına inandırmaq lazımdır.

Kəskin ürək çatışmazlığından biri ürək astmasıdır. O, boğulma tutmaları ilə izah olunur. Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və yaşı 50-ni keçmiş kişilər daha çox xəstəliyə meyllidirlər. Xəstəliyin səbəblərindən biri sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüsü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Bir neçə dəqiqədən bir neçə saatadək bu vəziyyət davam edir. Sonra ürəyin işi tezləşir, qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.
Yardım: 500 ml-dək qanburaxma, venaya 10 ml qlükozada 0,5 ml strofantin məhlulu yeritmək, nitroqliserin, morfin, tənəffüs mərkəzini oyadan lobelin, kofein və s. təyin edilir.
Xəstənin başı hündürdə olmalı, ona tam qulluq edilməlidir. Xəstə daim nəzarətdə saxlanmalıdır.
Kəskin damar çatışmazlığı. Çoxlu qanitirmədə, intoksikasiyalarda, zəhərlənmə və zədələnmələr zamanı rast gəlir. Belə hallarda damarların tonusu azalır, venoz yataq genişlənir, onda qan təzyiqi düşür, nəticədə ürəyə venoz qan az daxil olur. Buna görə də beynin və ürəyin qidalanması çətinləşir. Kəskin damar çatışmazlığı bayılma (özündən getmə), şok, kollaps şəklində təzahür edir.
Hipertoniya xəstəliyinin mahiyyəti arteriolaların uzunmüddətli spazmı nəticəsində arterial qan təzyiqinin yüksəlməsindən ibarətdir. Bu, damar tonusunun sinir tənzimi pozulduqda, qüvvətli həyəcanların, sinir sistemi gərginliklərinin nəticəsində əmələ gəlir. Əsasən yaşlı adamlarda baş verir. Xəstəliyin əmələ gəlməsində mərkəzi sinir sisteminə təsir edən xarici amillərlə bərabər, o amillərə qarşı şəxsin özünün reaksiyası, yüksək oyanıcılıq, irsiyyət, böyrəklərin, hipofizin və böyrəküstü vəzilərin fəaliyyətinin pozulması da böyük rol oynayır.
Xəstəlik öz inkişafında bir sıra mərhələlərdən keçir. Əvvəlcə xalis funksional xarakter daşıyır, sonra damarlarda üzvi dəyişikliklər əmələ gəlir, daha sonralar isə sklerozlaşmış orqanların fəaliyyətinin çatışmazlığı əlamətləri meydana çıxır. Başlanğıcda xəstələr keçici başağrılarından, başgicəllənmədən, qulaqlarda küydən, yuxusuzluq, tez yorulma, zəiflikdən, gicgahda, boyunda, başda ağrılardan, başa qan yığılması hissindən, bəzən əl barmaqlarının keyiməsindən, qarışqa gəzməsi hissindən şikayət edirlər. Sonra isə xəstələr tövşümədən, tez yorulmadan, ürək ağrılarından narahat olurlar.
Hipertoniya xəstəliyi zamanı ən çox rast gələn və təhlükəli fəsad hipertonik insult (beyinə qansızma) hesab olunur. İnsultdan əvvəl bəzən başgicəllənməsi, başağrısı, qarışqa gəzməsi hissi olur. Xəstənin üzü qızarır, dil ağızda çətinliklə hərəkət edir. Xəstə qəfildən yıxılır və şüurunu itirir. Tənəffüs tezləşir, bəbəklər işığa reaksiya vermir, nəbz gərgin, bədəni soyuq tər basır. Ətraflarda ifliclər olur. Ölüm dərhal və ya bir neçə gündən sonra baş verə bilər. Sağalma zamanı hissiyyat bərpa olunur, nitqin itməsi, ağıl zəifliyi qala bilər.
Müalicə səbəbə uyğun aparılır. Ən əvvəl rezerpin və ya raunatin, ağır hallarda klofelin, adelfan, kristepin, kaptopril kimi dərmanlardan istifadə olunur. Xəstənin iş və istirahət rejimi qaydaya salınır. Eyni ilə qidalanma rejimi qaydaya salınır. İlk növbədə valeryan, brom preparatları, elenium, seduksen, trioksazin, dibazol, maqnezium-sulfat, diazoksid preparatlarından geniş istifadə olunur.
Hipertoniya xəstəliyi uzun müddət davam etdikdə damarların böyük dəyişiklikləri baş verir, ürəyin, böyrəklərin, beyinin funksiyası pozulur. Hipertoniya xəstəliyini vaxtında müalicə etdikdə xəstə tamam sağalır. Xəstəlik kəskinləşdikdə xəstəyə yataq rejimi təyin edilməlidir. Sinir sistemini sakitləşdirən bromidlər, valeryan preparatları və arterial təzyiqi aşağı salan dibazol, papaverin, eufillin və s. təyin edilir. Xəstəlik zamanı xəstəyə mümkün qədər mənəvi sakitlik vermək, yuxusunun dərin olmasına kömək etmək lazımdır. Vəziyyəti yaxşılaşdıqdan sonra ona ancaq havada gəzməyə icazə verilir. Xəstənin yeməyində xörək duzunu azaltmaq lazımdır. Kəskin yeməklər, kolbasa, bulyon, yağlı ət və s. qadağan edilir. Siqaret və spirtli içkilər olmaz.
Hipertonik kriz bu xəstəliyin mühüm ağırlaşmasıdır. Krizdən əvvəl yuxusuzluq, şiddətli başağrısı, başgicəllənməsi, arterial təzyiqin qalxması, qusma, görmə qabiliyyətinin və nitqin pozulması, ətraflarda zəiflik, sonra isə qıcolmalar və s. baş verir.
Xəstəyə fiziki və psixi rahatlıq verilməlidir. Baldır əzələlərinə, ayağa xardal yaxması, isti ayaq vannaları, zəli ilə qanalma, venaya 10 ml 25 %-li maqnezium məhlulu, 1 ml 1 %-li dibazol təyin edilir.
Tromboflebit — xəstəliyin şiddətlənməsi və həmçinin tromboemboliya kimi təhlükəli ağırlaşmanın meydana çıxması sayəsində bəzən ölümlə nəticələnən qan damarlarının geniş yayılmış iltihabi xəstəliyidir. Adətən, tromboflebit əzələ işinin kifayət qədər olmaması, uzun müddət ayaq üstə dayanma, venoz qapaqların çatışmazlığı səbəbindən aşağı ətraf venalarının genəlməsi nəticəsində inkişaf edir.
Qadınlarda hamiləlik, hamiləlikdən sonrakı dövrlərdə venaların genəlməsi, uşaqlığın, çanağın venoz şəbəkəsinə təzyiqi və venoz qanın aşağı ətraflardan geriyə qayıtmasının çətinləşməsi ilə əlaqədardır. Venaların genəlməsinə maddələr mübadiləsinin pozulması, piy toxumasının yığılması zamanı əzələ sisteminin və əzələ təqəllüsünün qanın hərəkətinə etdiyi təsirin azalması nəticəsində, bütövlükdə orqanizmin zəifləməsi də şərait yaradır.
Aşağı ətrafların tromboflebitinin əmələ gəlməsinin mexanizmindən asılı olmayaraq, bu patoloji prosesdə həmişə iltihab iştirak edir.
Trombun meydana çıxması ilə əvvəlcə tromboz, sonra isə flebit (damar divarının iltihabı — yun. «flebos» vena) inkişaf edir. Ancaq bəzən tromboflebit flebitlə başlanır, onun fonunda isə tromb əmələ gəlir.
Çanaq venalarının tromboflebiti — babasil — düz bağırsağın genəlmiş venalarında tromb əmələ gəlməsi ilə ağırlaşan, ən çox təsadüf edilən xəstəliklərdən biridir. Adətən, babasil qan dövranının pozulması zamanı orqanizmin zəifləməsi ilə əlaqədar venoz qan durğunluğunda, bağırsaqların funksiyasının zəifləməsi və normal defekasiya aktının yubanması ilə baş verən az hərəkətli həyat tərzində, maddələr mübadiləsi pozularkən inkişaf edir. Nəzərə çarpacaq dərəcədə gücənmələr qarındaxili təzyiqin artmasına, çanaq və düz bağırsağın vena damarlarında venoz qan durğunluğuna səbəb olur ki, bu da öz növbəsində vena damarlarının genəlməsi, babasil düyünlərinin böyüməsi ilə nəticələnir. Genəlmiş venalar tədricən böyüyür, onların divarları nazikləşir, babasil düyünlərinin həcmi artır, bərk və tarım olur, genəlmiş venalarda laxtaların əmələ gəlməsi (tromboflebit) başlanır.

0 şərh