Qurani-Kərimin yanmaması möcüzədirmi?

Bu dəfə düşmən dəyirmanına su tökənlər cahil, nadan və heç bir elmi, dini biliklərə sahib olmayanlar oldu. Ağıllı düşmənin əlinə bəhanə verən ağılsız özümüzkülər yenə də dinimizə qarşı bədbinlik yaratdılar.

Cəmiyyətin elmi səviyyəsini nəzərə alaraq, onları ehtiyac duyulan qədər məlumatlandırmağı, yalnız bu sahə üzrə ixtisası olanlar üçün deyil, geniş kütləyə, xüsusən də hövsələsi az olan cavanlar üçün bu məlumatları mümkün qədər daha faydalı və daha müxtəsər şəkilə salmağı özümə vəzifə bilib son günlər gündəmə gələn «quran yanmaması möcüzəsi» haqda, bununla yanaşı, bəzi xurafi inanclar barədə qısa bir təhlil yazmaq qərarına gəldim. Qeyd edim ki cəmiyyətdə xurafatlar olduqca çoxdur və onları sadalayıb təhlil etmək üçün kiçik bir yazı kifayət deyil, bunun üçün alim və ruhanilər birgə işlər görməli, bu haqda kitablar yazılmalıdır.

Bəzən bir mənzil yanır, sonradan həmin mənzildə yanmış əşyalar arasında yanmamış Qurani-Kərim tapılır, fotosu çəkilib “Möcüzə! Hər şey yandı, Quran yanmadı” başlıqda yayılır. Bəzən təbii fəlakət hadisəsi baş verir, bütün binaların uçulub dağıldığı, lakin həmin məntəqədə bir məscidin zədə almadığının fotoşəkilləri möcüzə adıyla yayılmağa başlayır. Bəzən də elə olur ki, hansısa bir heyvanın dərisi üzərində, buludlar arasında, meyvə-tərəvəz üzərində Allah kəlməsinə bənzər bir işarə görünür və bunlar da möcüzə adıyla təqdim edilir, yayılır. Dəfələrlə bütün bunların xurafat olduğu haqda məqalələr yazılıb, təhlillər edilmişdir. Elm və biliyin inkişaf etməsinə baxmayaraq, xurafatın qəbul olunub yayılması heç də azalmayıb.

Onu da qeyd etməliyik ki, heç bir müsəlman (əqli və şəri) dəlil olmadan bir şeyi qəbul və ya rədd etməməlidir. Xurafatlar adətən sadəlövh və avam camaatın dilində olsa da, onlar qeyri-dindar təbəqənin dinimizə qarşı bədbin olmasına, dinə qarşı ikrah hisslərinin daha da çoxalmasına yol açır.

Heç şübhə yoxdur ki, bu xurafatlara avam kütlənin inanc etməsi və onları yayması halları ilə yanaşı, burada düşmən oyunu da nəzərə çarpmaqdadır. Bəzən bir hadisə düşmənlər tərəfindən möcüzə adıyla yayılır və çox təəssüf ki, məlumatsız və avam şəxslər bu oyuna inanır, həmin saxta materialın yayılmasında onlar da köməkçi olurlar. Bundan sonra, oyunbazlar müsəlmanları ağılsızlıqda ittiham edərək onlara istehza edirlər. Əlbəttə, qeyd etməliyik ki, bu kimi xoşa gəlməz hallara təkcə müsəlmanlar arasında deyil, xristianlar və digər millətlər arasında da tez tez rast gəlirik.

İndi isə yuxarıda qeyd etdiyimiz bəzi “möcüzə” adı verilən hadisələrı qısa da olsa, təhlil edək:

Allah-Təala Qurani-Kərimi qoruyacağı haqda belə buyurur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr 9).

Burada Quranın cild və vərəqlərinin qorunması yox, onun təhrifdən, sözlərin artırıb əskiltmədən qorunması nəzərdə tutulur. Hər hansı bir yanğın nəticəsində Quranın yanmaması möcüzə sayıla bilməz. Bəzi hallarda Quranın yanmaması həmin yerin şəraiti ilə əlaqədar olur. Bir neçə hadisə zamanı Quranla yanaşı, digər kitablar da yanmamışdır. Bu zamana kimi o qədər Qurani-Kərim yanıb və yandırılıbdır ki, sayı-hesabı məlum deyil.

Tarix ərzində məscidlərin yanması, təbii fəlakətlər zamanı uçub dağılması hadisələri baş vermişdir. Müqəddəs Kəbə evi dəfələrlə sel suları səbəbindən uçulub dağılmış, yenidən təmir edilmişdir. Hətta, Kəbə evi Yezid ibn Muaviyənin əmri ilə yandırılmışdır. Burada bir məsələyə toxunmaq gərəkdir ki, bəzən Allah Kəbə evini düşmənlərdən qorumuş və böyük möcüzə göstərmişdir. Məsələn, Əbrəhə Məkkəyə qoşun yürüdüb, Kəbə evini dağıtmaq istəmişdir, ancaq İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) babası Əbdul Müttəlib Allahın dostlarından və salehlərdən olduğu üçün Kəbə evi haqda etdiyi dua qəbul olmuş, böyük bir hadisə baş vermişdir.

Lakin Bəni-Üməyyə xilafəti zamanı Kəbənin Yezidin əmri ilə yandırılması hadisəsi baş vermişdir. Bu yerdə belə bir sual yarana bilər ki, Allah Əbrəhənin qoşununa bəla göndərib, Kəbənin dağıdılmasına mane oldu, bəs nə üçün Yezidin qoşununa bəla göndərilmədi, Kəbəni qorumadı? Bu suala cavab vermək üçün həmin hadisənin amillərinə baxmaq gərəkdir. Həmin zaman Bəni-Üməyyə özlərini həqiqi müsəlman hesab edir, Peyğəmbər (s) Əhli-beytinə (ə) olmazın zülmlər edirdilər. Digər tərəfdən Bəni-Zübeyrilər Kəbə evində oturmuş, özlərini haqq bilir, digər müsəlmanları və əsasən Əhli-beyti (ə) batil hesab edirdilər. Bəni-Üməyyə ilə Bəni-Zübeyrilər arasında savaş başlanır. Zübeyr amanda qalmaq üçün Kəbə evinə sığınır və güman etmirdi ki, Yezid Kəbə evinə hücum edə bilər. Bu yolla Kəbə evini özlərinə sipər qərar verdilər. Bu onu göstərdi ki, Zübeyrilər hakimiyyətə çatmaq üçün hətta müqəddəs Kəbədən və dindən istifadə edirdilər. Bəni-Üməyyə də Kəbə evini dağıtmaqla əslində müsəlman olduqları iddialarının saxta və yalan olduğunu göstərmiş oldular. Bunun üçün də Allah Kəbə evinin dağıdılmasının qarşısını almadı ki, hər iki tayfa rüsvay və xar olsunlar. Bununla da, Allah bir daha Əhli-beytin (ə) haqq olduğunu sübut etmiş oldu. Bu hadisələr təhlil edildikdə, görürük ki, Allah-Təala haqla batilin sərhədlərini gələcək nəsillər üçün aydınlatmışdır. Odur ki, bu gün ağıl sahibləri üçün haqq gün kimi aydın görünməkdədir. Bəni-Üməyyənin batil və zalim bir qövm olması heç şübhəsizdir, çünki, onlar Kəbə evini dağıtmaqla, Peyğəmbər (s) övladını öldürməklə tanınmışlar. Belə bir tayfanı Peyğımbər (s) xəlifələri adlandırmaq nə dərəcədə doğrudur?

Abdullah ibn Zübeyr də Kəbə evini özünə sipər etdi və Allah evinin hörmətinin tapdanmasına səbəbkar oldu, belə bir şəxsi də müsəlmanlar necə adil hədis ravisi hesab edə bilərlər? Həmin zaman Allah Kəbə evini qorusaydı, bütün müsəlmanlar Zübeyrin haqq olduğunu zənn edib ona beyət edəcəkdilər. Əhli-beyt (ə) isə daha da tərk ediləcəkdi. Ona görə də Allah-Təala Kəbə evinin yanmasına mane olmadı.

İndi isə insan və heyvan dərisi, meyvə-tərəvəz qabığı üzərində görünən Allah kəlməsi haqda qısa bir araşdırma aparaq. Bunların hansısa bir dini əsası, möcüzə və kəramət olması haqda hansısa bir dəlil varmı?

Əvvəla, Allahın heç bir ehtiyacı yoxdur ki, öz adını bu kimi hallarda insanlara göstərsin, nümayiş etsin. Zatən bütün aləm Allahın nişanələridir. Elə insan özü də Yaradanın gözəl bir əsəri, nişanə və möcüzəsidir. Heyvanları da gözəl surətdə yaratmaqla Allah öz nişanəsini göstərmişdir. Daha heç bir ehtiyac qalmır ki, Allah-Təala yazı və hərflərlə möcüzə göstərib öz varlığını isbatlasın. Bütün yaxırada sadalananlar bir sıra oyunbaz və çirkin niyyətli şəxslərin yaratdıqları xurafatlardır. Bir ara deyilirdi ki, bir uşağın bədənində Quran ayələri peyda olubdur. Əvvəla Quranın yazılarına dəstəmazsız halda toxunmağı Allah özü haram edirsə, nəyə görə o ayələri insan bədənində qərar versin? Halbuki, həmin uşağın bud nahiyəsində Quran ayələrinin aşkar olduğu iddia edilirdi. Hər an nəcasətə bulaşma ehtimalı olan bir nahiyədə ayələr yazıb möcüzə göstərməsi Allahın şənindən qətiyən uzaqdır. Bunlar heç bir məntiqə sığmır, heç bir əqli və nəqli dəlilləri yoxdur. Allah-Təala Quranın möcüzə və ilahi bir kitab olmasını elə Quranın öz ayələri ilə göstərmişdir və uşağın budunda, meyvə-tərəvəzlər üzərində yazmasına heç bir gərəkliyi yoxdur.
Bütün bunlar xəyanətkar düşmən, cahil və şöhrətpərəstlərin işləridir ki, çox təəssüflər olsun bir sıra avam şəxsləri də öz oyunlarına inandıra bilirlər.

Sonda onu da qeyd edim ki, bir dini öyrənmək üçün onun əqidə əsaslarına, mətnlərinə baxmaq və araşdırmaq lazımdır. Dini şəxslərin dilində və əməllərində axtarmaq doğru deyil, din şəxsiyyətlə ölçülməz. Camaatın dilində gəzən xurafatları dinlə bağlamaq özü ən böyük ağılsızlıqdır.

İlahiyyatçı Oktay Quliyev / İslamazeri.az üçün
 

1 şərh

Patrio
Ən aktual məsələ…