Qədim Hindistan tarixi

Təbiəti. Əhalisi. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası, əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik yerləşir. Düzənliyin qərb hissəsində Hind, şərq hissəsində Qanq çayları axır. Hindistan ərazisi mis və dəmir yataqları ilə zəngindir.
İnsanlar Hindistanda ən qədim zamanlardan məskən salmışlar. Burada e.ə. III minilliyə aid şəhərlərin (Mohenco-Daro və Harappa) xarabalıqları aşkar olunmuşdur. Onların hansı səbəbdən süqut etdiyi hələlik məlum deyil. E.ə. II minillikdə köçəri ari tayfaları Hindistana hərəkət etmiş və yerli əhali ilə qaynayıb-qarışmışlar. Hind yarımadasındaki, əhali bu tayfaların qarışmasından yaranmışdır. Onlar əkinçiliklə məşğul olur, mal-qara sürüləri, at ilxıları saxlayırdılar. Hindlilər dəmir çıxarmağı və emal etməyi öyrənmişdilər. Burada taxıl, şəkər qamışı və pambıq yetişdirilirdi. Pambıqdan zərif parçalar toxunurdu. Fillər əhliləşdirilir, onlardan təsərrüfat işlərində və döyüşlərdə istifadə edilirdi.
qedim hindistan
Hindistanın qədim dövlətləri. Əmək məhsuldarlığının artması bərabərsizliyin yaranmasına səbəb oldu. Adlı-sanlı adamlar quldarlara çevrildilər. Onlar icmaçı kəndliləri və qulları istismar etməyə başladılar. Hindistanda qulları «yad», «düşmən» adlandırırdılar. Tayfa başçıları — racələr tədricən padşahlara çevrilirdilər. Beləliklə, e.ə. I minillikdə Hindistanda ilk dövlətlər meydana gəldi. E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İsgəndər Hindistanın şimal-qərb hissəsinə hücum etdi. Makedoniyalılar burada əhalinin güclü müqavimətinə rast gəldilər. İsgəndər yorulmuş əsgərlərin tələbi ilə geri dönmək məcburiyyətində qaldı.
Mauriya sülaləsinin nümayəndəsi Aşoka e.ə. III əsrin 2-ci yarısında bütün Hindistanı vahid dövlətdə birləşdirməyə nail oldu. Lakin onun ölümündən sonra yaratdığı dövlət dağıldı.


Kastalar. Hindlilər arasında yaranmış bərabərsizlik onların dinində də öz əksini tapmışdı. Hindlilər inanırdılar ki, insanları yaradan baş tanrı Brahma onları əməllərinə görə kastalara bölmüş, hüquq və vəzifələrini müəyyən etmişdir. Brahma öz dodaqlarından kahinləri — brahmanlar kastasını yaratmışdır. Ona görə də onlar tanrı adından danışa bilərlər. Kastaya məxsusluq irsi idi. Brahmanın oğlu brahman, şudranın oğlu şudra olurdu. Döyüşçülər ikinci kastaya daxil idilər. Tacir, sənətkar və əkinçilər üçüncü, nökər və qulluqçuların daxil olduğu şudralar isə dördüncü kastanı təşkil edirdilər. Bu kastalardan heç birinə daxil olmayan «toxunulmaz» adamlar da var idi. Toxunulmaz adamlar ən çirkli işləri görürdülər.
kasta
Hind mədəniyyəti. Hindlilərin öz yazısı var idi. Onlar Finikiya əlifbası ilə də tanış olmuşdular.
Qədim hindlilərin etiqadları və dünyagörüşləri onların yaratdığı «Mahabharata» və «Ramayana» dastanlarında öz əksini tapmışdır.
Hindlilər, həm də elmə böyük töhfələr vermişlər. Hindlilərin ixtira etdiyi asan hesablama qaydası ən mühüm yenilik idi. Onlar sıfır rəqəmini tətbiq etdilər. Həmin rəqəmin köməyi ilə nəinki onluqları, yüzlükləri, həm də minlikləri ifadə etmək mümkün idi. Ərəblər hind rəqəmlərini mənimsəmiş, ərəblərdən isə avropalılar öyrənmişdilər.
Qədim Hindistanda memarlıq və heykəltəraşlıq da inkişaf etmişdi. Padşah Aşokanın dövründə möhtəşəm sütunları olan saray və məbədlər inşa olunmuşdur. Sütunlardan birinin üstündə daşdan yonulmuş dörd aslan heykəli dururdu. Bu aslanlar dünyanın dörd tərəfinə baxırdılar. Onlar sanki keşikçi kimi dövlətin sərhədlərini qoruyurdular.
E.ə. I əsrdə daşdan yonulmuş darvaza əsl incəsənət nümunəsidir. Qədim heykəltəraşlar bu darvazanı zəngin naxışlarla bəzəmişlər. Burada Hindistanın zəngin bitki və heyvanat aləmi, hind xalqının əfsanəvi qəhrəmanları təsvir olunmuşdur.
Qədim hind memarları qayaları çaparaq sərdabələr, gözəl məbədlər yaratmış, heykəltəraşlar divarlarda insan və müqəddəs saydıqları heyvanların heykəllərini yonmuşlar.
Azərbaycanın Tunc və İlk Dəmir dövrü abidələrində Hindistan üçün səciyyəvi olan bəzək əşyaları tapılmışdır. Bu, Azərbaycanın Qədim Hindistanla iqtisadi-mədəni əlaqələrinin olduğunu sübut edir.
Hindistan şahmat oyununun da vətənidir. Hindistanda bu oyunu «dörd növ qoşun» adlandırırdılar.


Din. Qədim hindlilərin dini etiqadları və qanunları «Veda» adlı yazılarda toplanmışdır. Qanunları pozanları ağır cəzalandırırdılar.
Hindistanda insanların kastalara bölünməsinə qarşı çıxan adamlar da var idi. Onlardan biri Qautama idi. Rəvayətə görə, o, tayfa başçısının oğlu olmuşdu. Qautama əyləncələrdən imtina edir, yoxsulların ağır vəziyyətinə acıyırdı. O, həyatın mənasını dərk etmək üçün çox düşünürdü. Çox gənc yaşlarında evdən gedən Qautama 6 il zahidlik edir, oruc tutur, yuxusuz gecələr keçirir və nəhayət, həyatın mənasını dərk edir. O anlayır ki, insanların cəmiyyətdəki yeri onların mənşəyi ilə deyil, əməlləri ilə müəyyən olunur. Həyatın əzablarından qurtulmaq üçün insanlar nəfslərini boğmalı, xeyirxah işlər görməli və ədalətli olmalıdırlar. Buna görə də onu Budda, təlimini isə buddizm adlandırdılar.

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova

0 şərh