Şahın da qaraçıya işi düşərmiş

Nərdivan adlı bir şahın ərazisinə hər il qaraçı köçü gəlib alaçıqlar qururdu. Bu şahın Rəşid adlı pəhləvan cüssəli, boylu-buxunlu, enli kürəkli bir oğlu vardı. Bu oğlan at minib çapmağı, dağları-daşları gəzməyi sevirdi. Qaraçıların məşhur ağsaqqalı Köçərinin də Peykər adlı yeniyetmə qızı vardı. Peykərlə Rəşid neçə dəfə bir-biri ilə göz-gözə gəlmişdir. Tarixi mənbələrdən məlumdur ki, məhəbbət gözdə olar, özlərindən asılı olmayaraq gözləri bir-birinə məhəbbətlərini izhar etmişdir. Nə Rəşidin, nə də Peykərin ağlına sığan deyildi ki, şah oğlu qaraçı qızı ilə evlənə bilər. Lakin buna baxmayaraq, hər ikisi bu tilsimli möcüzənin cazibəsindən çıxa bilmirdi. Qız dağın döşündən dolayı yolla yeddi göz, yeddi tabaq bulağa gələrkən oğlan da ağ atını minib bulağa gəlirdi. Səhəng neçə yol dolub-boşalırdı. Lakin gənclərin bir-birinə baxmaqdan gözləri doymurdu.

Bir gün Rəşid Peykərdən içməyə su istədi. Peykər parçı doldurub bir daşın üstünə çox səliqəli qoydu. Rəşid Peykərə səmimiyyətlə müraciət edib deyir:
— Nə üçün suyu mənə öz əllərinlə vermirsən?
Qız cavab verdi:
— Biz yad adama əllərimizlə su vermərik.
Oğlan dedi:
— Biz ki, yad deyilik.
Qız dedi:
— O taleyin işidir.
Rəşid öz qəlbindən keçən sevginin əsasını, yəni — qaraçı qızı Peykəri sevdiyini anası Zərnişana bildirdi. Zərnişan bu sirri Yarımşah adlı vəzirə danışdı.
Yarımşah dedi: 
— Xanım, nə danışırsız? Yerlə göy ağız-ağıza gəlsə də bu sevda baş tutan sevda deyil. Ona görə ki, Nərdivan şah bu işdən xəbər tutsa, bizim hamımızı qanımıza qəltan eyləyər. 

Heç nəyin fərqinə varmadan şah oğlu Rəşid Peykəri götürüb qaçdı. Hamının bələd olmadığı bir guşədə çadır, sonra ev düzəldib burada yaşadılar. 

Şah oğlu Rəşiddən qaraçı qızı Peykərdən bir oğul dünyaya gəldi. Bu sirri saxlaya bilməyən Yarımşah vəzir əhvalatı şaha bildirdi. Şah hökm etdi. Vəzir, təcili onları bir-birindən ayırırsan, uşağı meşənin dərinliklərinə atırsan. Peykəri və atası Köçərinin tayfasını bu vilayətdən qovursan.

Yarımşah vəzir Peykəri və atası Köçərini başa saldı ki, şah oğlu Rəşid Peykərdən qopan deyil. Ona görə də mənim nişan verdiyim adada yaşayın. Peykər ərə getməsin, Rəşidin yolunu gözləsin. Aylar, illər dolandı. Nərdivan şahın ölkəsinə Tilsimli dağdan su gəlirdi. Birdən-birə su kəsildi. Ölkənin cəsur igidləri dağa suyu açmağa getdilər. Suyun qabağına sal qaya çevirib, onun qabağını kəsən oğlan nə qədər güclü-gücsüz adam getdisə də, hamısını bir-birinə qatdı. Yarımşah vəzir Nərdivan şaha bildirdi ki, bildinmi suyun qabağını kəsən kimdir?
– Sənin qaraçı qızından olan nəvəndir, adı da Qayadır. Onu meşəyə atandan sonra bir şir onu tapmış, öz südü ilə mayalandırmış, əmizdirib boya-başa çatdırmışdır. O elə yenilməz pəhləvandır ki, ona nəinki insanın, hətta vəhşi heyvanların da gücü çatmaz. Bütün qoşunu onun üzərinə göndərsən tək canına məhv edər. Bəs onu necə ram etmək olar? – deyə Nərdivan şah soruşdu. 

— Çarəsi nədir, ölkə susuzluqdan batır, insanlarımız bölük-bölük başqa ölkələrə köçürlər. Belə getsə ölkə boş qalacaqdır.

Yarımşah dedi:
— Bunun bircə çarəsi var. Qaraçı köçünü tapmaq lazımdır. Peykəri oğlunun görüşünə gətirmək. Şir südü əmmiş Qayanı bu yolla ram etmək olar. 
Şah dedi: 
— Qaraçı Köçərini və onun tayfasını bu ölkədən qovduq. İndi onları haradan tapaq? Vəzir dedi: 
— Mən onların yerini bilirəm. Quşadasında yaşayırlar. 

Vəzir atlanıb Quşadasına getdi. Qaraçı qızı Peykəri ailəsi ilə birlikdə bu vilayətə qaytardı. Peykər Qayanın hüzuruna getdi. İnsanların üstünə amansızcasına hücuma keçən Qaya anasının hüzuruna sakit gəldi. Qaya yerindən qalxıb, anasının əlindən öpdü. Onun saçlarını tumarladı. Peykər də onun başını sığallayıb tellərindən öpdü. Peykər oğlu ilə bərabər Tilsimli dağa gəldi. Peykər əlini suyun qabağını kəsən qayaya dayadı. Qaya başa düşdü ki, anası nə demək istəyir. Qaya daşı yerindən oynatdı. Suyun ağzı açıldı, el-oba sudan içib feyziyab oldu. Rəşid ilə Peykər neçə gün toy çaldırdılar. Camaat bir səslə dedi:
— Görürsünüzmü, şahın da qaraçıya işi düşərmiş?

0 şərh