Moltanıya dayı demək

Orta əsrlərdə ticarətlə bağlı yaranmış məsələdir. Hazırda bu deyimdə “moltanı” sözünü “erməni” sözü əvəz edir. Həqarət mənasında daha çox işlənir, məsələn, “filankəs öz xeyri üçün erməniyə dayı deyir” kimi.

“Moltanı” sözü Hidistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər. Müsəlman deyildilər, ticarətdə sərt idilər. Malın qiymətində heç vaxt aşağı düşməzdilər. Malı barter edəndə isə, öz malını yüksək qiymət edər, əvəzində aldığı malı ucuz hesablayırdılar. Buna görə, yerli camaat onları qansız, insafsız bilirdi, inanırdılar ki, moltanılar cəhənnəm odunda yanacaqlar.

İçəri şəhərdə Qız qalası yaxınlığında multanlılar üçün ayrıca karvansaray tikilmişdi (14-cü əsrdə). Yəni, bir tərəfdən multanlılara nifrət olsa da, digər tərəfdən, zəruri ticarət tərəfdaşı kimi onlara şərait yaradılırdı.

Bəzən təqdir kimi işlənir, məsələn: “işin xatirinə hərdən gərək moltanıya dayı deyəsən”. Yəni, işin yaxşı getməsi üçün hərdən buna layiq olmayan adama da güzəşt etmək, məcburən hörmət göstərmək lazım gəlir.

0 şərh