Azərbaycanda "həqiqi" hərbi xidmət

Bu gün eşitdiyim bir xəbərdən sonra Azərbaycanda həqiqi hərbi xidmət haqqında yazmaq qərarına gəldim. Düzdü, mən hələ ki hərbi xidmətdə olmamışam, ona görə də hərbi xidmətin içindən, orda əsgərə qarşı münasibətdən, verilən yeməklər, təhqirlərdən, haqsızlıqlardan danışmayacam. Bunları mənim kimi yəqin ki bir çoxlarınız hərbi xidmətlərini başa vurmuşlardan eşitmisiniz, bəziləriniz isə bunları hərbi xidmətin özündə yaşamısınız. Mənim bu gün toxunacağım mövzu gənc oğlanlarımızın hərbi xidmət problemindəndir. Əslində hərbi xidmətin özünü problem adlandırmaq olmaz, çünki hər bir azərbaycanlı gənc oğlanın hərbi xidmət keçmək borcudur və vəzifəsidir. Hərbi xidməti problemə çevirən məhz bizim dövlət qurumlarımızdır. Bizdə belə bir qanun var ki, orta məktəbi bitirdin, ali məktəbə daxil olmadınsa, hərbi xidmətə getməlisən. Bununla müəyyən qədər razılaşmaq olar. Ali məktəbə qiyabi qəbul olanlar da təhsillərini dondurub 1.5 il hərbi xidmət keçməlidirlər, bununla nə qədər razılaşmaq olar, bilmirəm. Bundan başqa, əyani olaraq ali məktəbin bakalavr pilləsində təhsil alan gənc oğlan magistratura imtahanı verə bilər, amma həmin pilləni oxumadan hərbi xidmətə getməli, ondan sonra gəlib təhsilini davam etdirməlidir. Mən məhz bu hissəni başa düşə bilmirəm, başa düşmürəm ki, niyə bizim dövlət tələbəni təhsildən ayırıb hərbi xidmətə göndərir, sonra da həmin mühitdən qayıdandan sonra təhsilini davam etdirməsini istəyir? Onsuz da hər bir azərbaycanlı oğlan 35 yaşına kimi mütləq əsgərliyə getməlidir. Tələbənin təhsilini tam başa vurmasını gözləmək olmazmı?

Amma bu gün eşitdiyim xəbər ölkə daxilində yox, məhz ölkə xaricində təhsillə bağlıdır. Prezidentimizin imzaladığı fərmana görə 2015-ci ilə kimi 5000 gənc Dövlət hesabına xaricdə təhsil almağa göndəriləcək. Bu fərman təqdirəlayiq haldır. Fərmana əsasən il ərzində yüzlərlə gənc müxtəlif dillərə hazırlaşır, müxtəlif xarici ölkələrin universitetlərinə qəbul olur və sənədlərini Təhsil Nazirliyinə təqdim edirlər. İndi isə nazirlik xaricdə təhsil almaq istəyən (deyəsən bu magistrə aiddi) oğlanlardan sənədlərinə baxılmaq üçün hərbi bilet tələb edir. Adamı yandıran isə, Təhsil Nazirliyiin hərbi bileti məhz indi, 22 iyulda, tələbələrin bir il əziyyət çəkməsindən sonra deməsidir. Tələbə hərbi bileti hardan əldə etməlidi? Ya külli miqdarda pul verib qeyri-qanuni yollarla “yararsız” hərbi bileti almalı, ya da ki, xaricdə oxumaq arzusunun üstündən yekə bir xətt çəkməlidir. Bundan sonra da deyirlər ki, oğlanlar hərbi xidmətdən yayınır, “yararsız” hərbi bilet alırlar. Bəs dövlət təhsilini davam etdirmək, arzularını həyata keçirmək istəyən gəncə başqa seçim yolu qoyurmu? Mən yarasız hərbi bileti alanların tərəfdarı deyiləm, amma 22 iyulda bu xəbəri alan və iyulun 28-nə kimi hərbi bilet təqdim etməli olan tələbə nə etməlidir?

 

6 şərh

Tomris

Sualın cavabı. Ölkə qanunlarını yaxşı bilməli və hər deyilənə inanmamalı. Yalandan deyirlər ki xaricdə oxuyanlardan görək kim panikaya düşəcək?

Əliyev
Razıyam.Yoxlayırlar ki hansı lox tez qorxub pul verəcək.
r9perviz

Təki siz deyən kimi olsun, amma elə olacağına inanmıram.

bankir

r9perviz,əgər özünə görə narahatsansa indidən bir tədbir görmək məsləhətdir. Arxayın olma.sonra əvəzinə nə Tomris,nə də Əliyev oxumayacaq:-) Yararsızlıq bileti alma,çalış nazirliklə danış.

r9perviz
Yox, mən özümə görə narahat deyiləm, mən artıq təhsilimi başa vurmaqdayam, əsgərliyə hazırlaşıram :)
Mən daha çox bu il ərzində müxtəlif əziyyətlərə qatlanan tanıdığım və tanımadığım onlarla savadlı, amibisiyalı gənc olğlana görə narahatam.
Arzt
Mən səninlə razıyam.Bu məsələ ilə bağlı əziyyət çəkənlərdən biri də mənim sinif yoldaşımdı.Belə olmaz.Sonra da deyirlər rüşvət vermək qeyri-qanunidir.Çox təsüf ki, əvvəllər hörmət, şirinlik adı ilə məhşur olan bu əməl indi geniş tətbiq sahəsinə malikdi.Demək olar ki, hər sahədə və Azərbaycanımızın hər güşəsində bu halla qarşılaşmaq olur.