Məmməd Araz - Ayağa dur, Azərbaycan!!!

Bu gün Mikayıl Mirzənin ifasında görkəmli şairimiz Məmməd Arazın bir şeirinə qulaq asdım və illər öncə məhz Mikayıl Mirzənin ifasında sevdiyim Məmməd Arazın ən yaxşı şeirlərindən biri olan "Ayağa dur, Azərbaycan" şeiri yadıma düşdü. Uşaq vaxtdan həmin şeiri çox sevirəm və bəzən ürəyim sıxılanda həmin şeiri özümçün oxuyur, əhvalımı qaldırıram. Bunun üçün də həmin şeiri bu gün sizinlə paylaşmaq qərarına gəldim. Ola bilsin çoxunuz bu şeirlə dəfələrlə qarşılaşmış, oxumusunuz, eşitmisiniz. Amma bu gözəl şeiri bir dəfə daha oxumaqdan ziyan gəlməz. Təəssüf ki Mikayıl Mirzənin ifasında həmin şeiri tapa bilmədim, amma biri onun ifasında, biri isə başqa sənətkarımızın ifasında iki gözəl Məmməd Araz dühasının bəhrəsini tapdım. Ümid edirəm ki, Ayağa dur Azərbaycan şeiri öz ifanızda, digər iki şeir isə professionalların ifasında könlünüzü oxşayacaq. 





Ayağa dur, Azərbaycan!

Nə yatmısan qoca vulkan, səninləyəm!
Ayağa dur Azərbaycan, səninləyəm!

Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər, səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan, yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən, hanı səsin?
Hani andın?

Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!

Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına,
Əzin məni xıncım-xıncım
Kəsmir əgər söz qılıncım.
Didin məni didim - didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim,

Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 -də vuruşurdu
danışmırdı rəncbər atan,
rəncbər atam!

Oyat bizi ey yaradan, səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi.
Ya yenidən yarat bizi!
Ey yaradan, səninləyəm!
Səninləyəm, yatmış vulkan.
Səninləyəm!
Ayağa dur Azərbaycan,
Səninləyəm! 


 

0 şərh