Orucu batil edən şeylər

Məsələ 1581: Bir neçə şey orucu batil edər:
  1. Yemək və içmək.
  2. Cima.
  3. İstimna (İstimna, insanın başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir).
  4. Allaha, Peyğəmbərə və Peyğəmbərin canişinlərinə (ə.s.) yalan isnad vermək.
  5. Tozun boğaza yetişməsi.
  6. Məşhura əsasən, başı tamamilə suya batırmaq.
  7. Sübh azanına kimi, cənabət, heyz və nifas halında qalmaq.
  8. Axıcı şeylərlə imalə etmək.
  9. Qusmaq.
Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır.
  1. Yemək və içmək.


Məsələ 1582: Əgər oruc tutan şəxs qəsdən bir şey yesə ya içsə orucu batil olar, istər çörək və su kimi adi yeməklərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi adi yeməklərdən olmasın; istər az olsun, istərsə də çox, hətta əgər diş fırçasını ağızdan çıxarıb yenə ağzına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Amma əgər fırçanın rütubəti «batinin rütubətidir» deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.
Məsələ 1583: Xörək yeməyə məşğul olarkən, sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib olar.
Məsələ 1584: Əgər oruc tutan kəs bir şeyi səhvən yesə ya içsə, orucu batil olmaz.
Məsələ 1585: Oruc tutan şəxsin, bədəni keyləşdirmək və ya başqa bir vasitə ilə istifadə olunan ampulları istifadə etməsində bir zərər yoxdur. Amma qida və müalicə üçün istifadə olunan ampullardan çəkinməsi daha yaxşıdır.
Məsələ 1586: Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.
Məsələ 1587: Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım deyildir. Amma əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına yetişəcəyini bilirsə, təmizləməsi gərəkdir.
Məsələ 1588: Ağız suyunu udmaq, turş və turşa bənzər şeyi xəyala gətirməklə ağızda toplaşan suyu udmaq orucu batil etmir.
Məsələ 1589: Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın xeyri yoxdur. Vacib ehtiyat odur ki, ağız boşluğuna daxil olsa, onu yenidən udmasınlar.
Məsələ 1590: Əgər oruc tutan şəxs suzuyar və su içməyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparmaq üçün bir miqdar su içə bilər. Amma onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, gərək lazım ehtiyata əsasən ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.
Məsələ 1591: Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Amma əgər insan, əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil olur və qəzasının tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.
Məsələ 1592: İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Amma əgər onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.
  1. Cima


Məsələ 1593: Cima orucu batil edər; sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə də.
Məsələ 1594: Əgər sünnət yerindən az miqdarı daxil olur və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, «yaxınlıq etmişdir» deyildiyi təqdirdə, orucu batil olur.
Məsələ 1595: Əgər qəsdən cima etmək istəyər və sünnət yeri qədər daxil olub-olmadığından şəkk edərsə, lazım-ehtiyata əsasən orucu batil olur və onu qəza etməlidir. Amma ona kəffarə vacib olmaz.
Məsələ 1596: Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə ya onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma əgər cima halında yadına düşsə ya məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.
  1. Istimna


Məsələ 1597: Əgər oruc tutan istimna etsə (istimnanın mənası 1581-ci məsələdə deyilmişdir) orucu batil olar.
Məsələ 1598: Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.
Məsələ 1599: Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.
Məsələ 1600: Əgər oruc tutan, məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
Məsələ 1601: Mühtəlim olan oruc tutan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə, bövl edə bilər.
Məsələ 1602: Mühtəlim olmuş oruc tutan şəxs, məcrada məni qaldığını və əgər qüsldən qabaq bövl etməzsə, qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl etməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1603: Məni xaricə çıxarmaq məqsədi ilə özü ilə oynayan şəxs, ondan məni gəlməsə belə, lazım-ehtiyata əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.
Məsələ 1604: Əgər oruc tutan bir şəxs, məni çıxarmaq məqsədi olmadan, məsələn; öz qadını ilə oynaşarsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Amma əgər məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.
  1. Allaha və Peyğəmbərə (ə) yalan isnad vermək


Məsələ 1605: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s.ə.v.) və on iki imamlardan (ə.s.) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, sonra dərhal «yalan dedim» deyər və tövbə etsə belə, lazım-ehtiyata əsasən orucu batil olar. Həmçinin Həzrət-Zəhraya (səlamullahi ələyha), digər peyğəmbərlərə və onların vəsilələrinə də yalan bir şeyi nisbət vermək, ehtiyat-müstəhəbb olaraq eyni hökmü daşıyır.
Məsələ 1606: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccəti olmayan bir rəvayət nəql etmək istəsə, vacib ehtiyata əsasən o rəvayəti eşitdiyi kimsədən və ya oxuduğu kitabdan nəql etməlidir.
Məsələ 1607: Əgər bir şəxs düzgünlüyünə əmin olduğu bir sözü Allahın və ya Peyğəmbərin adından nəql etsə və sonra yalan olduğunu başa düşsə, orucu batil olmur.
Məsələ 1608: Əgər bir şeyin yalan olduğunu bilsə, onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin.
Məsələ 1609: Əgər başqasının uydurducu yalanı qəsdən Allaha, Peyğəmbərə (s.ə.v.) və Peyğəmbərin canişinlərinə (ə.s.) nisbət versə, lazım ehtiyata əsasən orucu batil olur. Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur.
Məsələ 1610: Əgər oruc tutandan soruşsalar ki, Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz buyurmuşdurmu ki, «yox» əvəzinə qəsdən «bəli» desə ya «bəli» əvəzinə qəsdən «yox» desə, lazım ehtiyata əsasən orucu batil olur.
Məsələ 1611: Əgər Allah və Peyğəmbər (səlləllahu ələyhi və alihi)-n adından düz sözü desə də, sonra «yalan demişəm» desə, ya gecə onlara bir yalana isnad verib sabahkı gün oruc olub desə ki, dünən gecə dediyim söz düzdür, orucu batil olur. Amma əgər məqsədi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.
  1. Tozu boğaza çatdırmaq


Məsələ 1612: Vacib ehtiyata əsasən, qatı tozun boğaza yetişməsi orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.
Məsələ 1613: Qatı olmayan tozun boğaza yetişməsi (əqvaya əsasən) orucu batil etmir.
Məsələ 1614: Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib ehtiyata əsasən orucu batil olar.
Məsələ 1615: Vacib ehtiyat odur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.
Məsələ 1616: Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma əgər boğazına yetişməyəcəyini zənn etmişdirsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.
Məsələ 1617: Əgər oruc olduğunu unudub, diqqətsizlik edər və ya özündən asdı olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz.
  1. Başı suya salmaq


Məsələ 1618: Əgər oruc tutan qəsdən başını tamamilə suya salsa, əgər onun bədəninin qalanı sudan xaricdə olsa da, orucu, məşhura əsasən batil olur, amma uzaq deyildir ki, bu iş orucu batil etməsin. Əgər kərahəti çox olsa da, imkan daxilində ehtiyata əməl etmək daha yaxşıdır.
Məsələ 1619: Əgər başının yarısını bir dəfə və o biri yarısını başqa dəfə suya salarsa, orucunun heç bir eybi yoxdur.
Məsələ 1620: Əgər başını tamamilə suyun altına salsa saçlarından bir qədər bayırda qalsa da, onun hökmü 1618-ci məsələdə deyildiyi kimidir.
Məsələ 1621: Əgər başı sudan qeyri-axan bir şeyə, məsələn; südə batırsa, həmçinin muzaf suya salsa belə, oruca heç bir zərəri yoxdur.
Məsələ 1622: Əgər oruc tutan ixtiyarsız olaraq suya düşsə və su tamamilə onun başını əhatə edərsə ya oruc olduğunu yadından çıxarıb suya baş vursa, onun orucunun heç bir eybi yoxdur.
Məsələ 1623: Əgər başının su altında qalmayacağını xəyal etsə və özünü suya atsa, su şəxsin başından aşsa, orucunun heç bir eybi yoxdur.
Məsələ 1624: Əgər oruc tutan şəxs unudaraq başını suya daxil etsə və suyun altında oruc olduğunu xatırlasa, başını sudan dərhal çıxarması daha yaxşıdır. Dərhal çıxarmasa, yenə də orucu batil olmaz.
Məsələ 1625: Əgər bir şəxs zorla oruc tutanın başını suya batırsa, orucunun heç bir eybi yoxdur. Amma əgər suyun altında olan vaxt, o şəxs əlini götürsə daha yaxşı odur ki, dərhal başını sudan çıxarsın.
Məsələ 1626: Əgər oruc tutan qüsl niyyəti ilə başını suya salsa, onun orucu və qüslü hər ikisi səhihdir.
Məsələ 1627: Əgər suya batanı xilas etmək üçün oruc tutan başını suya salsa, onun xilası vacib olsa da, müstəhəbb ehtiyat odur ki, orucunu qəza etsin.
  1. Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq


Məsələ 1628: Əgər cünub olan şəxs, qəsdən sübh azanına qədər qüsl etməsə, orucu batildir. Vəzifəsi təyəmmüm olan bir şəxs də, qəsdən təyəmmüm etməzsə, orucu batil olar. Ramazan ayının qəzasının hökmü də bu cürdür.
Məsələ 1629: Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib oruclardan Ramazan ayının orucu kimi, vaxtı müəyyən olan vacib bir orucda, insan qəsdən sübh azanına qədər qüsl etməzsə, orucunun səhih olduğu daha güclü görüşdür.
Məsələ 1630: Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, təyəmmümlə oruc tutmalıdır. Amma o orucun qəzasını yerinə yetirmək ehtiyat-müstəhəbbdir.
Məsələ 1631: Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin.
Məsələ 1632: Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs, özünü cünub edərsə, orucunun batil olması ilə yanaşı, qəza və kəffarə də ona vacibdir.
Məsələ 1633: Əgər vaxt olub-olmadığını bilmək üçün axtarış edər və qüsl edə biləcək qədər vaxt olduğunu zənn edərək, özünü cünub edər və sonra vaxtın dar olduğunu anlayarsa, təyəmmüm etdiyi təqdirdə orucu səhihdir. Amma əgər axtarış etmədən vaxt olduğunu zənn edib özünü cünub edər və sonra vaxtın dar olduğunu anlayaraq təyəmmümlə oruc tutarsa, o orucu qəza etməsi ehtiyat müstəhəbbdir.
Məsələ 1634: Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilərsə, yatmamalıdır. Əgər yatar və sübhə qədər oyanmasa, orucunun batil olması ilə yanaşı, qəza və kəffarə də ona vacib olur.
Məsələ 1635: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində yatar və sonra oyanarsa, belə ki, yenidən yatdığı təqdirdə, oyanacağına əmin deyilsə, sübh azanından qabaq oyanacağına ehtimal versə, vacib-ehtiyata əsasən yatmamalıdır.
Məsələ 1636: Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub, bu qərarla yatar və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir. Sübh azanından qabaq oyanacağına əmin olan şəxsin də, hökmü eynidir.
Məsələ 1637: Ramazan ayı gecəsində cünub olan bir şəxs yatarsa, sübh azanından qabaq oyanacağını bildiyi və ya ehtimal verdiyi halda, oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olarsa, əgər yatar və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur.
Məsələ 1638: Ramazan ayı gecəsində cünub olan yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyandıqdan sonra qüsl etmək istəməsə, əgər yatar və sonra oyanmazsa, orucunun batil olması ilə yanaşı, qəza və kəffarə də verməsi lazımdır. Oyandıqdan sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də vacib ehtiyat odur ki, eyni hökmü daşıyır.
Məsələ 1639: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olar və ya ehtimal verərsə, belə ki, sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyanar və üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməsi və həmçinin kəffarə də verməsi ehtiyat müstəhəbbdir.
Məsələ 1640: İnsanın mühtəlim olmasında, birinci, ikinci və üçüncü yuxudan məqsəd, oyandıqdan sonra yatdığı yuxulardır. Mühtəlim olduğu yuxu, birinci yuxu olaraq hesab edilməz.
Məsələ 1641: Əgər oruc tutan mühtəlim olsa, dərhal qüsl etməsi vacib deyil.
Məsələ 1642: Ramazan ayında, sübh azanından sonra oyanıb mühtəlim olduğunu görərsə, azandan qabaq mühtəlim olduğunu anlasa belə, orucu səhihdir.
Məsələ 1643: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs, əgər sübh azanına qədər cünub qalsa, əgər bu qəsdən olsa, o gün oruc tuta bilməz, qəsdən olmasa, oruc tuta bilər. Hərçənd ehtiyat onu tərk etməkdir.
Məsələ 1644: Ramazan orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, mühtəlim olduğunu görərsə və sübh azanından qabaq mühtəlim olduğunu anlayarsa, daha güclü görüşə əsasən, o günün Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər.
Məsələ 1645: Əgər Ramazan orucunun qəzasından başqa, kəffarə orucu kimi müəyyən bir vaxtı olmayan vacib bir orucda, qəsdən sübh azanına qədər cünublu qalarsa, orucunun səhih olduğu daha güclü görüşdür. Amma o gündən qeyri-bir gündə oruc tutması daha yaxşıdır.
Məsələ1646: Əgər qadın sübh azanından əvvəl heyz ya nifasdan pak olsa və qəsdən qüsl etməsə və vaxt darlığından ixtiyar üzündən də olsa təyəmmüm etməsə, Ramazan ayının orucunda və həmçinin ehtiyata əsasən onun qəzasında da orucu batildir. Bu ikisindən başqa, qüsl etmək ehtiyata uyğun olsa da, orucu batil olmaz. Həmçinin heyz və nifasa görə vəzifəsi təyəmmüm etmək olan bir qadın, əgər qəsdən Ramazan ayı orucu və həmçinin onun qəzasında təyəmmüm etməzsə, ehtiyata əsasən orucu batildir.
Məsələ 1647: Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz ya nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir.
Məsələ 1648: Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olar və qüsl və təyəmmüdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.
Məsələ 1649: Əgər qadın, sübh azanından sonra heyz və nifas qanından pak olsa ya gün arasında heyz ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.
Məsələ1650: Əgər qadın, heyz ya nifas qüslünü unutsa, bir ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.
Məsələ 1651: Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olar və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməz və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, orucu batildir. Amma əgər səhlənkarlıq etməz və məsələn; qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir.
Məsələ 1652: Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinin 402-ci məsələsində deyildiyi şəkildə etməsə də belə, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.
Məsələ 1653: Məss-meyit edən şəxs, yəni bədəninin bir yerini meyitin bədəninə toxunduran məssi-meyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyitə məss etsə də, orucu batil olmaz.
  1. İmalə etmək (klizma)


Məsələ 1654: Axıcı şeylə imalə etmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edər.
  1. Qusmaq


Məsələ 1655: Hərgah oruc tutan qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin çarəsizliyindən olsa da, orucu batildir. Amma əgər ixtiyarsız və səhvən qussa, eybi yoxdur.
Məsələ 1656: Əgər gecə, gündüz qusacağına səbəb olan bir şey yeyərsə, o günün orucunu qəza etməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1657: Əgər oruc tutan qusmasının qarşısını ala bilsə, əgər ona zərəri və əziyyəti olmasa, daha yaxşı odur ki, qarşısını alsın.
Məsələ 1658: Oruclu kimsənin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə çıxarmalıdır. Amma əgər qusmanın ona zərəri ya da artıq məşəqqəti olursa, xaricə çıxarması lazım deyil. Əgər onu qusaraq çıxarmaz və udarsa orucu batil olur.
Məsələ 1659: Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.
Məsələ 1660: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, ehtiyata əsasən, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.
Məsələ 1661: Əgər oruc tutan bir şəxs, gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.

Orucu batil edən şeylərin hökmləri


Məsələ 1662: Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1639-cu məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, yəni öyrənməyə imkanı olmaz və bu barədə bir şübhəsi də olmasa ya da şəri bir dəlilə istinadı olmayıb o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.
Məsələ 1663: Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə xəyal etsə ki, orucu batil olubdur və qəsdən ikinci dəfə o işlərdən görsə, onun orucu batil olur.
Məsələ 1664: Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma əgər onu, orucunu pozmağa məcbur etsələr, məsələn; əgər ona «yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik» desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar.
Məsələ 1665: Oruc tutan, bir şeyi boğazına tökəcəyini ya özünün orucunu batil edəcəyinə məcbur olunacağı bilən yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən görsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, vacib ehtiyata əsasən, eyni hökmü daşıyır.
 

Oruc tutana məkruh olan şeylər


Məsələ 1666: Bir neçə şey oruc tutan üçün məkruhdur.
Bunlar aşağıdakılardır:
  1. Diş çəkmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.
  2. Gözə dərman tökmək və dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə gözə sürmək çəkmək.
  3. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş.
  4. Ənfiyyə (burun otu çəkmək), əgər boğazına çatmasını bilməsə və əgər boğaza çatacağını bilsə, caiz deyildir.
  5. Ətirli bitkilər iyləmək.
  6. Qadının suda oturması.
  7. Fitil işlətmək.
  8. Bədəndə olan paltarı islatmaq.
  9. Yaş çöplə dişləri təmizləmək.
  10. Lüzumsuz olaraq ağıza su ya bu kimi axan şey almaq. Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün ya şəhvətini qaldıran hər hansı bir iş görsün. Əgər məni gəlmək məqsədi ilə olsa və məni xaricə gəlməsə də, orucu lazım ehtiyata əsasən batil olur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh