Ramazan İslam dininin namus pərdəsidir

Ramazanİslam aləmi fövqəlbəşər olay — Ramazan ərəfəsindədir
Ramazan Hicri-Qəməri təqviminin 9-cu ayının adıdır. Bəzi mənbələrə görə, bu ayın əsl adı «Nətiq» olub. Sonralar o, isti mövsümə təsadüf etdiyi üçün dəyişdirilərək Ramazan adını daşıyıb.

Əksər mənbələr isə hesab edir ki, Ramazanın əzəldən mənası «yanmaq» deməkdir. Çünki bu ayda oruc tutan və tövbə edənlərin günahları yanar, yox olar. «Ramazan ayı gələrkən, Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər» (Həz. Məhəmməd).

Ramazan İlahi bir rəhmətdir
Ramazan ayı Quranın nazil olması və müsəlman orucunun fərz bilinməsi baxımından çox bərəkətli aylardan biridir. Bu ayın ilahi rəhmət əsəri olduğunu önə çəkən Rəbbimiz buyurub: «Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar» (Bəqara, 185).

Bu ayın bərəkəti barədə Həz.Ömər buyurub: «Ramazan çox xeyirli və mübarək bir aydır. Bu ayda gündüz tutulan oruca, gecə qılınan namaza və verilən sədəqəyə Allah çoxlu savab verir». Mötəbər islam mənbələrinə görə, «Ramazanda edilən ibadətlər başqa aylardakı ibadətlərdən yetmiş dəfə əfzəldir».

Biruni (973-1050) Ramazan ayında müqəddəs hesab edilən Quranın nazili və orucluqdan başqa, həmin ayda xatirə tutulacaq aşağıdakı günləri də qeyd edib: 6 Ramazan — Kərbəla şəhidi İmam Hüseynin anadan olan günü; 10 Ramazan — Peyğəmbər(ə)-nin həyat yoldaşı Həz.Xədicənin ölüm günü; 17 Ramazan — Bədr döyüşü günü; 19 Ramazan — Məkkənin fəthi günü; 21 Ramazan — Həz.Əli və İmam Rzanın ölüm günü; 22 Ramazan — Həz.Əlinin anadan olduğu gün.

Orucun mənası
Rəbbin bəndələrinə «Ramazanda oruc tutun» əmri, bu ayı bərəkətli edən ən mühüm amillərdən biridir. Oruc farsca «Ruzə» sözündən türkcəyə «Oruzə» şəklində keçən termindir. Ərəbcədəki sinonimi «savm», «siyam»dır. Hərfi mənası «hərəkətsiz olmaq» deməkdir. Oruc imsak (nəfsi saxlamaq, orucun başlanğıcı) vaxtından, yəni Günəş çıxmazdan qabaq göydə görünən qırmızılıqdan öncəki müddətdən Günəşin batmasından bir az keçən zamana qədər heç bir şey yeməmək, içməmək və cinsi əlaqədə olmamaq deməkdir. Oruc tutmağa imsak da deyilir. Onun ziddi iftardır. Yəni orucu açmaqdır.

Orucun mənşəyi
Məlumdur ki, Rəbbin əmr və qadağaları Onun mütləq obyektiv ədalətinin tərkib hissəsidir. Mahiyyətcə onlar həm sosial, həm də kosmik planda tənzimləyici xarakter daşıyır. Bəşər həyatını nizamlayan belə ibadət formalarından ən birincisi orucdur. Peyğəmbər(ə) buyurub: «Bütün ibadətlərin qarşılığı veriləcək, lakin oruca bərabər ibadət yoxdur». Elə həmin səbəbdən bütün peyğəmbər və övliyaların şəxsi həyat və təbliğlərində bu ehkam xüsusi yer tutub. Belə ki, böyük çarlığın hökmdarı olan Davud(ə) 365 günün yarısını, Musa(ə), İlyas(ə), İsa(ə) və digər peyğəmbərlər ildə ən azı 40 gün oruc tutublar. İsa(ə)-nin anası Məryəmə xitabən: «Belə de: Mən Rahmən yolunda oruc (sükut orucu) tutmağı nəzir etmişəm. Ona görə də, bu gün heç kiminlə danışmayacağam» (Məryəm 26) Quran ayəsi təsdiq edir ki, xristian orucunun növlərindən biri də sükut orucudur. Şübhəsiz ki, Məhəmməd(ə) Məkkə dövründə yəhudi və xristianların oruclarından xəbərdar idi və yəqin ki, o, ilk müsəlmanlar arasında onların orucunu təbliğ də edirdi. Mənbələr göstərir ki, Peyğəmbər(ə) Mədinəyə hicrət etdikdən sonra orada yəhudilər kimi Aşura günündə oruc tutmağı əmr edib. Bəs səbəb nə idi ki, Quran Aşura orucunun yerinə Ramazan orucunu əmr etdi? Bu barədə irəli sürülən müxtəlif fərziyyələrdən ən tutarlısı aşağıdakı arqumentlərdir:

1. İslamiyyətə görə, müsəlman orucu Allahın yəhudi və xristianlara əmr etdiyi, lakin onlar tərəfindən pozulduğu üçün Peyğəmbər(ə) vasitəsilə doğru şəkildə yenidən icra edilən ibadətdir.
2. Məlumdur ki, hicrətdən 17 ay sonra «Peyğəmbər(ə)-yə tabe olanlarla ondan üz döndərənləri ayırd etmək üçün qiblənin Qüdsdən Məkkəyə çevrilməsi» əmri Quranla təsbit olunub. Güman etmək olar ki, bu hadisədən bir ay sonra Aşura orucunun Ramazan orucu ilə əvəzlənməsi də həmin səbəbdən, yəni İslam ibadətlərini qeyri-İslam ehkamlarından fərqləndirmək üçün edilib.

Orucun hökmü
«Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar» (Bəqara 183-185) əmri, Mədinədə Hicrətdən (622-il) 1,5 il sonra, Şaban ayının 10-cu günü hökm edilib. Digər ibadətlərdən fərqli olaraq, oruc sırf Allah üçündür. Rəbb buyurub: «Oruc sırf Mənim rizam üçün edilən ibadətdir. Onun mükafatını da Mən verəcəyəm».

Oruc vəfa abidəsidir
Peyğəmbər(ə) buyurub: «Oruclunun iki sevinci var: biri iftar açan vaxtı, digəri isə Rəbbinə qovuşduğu, yəni oruc olduğu müddətdəki sevincidir». Hədisin hikmətindən aydın olur ki, oruc tutan şəxs, Allahın sifətlərinin təcəllisini özündə daşıyır. Zira, Allah yemək-içməkdən münəzzəhdir. Oruclunun ağzının qoxusu aclıqdan qaynaqlanar. Bu qoxu isə qiyamət günü Rəbbin hüzurunda Mişki-Ənbərdən daha gözəl, təmiz və sevimlidir. Oruc vəfa duyğusunun təzahür etdiyi saf ibadət, Allahla qul arasında bir əhddir. Bu durumu qazanan bəndə ictimai və fərdi planda vəfa abidəsinə çevrilir. Oruc, əmanətə sadiqlikdə ən mükəmməl tərbiyəçidir. O, səhərdən axşama qədər bu əmanəti mühafizə edir. İnsan oruc vasitəsilə nəfsin ona təklif etdiyi şeytani işlərin qarşısına sədd çəkir. Bu zaman o, yeməyə, içməyə, qadına, ümumiyyətlə dünyaya qarşı qapalı olur. İslam aləmində il boyu edilən günahların təhlili də göstərir ki, Ramazan ilin 11 ayına nisbətən daha əminamanlıdır.

Orucun dünya və axirət, fərd və ictimai faydaları
1. Şükür tərəfi. Şükür, verdiyi nemətlərə görə bəndənin Allaha minnətdarlığıdır. Adi vaxtlarda insanlar ac qalmadığı üçün, onlar nemətin həqiqi qədrini lazımınca bilmirlər. Bəndə bir loxmanın əsl qiymətini və ona olan ehtiyacını iftar vaxtı bilir. Bu zaman ən ümdə məsələ bəndənin nemət sahibinin Rəbb olmasını dərk etməsi və şükrü də xalqa yox, Xaliqə etməsidir. Zira deyilib: «Yeyib doyandan sonra Rəbbə şükür edən insanın qazandığı savab, səbr ilə oruc tutandan əfzəldir» (Həz.Məhəmməd).

2. İctimai həyat baxımından. Oruc tutan varlının vicdanı 11 ay ərzində çoxluq təşkil edən yoxsul təbəqənin nələr çəkdiyini ona bildirir. Rəbb orucla varlını kasıba yardım etməyə dəvət edir ki, heç olmasa, bu ay ərzində iki təbəqə arasında fərq nifrətə çevrilməsin. Bu baxımdan oruc, həm də sosial partlayışa zəmin yaradılmaması üçün İlahi hikmətdən doğan bir zərurətdir. Deməli, o, bilavasitə potensial ədavəti tənzim edən ibadətdir. Fəqət fasiq (əxlaqsız) insanın il ərzində cəmiyyətdən oğurladığının cüzi hissəsini ona qaytarmaq cəhdi, hidayətə yetişmədə çox müşkül məsələdir. «De ki: istər könül xoşluğu, istərsə də zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiqsiniz» (Tövbə 53).

3. Nəfsin tərbiyəsi üçün. Nəfs Allah əmrinə tabe olmaq istəməz. O, ilahi nemətlərdən heyvani şəkildə istifadə etməyi arzular. Nəfsi ram etmənin ən effektli metodu isə onu sevdiyi şeylərdən məhrum etməkdir. Məs., aclıq və susuzluqla. İmperator Avqust demişkən: "Əgər soruşsalar ki, nə üçün özünü incidib oruc tutursan, de: "İpə-sapa yatmayan atı, yalnız aclıq və susuzluqla ram etmək olar". Göründüyü kimi, orucda həm də Böyük cihad elementi — nəfsə qarşı bir mübarizə var.

4. Duanın qəbulu baxımından. Peyğəmbər(ə) buyurub: "Üç adamın duası rədd olunmaz: İftar edənə qədər oruclunun, ədalətli dövlət başçısının, məzlumun".

5. Quran nazili ilə əlaqəsi. Orucun Ramazanda fərz bilinməsi və ilk vəhylərin həmin ayda nazil edilməsi eyni vaxta düşdüyü üçün, bu ibadət Quran ruhu və hikmətilə son dərəcə həmahəngdir.

6. Axirət baxımından. Peyğəmbər(ə) buyurub: «Oruc, qiyamət günü oruclu üçün şəfaətçidir». Bu ayda Quran oxumaq və oxunanlara əməl etmək, yetim uşaqlar və atılmış qocalara, xəstələrə, orduya, kasıblara əl tutmaq bəndənin bəzi günahlarının silinməsinə və onun savab qazanmasına vəsilədir.

7. Tibbi baxımdan. Məlumdur ki, il ərzində istifadə olunan çaydanın dibini və divarlarını ərp bağladığı üçün, onu həmin daşlardan təmizləyirlər. Oruc da il ərzində müxtəlif yemək və içkiləri qəbul edən yorulmuş əzaların «təmir»idir. «Hər şeyin bir zəkatı var. Bədənin zəkatı da orucdur» Peyğəmbər(ə) kəlamına görə, sərvətdən zəkat vermək onun paklaşmasına səbəb olursa, bədəndəki zəhər və ərplər də orucla yox olur. Bu baxımdan, iftar vaxtı yeməyə yaşamaq üçün müalicə vasitəsi kimi baxılmalıdır. Yeri gəlmişkən, oruc tutan həkim Allaha çox yaxın olduğu üçün, onun müalicəsi orucsuz həkimin müalicəsindən daha effektli olur. Cinə tutulan ruhi xəstələri müalicə edən İsa(ə) buyurub: «Onlar (cinlər), dua və orucdan başqa heç bir şeylə çıxmazlar» (İncil, Mark 9:29).

8. Mənəvi saflıq baxımından. Ümumiyyətlə, həm adi günlərdə, həm də xüsusən Ramazan iftarında mədə elə yüklənməlidir ki, qəbul edilən qida Allahı dərk etməyə mane olmasın. Həz.Əli demişkən: «Bir para oruclunun əldə etdiyi ancaq aclıq və susuzluqdur. Gecələrini ibadətdə elə keçirənlər var ki, onların əldə etdiyi şey yuxusuzluq və yorğunluqdur. Təfəkkür sahibinin isə yuxusu və yeməyi də gözəldir». Deməli, oruc tutan şəxs maddi pəhrizinə əməl etməklə yanaşı, həm də mənəvi saflığını gözləməlidir. Zira kamil insanın orucu, bədən pəhrizilə ruh tərbiyəsinin vəhdətindən ibarətdir. Bunun üçün oruc təkcə mədə ilə yox, bütün orqan və duyğularla — göz, qulaq, qəlb, əl və s. dəyərlərlə tutulmalıdır. Bu isə o deməkdir ki, rüşvət, zina, əyyaşlıq, təxribat, böhtan, yalan, qeybət, həsəd, qətl və s. əxlaqsız hərəkətlərə, adi günlərdən fərqli olaraq, həmin ayda əsla rəvac verilməməlidir. Mənəvi orucun mahiyyətini açan İslama görə, «qəlbin orucu dil orucundan, dil orucu isə mədə orucundan xeyirlidir».

9. Aclıq aksiyası ilə orucun fərqi. Bütün ibadətlərdə olduğu kimi, orucda da əsas şərt saf niyyətdir. Məhz səmimi niyyət vasitəsilə aclıq aksiyası orucdan fərqlənir. Oruc pozitiv və istəkli ibadətin, zülm və haqsızlığa qarşı keçirilən aclıq aksiyası isə qəzəb və etirazın rəmzidir. Aclıq aksiyasının (buna ölüm orucu da deyilir) təqdir etməyən İslam, bu növ orucun hökmünü intiharla eyniləşdirir. İntihar isə ən böyük günahlardandır.



Ramazan milli birlik, din və torpağa sahib çıxmaq üçün bir fürsətdir
Ramazanın sülh və məhəbbət, milli birlik və həmrəylik ayı olması Allah əmridir. Bu əmrə əməl etmək, torpağının 20 faizi düşmən tapdağı altında olan Azərbaycan üçün xüsusilə vacibdir. Buraya acı reallığımız olan dindən sui-istifadələri, rüşvət, təxribat, əyyaşlıq, narkomaniya, xəyanət, zina, biganəliyi və digər neqativləri də əlavə etsək, o zaman Ramazanın bir fürsət kimi bayraq və dövlətçiliyimiz, din və millətimiz üçün müstəsna əhəmiyyət kəsb etdiyinin bir daha şahidi olarıq. İlahi bir şans və avans kimi verilən Ramazanda «mənəmlik» iddiasında olanlar «bizdən daha qüvvətli kim ola bilər?!» (Fussilət 15) — deyənlərin aqibətini düşünməli, söz, düşüncə və xarakter müxtəlifliyinin Rəbbin hər bəndəsinə verdiyi məxsusi lütf kimi vətəndaş həmrəyliyinin qarantı olduğunu dərk etməlidirlər. Məgər fərqli düşüncələr insanın yaradılışdan gətirdiyi Rəbb hikməti deyilmi? Bəs, "Ümmətimin fikir müxtəlifliyi rəhmətdir" Peyğəmbər(ə) kəlamı necə? Elə isə Allaha, Haqqa aparan yolda fikir müxtəlifliyi üzündən kin və küdurəti düşmənə deyil, bir-birinizə bəsləmək nə dərəcədə insani, insafi və islamidir?!

Ramazan, "ölkəni dost və düşmənlərə bölmək lazım deyil!" ifadəsinin reallaşması və milli həmrəylik üçün də bir vəsilə olmalıdır. İqtidarlı, müxalifətli və bitərəfli hamı bilməlidir ki, nə qədər ki, vətən torpaqları alınmayıb, Qarabağda ağ qar üzərində al qanları ilə «Allahu Əkbər» yazan qazi və şəhidlərimizin əlləri bizim boğazımızda olacaq.

Ramazana zidd olan bəlalarımızdan biri də, sözdə konsensus və dialoqun vacibliyini önə çəkən siyasilərin bəzilərinin qeyri-səmimiliyi, bəzi ziyalıların biganəliyi, hər zaman «qanunun şah» olmaması, aparıcı din xadimlərinin bir qisminin siyasətə qoşularaq, ölkənin "əlisini, vəlisini, hətta dəlisini" imana görə deyil, siyasi mənsubiyyətinə görə təqdir və təqdis etmələridir.

Milli birlik, din və torpağa sahib çıxmaq baxımından 12 ayın sultanı olan müqəddəs Ramazan, iqtidarın ümummilli və dövlət mənafelərinə qulluq etməsi, müxalifətin isə iqtidarın vicdanı olması üçün İlahi bir fürsətdir. Bilməliyik ki, orucluğa mənəvi saflıq gətirən bu fürsət əldən buraxılarsa, yəni millətin iqtidarı kar, müxalifəti isə kor olarsa, onda «mən sizin kimilərin çoxunu məhv etmişəm» ayəsinə görə, həmin cəmiyyətin fəlakətə düçar olması da qaçılmaz olar.

Tövbə üçün gözəl fürsətdir Ramazan. Çünki Rahmən və Rahimdir Yaradan. Fəqət niyyəti zülm olanın günahı bağışlanmaz. Hər gününü Ramazandan hesab edənlərin nəsibdar olmaları isə şübhəsizdir. Allah tutacağımız oruc, dua və tövbələrimizi qəbul etsin. Amin!

P.S. Müxtəlif səbəblərdən oruc tutmayan şəxslər davranış və yemək-içməklərində çox ehtiyatlı olmalıdırlar. Bu, həm mənəvi cəhətdən doğru, həm də oruclunun iradına tuş gəlməmək üçündür. Bu hikməti qəsdən, nümayişkəranə pozanlar bilməlidir ki, bununla onlar İslam dininin namus pərdəsi olan Ramazana qəsd etmiş olurlar. Ramazana qəsd edənlərin cəzasını isə yalnız onun sahibi — Allahu-Təalə verəcək.

Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.-2 avqust.- S. 12.

0 şərh