Fürsətlər bulağının qaynadığı gecə

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Ramazan ayının Şah zirvəsi olan Qədr gecəsinin Əhya gecələrini yaşamaqdayıq. Allahdan hər bir kəs üçün bu mənəvi ziyafətdən tam şəkildə istifadə edə bilmək, bu gecələrdə ayılmaq, oyanmaq, dirilməyi istəyirik. Xoş olsun halımıza ki, Allah Təala belə əzəmətli gecələri yaşamağı lütf edib!
Uca Allah Qədr gecəsini belə tanıdır
Əzəmətli, dəyərli, böyük bir gecələri yaşayırıq. Rəbbimiz Özü bizə Quranda bu gecəni tanıtdırır. “Qədr” surəsində bu gecənin tutumunu, imkanlarını, qabiliyyətlərini çatdırır.
Rəbbimiz Öz əzəmət, böyüklük və qüdrətini bəyan edərək, buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”.
Allahımız Öz əzəmət və qüdrətini nümayiş etdirmək üçün “biz” ibarəsindən istifadə edir. Quranın böyüklüyünə və əzəmətinə işarə edərək, bizlərə çatdırır. Rəbbimiz bəyan edir ki, Biz öz qüdrət və əzəmətimizlə o böyük Quranı Qədr gecəsində nazil etdik.
Qurani-Kərim böyük bir gecədə nazil olub. Müqəddəratlar, hesablar həll olunan, təqdiratlar müəyyənləşən gecədə nazil olub.
Qədr gecəsi nədir
Qədr gecəsi nədir?
İnsanın şüuru, imkanları, Qədr gecəsini anlamaqda acizdir. Hətta əziz Peyğəmbərimiz (s) Qədr gecəsini tanımaq üçün İlahi təlim keçir. Hətta Peyğəmbərimizə (s) Allah Təala Qədr gecəsinin nə olduğunu öyrədir.
Qədr gecəsi – bir gecədir ki, Qədr gecəsi olmayan min aydan daha üstün, daha xeyirli, daha bərəkətli və daha fəzilətlidir. O gecədə Allah Təala mələklərini və Ruhu endirər, nazil edər ki, müqəddəratlar hesablanan zaman onlar da işləri sahmana salmaq vəzifələrini yerinə yetirsinlər.
Endirər ki, Allahın əmrini yerini yetirmək üçün hazır olsunlar. Bu mənəvi vəziyyət, varlıq aləmindəki bu böyük, fövqəladə mənəvi vəziyyət sübhə qədər, dan yeri sökülənə qədər əmin-amanlıqda, salamatlıqda olar.
Ey İlahi ziyafətin qonaqları! Allah bizlərə lütf və mərhəmət edib belə bir gecələri tanımağı, belə gecələrdə olmağı. Burada gərək heç bir fürsəti əldən verməyək. Allahdan istəyimiz budur ki, bizlərə bu gecələrdən layiqincə istifadə etməyi nəsib etsin!
Qədr gecəsindən geniş istifadə üçün 12 tövsiyə
Böyük əxlaq ustadları, Qədr gecəsini tanıyanlar, Qədr gecəsinin mütəxəssisləri, böyük ariflər bu gecə ilə bağlı dəyərli tovsiyələr verir. Zamanımızın böyük arifi, əxlaq ustadı, mərcəyi-təqlid Ayətullahul-üzma Seyyid Əli Xamenei cənablarının müxtəlif vaxt və zamanlarda Qədr gecəsindən möminlərin necə bəhrələnməsi ilə bağlı edilən çıxışlarından toparlanmış on iki tövsiyəni sizlərlə bölüşmək istərdik.
1. İnsan Qədr gecəsinə mənəvi hazırlıqla daxil olmalıdır. Qəlblərimizi hazır edək. Qəlblərimiz hazırlanmış halda, oyanmış halda, mənəvi hazırlıqlı bir halda Qədr gecəsinə daxil olmalıyıq. Bu gecə — elə-belə gecə deyil.
Bu gecə bir gecədir ki, biz gərək xəstə, ölmüş, qəsavət basmış, qəflətdə olan qəlblərimizi oyadaq. Bu gecə oyanmaq mümkündür. Çünki, Allah bütün möminləri, iman əhlini öz İlahi ziyafətinə dəvət edib. Bu İlahi ziyafətin ən uca zirvəsi isə Qədr gecəsidir. Bizlər min ayda keçə bilmədiyimiz, onillərlə keçə bilmədiyimiz yolu bir gecədə keçə bilərik.
Bir gecədir ki, səksək ildən çox yığılıb qalmış xəstəlikləri müalicə edə bilərik. Bu gecəyə ümid dolu baxışımız olmalıdır. Bu gecə qəlblərimiz hazır, dirilmiş vəziyyətdə olmalıdır.
2. Qədr gecəsinin saatlarını fürsət bilək. Bu gecənin saatlarını, dəqiqələrini, hər anını qənimət bilməliyik. Dilimizdən zikrlər əskik olmasın, Quran oxuyub tədəbbür etməni əldən verməyək. Namazlar, dualar, müxtəlif ibadətlər unudulmasın.
O cür baxmayaq ki, bu gecə tez qurtarsın və dincələk. Allah bizi o cür cahillikdən və qəflətdən qorusun. Əksinə, bu cür baxaq ki, bu gecə bir qədər də uzansa, artsa, bu gecənin imkanlarından bir qədər də bəhrələnsəydik – nə gözəl olardı. Bu, bir fürsətdir. Bir gecə min aydan üstündür. Bu gecənin hər saatına diqqət edək.
3. Qədr gecəsi – möminin meracıdır. Əxlaqşünaslar, qəlbin təbibləri deyir ki, necə ki, namaz möminin meracıdır, o cür də Qədr gecəsi və Əhya da möminin meracıdır. Biz Qədr gecəsində bu dünyanın maddi bataqlığından qurtula və Allaha doğru hərəkət edə bilərik. Bu dünyanın başdan-başa zəncirlərini qıra, nəfsani buxovlardan qurtula və azad insan ola bilərik. Azad insan o insandır ki, həvayi-nəfsini nəzarətə ala bilir. Əhya gecəsində bu potensial var.
4. Bu gecənin ən üstün əməli – duadır. Dua budur ki, insan Allahın ona verdiyi bütün nemətlərin şükrünü yerinə yetirər və Rəbbi ilə münacat edər. Bu gecədə Allahla danışaq, dərdləşək. Bu gecə əhya saxlayaq ki, Allahla ünsiyyətimiz olsun. Allah bizə bu gecədə oyaq qalmağı, yatmamağı ona görə tövsiyə edib ki, Allahla söhbət edə bilək
5. Duaları edən vaxtı mənalarına diqqət edək. Dualarda tədəbbür edək, mənalarına fikir verək. Diqqət edək ki, duada Allaha nə deyirik? Allahdan nə istədiyimizi düşünərək, səmimi qəlblə deyək.
6. Bu gecədə Allahla bacardığımız formada danışaq. Əgər insanın bu vərdişləri yoxdursa ki, müəyyən duaları oxusun, indiyə qədər dualarla tanışlığı olmayıbsa – eybi yox, bacardığı şəkildə Allahla danışsın. Rəbbimiz bizi qonaq çağırıb. Bizi Rəbbimiz çağırıb, bizim özümüzə qalsa, bizdə o ləyaqət yoxdur. Amma indi ki, çağırıb, dəvət edib – Ondan istəyək. İnsan bu gecədə gərək Allahla dərdləşsin.
7. Allahdan səmimi qəlblə üzr istəyək. Baxaq nə vəziyyətdəyik, nə durumdayıq, hansı haldayıq. Bu halla bizim qəbrə gedəsi halımız yox, Qiyamətdə Allahın qarşısında dayanmaq halımız yoxdur. Nə namazlarımız namaz, nə oruclarımız orucdur. Əlimizdə heç nə yoxdur. Bir sözümüz var, əllərimiz boş, azuqəmiz yoxdur. Ömrümüzü zay etdiyimiz üçün üzr istəyək, peşmançılığımızı bəyan edək. Min ayın üzrünü istəyə bilərik. Bir üzrün hesabına böyük mənəvi hala gəlib çata bilərik.
8. Qəlblərimiz Peyğəmbər (s) və onun pak Əhli-Beyti (ə) ilə uyğunluq tapa bilər. Xüsusən bu gecələrin şəhidi Həzrət Əli (ə) ilə hallarımızı uyğunlaşdıra bilərik. Həzrət Əlinin (ə) həyatını öyrəndikcə, keçdiyi yolla tanış olduqca bu yolun şirinliyini, gerçəkliyini, xeyirli aqibətə aparmasını anlamaq olur.
Həzrət Əlinin (ə) müsibətini anlamaq üçün bir o bəsdir ki, namazın, ibadətin özü olan Həzrət Əli (ə) namaz halında zərbətlənən zaman, elə cahillər tapıldı ki, dedilər: “Məgər Əli (ə) namaz qılırdı ki?”...
Dünyanın qarşılaşdığı ən böyük faciə – dindarlıq faciəsidir. Həzrət Əli (ə) kimi bir kişini dünya zamanında tanımadı. Onun mənəviyyatını, əxlaqını, tutumunu, elmini anlamağa imkanı çatmadı. Bu gecə Əhli-Beytlə (ə) ruhiyyələrimizi uyğunlaşdırmaq üçün fürsət var.
9. Bu gecə bir fürsətdir ki, biz bilək ki, yiyəsiz deyilik. Allahın hər dövrdə bir hüccəti var, Məsum (ə) bir şəxs var. Dövrümüzün də hüccəti əziz Zəmanə Sahibidir (ə.f). Bu əziz İmamın (ə.f) intizarındayıq. Ruhiyyələrimiz, hallarımız o zaman qaydasına düşər ki, biz bu İmamımızla (ə.f) ruhi təmasda olaq. Anlayaq ki, biz yiyəsiz deyilik. Anlayaq ki, Allahın əmri ilə bu gecədə mələklər və Ruh yerə enəndə, müqəddəratlar həll olanda, onlar dövrün İmamının (ə.f) qəlbinə enirlər.
10. Bu gecə – təfəkkür və düşüncə gecəsidir. Allahın yaradılış aləmində düşünək və təfəkkür edək. Allah niyə xəlq etdi? İnsan, varlığın ən üstünü olaraq niyə yaradıldı? Biz nə üçün buradayıq? Bizim hansı imkanlarımız, qabiliyyətlərimiz var? Biz bu ötəri dünyada özümüzü nə qədər doğru tapa, kəşf edə bilmişik: Nə qədər Allahın bizi yaratdığı hikmətə uyğun ali harmoniyaya qovuşa bilmişik?
Düşünmə, təfəkkür, ayılma gecəsidir. Düşünsək, fikirləşsək – ayılarıq.
Allahım, bizə bu gecələrdə düşünmə və ayılma inayət et!
11. Bu gecədə ümmət üçün dua edək. Fərd-fərd eqolardan qurtulaq, eqoların fövqünə qalxaq. Böyük bir ümmətin zərrəsi olduğumuzun fərqinə varaq. Bu ümmətin dərdlərini duyaq, ümmətin gerçəkliklərini anlayaq, gələcəyi üçün əlindən gələn elmi, ruhi mücadiləni etmək, İslam torpaqlarının, Qarabağ və Qüdsün geri qayıtması üçün əlindən gələn hər şeyi etmək barədə düşünək. Hər şey duadan başlayır.
12. Bu gecədə öz yaxınlarımız üçün dua edək. Bu gecəni öz valideynlərimiz üçün, övladlarımız üçün, qohumlarımız, dostlarımız, əzizlərimiz üçün dua etməyi böyük bir fürsət bilək.
Allahın oyanış barədə mesajını doğru alaq
Bu gecədə və hər zamanda Rəbbimizin bizə bir müraciəti var. O müraciəti doğru alsaq, doğru hiss etsək, o müraciətin ruhunu duya bilsək – o zaman bizim həyatımız yeni bir mərhələyə keçər.
“Hədid” surəsinin on altıncı ayəsində Rəbbimiz hər bir imanlı şəxsə, hər bir möminə müraciət edir və sual verir: “Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıbmı?!”.
Hər birimizə ünvanlanan bir sualdır. Allahım, elə et ki, o vaxt çatsın, bu gecə olsun. Bu ayə ilə bağlı Fuzeylin hadisəsi nəql olunur. Bu barədə çox mənbələrdə, müxtəlif versiyalarda hadisə nəql olunur. Şəhid Ayətullah Mütəhhəri (r.ə) bu hadisəni tövbə aspektində nəql edir.
Fuzeyl ibni Əyyas özü məşhur bir şəxs idi, cinayət edən idi. İnsanlar onun adı gələndə titrəyərdilər. Şəhid Mütəhhəri onun dilindən hekayəsini belə təqdim edir: “Mən bir gecə bir evi nəzərdə tutmuşdum ki, gecə gedib onu oğurlayım. O evin bir hasarı var idi. O hasarı qalxmağa gəldim. Mən o hasarın yuxarısına qalxanda, Quran tilavəti səsi gəlirdi”.
Fuzeyl həmin yerə gəlib çatanda bu sözügedən ayəni eşidir. Bu ayə ona fövqəladə dərəcədə təsir qoyur. O vaxt gəlib çatmadı ki, sizin qəlbləriniz yumşalsın və Allahı xuşu halında anasınız? Fuzeyl o an hasarın başında anladı ki, o vaxt gəlib çatıb...
Bizlər də bu əhya gecəsi ayıla bilərik. Fuzeyl fikrə gedir, onda oyanış baş verir. Fuzeyl tövbə edir. Bundan sonra böyük mənəvi yüksəlişə doğru addım atır.
Əxlaq mütəxəssisləri bu hadisəni nəql edərkən bildirirlər ki, Fuzeylin bu mənəvi yüksəlişi tapması səbəbsiz deyil. Bizim inancımızda hər şey bir səbəb-nəticə əsasındadır. O, bu tofiqatı qazanmışdı. Nə ilə?
Hadisə belə idi. Bir gün onlar bir karvanı ələ keçirmişdilər. Görürlər ki, bir insan çox qəmli haldadır. Ondan bunun səbəbini soruşurlar. Deyir ki, mən öz malik olduğumu Allaha tapşırmışdım, malımın içərisinə bir dua qoymuşdum. Həmin şəxs bunu Fuzeylə göstərir. Fuzeyl baxır və əmr edir ki, onun hər şeyini qaytarsınlar. Ondan bunun səbəbini soruşurlar. Fuzeyl deyir ki, biz mal oğrusuyuq, amma iman oğrusu deyilik...
Bircə doğru addım, görərsən ki, insanı mənəvi baxımdan xeyli irəliyə aparar.
Sonra həmin Fuzeyl böyük mənəvi yüksəlişə çatır. Bunun misallarından biri – xilafəti qəsb edən Harunla bağlıdır.
Harun ər-Rəşid (lən) barmaqla sayılacaq qədər imkanı olan padşahlardan olub. Harun ər-Rəşid (lən) bir gün dedi ki, mən bir mənəvi ünvana getmək istəyirəm. Bəzən olur ki, o cür qəddar insanların da qəlbi bir anlıq ayılır, ya rola girirlər, ya bir oyanış anı gəlir. Amma sonra zay edirlər.
Harunu bir qapıya aparırlar. Qapını döyürlər, həmin şəxs kim olduğunu soruşur. Deyirlər ki, Harun ər-Rəşid (lən) gəlib. Həmin şəxs deyir ki, xəlifə niyə zəhmət çəkib gəlib? O, özü xəlifənin qapısına gedərdi.
Harun ər-Rəşid (lən) əmr edir ki, geri dönsünlər. Harun da başa düşür ki, belə bir şəxs mənəvi qapı ola bilməz, çünki elə onların öz materialındandır.
Onda Harunu (lən) Fuzeylin qapısına gətirirlər. İçəri daxil olanda Fuzeyl bir cür edir ki, otaq qaranlıq olsun. İçəri keçəndə bir vəziyyət yaranır ki, Harun ər Rəşid (lən) büdrəyən kimi olur, Fuzeyl onun əlindən tutur. Fuzeyl onun əlindən tutanda deyir, nə nazik əlin, nə yumşaq dərin var. Bəs, bunlar Cəhənnəmdə necə yanacaqlar?
Xəlifənin yanında olanlar deyir ki, dəqiqə-dəqiqə irəli getdikcə, Fuzeyl Haruna mənəvi nəsihətlər verdikcə, onun bir-bir günahlarını saydıqca, onu aqibəti ilə qorxutduqca Harun ər-Rəşid (lən) kiçilməyə başlayır.
Mənəvi insan bu cür olar. Allahın mesajını düzgün alan insan bu cür olar.
Ayılanların çatdığı mənəvi yüksəliş
Fuzeyllə bağlı bir nöqtəyə toxunmaq yerinə düşər. Fuzeyl dövründə doğru bulaqlardan su içir. Həzrət İmam Sadiqə (ə) tələbəlik edir. Ayətullah Şəhid Mütəhhəri cənabları buyurur ki, mövcud bir elmi, ürfani, dərin fikirləri olan mənbələrdən biri – Fuzeylin təqdim etdiyi kitabdır. Fuzeyl iddialıdır ki, bu sualları İmam Sadiqə (ə) verib, İmam (ə) cavab verib və o, qeyd edib.
Məsumlar (ə) hər sual verənin öz tutumunda cavab veriblər. Fuzeylin mənəvi tutumu və yüksəlişi o həddə olub ki, burada verilən suallar da başqa bir ürfani dərəcədədir. Bəndəliyin nə olduğu ilə bağlı sualın cavabında İmam Sadiq (ə) buyurur: “Ey Fuzeyl! Sən bilirsən bəndəlik nədir? Ubudiyyət – bir gövhərdir ki, zahiri bəndəlikdir. Onun həqiqəti və nəhayəti isə, hədəf və məqsədi ilə Rübubiyyətdir”.
Ayətullah Mütəhhəri (r.ə) cənabları buyurur ki, buradan nəuzibillah o nəticə çıxmamalıdır ki, bəndəliyin nəhayəti Rəbblikdir. Anlamı budur ki, insan Allaha bəndə olsa, sonra Allaha uyğunlaşdığı üçün öz nəfsinin sahibi olar.
Allahım, bizlərə bu gecələrdə həqiqi oyanış, ayılma nəsib et!
Allahım, bizlərə bu gecədə bağışlanmağı nəsib et!
Allahım, bizlərə bu ayda nəfsimizə sahib şəkildə çıxmağı nəsib et! Amin!
 
 
Müəllif: Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Mənbə: deyerler.org

0 şərh