Ramazan ayında qidalanmada nələrə diqqət etməliyik?

Müqəddəs Ramazan ayına qədəm qoyuruq. Bu mübarək ayda oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranan problemlər aradan qalxır. Tədqiqatlar sübut edib ki, Ramazan ayını bütünlükdə oruc tutmaq  orqanizmə yüngüllük gətirir, gərginliyi aradan qaldırır, diqqətin cəmlənməsinə kömək edir, zehni dağınıqlığa son qoyur, düşünmə və mühakimə qabiliyyətini möhkəmlədir, sakitlik və mənəvi rahatlıq verir.
Ramazan ayında qidalanmada nələrə diqqət etməliyik?
Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər. Meyvə, tərəvəz, vitamin və minerallarla zəngin olduğu üçün onların qəbulu mütləq vacibdir. Taxıl qrupu qidalar isə bütün vücudun, xüsusilə də beynin enerji ehtiyaclarını təmin etməyə kömək edir. Həmçinin süd, meyvə və tərəvəzlər də orqanizmin su ehtiyaclarını ödəməyə yardımçı olacaq. Çay və kofenin diuretik (sidik qovucu) təsirini nəzərə alaraq imsakda mümkün qədər az qəbul etməyə çalışın.
Həkim-fizioloqların məsləhətinə görə, hər kəs iftar süfrəsində ehtiyatlı olmalıdır. Hansı qidadan başlamalı, nə qədər və necə yeməli sualını öncədən düşünməlidir. İftar süfrəsindən doymamış qalxmaq sağlamlıq üçün əsas şərtdir. Təzə meyvələr, qoz, fındıq, badam ləpəsi, təmiz bal, meyvə quruları ilə qidalanma orqanizm üçün daha xeyirlidir. İftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Ac qarına, bütün günü dincələn orqanizmi qəfil ağır, çeşid-çeşid qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyyəli xörəkləri meyvə-tərəvəzlə əvəzləmək məsləhətdir. İftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra rahat yata biləsiniz. Səhər yeməyində duzlu, zəngin kalorili, yağlı pendirdən uzaq olmaq gərəkdir. Əksinə, süd, yumurta, qatıq kimi qidaların qəbulu orqanizmi gün ərzində lazımi maddələrlə təmin edəcək. Normadan çox qidalanma qanda şəkərin qəfil yüksəlməsinə və halsızlığa səbəb olur. Bunu nəzərə alıb iftarınızı xurma və ya zeytunla açın, üstündən 1 stəkan ilıq su için. Bu yolla 17 saat ac qalmış mədənizi yeməyə hazırlamış olursunuz. Şorba və tərəvəzlərdən ibarət salat yedikdən sonra əsas yeməyə keçməmiş bir qədər gözləyin. Bu bizə həm doyma siqnalını vaxtında hiss etməyə, həm də qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.
Nutrisioloq-diyetoloq  Nura Hüseynova  “İki sahil”ə açıqlamasında bildirib  ki, oruc dini ibadətlə yanaşı orqanizm üçün sağlamlıqdır. Oruc tutmağın insan orqanizminə verdiyi faydalar danışmaqla bitməz.
Ekspert qeyd edib ki, insan oruc olduğu zaman gün ərzində qida qəbul etməməklə yanaşı sahur və iftarda da aşırı qida qəbul etməyib normada yeyərsə, daxili orqanlar,mədə-bağırsaq sistemi, böyrəklər öz fəaliyyətini normallaşdırar. Orqanizm toksik maddələrdən təmizlənər. Mədə turşusunun tənzimlənməsi nəticəsində həzm sistemi daha da aktivləşər. Bununla yanaşı, zehni və fiziki sağlamlığı bərpa olunur, insan gümrahlaşır. Sanki özünü 10 yaş cavanlaşmış kimi hiss edirsən. Oruc qanda xolestrolun səviyyəsini aşağı salır, damarlar genişlənir və qan dövranı sürətlənir. Dediyim kimi, orucun faydalarını saymaqla bitməz. Oruc tutan insanlara bir tövsiyəm var. Gün ərzində bədən susuz qaldığı üçün iftar yeməyi bitdikdən sonra imsaka kimi daha çox maye qəbul etməyə çalışsınlar. Bu, həm bədənin su ethiyatını balanslaşdırır, həm də çəkinin normaya düşməsinə səbəb olur.
Diyetoloq vurğulayıb ki, maddələr mübadiləsi gün ərzində istehlak olunan qidaları həzm etməklə məşğul olduğundan vücudumuzun müdafiə və immun sistemi zəifləyir. Oruc olan zaman isə həzm orqanları bu müddət ərzində istirahət edir və yenilənir. Xüsusilə fasiləsiz işləyən qaraciyərin qandakı ağ qan hüceyrələrinin performansı ilə istirahət etməsini təmin edən oruc, vücudumuzdakı hər orqanın ayrı-ayrılıqda istirahətini təmin edir və xəstəliklərə qarşı müqavimət göstərməsinə bilavasitə yardımçı olur. Adi günlərdə yediyimiz və içdiyimiz zərərli olan və olmayan  qidalardan yorulan qaraciyərimiz oruc tutulan zaman dincəlir, yenilənir, öz funksiyasını daha mükəmməl formada yerinə yetirir.

Hamilə və süd verən analar oruc tuta bilərmi?
Həmsöhbətimiz  bildirib ki, oruc imsak vaxtından gün batana qədər olan müddətdə yemək və içməkdən imtina etməkdir. Hamilə və süd verən qadının təxminən 16 saat ərzində heç bir şey yemədən, içmədən sağlam olması və körpəsinin ehtiyaclarını ödəməsi mümkün deyil. Hamiləlik və laktasiya dövründə qadınlar fizioloji cəhətdən çox vaxt zəif olurlar. Buna görə də ana hər 2-3 saatdan qidalanmalıdır. Oruc şəfa mənbəyidir və bundan faydalanmağa çalışın.
 

Mənbə: anl.az
 

0 şərh