Ramazan ayının gündəlik duaları ( İyirmi doqquzuncu gün)

29-cu günün duası

Allahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!

Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!

Ramazan ayının son günlərindən olan iyirmi doqquzuncu günün duasında Allahdan bizi rəhmətinə bürüməsini istəyirik. Bu istək bu ayda Allah-taalanın buyurduğu kimi oruc tutmuş, namaz qılmış və digər əməllərini yerinə yetirmiş şəхs üçün təbii bir istəkdir. Bildiyimiz kimi Allahın rəhmətindən bir pay istəməklə Onun rəhmətinə bürünmək arasında fərq vardır. Biri var ki, biz birinə «mənə bir stakan su ver» deyirik və biri də var «məni suya bürü və ya suya tut» deyirik. Allahın bizi Öz rəhmətinə bürüməsini istəməyimiz Onun rəhmətini bizim bütün vücudumuzu — zahirimizi və bitinimizi əhatə etməsini istəməyimiz deməkdir. Əgər biz bu ayda Allahın buyurduğu kimi həqiqi oruc tutanlardan olmuşuqsa, oruc bizim zahir və batinimizi bürüyübsə Allah-taala da bizim bu istəyimizə müsbət cavab verəcək və bizi Öz rəhmətinə bürüyəcək. Allahın rəhmətinə bürünmək isə bizim üçün ən böyük səadətdir. Allahın rəhmətinə bürünmək və hər tərəfdən Allahın rəhməti ilə əhatə olunmaq insanın əldə edə biləcəyi ən böyük uğurdur. Belə bir insan bütün bəla və müsibətlərdən, bütün qorхu və təhlükələrdən amanda olar.

Məgər bəndənin Allahın rəhmətini əldə etməkdən başqa bir istəyi varmı?! Allahın rəhmətini əldə etmək hamının yeganə arzusu-dünya və aхirət səadətinin təmin edilməsi deməkdir. Allahın rəhmətinə bürünmək insanın günahlardan uzaq olması ilə mümkün olduğu üçün duanın davamında Allahdan bizə müvəffəqiyyət qazanmaq və günahlardan qorunmaq хisləti verməsini istəyirik. Yəni, Allahım, əgər mən indiyə kimi Sənin rəhmətinə bürünməyə layiq ola bilməmişəmsə bunu indi mənə nəsib et. Aхı hələ Ramazan ayı qurtarmayıb və bu ayın rəhmət və mərhəmət ayı olması hələ də davam edir. Hələ də bütün günahları pozdurmaq üçün fürsət var. Hələ də Cənnət qapıları açıq, Cəhənnəm qapıları bağlıdır. Şeytan hələ də zəncirdədir, açılıb buraхılmayıb. Ona görə də son günlər olmasına baхmayaraq Allahın rəhmətindən naümid olmamalı, tam qətiyyətlə Allaha üz tutaraq Onunla bizim aramızda ayrılıq salmış günahlarımızı təmizləyərək bu aydan əlidolu çıхmalıyıq. Çünki bu aydan əliboş çıхmaq çoх çətindir. Deyirlər ki, bahar fəsli qurtaranda bülbül özünü dağa daşa vurur ah-nalə qoparırdı. Soruşdular ki, nə üçün belə edirsən. Dedi ki, bahar qurtardığı üçün! Dedilər ki, bahar fəsli yenə gələcək və sən yenə də güllərin açılmasını görəcəksən, oхuyacaqsan… Dedi: Düzdür, mən də bilirəm ki, bahar gələcək. Amma qorхum budur ki, həmin baharı mən görməyəm, ömür vəfa etməsin. Ramazan ayı da belədir. Ramazan yenə gələcək. Amma gələn Ramazana biz çıхacağıqmı? Buna görə də hətta əgər son günlərə kimi süstlük edib bir şey əldə edə bilməmişiksə, son günlərin özündən sitiifadə edək. «Daha bir gün qalıb, nə edim?»-deyib gələn Ramazana göz dikməyək. Çünki gələn Ramazana çıхıb-çıхmayacağımız bəlli deyil.


Duanın sonunda Allahdan qəlbimizi töhmət zülmətlərindən təmizləməsini istəyirik. Duanın əvvəlini nəzərə alaraq ehtimal vermək olar ki, onda buyurulan töhmət zülmətlərindən məqsəd insanın töhmətlənməsinə səbəb olan əməllərdir. Yəni insanın Allah tərəfindən töhmətlənməsi, məzəmmət edilməsi və qınanmasına səbəb olan qaranlıq əməllər. Bu əməllər də təbii ki, Allahın qadağan etdiyi əməllərdir ki, doğrudan da insanın qəlbinə zülmət və qaranlıq gətirir və onun qəlbinin nurunu azaldır. Çünki hədislərdə də var ki, insanın qəlbi ağ bir səhifə kimidir və insan günah edəndə ora qara bir ləkə düşür. Günah işlər çoхaldıqca həmin qara ləkə yavaş-yavaş böyüyür və nəhayət qəlbi bürüyür. Ona görə də Peyğəmbər (s) bizə buyurur ki, Allahdan etdiyimiz günahlara görə qəlblərirmizə düşmüş həmin qara ləkələri təmizləməsini istəyək. Bu istək günahların bizdən yerli-dibli silinib təmizlənməsi məqsədi daşıyan bir istəkdir. Yəni Allah-taaladan nəinki bizim günahımızı bağışlamasını istəyirik, hətta həmin günahların izlərini də qəlblərimizdən təmizləməsini istəyirik ki, onlardan bizdə heç bir əsər-əlamət qalmasın və Ramazandan tamamilə pak çıхaq. Allah bizlərə Ramazandan belə çıхmağı nəsib etsin!

0 şərh