Ramazan ayının fəzilətləri

Peyğəmbər (s) Ramazan ayının fəziləti haqqında buyurub: "Ramazan ayı mübarək bir aydır. Allah təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir" (Nəsai). "Ramazan ayı girdikdə "Xeyir əhli xeyir üçün çalış, şər əhli pisliklərdən əl çək" deyilər" (Nəsai). "Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər" (Təbərani)."Ramazan girdikdə Allah mələklərə möminlərə dua etməyi əmr edər" (Deyləmi). "Fərz namaz sonrakı namaza qədər, cümə namazı sonrakı cümə namazına qədər, Ramazan ayı da o biri Ramazan ayına qədər olan günahlara kəffarə olar" (Təbərani). "Ard-arda üç gün oruc tuta bilən kəs Ramazan orucunu tutmalıdır" (Əbu Nuaym)."Bu aya Ramazan deyilməsinin səbəbi günahları əritməsidir" (Mənsur)."Ramazan ayının əvvəli lütf (mərhəmət), ortası bağışlanma (məğfirət), sonu isə cəhənnəmdən qurtuluşdur." (Əbu əd-Dunyə) "İslam şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir" (Müslim)."Allah təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına gətirə bilmədiyi zəngin süfrəsi ancaq oruclular üçündür" (Təbərani).     İmam Rəbbani  də belə deyib: "Mübarək Ramazan çox şərəfli bir aydır. Bu ayda yerinə yetirilən nafilə namazlar, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən əcr başqa aylarda yerinə yetirilən fərzlər kimidir. Bu ayda yerinə yetirilən bir fərz başqa aylardakı yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar və o, cəhənnəmdən qurtilar.  O oruclunun əcri qədər o şəxsə də əcr verilər və bundan dolayı oruclunun əcrindən də heç bir şey azalmaz. Bu ayda əmri altında olanların işlərini asanlaşdıran, onların ibadət etməsinə şərait yaradan əmirlər, başçılar da əfv edilib cəhənnəmdən azad olunarlar. Ramazan ayında Peyğəmbərimiz (s) əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və gözəl şəkildə buyurulanlara əməl edənlərə bütün il boyu bu işləri görmək nəsib olar. Bu aya hörmətsizlik edən bütün il boyu günahdan qurtula bilməz. İnsan oğlu bu ayın verdiyi fürsətdən faydalanmalı, bacardığı qədər ibadət etməli, Allahın razı olduğu işləri görməli və ondan axirəti qazanmaq üçün istifadə etməlidir. Quranı-Kərim Ramazan ayında nazil olub. Qədr gecəsi bu aydadır. Ramazanda iftarı tez etmək sahuru gecikdirmək sünnətdir. İftarda tələsmək və sahuru gecikdirmək bəlkə də insanın aciz olduğunu, yeyib içməyə və bir sözlə hər şeyə möhtac olduğunu göstərir. İbadət etmək də elə bu deməkdir. Xurma ilə iftar  etmək, təravih namazı qılmaq, Quran oxumaq əsas sünnətlərdəndir. Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə müsəlman əfv olunur. Alah təala bu mübarək ayda Onun şəninə layiq şəkildə qulluq etməyi və bizim üçün seçdiyi yolla getməyi hər bir müsəlmana nəsib etsin! ". "Ramazan ayında ailənizin xərcliyini artırın! Bu ayda xərclənən hər şey Allah yolunda xərclənmiş kimidir" (Təbərani). "Oruclunun sükutu təsbih, yuxusu ibadət, duası məqbul, əməlinə verilən əcr isə qat-qatdır" (Deyləmi)."Oruclu ikən ədəbsiz danışmayın! Bir kimsə sizə sataşarsa, "mən orucluyam" deyin" (Buxari). Ramazanda oruc tutmaq çoxlu savab qazandırar. Əsassız yerə orucu tərk etmək böyük günahdır. Bir hədisdə deyilir: "Bir əsas olmadan Ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o günün əcrini qazana bilməz" (Tirmizi).

1 şərh

Old_Baku_
Kim mənim məqalələrimə minus verirsə zəhmət olmasa mənə xəbər etsin,eybi yoxdu mən onun məqalələrinə müsbət səs verəcəm.Təki bu kimdisə mən bilim.inanın bu heç də yaxşı hərəkət deyil.