Roma imperiyasının yaranması və süqutu

Yuli Sezar və onun Romada hakimiyyəti zəbt etməsi. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə gücləndi. Mübarizə, əsasən, sərkərdələr Krass, Pompey və Yuli Sezar arasında gedirdi. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya əyalətinə canişin təyin edildi. Qalların müqavimətini qıran Sezar bütün Qalliyanı tabe etdi. Bundan sonra o, həm də Romada hakimiyyəti ələ keçirmək fikrinə düşdü. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Sezarı ya Roma üzərində hakimiyyət, ya da rüsvayçı qətl gözləyirdi. O, «Püşk atılmışdır!» deyib, irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Sezar o qədər cəld hərəkət etdi ki, Pompey müdafiəni təşkil edə bilmədi. Sezarın qoşunları müqavimətə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu.
 
Sezar Pompeyin ordusunu darmadağın etdi. Sezar tərəfdarları ilə Pompey tərəfdarları arasında vuruşmalar Romada vətəndaş müharibəsi adlandırıldı. Senat əlacsız qalıb Sezarı ömürlük diktator elan etdi və ona imperator titulunu verdi. Metal pullar üzərində onun şəkli həkk olunur, heykəlləri tanrıların heykəlləri ilə yanaşı qoyulurdu. Lakin Sezarın təkbaşına hakimiyyəti uzun sürmədi. E.ə. 44-cü ildə senatın iclası zamanı respublika tərəfdarları Sezara qəsd təşkil etdilər. Ona 23 xəncər zərbəsi vurdular. Sezar öldürüldü. Qəsdə Brut başçılıq edirdi.
Sezarın köməkçisi Antoni və varisi Oktavian respublikaçılara qarşı çıxdılar. On səkkiz yaşlı Oktavian Sezarın qohumu idi. Sezar onu oğulluğa götürmüş və özünün varisi elan etmişdi.
Antoni və Oktavian qüvvələrini birləşdirib respublikaçıları məğlub etdilər.
Qaliblər Roma dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər. Antoni Roma dövlətinin şərq əyalətlərini, Oktavian isə qərb əyalətlərini idarə edirdi. Antoni və Oktavian arasında rəqabət var idi və bu da müharibə ilə nəticələndi.
E.ə. 31-ci ildə Antoni ilə Oktavian arasında həlledici döyüş oldu. Bu döyüşdə Antoni məğlubiyyətə uğradı. O, yaşadığı İsgəndəriyyə şəhərinə qayıtdı. E.ə. 30-cu ildə Oktavianın qoşunları İsgəndəriyyəni tutdular. Misir Romanın əyalətinə çevrildi. Oktavian Romanın şərq və qərb əyalətlərinin tək hakimi oldu. Senat Oktaviana Avqust (müqəddəs) fəxri adını verdi.
Oktavian Avqustun dövründən etibarən Roma dövləti imperiya adlanmağa başlandı.
Roma imperiyası öz ərazilərini ətraf ölkələr hesabına genişləndirirdi. E.ə. I əsrdə romalılar Cənubi Qafqaza, o cümlədən qədim Albaniya ərazilərinə qədər gəlib çıxmışdılar.


II əsrin sonu — III əsrdə quldarlıq təsərrüfatinin tənəzzülü. Romada təsərrüfat inkişaf edirdi. Su dəyirmanları, çox gavahınlı kotan, yeni biçin alətləri ixtira olundu. Lakin quldarlıq texnikanın inkişafını ləngidir, kənd təsərrüfatını tənəzzülə doğru aparırdı. Qulların öz əməklərinə marağı az idi. Onların marağını artırmaq üçün bəzi quldarlar öz torpaqlarını kiçik sahələrə bölərək qullara və azad kəndlilərə icarəyə verirdilər. Belə icarədarları «daxmalı qullar» və kolonlar* adlandırırdılar. Onlar məhsulun bir hissəsini özlərində saxlayırdılar. Kolonlardan fərqli olaraq, «daxmalı qullar» azad deyildilər. II əsrdə Roma imperatoru qulların öldürülməsini qadağan etmişdi. Roma imperiyasının parçalanması. 330-cu ildə imperator Konstantinin təşəbbüsü ilə paytaxt qədim yunan şəhəri Vizantiyə (Bizansa) köçürüldü. Yeni paytaxt Konstantinopol adlandı.
 
395-ci ildə Roma imperatoru imperiyanı iki oğlu arasında bölüşdürdü. Beləliklə, paytaxtı Konstantinopol olan Şərqi Roma (Bizans) və paytaxtı Roma şəhəri olan Qərbi Roma imperiyaları yarandı. Bütün İtaliya, Avropanın və Afrikanın qərbi Qərbi Roma imperiyasının hakimiyyəti altında qaldı. Şərqi Roma imperiyasına isə Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları daxil oldu. Artıq zəifləmiş Qərbi Roma imperiyasına V əsrin əvvəlində german tayfaları olan qotlar, vandallar hücum etdilər. V əsrin ortalarında isə hunlar Romaya yürüş etdilər. Roma Papası hunların başçısı Attiladan Romanı öz himayəsi altına almasını xahiş etdi. Attila bu təklifi qəbul edib, ordusu ilə geri çəkildi.
 
Qərbi Roma imperiyasının süqutu. Vandallar bir sıra Avropa ölkələrini tutaraq, oradan Afrikaya köç etmiş, Romanın Afrikadakı əyalətində Vandal krallığı yaratmışdılar. 455-ci ildə vandallar Afrikadan İtaliyaya keçib asanlıqla Roma şəhərini tutdular. On minlərlə romalı öldürüldü və qul edildi. Vandallar heykəlləri sındırır, kitabları məhv edir, evləri yandırırdılar. Vandalların törətdikləri dağıntılar o qədər dəhşətli idi ki, o vaxtdan « vandal» sözü vəhşi, qəddar adamlara aid edilir.
476-cı ildə german tayfaları Roma imperatorunu taxtdan saldılar. Qərbi Roma imperiyası süqut etdi. Qərbi Roma imperiyasının süqut etdiyi il həm də qədim dünya tarixinin sonu hesab olunur. 

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova

0 şərh