Əşyalar danışır

Saat duz işləməyəndə zaman anlayışı itirNədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə.

Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik.
Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir.

Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir.  Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də.

Başqa bir misal: Həmişə deyib-güldüyün, yeyib-içdiyin dostun, yaxud yaxının öləndə, o oturan stol onu sənə xatırladır.  Deməli, əşyalar bu boşluğu – yoxluğu təkrarlayırlar. Həmin stola qoyulan çəngəl və boşqab da, o stolun başlatdığı tənhalıq duyğusunu davam etdirir.

Deməli, əşyalar danışır, amma, biz onları anlaya bilirikmi? Yaxud yolda yeriyərkən sevdiyimiz qızın paltarına oxşayan bir paltar görəndə həmin qızın simasına baxmadan biz öz sevgilimizi xatırlayırıq. 

  © Fərid Hüseyn 

7 şərh

kurdamir
Çox xoşuma gəldi. Fərid Hüseyn həmyerlimdir. ƏHSƏN SƏNƏ
pascal
Yerlibazlıq olmasın! Pis örnək olmayın insanlara. ;) :)

Yazdığının məna və əhəmiyyətini oxuculara anladıb, yazıya uyğun fikir bildirin. Beləcə, o insanı daha yaxşı tanıdın və sevdirin bizlərə. Biz də onu sənin yerlin kimi yox, «mənim azərbaycanlım, vətəndaşım»mış kimi daha çox sevək. :) (zatən bu insanı bəyənirəm)
kurdamir
Yerlibazliq deyil məncə. Sadəcə xatırlatdım. Həqiqətən Fərid Hüseyn Yaxşi yazardi, mənali şeirləri yazilari var. Mənim Azərbaycamlım əhsən sənə!!!
pascal
kurdamir, bilirsən mənim yerlilərimdən nə qədər tanınmış insanlar var?.. Hamı azərbaycanlıdır ama. ;) :)
MURAD_SEYFULLAYEV
Və onları «sadəcə xatırlatmaq»a da ehtiyac yoxdur. :)
azadmamedov90
Təşəkkürlər. Çox diqqətimi cəlb edən, onların bizimlə danışması yox, bizim onlarla danışmağımızdır. İnsanların bu həyatda yaşadıqları, və insanlara yaşatdıqları sadəcə olaraq xülyadan ibarət bir Ötəri hisslərdir, bəziləri elə bil çox sərt vurulan Zərbə, bəziləri isə ömürü uzadan hisslərdir… Təəssüf ki, hamısı unudulur… Çünki yeniləri ilə əvəz olunur, istər ən yaxınını itir, istərsə də bunu xəyalında canlandır- O`nsuz necə olacaq güzəranın?