Öyrətməyin, göstərin!

Danışmağa nə var eh, dilin ki, sümüyü yoxdur?! Dediyin vəd yalan çıxanda da, dili verirsən qabağa ki, bəs Vallah, Billah mən elə şey deməmişəm, mənim xəbərim yoxdur. Yazıq dil…
Dil demişkən, bilirsiniz də, bizimkilər də dildən çox iti olurlar, təəsüf ki, əməldən də küt. Hamı danışır, dərs verir, məsləhət verir, nəsə öyrədir, baxmayaraq ki, heç özləri bu dərsdən, məsləhətdən heç bir şey öyrənməyiblər… mentalitet təlimlərindən savayı...

Cəmiyyət iki əks cinsin birləşməsindən yaranır və davam edir, bu çox adi və həm də mürəkkəb məsələdir.  Hər nə olursa olsun, bu belə olub, belədir və elmin inkişafına, süni doğuşların çoxalmağına baxmayaraq, bu təbii proses daha çox üstünlük təşkil edəcək. Yoxsa Siz mentalitet aşiqi valideyinlərin “Səni dükandan almışıq” hekayələriylə böyüyənlərdən və daha sonra bu “hekayələri” övladlarınıza danışanlardansınız? Ay-hay…

 Görünür böyük adamlar balaca adamları hələ də sevir və bu balaca adamların dünyaya gəlməsinin təbiiliyini istəyir. Əslində böyük adamlar balaca adamları istəməsəydi, həyat durardı. Bu balaca adamların da böyük-böyük rolları olur...işə bir bax.

Amma iş bununla bitmir. Hər şey təkcə nəsil artırmaqla bitsəydi, nə vardı ki? Bəs bu yeni adamların təlim-tərbiyəsi? Həyat dərsi? Təcrübə proqramı? Mən klişe ənənələrdən danışmıram, mən nəsilbənəsil davam edən xroniki tərbiyə növündən danışmıram, mən balaca adamlarınızın dövürlərinə uyğun olaraq ehtiyac duyduqları məsləhətlərdən danışıram. Sual verən uşaqlar Sizi qorxudur? Bəs nə bilmişdiniz? Elə bilirsiniz balaca adamların məsuliyyəti də balaca olur? Ciddi deyirəm, özünüz hələ balacasınızsa, balaca uşaq düzəltmək kimi böyük işə baş qoşmayın. Baş varsa…
xoşbəxt ailə portretini yaradın
Bizim cəmiyyətdə dünyaya göz açan balaca adamlar onlardan öncə gələn adamalrın yaşam tərziylə ömür sürməyə məhkum olurlar, yeni adamlar olur köhnə adamların klonu, kopiyası, təkrarı, davamı deyil, sanki keçmişi və biz beləliklə yavaş-yavaş gedirik...geriyə gedirik...

 İnsanlar təbiətlə, öz orqanizmləriylə harmoniyada yaşamalıdırlar, təbiətdən, bir-birlərindən aldıqları müsbət enerjini özlərində bir az da çoxaldaraq balaca adamlara ötürməlidirlər. Aqressiya yaradan istər dini, istər milli qaydaların yeri zibillikdir, bu manipulyasiya vasitələrindən üstün olun ki, onlar Sizi altlarına salıb əzməsin… Ya da əzilmişlər ordusuna qoşulun...əzilin.

Normal yaşam üçün normal adamlarla əhatə olunmalısan, həmin o normal adamlara da normal tərbiyə verilməlidir ki, normal olsunlar. Anormal adamlarla, tərbiyəsi pozuq adamlarla birlikdə yaşamaq adamın bütün sağlamlığını tədricən sıradan çıxarır. Nəcisli suyun axarıyıla üzsən, nəcisli olacaqsan, atam balası. Əgər özün nəcis deyilsənsə təbii ki...

Bizim bəzi bədbəxt kişilərimiz ömürlərində nəyinki qadınla normal həyat yaşamayıblar, hətta onların qadına maksimum yaxınlıqları ancaq avtobusda, metroda basabas vaxtı olub. Qadına da yaxın olmayan, qadını haradan tanısın k? Onun nə istədiyini nə bilsin ki? Qadın nəvazişi görməyən adam, qadını haradan duysun ki, onu bütün qəlblə sevə bilsin? Sonra deyirlər ki, kişilərimiz acgöz və vəhşidirlər. Əzizim, bu insan nə yatdı ki, nə yuxu görsün? Nə vaxt normal qadınla təcrübə qazandı ki, indi də ondan alicənabcasına “podxod” gözləyirsiniz? “Podxod” e...

Hər şey ailədən və tərbiyədən asılıdır, cəmiyyət isə ailələrin cəmidir...ailə ailədirsə...
Bütün bu kələfin içində bizə düşən öhdəlik, qızlarımızı qadın kimi, xanım kimi, oğlanlarımızı alicənab, kişi kimi böyütmək və onları cəmiyyətə buraxmaqdır. Biz isə bunun əvəzində övladlarımızı mental qaydalarla, sağlam prinsiplərdən çox uzaq olan rituallarla yönəldirik, bu isə hazırki vəziyyətin dəyişməməsinə gətirir. Siz sual verən övladlarınıza hələ də nağıl danışırsınız?

Nə deyirlər desinlər, qadınlar kişilərdən asılıdır, eynən kişilər də qadınlardan asılı olduqları kimi. Bunu təksib edən adamlar isə artıq ciddi psixoloji pozğunluqları olanlardır. Kişi kişi olmaq üçün əsl qadın nəvazişi görməlidir, qadın qadın olmaq üçün əsl kişi qayğısını hiss etməlidir.

Siz qızlarınıza qadın olmağı öyrətməyin, qadın olmağı göstərin, Siz oğullarınza kişilikdən dəm vurmayın, kişi kimi yaşamağı göstərin! Kişi olmağı göstərin!

Yoxsa Siz bu bunu bacarmazsınız?

 

0 şərh