Karın könlündəki

Bir xəstəni yoxlamağa gedən kar,qulağının ağır eşitdiyini nəzərə alaraq öz verəcəyi sualları və təqribən alacağı cavabları əvvəlcədən fikirləşib öz-özünə düşünür: "Mən xəstəni yanına girib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam.Yəqin ki,o vəziyyətinin yaxşı olduğunu söyləyəcək.Mən cavabında: "olsun-olsun,şükür Allaha,bəs sənin yanına hansı həkim gəlib-gedir?" deməliyəm.Sözsüz ki,o həkimin adını çəkərkən mən "qədəmi xoş olsun,əli yüngül olsun!"-deməliyəm.Sonra iştahasından söhbət salıb hansı xörəyi ürəyi istədiyini soruşmalıyam.O xörəyin adını çəkən kimi "nuş canın olsun" deyib söhbəti qurtararaq xudahafizləşib evə qayıdaram"

Kar belə fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır.Salam verdikdən sonra soruşur:

-Ay qardaş,olmasın azar,necəsən?

Xəstə ağrıdan üz-gözünü turşudub deyir:

-Ölürəm ay dost,deyəsən vaxtıım çatıb!

Kar üzündə şadlıq əlaməti yaradıb tez deyir:

-Olsun,olsun,əzizim.Allaha şükür.Bəs yanına hansı həkim gəlib-gedir?

Xəstə gözləmədiyi bu sözlərdən daha da acıqlanıb deyir:

-Kim gələcək,Əzrayıl!

-Ayağı yüngül olsun,-deye kar çığırır.-Bəs nə yeyirsən?

Əsəbiləşib özündən çıxmış xəstə cavab verir:

-Zəhrimar,nə yeyəcəyəm.

Kar: "Nuş can olsun" deyib öz vəzifəsini bitmiş hesab edərək tez xudahafizləşib xəstənin yanından çıxır və beləliklə öz könlündə tutduğu fikirlərlə hərəkət edərək həm özünü gülünc vəziyyətə salır,həm də başqalarını əsəbiləşdirir.

Şəraitin dəyişməsi ilə hesablaşmayaraq əvvəlcədən özü üçün müəyyən etdiyi qaydadan əl çəkmək istəməyən adamlar haqqında danışarkən və başqa münasib hallarda bu məsəldən istifadə olunur:karın könlündəki.

 

Mənbə: "Rəvayəti ifadələr" kitabı,B.A.Hüseynov

 

5 şərh

ayxansevda
təsəvvür edəndə ki, xəstənin bağrı çatlayıb, xüsusən Əzrayıl üçün  «ayağı yüngül olsun» deyəndə, həm gülməli, həm təəssüf edici bir hal. Kar olmaq da bir şey deyil.
Rene
Tez-tez işlədirəm bu məsəli. :) Ümumiyyətlə məsəllərlə danışmaq çox xoşuma gəlir. :) Təşəkkürlər…
SHATENKA407
aa dua etsin ki o xəstə tutub çırpmıyıb onu orda ))
seyidova
:))) gülmekden başqa heçne deye bilmirem
Ferbara
Tragikomik rəvayətdi. :)
Özünü karlığa qoyub istədiyini deyənlər də var. :)