Ho-ha var dağa çıxardar,ho-ha var dağdan endirər

Bu ifadə əslində qoşqu heyvanları ilə rəftarla əlaqədardır.Adətən arabaya qoşulmuş öküz və kəlləri həm eniş enərkən,həm də yoxuş çıxarkən “ho-ha,ho-ha” ilə səslərlər.Fərq ancaq bu sözün necə tələffüz edilməsindədir.İctimai məzmunu isə aşağıdakı əhvalata daha uyğundur.

Padşah yuxuda görür ki,bütün dişləri tökülmüşdür.Səhər bütün saray ağsaqqallarını və münəccimlərini yığıb bu yuxuya tədbir görmələrini tapşırır.Münəccimbaşı bir qədər fikirləşib deyir:

-Padşah sağ olsun,dişlərinizin hamısının tökülməsi sizin gözləriniz önündə bütün oğul-uşağınızın,arvadınızın və qohum-əqrabınızın can verib öləcəyini göstərir.

Padşah bu sözlərdən çox qəzəblənərək münəccimbaşının boynunu vurdurur.Lakin,yuxu onu rahat burxamır,bir neçə gün keçdikdən sonra baş vəziri çağırıb,həmin yuxuya tədbir tökməsini tələb edir.

Baş vəzir çox ağıllı adam imiş.Bir qədər fikirləşdikdən sonra münəccimbaşının ifadə etmək istədiyi fikri aşağıdakı şəkildə deyir:

-Padşah sağ olsun,sizin ömrünüz bütün qohum-qardaş və oğul-uşağınızın ömründən uzun olacaqdır.

Bu sözlər padşahın xoşuna gəlir və o,vəzirə ənam verir.

Buna görə də eyni fikrin müxtəlif şəkildə ifadə oluna bilməsini göstərmək məqsədilə: “ho-ha var dağa çıxardar,ho-ha var dağdan endirər” deyirlər.

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov


Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.

Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

4 şərh

ayxansevda

bu hekayənin belə bir variantını oxumuşam


Bir Padşah, bir gecə yuxusunda bütün dişlərinin töküldüyünü, yemək belə yeyə bilməyəcək hala gəldiyini görür. Həyacan və qorxu içində oyanır. Vəzirini çağırıb, sarayın yuxu yozanlarını dərhal hüzuruna çağırmasını əmr edər. Yuxu yozanlar gəlir.
Padşah gördüyü röyanı yuxu yozanlara ( Təbirçilərə ) nəql edir və təbirçiyə deyir:
"..Ey təbirçi, de görək bu yuxu xeyirdimi şərdimi..? "
Təbirçi fikirləşir, sonra qorxu və utanc içində:
— Şərdir Hökmdar. Uzun yaşayacaqsınız, amma çox təəssüf ki, bütün yaxınlarınızın gözlərinizin qarşısında bir-bir ölüb, sizi yap yalnız buraxdıqlarını görəcəksiniz.
Bir an səssizlik çökür saraya, ardından padşah kükrəyərək:
— Tez atın bunu zindana, fəlakət xəbərçisi olmaq nəymiş öyrənsin..!
Təbirçini həmən zindana atırlar. Padşah bir başqa təbirçidən yozum istəyir.
Hüzura gətirilən təbirçiyədə, yuxusunu danışıb:
— Xeyirdimi, Şərdimi..? — deyə sual edir.
İkinci təbirçi əvvəl bir az düşünər, ama sonra üzü gülüb gözləri işıqlanar.
— Xeyrdir, Padşahım — deyər.
— Bu yuxu, bütün yaxınlarınızdan daha uzun yaşayacağınızı göstərir. Daha neçə illər boyu ölkənizi idarə edə biləcəksiniz.
Padşah, həmən buyurar:
— Bu təbirçiyə iki kisə qızıl verin.
Hadisəni əvvəldən sonunadək izləyən saray əyanları təəccüb içində Təbirçidən sorağ edərlər ki:
— Əslində sən və digər zindana atılan təbirçi, ikinizdə eyni şeyi söylədiniz.
Nə üçün onu cəzalandırdı, səni isə mükafatlandırdı..?!
Təbirçi gülərək:
— Əlbəttə eyni şeyi söylədik, ama əhəmiyyətli olan odur ki, insanlara NƏ söylədiyin yox, nəyi NECƏ söylədiyin önəmlidir.


amma siz göstərən mənbədən yox, təbii ki, başqa yerdən

SHATENKA407
çox yaxşı metoddur amma fərasət lazımdı buna da
Ramil
Teq üçün minnətdaram. Əlbəttə ki, sözün deyiliş qaydasından çox şey asılıdır.
seyidova
razıyam ikiside maraqlıdı