Sağlamlığımızın düşməni | Siqaret

siqaretAmerika materikinin kəşfi ilə dünya bir çox yeni bitki və heyvan növləri ilə tanış oldu. Müasir dövrdə xərçəng kimi bir çox xəstəliklərin səbəbi sayılan tütünün də vətəni Amerikadır. Tütün 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib və qısa zamanda bütün dünyaya yayılıb. İlk dövrlərdə, sadəcə, zərərli məşğuliyyət sayılan siqaret, hazırda az qala  narkotik maddələr qədər asılılıq yaradır və bir çox ölümcül xəstəliklərə səbəb olur. Siqaret çəkən insanların 82 %-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

Siqaret çəkən insanlarda həzm prosesinin pozulması, mədə yarası, xroniki bronxit, arterioskleroz, yəni damar divarlarının sərtləşməsi, qol və ayaq damarlarında tıxanmaların əmələ gəlməsi, yaddaş zəifliyi və bir çox xəstəliklər müşahidə olunur. Bundan başqa, ağciyər və qırtlaq xərçənginin də əmələ gəlməsinin 90%-nə səbəb siqaretdir. Əgər bir adamın damarına 2 mq nikotin vurularsa, bu zaman ürəyin ritmi pozular və bir dəqiqə ərzində əvvəlkindən azı 15-20 dəfə daha çox döyünər. Həmin müddətdə ürəkdən damarlara vurulan qanın həcmi də xeyli artar. Belə olan halda siqaret çəkən adamın ürəyi yorğun hala düşür, insanın özü isə süst vəziyyətdə olur. Bu cür vəziyyət ifliclə də nəticələnə bilər.

 Narkotiklə müqayisədə siqaretin bir yaxşı tərəfi var ki, onu tərgitmək narkotik vasitələrdən qurtarmaqdan nisbətən daha   asandır. Dünyanın, demək olar ki, hər bir ölkəsində siqaret tərgitmə mərkəzləri var. Bu sahə üzrə ABŞ mütəxəssislərinin fikrincə, siqareti atmaq insanın öz iradəsindən asılıdır. Bu işdə ona mane ola biləcək yeganə amil onun öz nəfsidir. Təcrübə göstərir ki, dünyada bir nəfər də olsun, siqaret çəkməkdən məmnunluq duyan insan tapmaq mümkün deyil. Ola bilsin ki, gənclik yaşlarında orqanizm güclü olduğu üçün siz bu zərərli və zəhərli vərdişin vurduğu zərbəni o qədər də hiss eləmirsiniz, amma əmin olun ki, bir qədər yaşlanandan sonra siz bu “ləzzət”in altını çəkəcəksiniz, özü də artıqlaması ilə. Hələ onu da unutmayaq ki, siqaret orqanizmi zəhərləməklə yanaşı ailə büdcəsinə də ağır zərbə vurur. Əgər oturub hesablasanız, görərsiniz ki, hər gün bu zərərli vərdişə 1 manat xərcləyən adam 20 il ərzində normal bir avtomobili havaya “uçurtmuş” olur. Hələ onu da demirik ki, siz siqaretin ağır, boğucu iyi ilə başqalarına da əziyyət vermiş olursunuz. Onu da deyək ki, bu gün sivil dünyada siqaret çəkən adamları elə ilk baxışdan iradəsi zəif adam kimi qəbul edir, üzə deməsələr də onu müəyyən qədər qüsurlu adam hesab edirlər.
 saglamlıgımızın dusməni - SİQARET 

 Heç diqqət yetirmisinizmi,  çəkənlər qutuların üstünə yazılmış “Siqaret çəkmək sağlamlığınız üçün təhlükəlidir” xəbərdarlığını bir qayda olaraq, qeyri-ciddi söhbət kimi qəbul edirlər. Çünki onların siqaretdən asılılığı o xəbərdarlığın doğurduğu həyəcandan daha güclüdür. Kim nə deyir-desin, siqaret bəlasından qurtara bilmək iradə işidir, yerdə qalan hər şey, ən güclü preparatlar belə adicə köməkçidən başqa bir şey ola bilməz. Mütəxəssislər etiraf edirlər ki, iradəni səfərbər etmədən preparatların köməyi ilə bu bəladan ən yaxşı halda qısa müddətə, yəni müvəqqəti ayrılmaq olar, amma bir müddətdən sonra hər şey yenidən öz yerinə qayıdacaq.

Hər şey öz yerində, onu da deyək ki, bu zərərli vərdiş qarşısında aciz qaldığını hər kəs boynuna almaq istəmir. Ona görə də başlayırlar müxtəlif deyimlər uydurmağa, saxta məntiqlər düzəltməyə. Yəni onların da bir çox populyar deyimləri, uydurma bəhanələri var ki, həmin bəhanələrlə öz iradələrinin zəifliyini pərdələməyə çalışırlar.
Həmin deyimlərdən bəziləri:
bəhanələr

* Bu qutu da qurtarsın, bir də çəkməyəcəyəm.

* Çox əsəbiyəm, sakitləşmək üçün bir dənə çəkməliyəm.

* Tüstüsünü sinəmə çəkmirəm.

* Arıqlamaq üçün çəkirəm.

* Sadəcə, içki içəndə çəkirəm.

* Çox narahatam, sakitləşmək üçün çəkməliyəm.

* Kişinin qulağının dibindən gərək tüstü qalxa.

* Onsuz da əvvəl-axır hamımız öləcəyik.

* Çox istəyirəm ki, tərgidim, amma alınmır.

Həmçinin bax:
-Siqaretin tanıtımı 
-Siqaret və onun zərərləri
-Siqaretdən imtina, narahatlığa son!
-Siqareti tərgitməyin yolları

0 şərh