Təbiətin bir parçasıyıq

Bizi yaşadan təbiətdə hər şey vahid ritmə tabedir. Təbiətin ayrılmaz tərkib hissəsi və bioenergetik sistem olan İnsan da həmin bioritmə və fizioloji sikllərə (dövrlərə) tabedir. Sosioloji sistemin bu qüvvələrə heç bir təsiri ola bilməz. İnsan bunu birdəfəlik dərk etməli və Təbiətlə öz münasibətini bu baxımdan qurmalıdır. Bütün canlıların varlığını tə’min edən təbii bioritmin ziddinə edilən hər bir hərəkət – disbalansa (balansın pozulmasına) və canlı orqanizmin sistemlərində harmoniyanın pozulmasına gətirib çıxarır. Bu da, son nəticədə, daha ciddi pozğuntulara, ağır xəstəliklərə və ömrün gödəlməsinə səbəb olur.

Yadda saxlayın: hər 4 saatdan bir dəyişən ritmdə mövcud olan bir neçə təbii qüvvə sutka boyunca insana ciddi təsir göstərir. Həmin təsirləri aşağıdakı qaydada təsnifləşdirmək olar.

  • Saat 06-10. İnsan zəyifləyib, ağırlaşıb, tənbəlləşib. Saat 6-da yuxudan duranda adam əzgin olur. 
  • Saat 10-14. Yüksək fiziki fəallıq dövrüdür. Maddələr mübadiləsinin, enerjinin, həzmolmanın yüksələn vaxtıdır. Onların (ələlxüsus iştahın) ən yüksək zirvəsi günortaya düşür.
  • Saat 14-18. Sinirin, xüsusilə zehni sinirin ən fəal çağıdır. Saat 18-22. Bu vaxt adam zəyifləmiş olur, tənbəlləşir, ləng hərəkət edir, gün batandan sonra isə istirahət etmək istəyir, xəstə adamlarda ağrı-acı güclənir. Bu hissənin sonu yuxuya hazırlıq üçün əlverişli vaxtdır.
  • Saat 22-02. Dərin yuxu dövrüdür. Axşam qəbul etdiyiniz qida bu vaxt həzmə gedir, toxumalar bərpa olunur.
  • Saat 02-06. Dayaz, tez-tez dəyişən yuxu dövrüdür. Əsəb sistemi fəal işləyir. 06-da oyanan adam gimnastika etdikdən və yuyunduqdan sonra özünü bütün gün ərzində çox gümrah hiss edir, yüksək əhval-ruhiyyəyə malik olur. Bütün bunları nəzərə alaraq, həyatınız üçün çox faydalı olan aşağıdakı mütərəqqi rejimi seçməyi məsləhət görürük.

Səhər. Yataqdan durmaq: saat 5-6. Zəngli saatsız durmağa vərdiş edin.
Tualet. Ağzınızı, dişlərinizi təmizləyin, boğazınızı qar-qar edin, mədəni stimullaşdırmaq məqsədilə 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum için. Sonra Nişi Sisteminin 4 qaydasına (3-6 qaydalar) əməl edin. Bu Təmrinləri yerinə yetirəndon sonra kontrast hava və su vannaları qəbul edin. Buna imkanı olmayanlar bədənlərini soyuq su ilə silsinlər. Səhər yeməyindən tam imtina edə bilmirsinizsə, çox yüngül yeyin, unutmayın ki, axşam yedikləriniz hələ tam həzmə getməyib, məhz bundan sonra gedəcək. Odur ki, itburnu, moruq, qara qarağat yarpağından, qaragilə və yemşəndən dəmlənmiş çay içməklə kifayətlənin, belə çaya bir çay qaşığı bal və o qədər də alma sirkəsi qata bilərsiniz. Yarım saatlıq gəzinti- insana hava və su kimi lazımdır.
İş (yaxud təhsil). Saat 12-13-dək əmək fəaliyyəti. 12-13 (yaxud 13-14) nahar fasiləsi. İlk dəfə doyunca yemək. Yeyəndən sonra 15-20 dəqiqə təmiz havada gəzmək çox faydalıdır. Mümkün olmasa, bir rahat guşəyə çəkilib, sakitcə oturun. İşin (təhsilin) davamı. Tez-tez çiy su içməyi unutmayın. İşdən sonra yarım saat piyada gəzin.
Axşam.Evə çatan kimi döşəmənin üstünə uzanıb, bir neçə saniyə əzələlərinizi yumuşaldın.
Sonra Nişi Sisteminin təmrinlərini yerinə yetirməyə başlayın. Kontrast hava və su vannaları qəbul edin. Şam yeməyi. Saat-18-19 (yaxud 19-20). Qida çox ağır olmasın, fermentsiz qidalardan istifadə edin. Yatmazdan əvvəl yarım saat təmiz havada sakitcə gəzişin.
Yuxu vaxtı: 21-22 (uzaq başı- 22-23). Bu rejimə riayət edən hər kəs təbii ritm ilə həmahəng yaşayır və Ana Təbiətlə münaqişəyə girmir, Təbiət də onu cəzalandırmır, belə adam həmişə sağlam, gümrah, iradəli, şən, xoşrəftar və ədalətli olur, baş verən təbii və ictimai hadisələrin əsirinə çevrilmir. Biz dərk etməliyik: insan öz orqanizmini fizioloji qanunlardan başqa heç bir qanuna tabe etdirə bilməz! Etdirsə, hökmən altını çəkəcək – xəstələnəcək.



Beləliklə də qarşımızda iki yol var: ya bu qanunlara dəqiq əməl edərək uzun illər sağlam, gümrah və bəxtiyar yaşamaq, ya da “kef çəkə-çəkə” dəhşətli xəstəliklərin burulğanına atılmaq, onların əlində girinc olmaq, Tanrının verdiyi ömrün onda birini, özü də zillət içində sürünə-sürünə yaşamaq. Üçüncü yol yoxdur. Axtarmayın! Biz, təəssüflər olsun ki, çox vaxt ikinci yolu tuturuq. Faydasız adətləri, zərərli vərdişləri, bə’zən insana zidd olan sosial normaları can-başla yerinə yetiririk. Çox vaxt tamam unuduruq ki,insan yaşamaq üçün işləyir,işləmək üçün yaşamır.Digər tərəfdən də şənbazlığın, lovğalığın, əşyabazlığın, modabazlığın, arvadbazlığın, kişibazlığın diqtəsi altında özümüzə qəsd edirik. Müdriklər deyib ki, hər bir sosial qanun, adət-ən’ənə yalnız o vaxt yaşamaq hüququ qazana bilər ki, o, Təbiətin Qanunları əsasında formalaşsın. Əks halda, Təbiət cəmiyyətdən və onun ayrı-ayrı üzvlərindən intiqam alır. Məhz buna görə də biz Təbiət Qanunları üzərində qurulmuş Nişi Sistemini hər birimizin həyat normasına çevirmək zərurəti qarşısında qalmışıq.

Nədən başlamalı?
Bir müdrik kəlam var, deyirlər, üzməyi öyrənməyin ən yaxşı yolu-üzməkdir. Başqa bir müdrik deyim də var: yolu-yeriyən qət edər. Bu iki kəlamı Nişinin Sağlamlıq Sisteminə tətbiq etsək, deməliyik: onu öyrənməyin ən yaxşı yolu -dərhal təmrinləri başlamaqdır. Şəxsən mən kitabı oxuyan kimi, ona baxa-baxa təmrinləri yerinə yetirməyə başladım. Bundan öncə çarpayını və yastığı dəyişdirdim. Yoluma bir sıra çətinliklər çıxdı. Xatırladıram ki, 60 illik ağır həyat və 30 ilin xəstəliyi öz işini görmüşdü: dizlərim bükülmürdü, qıçlarımı gen aça bilmirdim, oynaqlarım ağrıyırdı. Ən çətini isə psixoloji səddi aşmaq idi: axı mən düz 60 il tamam başqa cür yaşamışdım, yəni səhv yolla getmişdim. İlk vaxtlar sizin də yolunuza bəzi maneələr çıxa bilər. Onları dəf etməyə qadirsiniz. Tutduğunuz yoldan geri dönməyin!

Siftə vaxtlar proqramı qismən yerinə yetirin, orqanizmi çox yükləməyin, cisminizi, şüurunuzu, həyat tərzinizi Sağlamlıq Sisteminə tədricən uyğunlaşdırın. Sonra proqramı tam şəkildə və dəqiq yerinə yetirin. «Vaxtım yoxdur» kəlməsini dilinizə gətirməyin. Poliklinikalarda, əcza-xanalarda, stasionarlarda, tanış həkimlərin yanında, türkə-çarələrin evində və s. yerlərdə itirdiyiniz vaxtın kiçik bir qismini Nişi Sisteminə sərf etsəniz, boş vaxtınız daha çox olacaq, çünki siz sağlam, gümrah, iradəli və nikbin olacaqsınız, iş qablyyətiniz birə beş artacaq. Dərmana, həkimlərə, fırıldaqçı «şəfa verənlər»ə xərclədiyiniz pul cibinizdə qalacaq. Onu cisminizə Günəş enerjisi, vitamin və digər faydalı elementləri daşıyan meyvvə-tərəvəzə xərcləyin. Bir vacib məsələni də yadda möhkəm saxlayın: digər müalicələr və sistemlər müvəqqəti kömək edir, professor Nişi isə sağlamlığın metodologiyasını yaradıb.Nişi sistemi sağlamlıq haqqında bütöv bir elmdir. Çox demirəm, ikicə həftə Nişi Sistemi ilə yaşasanız, onun bəxş etdiyi dincliyi, rahatlığı, gümrahlığı hiss etsəniz, sizi bu sistemdən heç tankla da qopara bilməzlər. Buna əmin ola bilərsiniz.

Mənbə: «Möcüzəsiz möcüzə» kitabı
 

0 şərh