Altsheymer riskini azaldan 9 qida vərdişi

Çox yeməyin
İnsan adətən doyması üçün gərəkli olduğundan 20-30 faiz çox yeyir. Özünüzü qidanı yavaş-yavaş çeynəyərək yeməyə öyrədin. Bu, yemək porsiyasını vizual olaraq böyük göstərəcək, əslində isə qədərində yeməyinizə kömək edəcək. Sağlam çəki təkcə ürək-damar xəstəliklərinin və ya diabetin səmərəli profilaktikası deyil, həm də Altsheymer xəstəliyindən etibarlı müdafiə vasitəsidir.

Meyvə-tərəvəz yeyin
Qocalıqda zehninizin aydın qalmağını istəyirsinizsə, gündə beş porsiya meyvə-tərəvəz yeməlisiniz. Təqribən 4 min könüllünün iştirak etdiyi tədqiqat meyvə-tərəvəzin müntəzəm yeyilməsi ilə ahıl yaşlarda koqnitiv qabiliyyətlərin 40 faiz daha yavaş azalması arasında qarşılıqlı əlaqəni təsdiq edib.

Ədviyyatdan çox istifadə edin
Xoş qoxulu otlar və ədviyyat yağsız, şəkərsiz və duzsuz yeməklərə dad verir. Onların çoxu xərçəngin, artritin, depressiya və Altsheymer xəstəliyinin inkişafını xeyli azaldan faydalı antioksidantlarla zəngindir.

Əti bişirməzdən əvvəl onu basdırma edin
Əgər qızarmış ət sevirsinizsə, əti qızartmamışdan əvvəl onu ya basdırma edin, ya da soyutmasını hazırlayın. Bu, baş beyində təhlükəli törəmələrə səbəb olan zərərli birləşmələrin qarşısını almağa kömək edir. Əgər qızarmış ətdən imtina edə bilmirsinizsə, onda onu daha təhlükəsiz üsulla bişirin.

Həftədə bir dəfə yağlı balıq yeyin
Balıqlar, xüsusilə Şimaldakı soyuq sututarlarda yaşayan balıqlar tərkibində omeqa-3 turşuları olan yağla zəngindir. Omeqa-3 turşuları daxili orqanlarda iltihab proseslərini yavaşıdan çox faydalı birləşmələrdir. Mütəmadi yağlı balıq yemək (həftədə azı bir dəfə) Altsheymer xəstəliyinin inkişaf riskini 60 faiz azaldır.

Tez-tez qoz-fındıq və tum yeyin
Qoz-fındıq və tum beyni sağlam saxlayan və Altsheymer xəstəliyinin inkişafı riskini kəskin azaldan selen və E vitamini ilə zəngindir.

Çoxlu çay için
Antioksidantların ən əlçatan mənbəyi çaydır. Özü də hansı çaya – qara, yaşıl və ya ulun çayına üstünlük verməyinizin fərqi yoxdur. Onların hamısı damarların zədələnməsinin qarşısını alan və azad radikalların zərərli təsirinə qarşı mübarizə aparan katehinlərlə zəngindir.

Bu arada qəhvəni də unutmayın
Hər səhər bir fincan qəhvə Altsheymer xəstəliyinə qarşı mübarizədə sizin gizli silahınızdır. Siçovullar üzərində tədqiqatlar göstərib ki, qəhvə paxlasının tərkibindəki eykozanoil-5-hidroksitriptamid (EHT) deyilən maddə Altsheymer xəstəliyindən müdafiə edir. Yeri gəlmişkən, bir fincan qəhvə yaddaşınızı itiləşdirir, informasiyanı daha yaxşı yadda saxlamağa və səmərəli istifadə etməyə kömək edir.



Desert yerinə qara şokolad yeyin
Tərkibində kakaonun miqdarı çox, şəkəri isə olmayan bir neçə şokolad parçası gündəlik normanız olmalıdır. Kakao paxlalarının tərkibində flavonoidlər çoxdur. Onlar beyni sözün həqiqi mənasında cavanlaşdırır, çünki beynin yaddaşa və informasiyanın emalına cavabdeh olan hissəsində — hippokamp nahiyəsində qan dövranını gücləndirir.

AZƏRTAC

0 şərh