Xroniki yorğunluq

İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir.

Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 % - indən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15:00 - dan başlayaraq maksimum səviyyəyə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü bosa gedir. Mütəxəssislərə görə, gərgin iş tempi, nəqliyyat, səs - küy, stress, həmçinin, rejimsiz qidalanma da yorğunluğa səbəb olur. Yorğun adam yavaş hərəkət edir, tez "təslim olur", asan özündən çıxır və s. Təbii ki, bu siyahıya diqqət, daha doğrusu, diqqətsizlik məsələsini də əlavə etmək lazımdır.

Əgər yorğunluq 6 aydan çox davam edirsə, yaddaşsızlığa səbəb olmaqla yanaşı, yuxusuzluğa da səbəb olur. Orqanizmin kifayət qədər dincəlməməsi isə yorğunluğun davam etməsinə gətirib çıxarır. Nəticədə, yorğunluq hissi daha da artır. Ancaq yorğunluq təkcə yuxusuzluqdan irəli gəlmir. Buna görə də, yorğunluğun səbəbini axtarıb tapmaq lazımdır. Belə hallarda insan, ilk növbədə, həyat tərzini dəyişməlidir.

Digər tərəfdən, bəzi xəstəliklər də özünü yorğunluq hissi ilə büruzə verir. Məsələn, anemiya (bunu başqa cür qan azlığı da adlandırırlar), depressiya, qalxanvari vəzi xəstəlikləri və s. belə xəstəliklərdəndir. Yorğunluğun digər səbəbləri isə aşağıdakılardır:

Pəhriz: Orqanizm üçün vacib olan qida maddələrini qəbul etmədikdə insan özünü yorğun hiss edir.

Hərəkətsizlik: Hərəkət stresi azaldır, enerjini isə artırır. Hərəkətsizliyi aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri də idmandır. Buna görə də,
həftədə ən azı üç dəfə, 20 - 30 dəqiqə idmanla məşğul olmaq məsləhətdir.

Qalxanvari vəzilər: Bu vəzilər ağır fəaliyyət göstərdikdə yorğunluq da müşahidə edilir.

Dərmanlar:
Bəzi dərmanların yorğunluq (həmçinin, halsızlıq) kimi kənar təsirləri də var.

İş yeri:
Gün ərzində işləmək sizi yormaya bilər, ancaq iş yerinə gəlincə məsələ başqa cürdür. Buna görə də, iş yeri yorucu və ya cansıxıcı olmamalıdır.

Su:
Gün ərzində itirilən suyun bərpa olunmaması bir çox fiziki problemlərin meydana gəlməsinə səbəb olur ki, bunlardan biri də yorğunluqdur.

İstirahət:
İstirahət günü hərəkət etmək, gəzmək və dincəlmək sizə həftənin yorğunluğunu çıxarmaq üçün ən yaxşı vasitə ola bilər.


Mənbə: Ailəm jurnalı

4 şərh

2ral
Xroniki yorğunluqdan əziyyət çəkirəm. Xüsusən günorta nahardan sonra adamın əli işə yapışmır.
Arzt
Əslində günorta orqanizm 15 — 20 dəqiqəlik mürgüləməyə ehtiyac duyur. Bu hətta günün ikinci yarısı üçün enerji mənbəyi saymaq olar. Həm də günorta yeyilən yemək həzm üçün tələb olunan qan dövranındakı dəyişikliklər də orqanizmə yuxugətici təsir etmiş olur.
Predator
əvvəla xroniki yorğunluq passiv həyat tərzindən irəli gəlir bununda qarşısını almaq üçün hər gün  səhər ac qarına alma yemək kifayətdir.Yorğunluqdan insan orqanizmində də bir çox dəyişikliklər gedir.Gözaltı qaralar,əzələ gərginliyi,yuxusuzluq.
kocharli
cox beyendim.tesekkur.