Şahmat üzrə dünya çempionatı

Hər yarışın maraqlı tarixi var və iddiaçıların turniri, ümumiyyətlə, şahmat üzrə dünya çempionatı da istisna deyil. Araşdırmalar nəticəsində məlum olur ki, şahmat aləmində dünyanın ən güclüsünün müəyyənləşdirilməsi prosesi təxminən 5 əsr əvvəl, XV əsrdən başlayıb. O vaxt ispanlar daha güclü olub və tədqiqatçıların yekun qənaətinə görə, təqribən 1495-ci ildə dünyanın ilk şahmat çempionunu müəyyənləşdirmək üçün xüsusi yarış keçirilib: turnirdə ispaniyalı Luis Ramires de Lusena qalib gəlib. O, qədim şahmat erasının ilk dünya çempionu hesab olunur.
XVI-XVII əsrlərdə, sonra təxminən 100 illik fasilənin ardınca ta XIX əsrədək oxşar çempionatların təşkil edildiyi barədə məlumatlar var.
 
Şahmat üzrə müasir dünya çempionatlarının tarixi isə 1886-cı ildən başlayır və rəsmi olaraq ilk dünya çempionu Vilhelm Steynits sayılır. Dövrünün ən güclü şahmat nəzəriyyəçilərindən olan, şahmatda mövqe nəzəriyyəsinin banisi bu adı İohann Çukertort üzərində qələbə sayəsində qazanıb.
 
1948-ci ilə kimi titulunu qorumaq üçün rəqibi, yarışın keçirilmə yerini və hətta formatı da dünya çempionu özü müəyyənləşdirirdi. Lakin “Şahmat tacı”nın sahibi Aleksandr Alyoxinin ölümündən sonra FİDE dünya çempionunun adına həmin dövr üçün ən güclü beş şahmatçının iştirakı ilə turnir keçirməklə aydınlıq gətirir ki, nəticədə tam fərqli bir format meydana gəlir.
 
Yeni qaydaya əsasən, çempion hər üç ildən bir titulunu qorumalı idi, rəqib isə iddiaçılarin turnirinin qalibi olurdu. Uduzacağı təqdirdə çempionun ixtiyarında “matç-revanş” vardı ki, Mixail Botvinnik iki dəfə bu imkandan istifadə edərək “Şahmat tacı”nı özündə saxlayıb. Lakin 1963-cü ildə dünya şahmat təşkilatı “əvəzçıxma”nı ləğv edir.
 
Ötən əsrin ortalarından tətbiq olunan sistem 1993-cü ilədək işləyir, amma başda Harri Kasparov olmaqla, şəxsi ambisiyalarının girdabına düşənlərin səyi nəticəsində şahmatda ciddi qütbləşmə yaranır və hətta bir müddət dünya çempionu müxtəlif versiyalar üzrə müəyyənləşdirilir. Təbii ki, bundan şahmat heç nə qazanmır, əksinə, çox şey itirir.
 
FİDE öz gərəkli “monopoliyasını” yalnız 2006-cı ildə bərpa edir və bununla da işlər yenidən klassik axarına düşür. Həmin il Vladimir Kramnik “Şahmat tacı”nı qazanır, ancaq cəmi bir il sonra onu Vişvanatan Ananda təhvil verir – hindistanlı zəka sahibi 2010-cu ildə Veselin Topalova, 2012-ci ildə isə Boris Gelfanda qalib gəlməklə titulunu qoruyub və indi yeni rəqibi gözləyir.
Gary Kasparov, Vladimir Kramnik, Anatoly Karpov, Viswanathan Anand, Gata Kamsky and Vassily Ivantchuk
 
Yəqin ki, bu günə kimi “Şahmat tacı”na kimlərin yiyələnməsi maraq doğurur. Siyahını təqdim edirik:
 
1. Vilhelm Steynits (Avstriya-Macarıstan, ABŞ) 1886-1894 50 yaş
 
2. Emanuel Lasker (Almaniya) 1894-1921 26 yaş
 
3. Xose Raul Kapablanka (Kuba) 1921-1927 33 yaş
 
4. Aleksandr Alyoxin (SSRİ) 1927-1935 (8 il) 35 yaş
 
5. Maks Eyve (Niderland) 1935-1937 34 yaş
 
4. Aleksandr Alyoxin (SSRİ) 1937-1946 (9+8) 45 yaş
 
6. Mixail Botvinnik (SSRİ) 1948-1957 (9) 37 yaş
 
7. Vasili Smıslov (SSRİ) 1957-1958 36 yaş
 
6. Mixail Botvinnik (SSRİ) 1958-1960 (2) 47 yaş
 
8. Mixail Tal (SSRİ) 1960-1961 24 yaş
 
6. Mixail Botvinnik (SSRİ) 1961-1963 (2+2+9) 50 yaş
 
9. Tiqran Petrosyan (SSRİ) 1963-1969 34 yaş
 
10. Boris Spasski (SSRİ) 1969-1972 32 yaş
 
11. Robert Fişer (ABŞ) 1972-1975 29 yaş
 
12. Anatoli Karpov (SSRİ) 1975-1985 24 yaş
 
13. Harri Kasparov (SSRİ) 1985-1993 22 yaş
 
14. Vladimir Kramnik (Rusiya) 2006-2007 31 yaş
 
15. Vişvanatan Anand (Hindistan) 2007-h/h 38 yaş

Mənbə: BakuPost qəzeti
Müəllif: Rövşən Binnətli
 

0 şərh