Filidor

Dünya şahmat tarixində elələri olmuşdur ki, onların adları həmişəlik olaraq bu müdrik oyunun salnaməsinə qızıl hərflərlə yazılmışdır. Belə şahmatçılardan biri də ilk qeyri-rəsmi dünya çempionu adlandırılan böyük fransız şahmatçısı və bəstəkarı Fransua Andre Filidordur.
Filidor 1726-cı il sentyabrın 7-də Paris yaxınlığında doğulmuşdur. Altı yaşında ikən o, nəinki musiqi bacarığı, həm də şahmatdakı uğurları ilə hallının nəzərini cəlb etməyə başlayır. Şahmatdakı müvəffəqiyyətləri ilə yanaşı, Filidor musiqi sahəsində də böyük uğurlar qazanır. Hələ 11 yaşında onun xor üçün yazdığı əsər kral XV Lyudovikin çox xoşuna gəlir. Beləliklə, musiqi karyerası təmin olunan Filidor Fransa komik operasının banilərindən biri olur. Büstü Parisin «Qrand-opera»sının dəhlizini bəzəyən F. A. Filidor 25-dən çox opera yazmışdır.
Fransua Andre Filidor14 yaşında ikən o, Parisə köçür və artıq iki ildən sonra Fransanın ən güclü şahmatçısı adını qazanır. Sonra gənc bəstəkar Londonda bütün ingilis şahmatçılarına qalib gəlir. Daha sonra isə suriyalı şahmat müdriki, cəbr notasiyanın yaradıcısı və populyar şahmat dərsliyinin müəllifi olan Stammı 8:2 hesabı ilə ağır məğlubiyyətə uğradır. Tezliklə o, nəinki doğma vətəni Fransada, habelə İngiltərə və Hollandiyada güclü şahmatçı kimi tanınır, 1749-çu ildə yazdığı «Şahmat oyununun təhlili» kitabı Filidora böyük şöhrət qazandırır. Şahmat tarixində ilk dəfə olaraq Filidor bildirmişdir ki, şahmatda obyektiv qanunauyğunluqlar mövcuddur. Hər görüşün planı olmalıdır və bütün oyun bu plana tabe edilməlidir. Müasirlərinin əksinə olaraq, Filidor piyadanın yalnız qurban üçün olduğu fikrini puça çıxarır. Onun fikrincə, piyada şahmatın canıdır, piyadaların yerləşmə quruluşu isə çox vaxt oyunun strategiyasını müəyyən edir.Filidor 1795-ci ilin avqustun 21-də Londonda vəfat etmişdir. Onun müasirləri ilə oynadığı görüşlərdən az qismi əlimizdə olsa da,bu oyunlar onun ən güclü şahmatçılarından biri olduğunu göstərir.
 

0 şərh