Maks Eyve-hollandların iftixarı

«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, o vaxtlar dahi rus şahmatçısı yaxşı idman formasında deyildi. Lakin keçmiş dünya çempionu V.Smıslovun dediyi kimi, «etiraf etmək lazımdır ki, hansı formada olursa-olsun, Alyoxinə ancaq yüksək ustalığa malik olan şahmatçı qalib gələ bilərdi. Eyve haqlı olaraq şahmat tarixində beşinci dünya çempionu oldu».Maks Eyve
M. Eyve 1901-ci il mayın 20-də Amsterdamda müəllim ailəsində anadan olmuşdur. Atası uşaqların tərbiyəsinə çox diqqət yetirir, onları musiqiyə öyrədirdi. Anası şahmatın ehtiraslı azarkeşi idi. Valideynlər hər gün öz aralarında oynayır, həftədə bir dəfə isə tanışları ilə ev turniri keçirirdilər. Yenicə yeriməyə başlayan Maks şahmat fiqurlarının gedişini öyrənirdi. 4 yaşında ikən o, öz valideynləri ilə oynayırdı. Çox keçmədən isə artıq onlara qalib gəlirdi.
Məktəbdə Eyve təhsildə olduğu kimi, şahmatda da yaşıdlarını qabaqladı. 1913-cü ildə 12 yaşlı Maks Amsterdam şahmat klubunun üzvü olaraq turnirlərdə iştirak etməyə başladı. Klubda o, müharibəyə görə Hollandiyaya köçən görkəmli şahmatçılarla tanış olur. Bu tanışlıq onun istedadının inkişafında böyük rol oynayır.
1918-ci ildə məktəbi qurtardıqdan sonra Eyve Amsterdam universitetinin riyaziyyat fakültəsinə daxil olur. Lagin şahmatı da unutmur. Tezliklə o, Hollandiyanın ən güclü şahmatçılarının cərgəsində inamla addımlayır. Bir il sonra Eyve beynəlxalq turnirlərdə çıxış etməyə başlayır. Amma ilk çıxışlar uğursuz olduğundan o, özünü elmə sərf etməyi qət edir. 1921-ci ilin yanvarında riyaziyyat üzrə namizədlik imtahanını müvəffəqiyyətlə verərək, ali məktəb müəllimi diplomunu alır. Bundan sonra yenidən şahmat oynamağa başlayır. Onu nahaqdan «qayda-qanun dahisi» adlandırmırdılar. Eyve gününü elə dəqiqliklə bölürdü ki, həm elmə, həm də şahmat oynamağa vaxt tapırdı. O, şahmata elmi tədqiqat predmeti kimi baxırdı. Şahmat nəzəriyyəsini diqqətlə öyrənir, debütdəki bütün yenilikləri sistemləşdirirdi. Çox keçmir ki, gərgin zəhmət öz bəhrəsini verir.
Artıq 20-ci illərin axırlarında Eyvenin adı dünyanın ən güclü qrossmeysterləri ilə bir sırada çəkilir. 1926—1927-ci illərdə o, Alyoxinlə birinci görüşünü keçirir və 4,5:5,5 hesabı ilə uduzur. Sonra isə gənc şahmatçının qələbələr devrü başlayır. 1928-ci ildə Kissengendə, 1931—1932-ci və 1934—1935-ci illərdə Hastinqsdə keçirilən irimiqyaslı beynəlxalq turnirlərdə qalib gəlir.
Eyvenin şahmat karyerasının zirvəsi 1935-ci ildə Alyoxinlə şahmat tacı uğrunda keçirdiyi matç olmuşdur. Matçın şərtinə görə 30 görüşdə 15,5 xal toplayan şahmatçı qalib gəlirdi. Matçın startı hollandiyalı üçün uğursuz olur. Hesab 4-cü görüşdən sonra 3:1, 9-cu görüşdən sonra isə 6:3 Alyoxinin xeyrinə idi. Lakin Eyve məğlub olmaq fikrində deyildi. Görüşdən-görüşə xallar arasındakı fərq getdikcə azalır. Artıq 24-cü görüşdən sonra hesab bərabərləşir—12:12.
Bu andan başlayaraq, Eyve hesabda irəli çıxır. Sonuncu görüş ərəfəsində hollandiyalı 15:14 hesabı ilə irəlidə idi. Alyoxini ancaq qələbə təmin edirdi. Lakin Eyve inamla oynayaraq, görüşü heç-heçə başa çatdırır. «Yeni dünya çempionuna ura!»—deyə Alyoxin onu təbrik edir...
Iki ildən sonra «intiqam» matçında Eyve dünya çempionu adını Alyoxinə uduzur. Sonralar Eyve yazırdı: «1935-ci ildə çempion olarkən, mən Alyoxindən zəif oynayırdım. Iki ildən sonra gücləndim, lakin uduzdum... Yuli Sezar haqlı imiş: «Qazanılmış qələbəni müdafiə etmək, onu qazanmaqdan çox çətinmiş».
Eyve həyatı boyu 90 turnirdə və 30 matçda iştirak etmişdir. Onun rəqibləri bir qayda olaraq, XX əsrin ən güclü şahmatçıları olmuşlar.
O, şahmat ədəbiyyatçısı kimi də böyük miras qoyub getmişdir. Eyve şahmat nəzəriyyəsi və praktikasının bütün sahələrinə aid «Mittelşpil», «Endşpil» kimi silsilə fundamental kitablar, şahmat dərslikləri yazmış, qəzet və jurnallarda bir sıra qiymətli məqalələrlə çıxış etmişdir.
Nəhayət, M. Eyve 1970-ci ildən 1978-ci ilədək FIDE-nin prezidenti kimi şahmatın inkişafında böyük əmək sərf etmişdir.
M. Eyve 1981-ci il noyabrın 26-da vəfat etmişdir.

0 şərh