Tiqran Petrosyan-"dəmir Tiqran"

Dünyanın 9-cu çempionu Tiqran Petrosyanı (Петросян Тигран) belə adlandırırlar. Botvinnikin fikrincə, şahmatda böyük uğurlar qazanmaq üçün istedaddan əlavə, əməksevərlik, döyüşcü xarakteri və sağlamlıq gərəkdir. Petrosyana işgüzarlığı həyat özü öyrətmişdir. T.Petrosyan 1929-cu il iyunun 17-də Tbilisidə doğulmuşdur. O, uşaq yaşlarında ata-anasını itirmişdir. Çətin keçən uşaqlıq illəri onun xarakterinin formalaşmasında böyük rol oynamışdır.Tiqran şahmatla Tbilisi pionerlər sarayında məşğul olmağa başlamışdır. Digər gənc şahmatçılardan fərqli olaraq o, elə ilk görüşlərdən gözəl mövqeli oyun göstərirdi.1947-ci ildə gənclər arasında SSRI birinciliyinin qalibi olaraq usta normasını ödədi. 2 ildən sonra isə SSRI çempionatının finalında oynamaq hüququ qazandı. Çempionatda 16-cı yeri tutsa da, bu yarışlar 20 yaşlı şahmatçı üçün gözəl məktəb oldu. Bir ildən sonra isə beynəlxalq turnirdə uğurla yarışaraq beynəlxalq qrossmeyster adına layiq görüldü.
1958-ci ildən 1962-ci ilədək T. Petrosyan turnirdən-turnirə müvəffəqiyyətlə yarışır, şahmat qüvvəsini artırırdı. Bu illər ərzində o, iki dəfə ölkə çempionu adını qazanmışdı. 1962-ci ildə Kyurasaoda iddiaçıların 28 turdan ibarət marafon yürüşündə qalib gəldi. Indi çempion adını qazanmaq üçün Botvinnikə qalib gəlmək lazım idi.
Bir il sonra başlanmış matçın ilk görüşündə Petrosyan məğlub olur. Lakin bu məğlubiyyət onu ruhdan salmır, əksinə qüvvələrini toplamağa, «dəmir Tiqran» ləqəbini qazanmağa kömək edir. Sonrakı görüşlərdə o, rəqibinin sürətli hücumlarını soyuqqanlıqla müdafiə etməyə müvəffəq olur. Heç-heçə başa çatan 3 görüşdən sonra, beşinci görüş Petrosyanın qələbəsi ilə başa çatır. Bu qələbədən sonra o, daim üstünlüyə malik olur və 12,5:9,5 hesabı ilə qələbə qazanaraq 9-cu dünya çempionu adına layiq görülür.
Çempion olduqdan sonra Petrosyan bir sıra beynəlxalq turnirlərdə qələbələr qazanır. 1966-cı ildə tac uğrunda mübarizədə B. Spasskiyə qalib gələrək ikinci dəfə çempionun dəfnə çələngini alır.erməni Tiqran Petrosyan
Məhz bu ikinci müvəffəqiyyətdən sonra onun uğurları getdikcə azalır. 1969-çu ildə isə Spasski ilə görüşdə dünya çempionunun tacını müdafiə edə bilməyərək, məğlubiyyətə uğrayır.
Sovet qrossmeysterlərinin ön cərgəsində layiqli yer tutan T. Petrosyan 1984-cü ildə vəfat etmişdir.

Mənbə Azər Zeynallı,Pərviz Əliyev ŞAHMAT ALƏMİNƏ SƏYAHƏT

0 şərh