Düzgün nəfəs almaq


Şübhəsiz ki, nəfəs alıb vermək sağlam insanlar üçün çox asan bir işdir. Çox vaxt «Necə nəfəs alıb verməliyik?» mövzusunda danışmırıq, çünki nəfəs alıb vermək hər zaman etdiyimiz bir fəaliyyətdir. Bizim həyatda qalmağımızı təmin edən ən əhəmiyyətli hadisə tənəffüsdür. Yatmadan, yemək yemədən, ya da su içmədən günlərlə yaşaya bilərik, amma  nəfəs almadan bir neçə dəqiqə belə həyatda qala bilmərik. Buna görə də danışılması zəruri olan ən əhəmiyyətli mövzulardan biri doğru nəfəs alıb verməyi öyrənməkdir.

Doğru nəfəs alıb verməyin əhəmiyyətini daha yaxşı anlamaq üçün ilk əvvəl qeyri-kafi və nizamsız nəfəs alıb verməyin zərərlərinə bir nəzər salmaq lazımdır. Orqanlarımıza oksigen daşınmasına kömək edən ürəyimiz bu kimi bir vəziyyətdə çətinliyə düşən ilk orqanımız ola bilər; yəni, infarkt keçirmə ehtimalımız artacaq. Qan təzyiqinin yüksəlməsi, xərçəng, ani sancılar, sətəlcəm, astma, danışma problemləri, stresslə mübarizə nizamsız nəfəs alıb verməklə yaranan  problemlərdir.

Digər tərəfdən, doğru və idarəli nəfəs alıb verməyimizin bir çox faydası vardır. Məsələn, ürəyin ritminin düzəlməsi ilə qan təzyiqinin düşməsi, qan dövranının sürətlənməsi, həzmin asanlaşması, stresslə daha asan mübarizə, anti-depressiya dərmanlarından asılılığı və yuxu pozğunluğunu məhv etmək bunlardan bir neçəsidir.

Bu faydaları düşünərkən  gündəlik yaşamamızda «Necə doğru nəfəs alıb verməliyik?» sualını cavablandırmalıyıq. Dünya Sağlamlıq Təşkilatının standartlarına görə doğru nəfəs alma dedikdə aşağıdakılar nəzərdə tutulur:

  1. Ciyərləri dəqiqədə 4 və ya 6 litr hava ilə doldurmaq;
     
  2. Nəfəs alıb verərkən sinə yerinə diafraqmanı hərəkət etdirmək: Çünki diafraqmanın istifadə edilməsi daha ağır və hər dəfə daha çox hava tənəffüs etməyimizi təmin edir. Diafraqmanın hərəkət etməsi qarın bölgəsindəki orqanları masaj edərək sinə və qarın boşluğundakı təzyiq fərqliliyini aradan qaldırır. Mədə və öd kisəsinin yuxarı hərəkətinə maneə törədərək  reflyuks (mədə suyunun yemək borusuna və daha yuxarıya qalxması) və müxtəlif öd kisəsi xəstəliklərinə qarşı faydalıdır.
     
  3. Tənəffüsü ağız əvəzinə burundan etmək ( Ağızdan nəfəs almaq nazal bölgədə və bronxlarda arzuolunmaz mukozal ifraza yol aça bilər).

Doğru nəfəs alıb verə bilməyən insanlar karbondioksidə daha həssasdırlar; karbondioksidli mühitlərdə daha tez və qısa nəfəs alıb verirlər. Daima doğru tənəffüs edən insanlar karbondioksidli mühitlərdə, həyəcan və stress əsnasında daha normal reaksiyalar verir və qırmızı qan hüceyrələri oksigeni orqanlara daha asanlıqla daşıyır.

Vaxtaşırı edilən tənəffüs məşqi də doğru nəfəs alıb verməyimizə köməkçi olacaqdır. Sadə, lakin faydalı bir nəfəs idmanı:

  1. Burnunuzdan yavaş bir şəkildə, amma bacardığınız qədər çox nəfəs alın.
  2. Sonra yenə yavaş bir şəkildə ağzınızdan verin.
  3. 1 və 2-ni  bir daha təkrarlayın.
  4. İndi də burnunuzdan nəfəs almağa başlayarkən ağır-ağır dördə qədər sayın.
  5. Nəfəs verməyə başlayarkən də altıya qədər sayın.
  6. Nəfəs verməyi, nəfəs almaqdan daha yavaş etdiyinizdən əmin olun.
  7. Nəfəs verərkən əzələlərinizin rahatladığını və boşaldığını hiss edin.
  8. Bu nəfəs məşqini sıxıldığınız  hər hansı bir yerdə və zamanda edə bilərsiniz.
  9. Gündə ən az 40 dəfə dərindən nəfəs alıb verin.

0 şərh