Xəstə boğaz və bezdirən öskürək

Xəstə boğaz, bezdirən öskürək qarşı nə etməliFəsil dəyişikliyi zamanı insan səhhətində baş qaldıran problemlər sırasında boğaz ağrıları da xüsusi yer tutur. Əsasən yazqabağı və soyuq aylarda ortaya çıxan xəstəliyin müalicə edilməməsi müxtəlif fəsadlara gətirib çıxarır.

“Öskürək və öyümə məni təngə gətirib”

Həmsöhbətimiz Nazim Cəfərov Milli.Az-a açıqlamasında faringit xəstəliyindən əziyyət çəkdiyini bildirir: “Mən xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkirəm. Əsasən boğazda qıcıqlanma və kəskin öskürək tutmaları məni narahat edir. Öskürək və öyümə məni təngə gətirib. Demək olar ki, hər səhər yuxudan duranda öskürəklə yanaşı, öyümə halları baş verir. Müntəzəm olaraq həkim nəzarətində müalicələri davam etdirirəm. Bu xəstəlik məndə xroniki hala keçdiyi üçün hər il bir neçə dəfə müalicə alıram. Həkim mənə duzlu, istiotlu, həddən artıq şirin və turş qidalar qəbul etməyi məsləhət görmür. Həmçinin pəhriz saxlamağı tövsiyə edir. Qida rejimini pozduqda bunun zərərini hiss edirəm. Bu səbəbdən çalışıram ki, qidalanma rejimini pozmayım”.

Faringit

Lor həkimi Sima Rəhimova Milli.Az-a açıqlamasında deyir ki, faringit latınca farenks (udlaq) və itis (iltihab) sözlərindən ibarətdir. Yəni boğazda iltihablanma nəticəsində əmələ gələn xəstəlikdir. Əsasən mövsümi xəstəlik olan faringit yaz-payız aylarında daha da kəskinləşir. Xəstəlik virus və müxtəlif infeksiyalar nəticəsində törənir. Bu zaman xəstədə udqunmada çətinlik yaranır. Udlaqda qızartı, quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək başlayır. Bundan başqa, burunda tutulma, axıntı, baş ağrısı, halsızlıq və digər hallar yarana bilər.

Xroniki faringit zamanı halsızlıq, qızdırma kimi əlamətlər özünü büruzə verməz. Ancaq boğazda quruluq hissi, qıcıqlanma, yad əşya hissi, udqunmada çətinlik kimi şikayətlər olur. Xroniki faringit daha çox gənclər arasında yayılıb: “Xroniki faringitin səbəbləri bunlardır — davamlı soyuqdəymə, siqaret çəkmək, spirtli içki qəbul etmək, sinus yollarındakı infeksiyalar və digər infeksiyalar”.

Xroniki faringitin müalicəsi

S.Rəhimovanın sözlərinə görə, xroniki faringitin müalicəsi uzunmüddətli və çətindir. Müalicədən öncə əvvəlcə faringiti yaradan faktorlar aradan qaldırılmalıdır. Xəstəliyin daha effektiv müalicəsi bitki tərkibli dərman vasitələri ilə həyata keçirilir. Belə ki, müalicədə daha çox yatıqqanqal, çobanyastığı, biyan kökünün dəmləməsindən qarqara edilir. Yatıqqanqal otunu dəmlədikdən sonra onun buxarı ilə 20 dəqiqə nəfəs almaq lazımdır: “Qeyd etmək lazımdır ki, xroniki faringit tam müalicəyə cavab vermir. Sadəcə olaraq xəstəlik müəyyən müalicə kursu ilə passivləşdirilir”.

Profilaktik tədbirlər

Həkim bildirib ki, belə xəstələr hava çirkli olduğu zaman açıq havaya çıxmamalıdırlar. Mümkün qədər boğaz ağrısı olan insanlarla təmasdan çəkinməlidirlər. Siqaret çəkilən məkanlardan uzaq olmalıdırlar. Hər zaman yeməkdən öncə əllər yuyulmalıdır. İstifadə olunan qablar digər insanlarınkı ilə qarışdırılmamalıdır. Yatmadan öncə ağız qarqara edilməli, dişlər fırçalanmalıdır. Qəhvə, tünd çay və qazlı işkilərdən imtina edilməlidir. Bol miqdarda “C” vitamini ilə zəngin qidalar qəbul etmək lazımdır.

Streptokoklu faringit — bu tip faringit streptokok mikrobu nəticəsində əmələ gəlir və epidemik xarakter daşıyır. Xəstəlik birdən baş qaldırır. Bədəndə üşümə, titrəmə, qızdırma, ümumi zəiflik, baş ağrısı olur. Udlaqda həddən artıq şişkinlik və qızartı, boz ləkələr meydana gəlir. Müayinə isə udlaqdan götürülən yaxma üsulu ilə aparılır.

Antibiotiklə müalicə

S.Rəhimovanın dediyinə görə, xəstəliyin müalicəsində antibiotiklərdən istifadə mühüm rol oynayır. Belə müalicə viruslar üzərinə təsirli olmasa da, bakteriyaları zərərsizləşdirmək üçün lazımlıdır. Bu yolla xəstəliyin sağalması sürətlənir. Bundan başqa, temperatur salıcı, ağrıkəsici və allergiyası olanlar üçün allergiya önləyici və öskürək kəsici dərmanlardan da istifadə edilir.

Laringit

Laringit udlağın selikli qişasının iltihabı xəstəliyidir. Xəstəlik soyuqdəymə, siqaret, həddən artıq spirtli içki qəbulu, bağırmaq, hava çirkliliyi nəticəsində baş verir. Bununla yanaşı, allergiya verən güllər, toz, tüstü, qida məhsullarından — şokolad, yumurta, sitrus meyvələri və sair də laringit törədə bilir.

Əsasən payız-qış fəslində daha da kəskinləşən laringit zamanı ağızda yara hissi, boğazda qıcıqlanma, quru öskürək, səsin batması, temperaturun artması müşahidə olunur. Bu zaman iltihabi prosesin müəyyən olunması üçün boğazdan yaxma və qan analizi götürülür.

İmmun sistemini gücləndirmək

Xəstəliyin müalicəsi 7-10 gün müddətində aparılır. Bu zaman zəif orqanizmi virus və bakteriyadan təmizləmək üçün immun sistemini gücləndirəcək dərmanlardan istifadə olunur. İnqalyasiya edilir. Boğaz nahiyəsinə müxtəlif kompreslər qoyulur, mazlar vurulur və fizioterapiya tətbiq olunur. Xəstələrə qıcıqlandırıcı qidalar, ədviyyatlı yeməklər, qazlı içkilərdən istifadə etmək qadağan edilməlidir.

Təbii müalicə vasitələrindən bir neçə qaşıq balla 1 stəkan kök suyunu qarışdıraraq qəbul etmək, həmçinin isti suya 1 çay qaşığı qliserin, 3-4 damcı yod və 1 çay qaşığı nişasta tökməklə qarqara etmək lazımdır.

Həmçinin bax: Sağlam həyat tərzi, sağlamlıq üçün məsləhət  

Mənbə: Zəhra / milli.az
 

0 şərh