Soyuqda üşüməmək üçün bu qaydalara əməl edin


Soyuq havalarda üşüməmək üçün riayət olunmalı ilkin qaydalardan biri nizamlı və düzgün qidalanmaqdır.

Son günlərdə hər kəs gah günəşli, gah da yağışlı payız havası ilə ayaqlaşmağa çalışır. Bədən isə ilıq, iç isidən havaların artıq geridə qaldığını qəbul etmək üçün çabalayır.

Yeni mövsüm dəyişikliklərinə alışa bilməyən bədən qrip başda olmaqla fərqli sağlamlıq problemləri ilə qarşılaşa bilir. Bu xəstəliklərin qarşısını almaq, yaxud yüngül keçirmək üçün daha güclü immunitet sisteminə malik olmaq lazımdır.

Şirniyyatdan uzaq durun
Payız aylarında müşahidə edilən çiskinli, dumanlı, yağışlı havalar bəzi insanlar üçün rəsmən depressiyanın başlanğıcıdır. Bu insanlar çox vaxt daxillərində olan üzüntü ucbatından daha çox şirniyyat yeməyə meylli olurlar. Ancaq unutmaq lazım deyil ki, belə qidalar bədən müqavimətini aşağı salır. Payız depressiyasının qarşısını ala bilmək üçün B vitamini ilə zəngin tam taxıl, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları yeyilməlidir.

Su yaddan çıxmasın
Payızda qidalanmada yol verilən böyük yanlışlardan biri yetərincə su qəbul etməməkdir. Çünki soyuyan hava və yağan yağışlar insanların isti içkilər içməsinə səbəb olur. Bununla da su içmək yaddan çıxır. Sərin havalarda elə də çox özünü göstərməyən susuzluq hissi də insanlara su ehtiyacını unutdura bilir. Amma bilmək lazımdır ki, isti çay və qəhvə qətiyyən suyun yerini tuta bilməz və bədənin daha çox su itirməsinə səbəb olar. Gün ərzində ən az 1 litr yarım su içmək lazımdır.

Hər səhər təzə meyvə suyu için
Yaydan payıza keçəndə insanların orqanizmi sanki dirənir. Bədəndə halsızlıq və yorğunluq halları baş verir. Zamanla isə qripə, infeksion xəstəliklərə meyllilik artır. Bütün bu sağlamlıq problemlərinin qarşısını ala bilmək üçün isə immuniteti gücləndirmək lazımdır. İmmuniteti gücləndirmək üçün mineral və vitamin baxımından zəngin ət, süd, meyvə, tərəvəz və taxıllardan ibarət qida qrupları ilə qidalanmaq lazımdır. Həm də bədəndəki toksinlərin atılması üçün C vitamini daşıyan meyvə və tərəvəzlər yeyilməlidir. C vitamini itkisinin qarşısını almaq üçün də hər səhər bir stəkan təzə sıxılmış meyvə suyu için.

Üşüməmək üçün ədviyyat yeyilməlidir
Payızın soyuğunda həddən çox üşümə problemi ortaya çıxır. Bu problemin qarşısını ala bilmək üçün istiot, kəklikotu, zəncəfil və sarıkök kimi ədviyyatlar yeyilməlidir. Bu ədviyyatlar yeməklərdə istifadə edilmirsə, çaylara qatıla bilər. Ara yemək saatlarında bir ovuc qoz, fındıq, naringi yeyin. Həftədə iki dəfə balıq, 1 dəfə də quru paxlalılar qəbul edin.

Probiotik qəbulu şərtdir
İmmuniteti gücləndirən qidaların sırasında ən mühüm olanı probiotiklərdir. Probiotiklər fəsil keçidinin və qidalanmanın səbəb ola bildiyi bağırsaq problemlərini azaldır. Buna görə də probiotik qidaların xüsusən payız aylarında qəbul edilməsi məsləhətdir. Qatıq, kefir əsas probiotik qida sayılır. Kefir həzm sistemində olan bakteriya və mikrobların təmizlənməsinə yardımçı olur. Antibiotik özəlliyi daşıyan yüksək kalsium və maqnezium tərkibi ilə sümük sağlamlığının qorunmasına da dəstək olur.

Antioksidantlar süfrədən əksik edilməməlidir
Bədən sağlamlığı üçün vitamin və minerallar qədər antioksidant tərkibli yeməklər də böyük önəm daşıyır. Çünki antioksidant yeməklər bir qrup problemlərin qarşısını alarkən bədənə girməyə çalışan sərbəst radikalların da qarşısını alır.

Payızda yeyilə biləcək antioksidant qaynaqları bunlardır:
A vitamini
Yaşıl yarpaqlı tərəvəzlər, kök, balqabaq, yumurta və balıq

C vitamini
Quşburnu, cəfəri, yaşıl bibər, limon, kələm, naringi və qreypfrut

E vitamini
Badam, qoz, fındıq

Maqnezium
Badam, qoz, fındıq, fıstıq, banan, quru paxlalılar, taxıllar, yaşıl yarpaqlılar

Selenium
Dəniz məhsulları, ət məhsulları və sarımsaq

Sink
Badam, qoz, quru paxlalılar, bulğur, süd, yumurta, balıq və ət.

Payızda səhər yeməyində masaya yumurta ilə birlikdə tam taxıl çörəyi, cəfəri, yaşıl bibər də qoyun. Günorta meyvə yeyərkən badam, qoz da yeyin.

ailem.az 

0 şərh