Sağlamlığımızın qayğısına qalaq

Orqanizmimizin hər bir üzvünün sağlam və yaxud xəstə olması daha çox özümüzdən asılıdır. Bədən çəkisinin artıq olması, hərəkət azlığı, düzgün qidalanmamaq, siqaret çəkmək, narkotik maddələrdən, spirtli içkilərdən istifadə etmək və onlara aludəçilik sağlamlıq üçün zərərlidir.
Elmi-texniki tərəqqi insanları vaxtsız qocaldan, xəstəliklərə düçar edən, insan ömrünü xeyli qısaldan ağır, üzücü fiziki əməkdən xilas edib. Lakin bununla yanaşı, fiziki işlə məşğul olmamaq, hərəkət azlığı insanda bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olmuşdur. Əzələlərin fəallığının azalması hüceyrə və toxumalarda oksigen aclığı yaradır. Hərəkət azlığı ürək xəstəlikləri, beyinə qan sızması və s. xəstəliklərin yaranmasının başlıca səbəbi olmasa da, bu xəstəliklərin yaranmasında az rol oynamır.
Sağlamlığımızın qayğısına qalaq
Sağlam həyat eyni zamanda zərərli vərdişlərdən uzaq olmaqdır.
Siqaretin tərkibində 200-dən çox zərərli maddə vardır. Bu zərərli maddələr tənəffüs yolları ilə ağciyərə, ağız suyu ilə həzm orqanlarına qədər gedib çıxır. Siqaret çəkənlər tez-tez soyuqdəymə və yoluxucu xəstəliklərlə düçar olur, orqanizmin qanla təchizi azalır, əmək qabiliyyəti xeyli aşağı düşür. Aparılan tədqiqatlara görə ağciyər xərçəngi ilə xəstələnənlərin çoxu məhz siqaret çəkənlərdir.
Məhvedici təsirə malik daha bir zərərli vərdiş spirtli içkilərdən istifadə etməkdir. Spirtli içki baş-beyin hüceyrələrini məhv edir, zəhərli maddələri kənarlaşdıran qaraciyərə və böyrəklərə ziyan vurur. Daim spirtli içki qəbul edənlərdə qastrit, mədə xorası, onikibarmaq bağırsaq xorası, qaraciyər xərçəngi, böyrək çatışmazlığı, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir.
Zərərli vərdişlər içərisində ən təhlükəlilərdən biri isə narkotiklərin qəbuludur. Narkotik qəbul edən insanların orqanizmi zəifləyir, arıqlayır, halsızlaşır və onlar ruhi pozğunluqlara düçar olurlar. Belə insanların sinir sistemi pozulur, əsəbi olur, əlləri əsir və yaddaşı zəifləyir. Bu xəstələrin qaraciyər və böyrəkləri zəiflədiyi üçün zərərli maddələr onların bədənini daha tez zəhərləyir. Bütün bunlar insanın məhvinə gətirib çıxarır.
Bu gün özümüzü kompütersiz təsəvvür etmirik, istədiyimiz məlumatı əldə etməkdə kompüter köməyimizə çatır. Lakin həkimlər azyaşlı uşaqlara kompüterdən çox istifadə etməyi məsləhət görmürlər. Uşaqların kompüterə və ya televizora uzun müddət baxmaları onların gözlərində ciddi problemlər yarada bilər.
Kompüter qarşısında çox oturmaq yuxu və sinir pozğunluğuna səbəb olur ki, bu da nevroza gətirib çıxarır. Gecə saatlarında kompüterdən istifadə uşaqlarda və hətta böyüklərdə də beynin inkişafına mane olur.
Sağlamlığımızı qorumağı öyrənməsək, heç bir təbib bizə kömək edə bilməz. Ona görə də tez-tez “düzgün qidalanırammı”, “istirahət edirəmmi”, “sinir hüceyrələrimi qoruyurammı”, “təmiz havada gəzirəmmi” sualları ətrafında düşünməniz vacibdir.
 
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə dərslik

0 şərh